Məhkəmə qərarları › İş №2(103)-116/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-116/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-116/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e-2(005)- 801/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Satıcı “X7” ASC və alıcı İddiaçı arasında bağlanmış 11760 nömrəli, 26 iyun 2010cu il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən satıcı “X7” ASC Bakı şəhərində, Abçeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7km inşa etdirdiyi 1 saylı binanın, 48 blok, 7 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.m olan mənzili alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 97856 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini 240 ay ərzində ödəməyi öhdəsinə götürür; 5.5-ci bəndinə əsasən bu müqavilənin qüvvədəyə mindiyi vaxtdan etibarən 5 il ərzində alıcı mənzilin dəyərini tam ödəməklə mülkiyyətinə keçirmək, aldığı mənzili başqa şəxslərin adına keçirmək və ya digər şəkildə özgəninkiləşdirmək xahişi ilə satcıya müraciət etdikdə ona hüquqi sənədlərin rəsmiləşdirilməsi üçün çəkilən xərclərin əvəzini pul kompensasiyası yolu ilə ödəəlidir. Kompensasiyanın məbləği 2000 manat həcmində müəyyən olunur; 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında, satıcı ödənilmiş məbləğin 40%-nə bərabər olan hissəsini yalnız mənzil başqa şəxsə satıldıqdan sonra alıcıya qaytarır. Ödənilmiş məbləğin 60%-nə bərabər olan hissəsi isə mənzilin yenidən satılması ilə əlaqədar çəkilən xərclərin və itkilərin əvəzi kimi satıcıda qalır.

2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli 2(011)- 4048/2016 nömrəli qətnaməsinə əsasən "xxxx" ASC ilə İddiaçı Ağabəy oğlu arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km, bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69,5 kv.metr olan, 7 saylı (təzə nömrəsi 8) mənzilinə dair bağlanmış 11760 saylı, 26 iyun 2010-cu il tarixli müqavilənin ləğv edilməsi, Abşeron rayonu. Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km, bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.metr olan, 7 saylı (təzə nömrəsi 8) mənzilin boşaldılması və mənzilin "xxxx" ASC-yə təhvil verilməsi; 30 manat məbləğində dövlət rüsumunun İddiaçı Ağabəy oğlundan alınaraq "xxxx" ASC-yə ödənilməsi qət olunmuşdur.

3. "xxxx" ASC tərəfindən Xətai Rayon Məhkəməsinə ünvanlanmış 22 aprel 2016-cı il tarixli arayışda qeyd olunur ki, İddiaçı ilə “X7” ASC arasında 26 iyun 2010-cu il tarixində Bakı şəhəri, Abşeron rayonu, Xırdalan səbəsi, Sumqayıt şossesinin 7 km-də yerləşən bina 1, blok 48, mərtəbə 2, 7 saylı (yeni - 8), 2 otaqdan ibarət ümumi həsi 69.50 kv.metr olan mənzilin alınmasına dair 11760 saylı alqı-satqı müqaviləsi bağlanmış, mənzilin dəyəri tərəflərin razılığı ilə 97856 manat məbləğində müəyyən olunmuş, Alıcı Mənzilin dəyərini 407,73 manat olmaqla 240 ay müddətində, hər ayın 26-ı gününədək ödəməyi öhdəsinə ötürmüşdür. Alıcı Müqavilə üzrə 407,73 manat aylıq ödəniş məbləğini Akkorda, hesablanmış faizi ilə birgə 11416,92 manat pulu "xxxx" ASC-nin Proqress" filialına ödəmişdir. Alıcı tərəfindən cəmi 11 824,65 manat məbləğində ödəniş ödənilmişdir. Alıcı Müqavilə bağladığı tarixdən 20 aprel 2016-cı il tarixinə qədər 28541,10 manat və ya 70 ay aylıq ödəniş məbləği ödəməli olduğu halda, 11 824,65 manat və ya 29 ay aylıq ödəniş ödəmişdir. Alıcının qrafik üzrə gecikməsi 16716,45 manat və ya 41 ay aylıq ödəniş məbləği, 2657,27 manat faiz borcu və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu məbləği mövcuddur. Alıcı 19 iyun 2013-cü il tarixdən etibarən ümumiyyətlə ödəniş aparmır və ödəniş müddətinə gecikmə günlərinin sayı 1022 gün təşkil edir.

4. "xxxx" ASC tərəfindən Abşeron rayon İcra şöbəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli 2(011)-4048/2016 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri, Sumqayıt şossesi, 7 km, (təzə 8) bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69, 5 kv metr olan 7 saylı mənzilin alqı-satqısına dair bağlanmış 11760 saylı, 26 iyun 2010-cu il tarixli müqavilənin ləğv edilməsi, həmin mənzilin alınması üçün ödədiyi aylar üzrə 10600 manat və təmirə xərclədiyi 40000 manat, dövlət rüsumu kimi 241 manat olmaqla ümumilikdə 50841 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, “Akkord” Şirkətlər Qrupu ilə aralarında bağlanmış 26 iyun 2010-cu il tarixli alqı-satqısına müqaviləsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km, (təzə 8) bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69, 5 kv metr olan 7 saylı mənzil tərəflərin razılığına əsasən ümumi dəyəri 97856 manat qiymətləndirilmiş 240 ay ərzində hissələrlə ödəmək şərti ilə təmirsiz mənzil almışdır. Mənzili aldıqdan sonra onun tərəfindən aylıq ödənişlər ödənilməklə mübahisəli mənzil təmir edilməyə başlanıldı. Müqavilə üzrə 10 iyun 2013-cü il tarixinə kimi İddiaçı tərəfindən ödənişlər edilmişdir. Lakin sonradan ödənişlərlə bağlı problemlər yaranmağa başlanılmışdır. Yeni ödənişlərə başlamaq üçün dəfələrlə müraciətlər olunsa da mümkünsüz olmuşdur. Akkord STİK tərəfindən Xətai rayon məhkəməsinə müraciət olunaraq, iddiaçı ilə mübahisəli mənzilin alqı-satqısına dair bağlanmış müqavilənin ləğv edilməsi, həmin mənzilin iddiaçıya təhvil verilməsi və ödənilmiş 30 azn məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli, 2(011)-4048/2016 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı tərəfindən cavabdehə pretenziya göndərilərək öhdəliyinin icrası üçün qısa vaxt verilmiş, əks təqdirdə öhdəliyinin icrası məhkəmə qaydasında tələb olunması barədə məlumatlandırılmış, lakin pretenziyanın çatmasından xeyli müddət keçməsinə baxmayaraq heç bir məlumat əldə edilməmişdir. Akkord STİK-nın Abşeron Rayon İcra Şöbəsinə ünvanlanmış 21 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, mübahisəli mənzil 2022-ci ilin noyabr ayında iddiaçıya təhvil verildiyindən, Xətai rayon məhkəməsinin 03 iyun 2016-cı il tarixli, 2(011)-4048/2016 saylı icra sənədinin xitamını istəmişdir.

7. Etiraz onunla əsasandırılmışdır ki, mübahisəli mənzilin alqısatqısına dair bağlanılmış müqavilənin ləğvinə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Mübahisəli mənzilin alqı-satqısına dair tərəflər arasında bağlanılmış müqavilənin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında, satıcı ödənilmiş məbləğin 40%-nə bərabər olan hissəsini mənzil başqa şəxsə satıldıqdan sonra alıcıya qaytarır. Ödənilmiş məbləğin 60%-nə bərabər olan hissəsi isə mənzilin yenidən satılması ilə əlaqədar çəkilən xərclərin və itkilərin əvəzi kimi satıcıda qalır. İddiaçı mənzilin boşaldılması və təhvil verilməsi barədə qətnamə qüvvəyə mindikdən sonra da mənzili Akkorda təhvil verməmiş, 2022-ci ilə kimi həmin mənzildə yaşamış, yalnız məcburi qaydada 2022-ci ildə mənzildən çıxarılmışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/1196 saylı, 05 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan səbəsi, Sumqayıt şossesinin 7 km-də yerləşən bina 1, blok 48, 2 otaqdan ibarət ümumi həsi 69.50 kv.metr olan 7 saylı mənzildə aparılmış təmirtikinti işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 18173,8 manat məbləğində müəyyən olunur.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e- 2(005)-801/2023 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq cavabdeh "xxxx" ASC-dən təmir xərcinin əvəzi olaraq 18173,8 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84,35 manat məbləğində pul İddiaçı ödənilməsi qət edilmişdir.

10. Qətnamənin əsaslarına görə tərəflər mülki hüququn müqavilələr azadlığı prinsipindən çıxış edərək, qanunvericiliyin normalarına zidd olmayan müqavilə bağlamışlar. Yuxarıda qeyd olunan normalardan aydın olduğu kimi bu müqavilə tərəflər arasında mülki hüquq münasubətlərinin yaranmasına səbəb olmuş hüquqi faktdır. Bu mülki hüquq münasibətlərinin məzmunu “X7” ASC-nin sözügedən mənzili inşa edərək İddiaçı istifadəsinə verməsindən ibarət vəzifəsindən və mənzilə dair müqavilədə nəzərdə tutulmuş qaydada ödənişlərin edilməsini tələb etmək hüququndan, İddiaçı isə qeyd edilən mənzilə dair müvafiq ödənişlər etmək vəzifəsindən ibarətdir. Müqavilə ilə tərəflərin müəyyən şəraitlərdə müəyyən hərəkətləri etmələrinə dair digər davranış qaydaları da öz əksini tapmışdır. Müqaviləyə xitam verilməsi tərəflər arasında həmin hüquq münasibətləri üzrə yaranmış hüquq və vəzifələrinin də xitamına səbəb olur və bu zaman müqavilənin etibarsızlığı ilə bağlı qaydalardan fərqli olaraq restitutsiya, yəni müqaviləyə qədərki vəziyyətə qayıdış tətbiq olunmur. Bu qayda hüquq norması halına salınaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsində qeyd olunmuşdur. Lakin həmin maddəyə əsasən bu qaydadan istisnalardan biri də tərəflər arasında olan müqavilədə ayrı qayda nəzərdə tutulmuş olmasıdır ki, müqavilənin 5.8-ci bəndi ilə belə bir fəqli qayda nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında, satıcı ödənilmiş məbləğin 40%-nə bərabər olan hissəsini yalnız mənzil başqa şəxsə satıldıqdan sonra alıcıya qaytarır. Ödənilmiş məbləğin 60%-nə bərabər olan hissəsi isə mənzilin yenidən satılması ilə əlaqədar çəkilən xərclərin və itkilərin əvəzi kimi satıcıda qalır. Tərəflər arasında bağlanmış müqavilənin 5.8-ci bəndinin hazırki mübahisəyə tətbiqi zamanı aydın olur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2016-cı il tarixli 2(011)-4048/2016 nömrəli qətnaməsinə əsasən sözügedən mənzilin boşaldılması və mənzilin "xxxx" ASC-yə təhvil verilməsi qət olunsa da, iddiaçının özünün də təsdiq etdiyi kimi, iddiaçı bu mənzili yalnız 2022-ci ilin noyabr ayında tərk etmiş, 1 ay sonra – 2022-ci ilin dekabr ayında isə hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçının bu hərəkəti nəticəsində cavabdehin mənzili satmaq kimi real imkanı olmamışdır. İddiaçının etdiyi ödənişlərin 40% hissəsini tələb etmək hüququn yaranması üçün zəruri halın mövcud olmaması – mənzilin cavabdehdən asılı olmayan səbəblərdən satılmaması səbəbindən iddiaçının ödənişlərin 40% hissəsini tələb etmək hüququ yaranmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi təmir xərcinin əvəzinin ödənilməsi hissəsində qismən əsaslıdır. Belə ki, iddiaçı təmir xərcinin əvəzi olaraq 40000 manat pulun ödənilməsini tələb etsə də, mülki iş üzrə əldə edilmiş ekspert rəyindən mənzildə aparılmış təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 18173,8 manat olduğu müəyyən olunmuşdur. Bu səbəbdən də məhkəmə ekspert rəyində əksini tapmış məbləğin təmir xərcinin əvəzi olaraq tutulmasını əsaslı hesab edir

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 324, 399, 424, 425-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.

13. Şikayətin dəlillərinə görə, iddiaçı qeyd olunan mənzili təmir edərkən cavabdehlə hər hansı razılaşma bağlamayıb və o, mənzilin təmirini öz riski ilə həyata keçirmişdir. İddiaçı mənzilin pulunu ödəmədiyi üçün mənzilin mülkiyyətçisi hesab olunmur və o, eyni zamanda vicdanlı sahib də hesab edilə bilməz. Buna görə də hər hansı yaxşılaşdırmalara görə cavabdehdən yaxşılaşdırmaların əvəzini tələb edə bilməz. Bundan əlavə məhkəmə düzgün olmayan ekspert rəyinə əsaslanmaqla təmir xərci məbləğinin 18173,8 manat olması qənaətinə gəlir. Ekspert təmir xərci məbləğini təmirin olunduğu 2010-cu ilin qiymətləri ilə müəyyən etməli olduğu halda mövcud qiymətlərlə hesablamaqla müəyyən etmişdir. Habelə təmirin köhnəlməsini nəzərə almamış, aşınma faizi tədbiq etməmişdir. Cavabdeh təkrar ekpertiza keçirilməsi barədə məhkəmədə vəsatət qaldırmış, təmir xərcinin 2010-cu ildəki qiymətlərlə müəyyən olunmasını və aşınma faizinin tədbiq olunmasını xahiş etmişdir. Lakin vəsatət təmin edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 2(103)- 537/2024 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti - texniki ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır.

17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4890 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məktubu məhkəməyə təqdim olunmuşdur.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2(103)- 537/2024 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti - texniki ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır.

19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli, 3-16-16/2-10/8484/2024 nömrəli məhkəmə tikintitexniki ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məktubu məhkəməyə təqdim olunmuşdur.

20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X9 4 saylı Abşeron Ərazi İdarəsinin 10 aprel 2025-ci il tarixli, 3-21-3-32/2-5431/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına ünvan 5 ünvanının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

21. Tərəflər arasında bağlanmış müqavilənin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edildiyi hallarında satıcı ödənilmiş məbləğin 40%-nə bərabər hissəsini mənzil başqa şəxsə satıldıqdan sonra alıcıya qaytarılması nəzərdə tutulduğundan hal mənzilin başqa şəxsə satılması, satış qiyməti müəyyən olunmadan iş üzrə obyektiv nəticəyə gəlinməsi mümkün olmadığından bu məqsədlə ilkin olaraq 19 mart 2025-ci il tarixdə "xxxx" ASC-yə sorğu göndərilmiş, sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2025-ci il tarixli 2(103)-116/2025 nömrəli qərardadı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 7-ci km, bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.m. olan 7 (təzə 8) saylı mənzilin satılıb – satılmaması, həmin mənzilə dair müqavilə bağlanıb – bağlanmaması, satış qiyməti barədə məlumatlar və bu məlumatları təsdiq edən sənədlər "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilməsi, Qərardadın icrası Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır.

22. Lakin həmin qərardad tam icra olunmamaqla müqavilənin surəti məhkəməyə təqdim olunmamış, məhkəmə iclası məhz bu əsasla 6 dəfə təxirə salınmışdır. 09 iyul 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə "xxxx" ASC tərəfindən “Məlumat üçün bildiririk ki, qeyd edilən mənzil xx.xx.2022 - ci il tarixində X1.” məzmununda məlumat yerləşdirilsə də müqavilənin surəti əlavə olunmamışdır.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2025-ci il tarixli 2(103)-116/2025 nömrəli qərardadına əsasən sübutlar təqim olumadığına görə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2000 manat məbləğində cərimənin tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmış, həmçinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah edilmişdir ki, cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir. Bundan sonra da məhkəməyə müqavilə və digər sənədlər təqdim olunmamışdır. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 399.1.Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, iddiaçı isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edilən hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

28. Apellyasiya şikayətində təmirə çəkilmiş xərcin məbləği mübahisələndirildiyindən məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, lakin mənzil tədqiqata təqdim olunmadığından uzun müddət ərzində qərardadın icrası mümkün olmamışdır. Mənzilin 2022-ci ildən cavabdehə təhvil verilməsi işin mübahisələndirilməyən halıdır, bü xüsusat mənzilin satılması ilə bağlı məhkəməyə göndərilmiş məktubun məzmunu ilə də təsdiq olunur. Yəni, mənzilin tədqiqat üçün ekspertə təqdim olunması vəzifəsi cavabdehin üzərində olsa da, üzərinə düşən vəzifəni icra etməmişdir. Buna görə də məhkəmə kollegiyası MPM-nin 97.5-ci maddəsinə əsasən təyin edilən faktı, yəni, birinci instansiya məhkəməsinin təmir xərcinin 18173,8 manat təşkil etməsi ilə bağlı gəldiyi nəticəni təsdiq olunmuş hesab edir.

29. Apellyasiya şikayətinin digər dəlilinə - pul vəsaitinin müqavilə şərtlərinə uyğun ödənilməsi ilə bağlı halın araşdırılması üçün də məhkəmə kollegiyası tərəfindən bütün imkanlardan istifadə edilmişdir. Belə ki, ilkin olaraq 19 mart 2025-ci il tarixdə "xxxx" ASCyə sorğu göndərilmiş, sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2025-ci il tarixli 2(103)-116/2025 nömrəli qərardadı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, 7-ci km, bina 1, blok 48, 2 otaqdan ibarət, ümumi sahəsi 69.5 kv.m. olan 7 (təzə 8) saylı mənzilin satılıb – satılmaması, həmin mənzilə dair müqavilə bağlanıb – bağlanmaması, satış qiyməti barədə məlumatlar və bu məlumatları təsdiq edən sənədlərin "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilməsi, Qərardadın icrası Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. Lakin həmin qərardad tam icra olunmamaqla müqavilənin surəti məhkəməyə təqdim olunmamış, məhkəmə iclası məhz bu əsasla 6 dəfə təxirə salınmışdır. 09 iyul 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə "xxxx" ASC tərəfindən “Məlumat üçün bildiririk ki, qeyd edilən mənzil xx.xx.2022 - ci il tarixində X1.” məzmununda məlumat yerləşdirilsə də müqavilənin surəti əlavə olunmamışdır.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 iyul 2025-ci il tarixli 2(103)-116/2025 nömrəli qərardadına əsasən sübutlar təqim olumadığına görə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2000 manat məbləğində cərimənin tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmış, həmçinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah edilmişdir ki, cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir. Bundan sonra da məhkəməyə müqavilə və digər sənədlər təqdim olunmamışdır.

31. Cavabdeh tərəfindən zəruri sübutlar təqdim olunmadığına görə məhkəmə tərəfindən bu xüsusatın da araşdırılması mümkün olmamışdır. MPM-nin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işin hallarının qiymətləndirilməsi iddiaçı tərəfindən təqdim olunmuş sübutlar və hüquqi əsaslar üzərindən aparılmalıdır.

32. Pul vəsaitinin tutulması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

33. Beləliklə, Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.

34. Məhz vicdanlılıq prinsipinin mahiyyətindən yanaşaraq mübahisənin hallarını qiymətləndirən məhkəmə kollegiyası ilkin olaraq onu qeyd edir ki, iddiaçı tərəfindən təmir işləri aparılarkən iddiaçı vicdanlı sahib olmuşdur və təmirə çəkilən xərcdən faydalanan da "xxxx" ASC-dir. Mənzilin 2022-ci ildə yenidən satılması ilə bağlı müqavilə məhkəməyə təqdim olunmadığından hansı qiymətə satılması məlum deyildir. Lakin mənzilin dəyərinin 2010-cu illə müqayisədə 2022-ci ildə əhəmiyyətli dərəcədə yüksək olması faktı aşkardır, həmçinin, mənzil yenidən satılarkən təmirli olması da qiyməti artıran faktorlardandır və həmin vəziyyətdə mənzil satıldığından faydalanan şəxs mənzilin yeni alıcısı deyil, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dir. Buna görə də həmin pul vəsaitinin cavabdehdən tutulması ədalətli və ağlabatan olmaqla yanaşı, vicdanlılıq prinsipinin mahiyyətinə də uyğundur.

35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e- 2(005)-801/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, e- 2(005)-801/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar