Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1161/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.09.2018-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında quraşdırılmış “İTRON G-4” markalı 1402AZ**********83 saylı qaz sayğacına Cavabdeh əməkdaşları tərəfindən texniki baxış keçirildiyini, baxış zamanı guya kənar xəttin aşkar olunduğunu və 120 gün kənar qaz xəttindən qanunsuz istifadəyə görə 2664 m3 qazın sərfiyyatına dair 532 manat məbləğində cərimə hesablandığını, daha sonra 31.10.2018-ci il tarixdə yenidən Cavabdeh əməkdaşları tərəfindən ******* saylı akt tərtib olunaraq qaz sayğacına baxış keçirildiyini və guya kənar xətt aşkar olunaraq 30 gün kənar qaz xəttindən qanunsuz istifadəyə görə 666 m3 qazın sərfiyyatına dair 133,20 məbləğində cərimə hesablandığını, 30.11.2018-ci il tarixdə yenidən ******* saylı akt tərtib olunaraq 30 gün kənar qaz xəttindən qanunsuz istifadəyə görə 1422 m3 qazın sərfiyyatına dair 284,40 manat məbləğində cərimə hesablandığını, 28.12.2018-ci il tarixdə yenidən ******* saylı akt tərtib olunaraq 30 gün kənar qaz xəttindən qanunsuz istifadəyə görə 1422 m3 qazın sərfiyyatına dair 284,40 manat məbləğində cərimə hesablandığını, sonuncu dəfə 21.01.2019-cu il tarixdə yenidən ******* saylı akt tərtib olunaraq 30 gün kənar qaz xəttindən qanunsuz istifadəyə görə 1422 m3 qazın sərfiyyatına dair 284,40 məbləğində əsassız borc hesablandığını, həmin aktların tamamilə əsassız olduğunu, aktların iştirakı olmadan tərtib edildiyini, evində uzun illərdir ki, odun yandırdığını və qazdan istifadə etmədiyini irəli sürmüş, buna görə də cavabdeh tərəfindən ona əsassız hesablanmış 6841,30 (altı min səkkiz yüz qırx bir manat otuz qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Kuybışev küçəsində yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu **********10000) qaz sərfiyyatına görə İddiaçı hesablanmış 2372,40 (iki min üç yüz yetmiş iki manat qırx qəpik) manat məbləğində borcun, qaz sayğacının dəyişdirilməsinə görə hesablanmış 235,88 (iki yüz otuz beş manat səksən səkkiz qəpik) manatın silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 102 manat ekspertiza tədqiqatının dəyərinin Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi, işin faktiki hallarını aydınlaşdırmadığı, barəsində tərtib olunmuş qanunsuz aktların həqiqiliyini sübut etmək vəzifəsini onun deyil, cavabdehin daşıdığını nəzərə almadığı, iddiasının əsaslı olduğuna dəlalət edən zəruri sübutların cavabdehdən alınması üçün heç bir təşəbbüs göstərmədiyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddiaçıya münasibətdə və onun iddiasının təmin edilməyən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə faktiki olaraq yalnız qeyd edilən hissə ilə əlaqədar apellyasiya şikayəti vermişdir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunmalı, qətnamə iddiaçının mübahisələndirdiyi hissədə ləğv edilərək həmin hissədə iddia qismən təmin edilməlidir. İşin müəyyən olunan halına əsasən, ünvan 2 ünvanında yerləşən ev iddiaçıya məxsus olmaqla o, Cavabdeh İB-nin abonentidir; 28.09.2018-ci il tarixdə evin qaz təchizatı ilə hesablaşmasını həyata keçirən sayğaca baxış keçirilərək iddiaçının sayğacdan kənar xətlə qazdan istifadə etdiyi qeyd olunaraq ******* saylı akt tərtib olunmuş, həmin akta əsasən hesablaşma aparılaraq ona 532,8 manat borc hesablanmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, sonradan da iddiaçı barəsində “mənzildə qaz sayğacından kənar xəttdən istifadə edilməsi faktının aşkar olunduğu” əsas kimi göstərilməklə aktlar tərtib olunmuş, ona 31.10.2018-ci il tarixli ******* saylı aktla 66,60 manat, 30.11.2018-ci il tarixli ******* saylı aktla 142,20 manat, 28.12.2018ci il tarixli ******* saylı aktla 142,20 manat, 31.01.2019-ci il tarixli ******* nömrəli aktla 568,80 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsi sözügedən aktların qanunsuz tərtib edildiyi qənaətilə onlara əsasən hesablanmış borcun silinməli olduğu nəticəsinə gəlmiş, bununla belə, “iddiaçının, qalan 4468,90 manat borc məbləğinin təbii qazın sərfiyyatına görə deyil, təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı Cavabdeh tərəfindən əsassız tərtib edilmiş aktlar əsasında hesablandığına dair məhkəməyə öz dəlillərini bildirmədiyini” vurğulamaqla iddianı həmin hissədə təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə iş materiallarındakı sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə nəticəsinin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, iddiaçıya aid “abonentin saldosu” adlanan sənəddən, onun barəsində 2018ci ilin yanvar, fevral, mart və may aylarında da aktlar tərtib edildiyi, həmin aktlar əsasında müvafiq olaraq 1011 manat, 284,40 manat, 199 manat və 245,20 manat borc hesablandığı aydın olur; həmin aktların iddiaçıda olmamasının, yaxud tərəfindən məhkəməyə təqdim edilməməsinin məsuliyyətini isə onun üzərinə qoymaq mümkün deyildir – xüsusilə ona görə ki, məhkəmənin özünün gəldiyi qənaətə görə məhkəməyə təqdim edilmiş digər aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuşlar – belə olan halda iddiaçıda olmayan aktların ona ümumiyyətlə verilmədiyi nəticəsinə gəlmək ağlabatan mühakimə əsasında daha məntiqlidir. “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə Cavabdeh İB iddiaçının evində kənar xəttdən istifadə edildiyini təsdiq edən və buna görə də, aktların tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Həmin aktlar iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuş, iddiaçının kənar xəttdən istifadə etdiyi isə ekspert rəyi ilə təkzib edilmişdir; buna görə də iddiaçıya hesablanmış cərimə məbləğləri qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından cavabdeh bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı barəsində 2018-ci ilin yanvar, fevral, mart və may aylarında tərtib olunmuş aktlar əsasında hesablanmış 1739,60 manat (1011+284,40+199+245,20) borc da onun abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4195/2019 saylı iş üzrə 30 sentyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmaması ilə bağlı hissədə ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin olunsun. Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Kuybışev küçəsində yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu **********10000) 2018-ci ilin yanvar, fevral, mart və may aylarında tərtib olunmuş aktlar əsasında İddiaçı hesablanmış 1739,60 (min yeddi yüz otuz doqquz manat 60 qəpik) manat borc silinsin. Həmin iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad olduğu rüsumun əvəzi qismində 30 (otuz) manat Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1161/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1161/2020
16.01.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver