Məhkəmə qərarları › İş №2(103)-11608/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11608/2019

06.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11608/2019 06.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, X7 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Maraqlı şəxs2 iştirakları ilə İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər “xxxx” MMC, Hərrac Mərkəzi “xxxx” MMC-nə qarşı (üçüncü şəxs Nərimanov rayon İcra və Probasiya şöbəsi, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi və yenidən hərracın keçirilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(005)-652/2019 saylı qətnaməsindən Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər “xxxx” MMC, Hərrac Mərkəzi “xxxx” MMC-nə qarşı (üçüncü şəxs Nərimanov rayon İcra və Probasiya şöbəsi, maraqlı şəxslər Maraqlı şəxs1, X5 cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi və yenidən hərracın keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6800/2015 saylı, 05.11.2015-ci icra sənədinin icrasını təmin etmək məqsədilə Nərimanov rayon İcra və probasiya şöbəsinin sifariş məktubuna əsasən girov qoyan X2 məxsus AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 22 02.2007-ci il tarixdə qeydə alınmış Mənzil sertifikatında qeyd olunan Bakı şəhəri, Xətai prospekti 38. 242 nömrəli mənzilə olan sahiblik hüququnun açıq hərracdan satışına dair “xxxx” MMC və Hərrac Mərkəzi “xxxx” MMC tərəfindən keçirilmiş hərracların nəticələrinin etibarsız hesab edilməsi və həmin girov predmetinin hərracdan satışının yenidən təşkil edilməsi öhdəliyinin fond birjasının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6800/2015 saylı, 05.11.2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehlərdən Maraqlı şəxs2 apellyasiya şikayəti qismən təmin edilmiş, borclu Maraqlı şəxs1 “İddiaçıı” AŞC-nın: xeyrinə cəmi 92953.21 manat məbləğində borcun tutulması, tutmanın borclu X3 məxsus AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 22.02.2007-ci il tarixdə qeydə alınmış Mənzil sertifikatında qeyd olunan Bakı şəhəri, Xətai prospekti 38. 242 nömrəli mənzilə olan sahiblik hüququna yönəldilməsi, girov predmetinin ilkin satış qiymətinin 250000 (iki yüz əlli min) manat olaraq müəyyən edilərək açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.11.2015-ci il tarixli icra vərəqəsinə əsasən məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binanın, 242 nömrəli 132.75 kv.m ümumi, 74.92 kv.m əsas, 57.83 kv.m köməkçi sahədən ibarət mənzilə olan sahiblik hüququnun ilkin satış qiyməti AR Sənaye və Ticarət Palatasının “Azərekspertıza” Birliyi tərəfindən 250000 manat olaraq qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6800/2015 saylı, 05.11.2015-ci il tarixli icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Girov predmetı olan əmlaka olan sahiblik hüququ Nərimanov rayon İcra şöbəsinin 17/70- 561/1 saylı, 20.06.2016-cı iltarixli sifarişinə əsasən “xxxx” MMC tərəfindən açıq hərraca çıxarılmış və alıcı olmadığı üçün hərrac baş tutmamışdır. Sonradan eyni girov predmeti bankın məlumatı xaricində Nərimanov rayon icra və Probasiya şöbəsinin təkrar sifarişi əsasında Hərrac Mərkəzi “xxxx" MMC tərəfindən yenidən açıq hərraca çıxarılmışdır. Açıq hərracda alcı olmadığı üçün hərrac baş tutmamışdır. İddiaçı hesab edir ki, “xxxx MMC və Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən keçirilən hərraclar qanunsuz və əsassız olduğundan hərracın nəticələri etibarsız hesab edilməli və hərrac yenidən təşkil edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsnin 2(103)-6800/2015 saylı, 05.11.2015-ci il tarixli qətnaməsinin nəticə hissəsində qeyd olunan girov predmetinin Mülki Məcəllədə qeyd olunmuş adlı qiymətli kağız kimi fond birjasında yaxud ipoteka haqqında qanunda qeyd olunmuş əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış hərrac mərkəzlərində açıq hərraca çıxarılması barəsində ziddiyyət yaranmışdır. Qanunvericilikdən və işin hallarından da göründüyü kimi yuxarıda sözügedən girov predmetinin satışının hansı təşkilat tərəfindən hansı üsulla və hansı qaydada icra edilməli olmasında ziddiyyətlər mövcuddur. Birinci instansiya məhkəməsində maraqlı şəxs X5 iddia ərizəsinə etiraz verərək iddianın əsssız olduğunu və rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, etirazını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6800/2015 saylı, 05.11.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Nərimanov rayon İcra və probasiya şöbəsinin sifariş məktubuna əsasən qirov qoyan Maraqlı şəxs2 məxsus AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 22.02.2007-ci il tarixdə qeydə alınmış Mənzil sertifikatına qeyd olunan Bakı şəhəri, Xətai prospekti 38, 242 nömrəli mənzilə olan sahiblik hüququnun açıq hərracdan satışına dair “xxxx” MMC tərəfindən qanunda göstərilən qaydaya əsasən hərrac keçirilmiş və hərrac baş tutmadığı üçün müvafiq qərar qəbul edilməsi üçün icra şöbəsinə geri qaytarılmışdır. Hərracın baş tutmadığını əsas gətirərək o, ipoteka predmetinə xitam verilməsi və həmin ipoteka predmeti ipoteka ilə yüklülükdən azad edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Hərrac Mərkəzi “xxxx” MMC tərəfindən ona məxsus ipoteka predmeti olan əmlakla bağlı hərracın keçirilməsinə qadağa qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-9389/2018 saylı 22.11.2018-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilərək, Bakı şəhəri Xətai prospekti 38 saylı evin, 242 saylı mənzilinə dair hərracın keçirilməsi iddianın təmin tdbiri olaraq Respublika Xammal və X14 Mərkəzi “xxxx” MMC-yə qadağan edilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi, mülkiyyətində olan əmlakın ipotekadan azad edilməsinə dair digər məhkəmədə aparılan mülki işə maneələr yaratmaq məqsədi daşıyır. Çünki, “xxxx” MMC tərəfindən hərrac keçirilərkən bu barədə iddiaçı xəbərdar olunub və hərrac baş tutmadıqdan sonra ipoteka predmetini ipoteka saxlayana əldə etmək üçün təklif olunsa da, bu təklifi iddiaçı tərəf qəbul etməyib. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(005)-652/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6800/2015 saylı, 05.11.2015-ci icra sənədinin icrasını təmin etmək məqsədilə Nərimanov rayon İcra və probasiya şöbəsinin sifariş məktubuna əsasən girov qoyan X2 məxsus AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 22.02.2007-ci il tarixdə qeydə alınmış Mənzil sertifikatında qeyd olunan Bakı şəhəri, Xətai prospekti 38. 242 nömrəli mənzilə olan sahiblik hüququnun açıq hərracdan satışına dair “xxxx” MMC və Hərrac Mərkəzi “xxxx” MMC tərəfindən keçirilmiş hərracların nəticələrinin etibarsız hesab edilməsi, girov predmetinin hərracdan satışının yenidən təşkil edilməsi öhdəliyinin fond birjasının üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. Qətnamədən Maraqlı şəxs2 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(005)-652/2019 saylı qətnaməsinin “xxxx” MMC tərəfindən keçirilən hərracın etibarsızlığı tələbi hissəsində ləğv edilməsini, iddianın qismən rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hərracın nəticələrinin etibarsızlığını müəyyən edərkən ilk növbədə hərracın qanunun tələblərinə uyğun formada keçirilib-keçirilmədiyini araşdırmalı və hüquqi qiymət verməli idi. Lakin məhkəmə yuxarıda qeyd olunan qanuna istinad etsə də, həmin qanunun tələblərindən kənara çıxaraq qanunsuz qətnamə qəbul etmişdir. Qeyd olunmalıdır ki, fond birjası tərəfindən keçirilən hərracda girov saxlayana digər ixtisaslaşdırılmış hərrac mərkəzlərindən nisbətən hər hansı üstün hüquq verilmir, bunun da nəticəsində iddiaçının hüquqları pozulsun. Çünki, qanunvericiliyə əsasən fond birjasında keçirilən hərracla ixtisaslaşdırılmış digər hərrac mərkəzlərində keçirilən hərraclar eyni qaydada keçirilir və müqayisə etdikdə aralarında heç bir fərq mövcud deyil. Bu səbəbdən “xxxx” MMC tərəfindən ona məxsus əmlaka dair keçirilən hərracda iddiaçının qanunla qorunan hüququ pozulmamışdır. Hərracın nə vaxt keçirilməsi, baş tutub-tutmaması və qanunun tələblərinə əsasən digər məlumatlar iddiaçıya verilmiş, iddiaçıya təklif olunmuş, lakin iddiaçı əmlakı əldə etmək hüququndan faydalanmamışdır. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İş üzrə cavabdehlər “xxxx” MMC-yə, Hərrac Mərkəzi “xxxx” MMC-yə, üçüncü şəxs Nərimanov rayon İcra və Probasiya şöbəsinə, Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “xxxx” MMC tərəfindən keçirilən hərracın etibarsızlığı tələbi hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki apellyator qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6800/2015 saylı, 05.11.2015-ci il tarixli Qətnaməsinə əsasən cavabdehlərdən Maraqlı şəxs2 apellyasiya şikayəti qismən təmin edilmiş, borclu Maraqlı şəxs1 "İddiaçıı” AŞC-nın: xeyrinə cəmi 92953.21 manat məbləğində borcun tutulması, tutmanın borclu X3 məxsus AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 22.02.2007-ci il tarixdə qeydə alınmış Mənzil sertifikatında qeyd olunan Bakı şəhəri, Xətai prospekti

38. 242 nömrəli mənzilə olan sahiblik hüququna yönəldilməsi, girov predmetinin ilkin satış qiymətinin 250000 (iki yüz əlli min) manat olaraq müəyyən edilərək açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. İş materiallarında olan hərracın keçirilməsi barədə 15.07.2016, 29.07.2016, 23.09.2016, tarixli bildirişlərin surətlərindən görünür ki, Nərimanov rayon İcra və Probasiya şöbəsi, İddiaçı ASCnə, Maraqlı şəxs1, Maraqlı şəxs2 hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. Qətnamə əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 1078-1.2-ci maddəsinə əsasən daşınmaz əmlak sertifikatı adlı qiymətli kağızdır. Daşınmaz əmlak sertifikatlarının buraxılışı, dövlət qeydiyyatına alınması və tədavülü qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. MM-nin 1078-2.3-cü maddəsinə əsasən girov kağızı girov qoyanla, o borclu deyilsə, həm də borclu ilə girov saxlayan arasında əmlakın və hüquqların girova qoyulmasını və bundan irəli gələn hüquq və öhdəlikləri təsbit edən adlı qiymətli kağızdır. MM-nin 1078-23.1-ci maddəsinə əsasən Qiymətli kağızlar girovla və bu Məcəllədə nəzərdə tutulmuş digər öhdəliklərlə yüklənə bilər və belə yüklənmə qiymətli kağızlar üzrə depozitar sistemində qeydiyyata alındığı andan qüvvəyə minir. MM-nin 1078-23.10-cu maddəsinə əsasən borclu öhdəliyi icra etmədikdə girov saxlayan girov predmetinə tutmanın yönəldilməsi haqqında girov qovana bildiriş göndərməlidir. MM-nin 1078-23.11-ci maddəsinə əsasən girov saxlayan girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi girov qoyana göndərildiyi tarixdən etibarən yeddi iş günü ərzində mərkəzi depozitara göndərilməlidir. MM-nin 1078-23.12-ci maddəsinə əsasən Mərkəzi depozitar üç iş günü ərzində bildirişi qeydə alır, girov qoyulmuş qiymətli kağızlarla əməliyyatları dayandırır və bu barədə girov saxlayana məlumat verir. MM-nin 1078-23.14-cü maddəsinə əsasən məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti məhkəmə icraçılarının tapşırığı əsasında girov müqaviləsində göstərildiyi qiymətə fond birjasında satışa çıxarılır. MM-nin 1078-23.15-ci maddəsinə əsasən girov müqaviləsi ilə girov predmetinin qiyməti müəyyən edilmədikdə, qiymətli kağızlar nominal dəyər ilə satışa çıxarılır. MM-nin 1078-23.16-cı maddəsinə əsasən girov predmeti fond birjasında satılmadıqda, girov predmetini təşkil edən qiymətli kağızlar girov saxlayana təklif olunur. MM-nin 1078-23.17-ci maddəsinə əsasən Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. MM-nin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qanunvericiliyin tələbindən göründüyü kimi, adlı qiymətli kağız olan girov predmeti məhkəmə icraçılarının tapşırığı əsasında fond birjasında satışa çıxarılır. Göründüyü kimi, tutma girov predmetinə yönəldilərkən, qanunvericiliyin tələbləri pozulmuş, qiymətli kağızlar fond birjasına deyil, açıq hərraca çıxarılmışdır. Belə olan halda, hərrac düzgün olmayaraq, qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya prosessual qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı “həmin girov predmetinin hərracdan satışının yenidən təşkil edilməsi öhdəliyinin fond birjasının üzərinə qoyulması” hissəsində təmin etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur. Girov predmetinin bond birjasında satışa çıxarılması icra məmurunun sifarişi ilə çıxarılmalı olduğundan, məhkəmə həmin girov predmetinin hərracdan satışının yenidən təşkil edilməsi öhdəliyinin fond birjasının üzərinə vəzifə kimi qoyması nəticəsində maddi hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də, qeyd olunan hissədə qətnamə ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Maraqlı şəxs2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(005)-652/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2(005)-652/2019 saylı qətnaməsi “girov predmetinin hərracdan satışının yenidən təşkil edilməsi öhdəliyinin fond birjasının üzərinə vəzifə kimi qoyması” hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia “həmin girov predmetinin hərracdan satışının yenidən təşkil edilməsi öhdəliyinin fond birjasının üzərinə qoyulması” hissəsində təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar