Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11617/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, cavabdehin vəkili və nümayəndəsi Ruslan Vəliyevin iştirakı ilə, İddiaçı Əhmədəli qızının Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi X1 tərəfindən verilib, iş üzrə icraat dövründə o, öldüyünə görə hüquq varisi – anası İddiaçı Əhmədəli qızı ilə əvəz edilib. İddia ərizəsində tələb olunub ki, Binəqədi rayonu, Novxanı kəndi, 1042 “a” nömrəli bağ sahəsinə dair (bundan sonra – bağ sahəsi) X1 ilə cavabdehin arasında bağlanmış 13.09.2019-cu il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilənin əsasında dövlət reyestrində aparılmış reyestr qeydi etibarsız hesab olunsun, bağ sahəsi cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Ruslan Vəliyev isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Bağ sahəsinə dair satıcı Əli Qulyev ilə alıcı Cavabdeh arasında bağlanmış 13.09.2019-cu il tarixli alqı-satqı müqaviləsinə görə satıcı bağ sahəsini alıcının mülkiyyətinə verməyi, alıcı isə bağ sahəsini qəbul edib əvəzində qiyməti – 35.000 manatı ödəməyi öhdəsinə götürüb. İddia belə əsaslandırılıb ki, müqavilə aldatma nəticəsində bağlanılıb. Aldatma onunla izah edilib ki, Əli Quliyev bağ sahəsini öz oğluna bağışladığını zənn edərək müqaviləni imzalayıb. Belə ki, Əli Quliyev uzun müddət cavabdehi tanıyıb, ailəvi münasibətləri olub, aralarında inam və etibar yaranıb. Onların ailəsinin bütün təşkilatlarda, müəssisələrdə və digər orqanlarda aparılan işlərini həmişə cavabdeh aparıb. Əli Quliyevin səhhətində ciddi problemlər olduğu üçün cavabdehdən xahiş edib ki, torpaq sahəsinin Əli Quliyevin oğlunun adına keçirilməsinə kömək etsin. Cavabdeh 13.09.2019-cu ildə Əli Quliyevə demişdir ki, təcili notariat kontoruna gəlib bağışlama müqaviləsini imzalasın. Əli Quliyev müqaviləni imzalayarkən bağ sahəsini öz oğluna bağışladığını zənn etmişdir. Aldatmanı təsdiq edən sübut yoxdur. Nəzərə alınmalıdır ki, müqavilə sadə yazılı formada deyil, notariat formasında bağlanıb. Sadə yazılı formalı müqavilədə bir tərəfin digər tərəfi müqavilənin növünə, müqavilənin məzmununa və digər məsələlərə münasibətdə aldatma imkanı daha çox olur. Müqavilə notariat qaydasında təsdiq edildikdə isə notarius müqavilənin məzmununun qanuna və tərəfləri həqiqi niyyətinə uyğunluğunu yoxlayır. Bu, “Notariat haqqında” Qanunun 45-ci maddəsinin 2-ci hissəsinin tələbidir. Ona görə də notariat qaydasında təsdiq edilən müqavilənin aldatma nəticəsində bağlandığını müəyyən etmək üçün mötəbər sübutlar olmalıdır. İddiaçı tərəf müqavilənin aldatma nəticəsində bağlandığını təsdiq edən sübut təqdim etməyib. Məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq müqavilənin aldatma nəticəsində bağlandığını müəyyən edə bilməz. İddiaçı tərəf iddia edir ki, müqavilədə göstərilən 35.000 manat pul Əli Quliyevə verilməyib, pulun alınması barədə sənəddəki imza Əli Qulyevə məxsus deyil, bu isə müqavilənin aldatma nəticəsində bağlandığını təsdiq edir. Bununla bağlı məhkəmə qeyd edir ki, müqavilədə göstərilən pulun Əli Quliyev tərəfindən alınması barədə sənəd iş materiallarına əlavə edilib (iş v. 139). Hazırkı işin düzgün həlli üçün həmin sənəddəki imzanın Əli Quliyevə məxsus olub-olmadığının yoxlanılmasına zərurət yoxdur. Pulun satıcıya verilməməsi barədə məlumat həqiqi olub-olmadığından asılı olmayaraq müqavilənin etibarsızlığına səbəb ola bilməz. Belə ki, alıcının əşyanın qiymətini ödəməməsi öhdəliyin icra edilməməsi hesab olunur. Öhdəliyin icra edilməməsi öhdəliyi əmələ gətirən müqavilənin (əqdin) etibarsızlığına əsas ola bilməz. Mülki Məcəllənin 14-cü fəslində əqdlərin etibarsızlığının əsasları müəyyən edilib, lakin həmin əsasların sırasında “öhdəliyin icra edilməməsi” nəzərdə tutulmayıb. Bunun səbəbi ondan ibarətdir ki, öhdəliyin icra edilməməsi əqdin bağlanmasından sonra mövcud olan haldır. Əqdin etibarsızlığına o hal əsas ola bilər ki, əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olsun. Mülki Məcəllənin 337.1-ci maddəsinin göstərişi də bunu təsdiq edir. Həmin maddədə qeyd olunub ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Burada işlədilən “pozmaqla bağlanmış” ifadəsi əqdin etibarsızlığına əsas kimi götürülən istənilən halın əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olmasını tələb edir. Əgər pul Əli Quliyevə verilməyibsə, onun hüquq varisi pulun verilməsi barədə tələb irəli sürə bilər. Mülki Məcəllənin 598.3-cü maddəsində qeyd olunub ki, əgər alıcı alqısatqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Beləliklə, alqı-satqı müqaviləsinin aldatma nəticəsində bağlandığı müəyyən edilmir. Məhkəmə Mülki Məcəllənin 339.2-ci maddəsinin gösərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 06.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11617/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11617/2021
17.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver