Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11619/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı «müqavilə öhdəliklərinə əməl edilməsi və pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(009)-2197/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı «müqavilə öhdəliklərinə əməl edilməsi və pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə 19.05.2018-ci il tarixdə “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 76 ünvanda tikiləcək binadan 42 kv.metrdən az olmayaraq (oxdan oxa) layihəyə uyğun təmirli mənzilin verilməsi və təmirli mənzil təhvil verilən günə kimi hər ay 350 manat olmaqla kirayə haqqının onlara ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar birgə nikahda olduqları dövrdə Bakı şəhəri, X4 küçəsi, 76, mənzil 21 ünvanda mənzil almış və uzun müddət həmin mənzildə yaşamışlar. 19.05.2018-ci il tarixdə Cavabdeh MMC ilə onlar «mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında» müqavilə imzaladılar və mənzili boşaldaraq cavabdehə təhvil verdilər. Belə ki, cavabdeh Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı Qərarına əsasən binaların sökülməsi, ərazidə abadlıq işlərinin aparılması, müasir tələblərə uyğun binaların tikilməsi ilə məşğul olduğu üçün Bakı şəhəri, Səbail rayonu İcra Hakimiyyətinin 117 nömrəli 26.08.2016-cı il tarixli Sərəncamı əsasında binanın olduğu yerdə yeni binaların tikintisi ilə məşğul olurdu və binanı sökərək yerində yeni bina tikintisi, həmin binada yeni mənzillə təmin etmə, mənzil təhvil verənə kimi kirayə pulunun ödənilməsini təklifi etmiş, onlar da digər sakinlər kimi bu təkliflə razılaşaraq məlum müqaviləni bağlamışlar. 19.05.2018-ci il tarixdə Cavabdeh MMC ilə onlar «mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında» müqavilənin 1-ci bəndinə əsasən cavabdehə yaşayış kompleksinin tikintisi məqsədili ilə mənzilini təhvil verir, Cəmiyyət isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sahə ölçüsündə və əlavə olaraq onun 20%-ə qədər artıq sahəni («Zirvə Rezidens» tikinti kompleksinin Q.Abbasov küçəsi, 76 ünvandakı binadan) təmirli olmaq şərti ilə (verilən artıq sahəyə görə ödəniş alınmamaq şərti ilə) mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Təhvil verdikləri mənzilin cəmi sahəsi müqavilənin 2.1.2-ci və 2.1.3-cü bəndinə əsasən 35 kv.m olmasını cavabdeh təsdiq etmiş və müqavilə şərtlərinə əsasən 20 faiz artıq olmaqla 42 kv.m-dən az olmayaraq və binanın söküldüyü yerdə tikilmiş binadan onlara mənzil verilməli idi. Həmin müqavilə 5 saylı Notariat Kontorunda təsdiq edilmişdir. Cavabdeh həmin Müqavilənin 3.3.1-ci və 3.3.2-ci bəndinə əsasən vergilər çıxıldıqdan sonra hər ay 350 manat məbləğində pulu müqavilə bağlandığı vaxtdan etibarən bina tikilənə kimi müvəqqəti olaraq digər yaşayış sahəsində yaşaması üçün kirayə haqqı olaraq kompensasiya ödəməyi öhdəsinə götürmüş və 22.05.2018-ci ildən 15.05.2020-ci ilə kimi 8.443,6 manat pul ödəmişdir. Beləliklə də, 2018-ci ilin iyun ayından 2020-ci ilin may ayı daxili kirayə haqqı ödənilmiş və kirayə haqqının ödənilməsi də dayandırılmışdır. Mübahisəli hal ondan ibarətdir ki, cavabdehin tikdiyi binada ən kiçik sahəli mənzillər 50-53 kv.m.-dən ibarət olmaqla cavabdeh 42 kv.m.-lik mənzili olmaması əsası ilə həmin kvadratdan ibarət mənzil verməkdən imtina edir. Bundan başqa, təklif etdiyi mənzil cəmi 38 kv.m-lik və onları binanın yerində deyil arxa hissədəki evdən mənzil təklif edir. Halbuki, bağladıqları Müqavilənin 4-cü bəndinə əsasən yeni mənzil həmin mənzilin layihəsinə uyğun vəziyyətdə və həmin layihədə nəzərdə tutulmuş şəraitdə onlara təhvil verilməli idi. Cavabdeh 17.03.2020-ci il tarixdə 28/20 saylı məktubla onlara müraciət edərək Bakı şəhəri, Neftçi Qurban 72, 74, 76, 76a ünvanlada çoxmərtəbəli binaların layihələndirilməsi və tikintisi üçün Sərəncama əsasən onlarla bağladığı müqaviləyə əsasən mənzilin sahəsini 24,9 kv.m olmasını göstərmiş və müqavilə şərtlərini təhrif etməklə yeni mənzilin ümumi sahəsinin təhvil verilən mənzilin sahəsindən az olmamaqla təhvil verilməli olması əsası ilə təklif etdiyi mənzili təhvil götürmədikləri və təmir edə bilməməsi əsası ilə kirayə haqqının kompensasiyasının dayandırılması barədə xəbərdarlıq edərək kirayə haqqının 2020-ci ilin iyun ayından etibarən vermir. Halbuki, müqavilənin 1-ci bəndinə əsasən cavabdehə yaşayış kompleksinin tikintisi məqsədili ilə mənzilini təhvil verir, Cəmiyyət isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sahə ölçüsündə və əlavə olaraq onun 20%-ə qədər artıq sahəni («Zirvə Rezidens» tikinti kompleksinin Q.Abbasov küçəsi, 76 ünvandakı binadan) təmirli olmaq şərti ilə (verilən artıq sahəyə görə ödəniş alınmamaq şərti ilə) mükiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə müqavilədə qeyd edilən ünvandakı binadan deyil, başqa arxa hissədə tikdiyi başqa ünvandakı binadan müqavilə üzrə 42 kv.m-dən az olmamaq şərti ilə və mənzili təhvil verdiyi vaxta kimi kirayə haqqı ödəmək şərti ilə müqavilə üzrə vəzifələr götürməsinə baxmayaraq, hazırda müqavilənin 2.1.2-ci və 2.1.3-cü bəndə əsasən cəmi sahəsinin 35 kv.m olmasını təsdiq etməsinə baxmayaraq, hazırda müqavilə şərtlərindən yayınaraq guya 24,9 kv.m-dən az olmayaraq və 20 faiz əlavə sahə ilə birlikdə cəmi 35 kv.m-lik mənzili onlara təklif etməklə (oxdan oxa bu sahə onların mənzilin sahəsindən də az olur) qəsdən müqavilə şərtlərinə əməl etmir, hazırki vaxta artıq hər ay 350 manat olmaqla 4 aylıq (1400 manat) kirayə haqqını da ödəməmişdir. Mənzilinin olduğu bina Səbail rayonu, Neftçi Qurban 76 ünvanda yolun kənarı və dənizə panaraması olan bir binadan idi, təklif etdikləri bina isə həmin binanın arxa hissəsindən başqa bir bina başqa bir ünvandakı binadan təklif edilir. Cavabdeh müqavilə şərtlərinə əmək etməməklə hüquqlarını pozmuş və mənafelərinə toxunmuş, ən azı 42 kv.m.-lik mənzil sahəsi ilə mənzilini sökdüyü binanın yerindən onları təmin etməli, mənzil təmirli şəkildə təhvil verilən günə kimi onlara kirayə haqqı ödəməlidir. Cavabdeh onunla müqavilə bağlayarkən artıq binanın layihəsi var idi və bilirdi ki, binasındakı mənzillərin ən kiçik ölçüsü 35 kv.m. və 53 kv.metrdən ibarətdir. Onlara 42 kv. metrdən az olmayaraq mənzil vermək öhdəliyi götürərkən cavabdeh mövcud sahədən az olmayaraq deyil, mövcud sahə və 20 faiz artıq verilməklə 42 kv.metrdən az olmayaraq mənzil vermək öhdəliyi götürmüşdür. Hazırda öhdəsinə götürdüyü sahədən az verməklə onları öz öhdəliklərini icra etməkdən imtinada təqsirləndirərək aylıq kirayə haqqını dayandırması da cavabdehlə bağlanmış müqavilə şərtlərinin pozulmasıdır. Belə ki, onlar müqavilə şərtlərinə əsasən 42 kv.metrdən az olmayaraq mənzil tələb edir bu əsasla 35 kv.metrlik mənzili təhvil almaqdan (müqavilə şərtlərinin pozulmasına etiraz) imtina edirlər. Onlar öhdəliklərinə uyğun olaraq ən azı 42 kv.m. olmaqla binanın yerindən və müqavilədə qeyd edilən ünvanda tikilmiş binadan mənzil təhvil almaqdan imtina etmirlər və təmirli şəkildə belə mənzil onlara təhvil verilən günə kimi kirayə haqqını tələb edirlər. Hazırda cavabdeh müqavilə şərtlərini pozmaqla hər ay 350 manat olmaqla onlara ziyan vurur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(009)- 2197/2020 saylı qətnaməsi ilə (hakim Şahin Abdlullayev) iddia təmin olunmuş, Cavabdeh MMC ilə İddiaçı1 Oktay oğlu arasında bağlanmış 19.05.2018-ci il tarixli «mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında» müqavilənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban 76 ünvanda (hazırki ünvanı ünvan 4 məsafədə yerləşən və tikintisi nəzərdə tutulan binadan sahəsi 42 kv.metrdən az olmayaraq (oxdan oxa) layihəyə uyğun təmirli mənzilin verilməsi və təmirli mənzil təhvil verilən günə kimi hər ay 350 (üç yüz əlli) manat olmaqla kirayə haqqının iddiaçılara ödənilməsi Cavabdeh MMC-yə həvalə edilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(103)-2672/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 28 sentyabr 2021ci il tarixli qərarı ilə iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 06 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, müqavilə şərtlərində 20 faizədək artıq sahənin nəzərdə tutulması, analoji mənzilin iddiaçılara təqdim olunması, lakin sonuncular tərəfindən qəbul edilməməsi, əvvəllər iddiaçılara hər ay 350 manat kirayə haqqı ödənilməsi, cavabdeh tərəfindən müqavilə şərtlərinə riayət olunması, iddiaçıların təklif olunan mənzili qəbul etməkdən imtina etmələrinin əsassız olması, daha artıq qazanc əldə etmək niyyətində olmaları və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan 09 mart 2017-ci il tarixli, RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 76 ünvanında yerləşən sahəsi 24,9 kv.m olan 21 saylı mənzil mülkiyyət hüququ əsasında İddiaçı1 Oktay oğlunun adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən 03.03.2017-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən İddiaçı1 Oktay oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, X4 küçəsində yerləşən 76 saylı binanın 21 saylı mənzil 2 otaqdan ibarət olmaqla, ümumi sahəsi 24,9 kv.m. olmaqla, yaşayış sahəsi 22,5 kv.m-dir. İşdə olan Cavabdeh MMC ilə İddiaçı1 Oktay oğlu arasında bağlanmış və 5 saylı notariat kontorunda təsdiq edilmiş 19.05.2018-ci il tarixli mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqavilədən görünür ki, bu müqavilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli, 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına əsasən mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması məqsədi ilə Cavabdeh MMC Azərbaycan Respublikası Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin 117 nömrəli 26 avqust 2016-cı il tarixli sərəncamı əsasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 25.05.2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 76, mənzil 21 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. «Mülkiyyətçi» mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 76 mənzil 21 ünvanında yerləşən, ümumi sahəsi 24,9 kv.m. olan 21 saylı mənzili yaşayış kompleksinin tikintisi məqsədi ilə «Cəmiyyətə» təhvil verir. «Cəmiyyət» isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sahə) ölçüsündə və əlavə olaraq onun 20%-ə qədər artıq sahəni (Zirvə Residence tikinti kompleksinin Q.Abbasov 76 ünvanındakı binadan) təmiri olmaq şərti ilə «Mülkiyyətçi»nin mülkiyyətinə təhvil verir (verilən artıq sahəyə görə ödəniş alınmır). Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 76, 21 saylı mənzilin çıxarış üzrə sahəsi 24,9 kv.m., əlavə tikilisi 10,1 kv.m. təşkil edir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən Cəmiyyət Mülkiyyətçinin, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin müvəqqəti yaşayış sahəsində yaşaması üçün Mülkiyyətçinin kirayə xərclərinin kompensasiyası aşağı şərtlərlə kompensasiya edir: 3.3.1. kirayə xərclərinin kompensasiya məbləği 1 (bir) aylıq 399 manat müəyyən edilir. Həmin məbləğdən 14% vergi - 49 manat vergiyə, qalan 350 manat Mülkiyyətçiyə ödənilir. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən yeni mənzilin ümumi sahəsi, təhvil götürülən mənzilin sahəsindən az olmamalıdır. Müqavilənin 4.1.2-ci bəndinə əsasən yeni mənzilin təhvil verilməli olduğu tarix 24-36 ay (dəqiq tarixlər Yeni Mənzilin yerləşdiyi binanın tikinti layihəsi ilə müəyyən ediləcək). Müqavilənin 4.2-ci bəndinə əsasən yeni mənzilin həmin mənzilin layihəsinə uyğun vəziyyətdə, həmin layihə ilə nəzərdə tutulmuş şəraitdə Cəmiyyət tərəfindən Mülkiyyətçiyə təhvil verilməlidir. Yeni mənzilin Mülkiyyətçiyə təhvil verilməsi akt ilə rəsmiləşdirilir. İşdə olan Cavabdeh MMC tərəfindən İddiaçı2 ünvanlanmış 17.03.2020-ci il tarixli, 28/20 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilmiş 2016-cı il 25 fevral tarixli, 86 saylı Qərarını rəhbər tutaraq, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısı qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və istismar müddətini bitirmiş binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Cavabdeh MMCyə Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi, 72,74,76,76a ünvanlarında çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 26.08.2016-cı il tarixli 117 saylı Sərəncam vermişdir. İddiaçı2 ilə Cavabdeh arasında 19.05.2018-ci il tarixli əvəzləşdirmə müqaviləsi imzalanmışdır. Müqavilə qanunvericiliyin tələbləri əsasında tərtib olunmuşdur. Müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC-nin vəzifələri: a) Sakinlərdən təhvil aldığı mənzilin əvəzində ümumi sahəsindən az olmamaq şərti ilə tikintisi başa çatmış, yaşayış üçün hazır olan binada yeni təmirli mənzil vermək; b) Yeni mənzil təhvil verilənə qədər xərclərinin kompensasiyasını ödəmək. İddiaçı2 vəzifələri: a) Köhnə mənzili təhvil vermək, yeni mənzili təhvil almaq. Belə ki, müqavilənin ümumi müddəalar bəndində İddiaçı2 mənzilinin sahəsinin 24,9 kv.m. ibarət olduğu və müqavilənin 4.1.1-ci bəndində isə veriləcək yeni mənzilin ümumi sahəsinin təhvil götürülən mənzilin sahəsindən az olmaması qeyd olunub. Həmçinin müqavilənin 4.2-ci bəndinə əsasən yeni mənzil layihədə nəzərdə tutulmuş vəziyyətdə və şəritlə mülkiyyətçiyə verilməlidir və həmin mənzilin verilməsini akt ilə rəsmiləşdirilməsi göstərilib. Cavabdeh MMC müqavilə şərtlərinə daima riayət edib və müqavilədə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir. Eyni zamanda Cavabdeh MMC ilə müqavilə bağlanan gündən bu günə kimi İddiaçı2 hər ay kirayə xərclərinin kompensasiyası ödənilir. İddiaçı2 dəfələrlə şifahi olaraq mənzilin təmirinə başlamaq üçün akt imzalamağa ofisinə dəvət etsələr də, gəlməmişdir. İddiaçı2 veriləcək mənzilin mərtəbəsi və sahəsi müəyyənləşdirilib və o barədə qabaqcadan məlumat verilmişdir. Bundan artıq 6 aydır ki, təmir işləri gedir. İddiaçı2 ilə akt imzalanmadığı üçün Cavabdeh MMC təmirə başlaya bilmir. Akt imzalanması üçün Bayıl qəsəbəsi, Neftçi Q.Abbasov küçəsi, 72,74 ünvanında yerləşən ofisinə gəlməsini xahiş etmişlər. Akt imzalanması üçün 5 iş günü ərzində gəlməməsi təqdirsə İddiaçı2 üçün ayrılmış mənzildə əlavə heç bir xəbərdarlıq olunmadan təmir işləri başlayacaqdır. Təmir işlərinin bitməsindən sonra İddiaçı2 məktub göndəriləcək ki, həmin gündən Cavabdeh MMC olaraq müqavilə ilə üzərinə götürdükləri öhdəliklər tərəflərindən tam icra edilmiş hesab olunacaqdır. Məktubu aldığı andan etibarən İddiaçı2 ödənilən kirayə xərclərinin kompensasiyasının ödənilməsi dayandırılacaqdır. Qeyd: iyunun 1-dən İddiaçı2 ödəniləcək kirayə haqqı dayandırılacaqdır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1, 404.2, 442-ci maddələrinə istinad etmişdir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi belə olmuşdur ki, tərəflər arasında əvvəlcədən razılaşmış şərtlərlə müqavilə bağlanmış, o cümlədən sökülən evin faktiki ölçülərinə və əlavə olaraq 20% artıq sahə verilməsi, həmin mənzilin sökülmüş evin yerində inşa edilmiş evdə eyni şəraitdə, təmirli şəkildə verilməsi müqavilə şərtləri olaraq əvvəlcədən razılaşdırılmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 9 ünvanda yerləşən 21 saylı mənzil Cavabdeh MMC tərəfindən sökülmüş və hazırda həmin yerdə çoxmərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Cavabdeh MMC ilə İddiaçı1 Oktay oğlu arasında «Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında» 19.05.2018-ci il tarixdə müqavilə bağlanılmış və həmin müqavilənin 1-ci bəndinə görə, cavabdeh həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sahə) ölçüsündə və əlavə olaraq onun 20 faizə qədər sahəni təmirli olmaq şərtilə mülkiyyətçinin mülkiyyətinə təhvil verməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən Cəmiyyət mülkiyyətçinin, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin müvəqqəti yaşayış sahəsində yaşaması üçün mülkiyyətçinin kirayə xərclərinin kompensasiyası kimi 1 aylıq kirayə xərclərinin məbləğini 399 manat müəyyən edilir, həmin məbləğdən 14 faiz - 59 manat vergi çıxılmaqla, qalan 350 manat mülkiyyətçiyə verməyi öhdəsinə götürmüş və müqavilənin şərtlərinə görə kirayə xərclərinin ödənilməsi ayda bir dəfə, həmin ay başa çatanadək nağd və ya köçürmə yolu ilə kirayə xərclərinin kompensasiya məbləği yeni mənzil sakinə təhvil verilənə qədər davam edəcəkdir. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh müqavilənin şərtlərinə əməl etmir, yəni mülkiyyətlərində olan mənzilin yerində inşa ediləcək binadan mənzil vermir. Cavabdeh tərəfindən təklif olunan yeni mənzil sökülmüş binanın yanında inşa edilmiş başqa binada yerləşir, təklif olunan mənzilin sahəsi sökülmüş mənzilin sahəsindən əlavə 20 faiz daha çox olmalı olduğu halda, cavabdeh ona sahəsi 38,6 kv.m təşkil edən mənzil təklif edir. Eyni zamanda, cavabdeh müqavilə üzrə mənzil təhvil verilənədək 350 manat kirayə haqqının verilməsini 2020-ci ilin may ayından dayandırmışdır və hazırda bu pulu ödəməkdən imtina edir. Bu səbəbdən iddiaçılar cavabdehin üzərinə müqavilə şərtlərinə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban 76 ünvanda tikiləcək binadan 42 kv.m-dən az olmayaraq layihəyə uyğun təmirli mənzilin verilməsi və təmirli mənzil təhvil verilən günə kimi hər ay 350 manat olmaqla kirayə haqqının onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh tərəfindən təklif olunan mənzil müqavilə şərtlərinə əsasən sökülmüş binanın yerində inşa ediləcək binadan deyil, həmin binaya yaxın ünvanda olan cavabdeh tərəfindən yeni inşa edilmiş binadan təklif olunur. Eyni zamanda təklif olunan mənzilin sahəsi 38,6 kv.m təşkil edir və bu onunla əsaslandırılır ki, müqavilə şərtlərinə əsasən cavabdeh öz üzərinə əvvəlki mənzilin sahəsindən 20%-ə qədər artıq mənziln sahəsinin verilməsini öhdəsinə götürmüşdür. Bu səbəbdən də iddiaçılara 38,6 kv.m, yəni təklif olunan mənzilin sahəsindən daha artıq sahəli (əvvəlki mənzilin sahəsi 35 kv.m olmuşdur) mənzil təklif olunmuşdur. Yerli baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən planlaşdırılan və tikiləcək ikinci bina iddiaçıların mülkiyyətində olmuş mənzilin yerləşdiyi və sökülmüş binaya daha yaxındır. Cavabdeh 19.05.2018-ci il tarixli müqavilə şərtlərini pozmuşdur və onun əvvəlki mənzilin yerləşdiyi binanın yerində inşa edilmiş yeni binadan deyil, həmin binaya yaxın inşa edilmiş yeni binadan mənzil təklif etməsi müqavilə şərtlərinə ziddir. Belə ki, müqavilənin 1-ci bəndindən də göründüyü kimi Cavabdeh MMC Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi, 76, mənzil 21 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünün və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. Mülkiyyətçi mülkiyyətində olan Səbail rayonu, X4 küçəsi, 76, mənzil 21 ünvanında yerləşən mənzili yaşayış kompleksinin tikintisi məqsədi ilə «Cəmiyyətə» təhvil verir, «Cəmiyyət» isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi ölçüsündə və əlavə olaraq onun 20%-ə qədər artıq sahəni (Zirvə Residence tikinti kompleksinin Q.Abbasov 76 ünvanındakı binadan) təmirli mənzil təhvil verməyi öhdəsinə götürür. Göründüyü kimi, müqavilə şərtlərinə əsasən cavabdeh mübahisəli mənzilin yerində inşa ediləcək binadan yeni təmirli mənzil verilməsini öhdəsinə götürmüşdür və bu səbəbdən hazırda cavabdeh tərəfindən iddiaçıya hər hansı başqa yerdə mənzil təklif verməsi müqavilə şərtlərinə ziddir. Bu səbəbdən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya sökülmüş mənzilin yerində inşa ediləcək yeni binadan mənzil verməlidir ki, bu həm müqavilənin şərtlərinə uyğun olsun, həm cavabdehin müqavilə üzrə götürdüyü öhdəliyin icrasının təmin etsin. Lakin bu şərt cavabdeh tərəfindən pozulduğu üçün, cavabdeh başqa bir binada iddiaçıya mənzil təklif verməkdə haqlı hesab edilə bilməz və bu səbəbdən də mənzil təhvil verilməyənədək cavabdeh iddiaçıya kirayə haqqı vermək öhdəliyi daşıyır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin üzərinə ünvan 10 ünvanı ünvan 11ın məsafədə yerləşən və tikintisi nəzərdə tutulan binadan təmirli mənzilin verilməsi və mənzil təhvil verilənədək müqavilə şərtlərinə əsasən hər ay 350 manat kirayə haqqının ödənilməsi hissələrində əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsi təhvil veriləcək mənzilin sahəsi ilə bağlı tərəflər arasında yaranmış mübahisəyə də hüquqi qiymət verərək qeyd etmişdir ki, Cavabdeh MMC-nin nümayəndəsi müqavilənin şərtlərinə istinad edərək bildirmişdir ki, müqavilədə təhvil veriləcək mənzilin sahəsinə əlavə olaraq 20%-ə qədər əlavə sahənin verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən «Cəmiyyət» bu şərtə uyğun olaraq əvvəlki mənzilin sahəsindən (35 kv.m) 20%-ə qədər artıq, yəni 38 kv.m təklif etməkdə tam haqlıdır. Yəni yeni mənzilin sahəsinə veriləcək əlavə sahənin miqdarını müəyyən etmək «Cəmiyyət»in hüququ olduğu üçün, o iddiaçıya 35 kv.m mənzilin əvəzinə 38 kv.m mənzil təklif etməkdə müqavilə şərtini pozmur. Lakin məhkəmə hesab edir ki, cavabdehin bu hərəkəti müqavilə şərtlərinə uyğun deyil və öhdəliyin pozulması kimi şərh edilməlidir. Yəni cavabdehin bu təklifi müqavilə şərtlərindən sui-istifadə kimi qəbul edilməlidir. Məlum olduğu kimi Cavabdeh MMC şəhərin mərkəzində yeni binaların inşası ilə məşğul olan tikinti şirkətidir və sakinlərin mülkiyyətindəki mənzillərin yerləşdiyi binaları sökərək yerində çoxmərtəbəli binalar inşa etməklə sahibkarlıq fəaliyyətini həyata keçirir. Bu fəaliyyəti həyata keçirmək üçün kifayət qədər maddi vəsaitə malik olmaq zəruri şərtdir və cavabdeh bu fəaliyyəti həyata keçirtdiyi üçün o, müqavilə tərəfi kimi iddiaçılara münasibətdə daha təmin edilmiş subyekt hesab edilir. Digər tərəfdən, iddiaçıların iddia etdiyi kimi danışıqlar zamanı cavabdeh şirkət əvvəlki mənzilin sahəsinə 20%-ə qədər deyil, məhz 20% əlavə mənzil sahəsinin verilməsini bildirmiş və iddiaçılar bu şərtlə razılaşmışlar. Lakin hazırda cavabdeh müqavilədəki bu şərti istədiyi kimi təfsir edərək iddiaçıların mənafeyinə uyğun olmayan təlkif irəli sürür. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini, onların müqaviləyə qədərki danışıqları, cavabdehin iddiaçılarla müqayisədə maddi cəhətdən üstünlüyünü nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərti iddiaçıların mənafeyi nəzərə alınmaqla təfsir edilməlidir. Digər tərəfdən cavabdehin təklif etdiyi mənzilin sahəsi (38 kv.m) əvvəlki mənzilin sahəsinin (35 kv.m) təxmini 10% təşkil edir ki, bu da göründüyü kimi iddiaçıların mənafeyinə uyğun hal kimi qəbul edilə bilməz. Eyni zamanda sökülmüş mənzilin sahəsini nəzərə alsaq əlavə olaraq 20% sahə cəmi 7 kv.m təşkil edəcəkdir ki, bu da çox cüzidir və cavabdeh üçün əlavə olaraq bu sahənin verilməsi heç bir halda onun mənafeyinə zidd olan hal kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflərin müqavilə bağladıqları vaxt veriləcək mənzilin sahəsi ilə bağlı nəzərdə tutduqları şərt əlavə olaraq 20% sahənin verilməsi kimi təfsir edilməli və iddiaçılara 19.05.2018-ci il tarixli müqaviləyə əsasən yeni tikiləcək binadan 42 kv.m-dən az olmayaraq mənzil sahəsi verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası iddianın təmin olunmaması barədə apellyasiya instansiyasının əvvəlki qətnaməsini ləğv edərkən 28 sentyabr 2021-ci il tarixli qərarında göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 76 ünvanında yerləşən, faktiki sahəsi 35 kv.m olan 21 saylı mənzilin mülkiyyət hüququ əsasında İddiaçı1 Oktay oğluna məxsus olması, həmin evin sökülməsi və yerində inşa ediləcək binada söküləcək mənzilin əvəzi olaraq təmirli mənzil verilməsi, mənzil təhvil verilənədək hər ay mülkiyyətçinin ailəsinə 350 manat kirayə haqqı verilməsi barədə razılaşmanın olması işin mübahisəsiz hallarıdır. İşin mübahisələndirilən halları, veriləcək mənzilin sahəsi, şəraiti (şəraiti dedikdə onun yerləşmə ünvanı nəzərdə tutulur) ilə bağlıdır. 1-ci instansiya məhkəməsi mübahisələndirilən hallarla bağlı müqavilənin ziddiyyətli şərtlərini Mülki Məcəllənin 404-cü maddəsinə istinad etməklə təfsir edərək iddianı əsaslı hesab etmişdir. Lakin, apellysiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilə şərtlərini fərqli mövqedən təfsir etmiş, müqavilədə yer alan ziddiyyətli məqamları iddiaçıların ziyanına şərh edərək iddianı rədd etmişdir. Mübahisələndirilən məsələlərlə bağlı tərəflər arasında bağlanmış 19.05.2018-ci il tarixli müqavilədə aşağıdakı şərtlər nəzərdə tutulmuşdur: müqavilənin 1-ci bəndinə əsasən “Cəmiyyət” sökülmüş evin əvəzinə inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sahə) ölçüsündə və əlavə olaraq onun 20%-ə qədər artıq sahəsi (Zirvə Residens tikinti kompleksinin Q.Abbasov 76 ünvanındakı binadan) olan təmirli mənzili verməyi öhdəsinə götürür. Müqavilənin 4.1.1. bəndində deyilir ki, yeni mənzilin ümumi sahəsi, təhvil götürülən mənzilin sahəsindən az olmamalıdır. Mənzilin ölçüsü ilə bağlı apellyasiya məhkəməsinin dəyərləndirməsi ondan ibarət olmuşdur ki, nə qədər ki, şirkət iddiaçılara təhvil götürdüyü mənzilin sahəsindən çox sahəsi olan mənzil təklif edir, təklif olunan artıq sahə 20 % artıq sahəni təşkil etməsə də, bu hal müqavilə şərtlərinə zidd deyil. Çünki müqavilədə 20% artıq sahə deyil, 20%-ə qədər artıq sahənin verilməsi nəzərdə tutulmuşdur. 20% artıq sahə 7 kv.m. sahə deməkdir, iddiaçılara 3 kv.m artıq sahə təklif olunur. Təklif olunan sahə 20%-ə qədər şərti əhatə edir. Mənzilin yerləşdiyi yerlə bağlı apellyasiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, cavabdeh şirkətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin ərazidə bir neçə binadan ibarət kompleksin inşa edilməsinə razılıq verilmiş, həmin kompleksə vahid ünvan verilmiş və iddiaçılara təklif olunan mənzil həmin ünvanda yerləşir. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin bu qaydada şərh verilməsini əsaslı hesab etmir. Belə ki, hazırkı qərarın 20-ci bəndində qeyd olunan maddi hüquq normasına görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Yeni mənzilin ümumi sahəsinin, təhvil götürülən mənzilin sahəsindən az olmaması barədə Müqavilənin 4.1.1. bəndi apellyasiya məhkəməsinin şərh etdiyi qaydada başa düşülməməlidir. Çünki həmin şərtdən əvvəlki bənddə (1-ci bənddə) «Cəmiyyət» sökülmüş evin əvəzinə inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sahə) ölçüsündə və əlavə olaraq onun 20%-ə qədər artıq sahəsi (Zirvə Residens tikinti kompleksinin Q.Abbasov 76 ünvanındakı binadan) olan təmirli mənzili verməyi öhdəsinə götürmüşdür. Tərəflərin veriləcək mənzilin sahəsi ilə bağlı razılaşdıqları əsas və ümdə şərt bundan ibarət olmuşdur. Həmin şərtdən sonra müqaviləyə 4.1.1. bəndinin salınmasının hansı məqsədlərə xidmət etməsini tərəflər razılaşmamışlar. Müqavilədə bununla bağlı açıqlama yoxdur. Əgər bununla bağlı müqavilənin sonrakı bəndinə başqa şərt salınmışdırsa, həmin şərtin hansı halda tətbiqi göstərilməli idi. Müqavilədə belə bir göstəriş olmadığı üçün müqavilənin 4.1.1. bəndinin iddiaçıların ziyanına şərh edilməsi və tətbiq edilməsi əsaslı olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, pilot layihələrlə evlərin inşası sahəsində bərqərar olan işgüzar praktika, adətlər 20% artıq əlavə sahənin verilməsi dedikdə ümumi sahədən 20% artıq sahənin verilməsini ehtiva edir. Tərəflər müqavilə şərtini apellyasiya məhkəməsinin şərh etdiyi kimi nəzərdə tutmuş olsaydılar, həmin şərti daha dəqiq yaza bilərdilər. Müqavilədə 20%-ə qədər artıq sahənin verilməsi barədə razılaşma əslində 20%-i keçməyən sahənin verilməsi kimi şərh edilsəydi müqavilənin məzmununa daha uyğun olardı. Bundan başqa, verilməli olan mənzilin yeri ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə də ziddiyyətlidir. Çünki tərəflər müqavilənin 1-ci bəndində Zirvə Residens tikinti kompleksinin Q.Abbasov 76 ünvanındakı binadan mənzil verilməsini razılaşmışlar. Qeyd olunan ünvan iddiaçılara məxsus evin söküldüyü ünvanda inşa edilən binadır. Tikinti şirkətinin inşa etdiyi bir neçə bina kompleksinə vahid bir ünvan verilməsi müqavilənin həmin şərtini dəyişmir. Müqavilə şərtlərinə görə cavabdeh şirkət mənzili təmirli vəziyyətdə, yəni əvvəlki şəraitdən yaxşı vəziyyətdə təhvil verməlidir. Mənzilin şəraiti deyəndə təkcə onun daxili divarları çərçivəsindəki şərait nəzərdə tutulmur. Eyni zamanda, mənzilin yerləşdiyi yer, dənizə baxış bucağının olması və.s. vacib halları da nəzərdə tutur. Məsələn, dənizə baxışı olan mənzilin əvəzinə həmin istiqamətdə görünüşü olmayan mənzilin verilməsi əvvəlkindən yaxşı şəraitdə mənzilin verilməsi demək deyil, əksinə əvvəlkindən yaxşı olmayan şərait hesab olunur. Eyni zamanda, Kollegiya qeyd edir ki, aylıq kirayə haqqının verilməsi tələbinin təmin olunması yuxarıda şərh edilən mübahisəli hallarla bağlı qəbul ediləcək yekun qərardan asılı olduğundan bununla bağlı ətraflı araşdırma aparılmasına zərurət yoxdur. Çünki kirayə haqqının mənzilin təhvil verilən anadək ödənilməsi müqavilənin əsas şərti kimi əvvəlcədən razılaşdırılmışdır. Göründüyü kimi, apellyasiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, müəyyən edilən hallara maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin apellyasiya şikayətinin dəlilllərini əsassız sayaraq, kassasiya instansiyasının da hüquqi mövqeyini nəzərə alaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Bakı şəhəri, Səbail rayonu, X4 küçəsi 76 ünvanında yerləşən, faktiki sahəsi 35 kv.m olan 21 saylı mənzilin mülkiyyət hüququ əsasında İddiaçı1 Oktay oğluna məxsus olması, həmin evin sökülməsi və yerində inşa ediləcək binada söküləcək mənzilin əvəzi olaraq təmirli mənzil verilməsi, mənzil təhvil verilənədək hər ay mülkiyyətçinin ailəsinə 350 manat kirayə haqqı verilməsi barədə razılaşmanın olması işin mübahisəsiz hallarıdır. Belə ki, Cavabdeh MMC ilə İddiaçı1 Oktay oğlu arasında «Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında» 19.05.2018-ci il tarixdə müqavilə bağlanılmış və həmin müqavilənin 1-ci bəndinə görə, cavabdeh həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sahə) ölçüsündə və əlavə olaraq onun 20 faizə qədər sahəni təmirli olmaq şərtilə mülkiyyətçinin mülkiyyətinə təhvil verməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, Cəmiyyət mülkiyyətçinin, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin müvəqqəti yaşayış sahəsində yaşaması üçün mülkiyyətçinin kirayə xərclərinin kompensasiyası kimi 1 aylıq kirayə xərclərinin məbləğini 399 manat müəyyən edilir, həmin məbləğdən 14 faiz - 59 manat vergi çıxılmaqla, qalan 350 manat mülkiyyətçiyə verməyi öhdəsinə götürmüş və müqavilənin şərtlərinə görə kirayə xərclərinin ödənilməsi ayda bir dəfə, həmin ay başa çatanadək nağd və ya köçürmə yolu ilə kirayə xərclərinin kompensasiya məbləği yeni mənzil sakinə təhvil verilənə qədər davam edəcəkdir. İşin mübahisələndirilən halları, veriləcək mənzilin sahəsi, şəraiti (şəraiti dedikdə onun yerləşmə ünvanı nəzərdə tutulur) ilə bağlıdır. Belə ki, cavabdeh tərəfindən təklif olunan yeni mənzil sökülmüş binanın yanında inşa edilmiş başqa binada yerləşir, təklif olunan mənzilin sahəsi sökülmüş mənzilin sahəsindən əlavə 20 faiz daha çox olmalı olduğu halda, cavabdeh ona sahəsi 38,6 kv.m təşkil edən mənzil təklif edir. Eyni zamanda, cavabdeh müqavilə üzrə mənzil təhvil verilənədək 350 manat kirayə haqqının verilməsini 2020-ci ilin may ayından dayandırmışdır və hazırda bu pulu ödəməkdən imtina edir. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh razılaşdırılmış şərtlərə riayət etməmiş, iddiaçılara əvvəlki (sökülmüş) mənzillərinin əvəzinə nəzərdə tutulmuş ölçüdən az mənzil təklif etmiş, eyni zamanda təklif olunan mənzil sökülmüş binaya daha yaxın məsafədə inşa olunan binadan verilməli, eyni zamanda müvafiq mənzil təhvil verilən günə kimi iddiaçılara hər ay 350 manat olmaqla kirayə haqqı ödənilməlidir. Cavabdeh etirazının (həmçinin apellyasiya şikayətinin) əsası kimi müqavilədə 20 faiz artıq deyil, 20 faizədək artıq sahənin verilməsinin nəzərdə tutulması, bu səbəbdən də iddiaçılara 7 kv.m. artıq sahəsi olan (cəmi 38,6 kv.m.) mənzilin verilməsinin müqavilə şərtlərinə uyğun olmasını və s. göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Kassasiya instansiyasının da qeyd etdiyi kimi, mübahisələndirilən məsələlərlə bağlı tərəflər arasında bağlanmış 19.05.2018-ci il tarixli müqavilədə nəzərdə tutulmuşdur ki, “Cəmiyyət” sökülmüş evin əvəzinə inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi (faktiki sahə) ölçüsündə və əlavə olaraq onun 20%-ə qədər artıq sahəsi (Zirvə Residens tikinti kompleksinin Q.Abbasov 76 ünvanındakı binadan) olan təmirli mənzili verməyi öhdəsinə götürür. Eyni zamanda, qeyd edilməlidir ki, pilot layihələrlə evlərin inşası sahəsində bərqərar olan işgüzar praktika, adətlər 20% artıq əlavə sahənin verilməsi dedikdə ümumi sahədən 20% artıq sahənin verilməsini ehtiva edir. Tərəflər müqavilə şərtini cavabdehin şərh etdiyi kimi nəzərdə tutmuş olsaydılar həmin şərti daha dəqiq yaza bilərdilər. Müqavilədə 20%-ə qədər artıq sahənin verilməsi barədə razılaşma əslində 20%-i keçməyən sahənin verilməsi kimi şərh edilsəydi müqavilənin məzmununa daha uyğun olardı. Bundan başqa, verilməli olan mənzilin yeri ilə bağlı qeyd edilməlidir ki, tərəflər müqavilənin 1-ci bəndində Zirvə Residens tikinti kompleksinin Q.Abbasov 76 ünvanındakı binadan mənzil verilməsini razılaşmışlar. Qeyd olunan ünvan iddiaçılara məxsus evin söküldüyü ünvanda inşa edilən binadır. Tikinti şirkətinin inşa etdiyi bir neçə bina kompleksinə vahid bir ünvan verilməsi müqavilənin həmin şərtini dəyişmir. Müqavilə şərtlərinə görə cavabdeh şirkət mənzili təmirli vəziyyətdə, yəni əvvəlki şəraitdən yaxşı vəziyyətdə təhvil verməlidir. Mənzilin şəraiti deyəndə təkcə onun daxili divarları çərçivəsindəki şərait nəzərdə tutulmur. Eyni zamanda, mənzilin yerləşdiyi yer, dənizə baxış bucağının olması və.s. vacib halları da nəzərdə tutur. Məsələn, dənizə baxışı olan mənzilin əvəzinə həmin istiqamətdə görünüşü olmayan mənzilin verilməsi əvvəlkindən yaxşı şəraitdə mənzilin verilməsi demək deyil, əksinə əvvəlkindən yaxşı olmayan şərait hesab olunur. Eyni zamanda, kirayə haqqının mənzilin təhvil verilən anadək ödənilməsi müqavilənin əsas şərti kimi əvvəlcədən razılaşdırılmışdır. Belə olan halda, müqavilə şərtlərinə uyğun mənzilin iddiaçılara təhvil verilmədiyi halda kirayə həqqanının dayandırılması əsaslı sayıla bilməz. Göründüyü kimi, cavabdehin etirazları qətnamənin ləğvinə, iddianın rədd olunmasına qanuni əsas yaratmır. Əksinə, cavabdehin müqavilə şərtlərinə uyğun olmayan hərəkətləri iddiaçıların əmlak hüquqlarının pozulması ilə nəticələnir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd edilənləri məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsalandıra və etirazının əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı «müqavilə öhdəliklərinə əməl edilməsi və pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(009)-2197/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(009)- 2197/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11619/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11619/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver