Məhkəmə qərarları › İş №2(103)-1162/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1162/2022

01.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1162/2022 01.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 24 saylı notariat kontoruna qarşı “ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 24 saylı notariat kontoruna qarşı “ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.11.2017-ci il tarixdə vəfat etmiş X3 18.03.2013-cü il tarixli müqavilələr ilə əldə etdiyi mənzillərdən həyat yoldaşı İddiaçı düşən kooperativ paylardan imtina etməsinə dair onun Bakı şəhəri 24 saylı notariat kontorunda imzalamış olduğu sənədlərin etibarsız hesab edilməsi, alınmış vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi və onların hüquqi nəticələrinin (çıxarışların) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı 01.11.2017-ci il tarixdə vəfat etmiş əri X3 18.03.2013-cü il tarixli müqavilələrlə əldə etdiyi mənzillərdən ona düşən kooperativ paylardan imtina etməsinə dair imzalamış olduğu və 24 saylı notariat kontorunda imzasının həqiqiliyi təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla X5 arasında Suraxanı Rayon Qeydiyyat Şöbəsində 05.09.2009-cu il tarixində 898 nömrə ilə nikah qeydə alınmış və birgə nikahlarından 12.01.2011-ci il təvəllüdlü X14 və 22.04.2012-ci il təvəllüdlü X9 anadan olmuşdur. Həyat yoldaşı X3 öldüyü tarixə qədər (01.11.2017-ci il) ünvan 1 ünvanında onunla və övladları ilə bir yerdə yaşamış və 2018-ci ilin oktyabr ayından etibarən yaşadıqları həmin mənzili qaynanası və qaynatasının dözülməz hədə və təhqirləri nəticəsində tərk edərək, Masallı rayonu, Türkoba kəndinə öz anasının yanına qayıtmaq məcburiyyətində qalmışdır. Həyat yoldaşı X5 29.10.2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən 74 saylı binanın fasadının rənglənmə işlərini apararkən 7-ci mərtəbədən yıxılaraq həyat üçün təhlükəli xəsarətlər almış və nəticədə 01.11.2017-ci il tarixdə X12 dünyasını dəyişmişdir. X5 vəfat etdikdən sonra 2017-ci ilin dekabr ayında mərhumun işlədiyi yerin müdiriyyəti tərəfindən ona ərinin ölümü ilə əlaqədar Bakı şəhərində 18 saylı notariat kontorunda 20.000 manat dəyərində pul vəsaiti ödənilmişdir. Sözügedən məbləğ 2018-ci ilin mart ayında qaynatası X4 tərəfindən ona ev alınacağı adı ilə aldadılaraq mənimsənilmiş və bundan əlavə də özünün 2000 manat məbləğində pulu aldatma yolu ilə (ev alınma bəhanəsi ilə) Mahmudağa Səfərova aid “Sberbank” da mövcud olan bank hesabına yatırılmışdır. Beləliklə, mülkiyyətinə verilmiş pul məbləğindən məhrum edilməyindən əlavə olaraq, aldatma və hədə altında bir sıra əqdlər bağlamağa məcbur edilmişdir. Belə ki, o, "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 75.4 kv.m olan, 2 otaqlı 23 saylı və "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 51.7 kv.m olan 1 otaqlı 7 saylı mənzillərə olan kooperativ paylarından məhrum edilmişdir. Belə ki, qaynatası və qaynanası onu aldadaraq sənədlərə qol çəkdiriblər. Sənədləri oxuyanda pis olduğu üçün oxumayaraq, sadəcə imza etmişdir. Həyat yoldaşının vəfatının ili bitməmiş və o dövrdə dəfələrlə hadisənin, yəni ölümün necə baş verməsi ilə bağlı bir sıra məsələləri hüquq mühafizə orqanlarından, məhkəmədən eşitdiyi üçün psixologiyası pozulmuş və hər hansı sənədi oxuyub qavrayacaq vəziyyətdə olmamış, ona görə də imzaladığı sənədləri oxumamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-446/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri 24 saylı notariat ofisində 09 mart 2018-ci il tarixində 1693 və 1694 №-li reyestrlərlə təsdiq olunmuş İddiaçı X1 xeyrinə vərəsəlikdən imtinaya dair verdiyi ərizələrin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə gəldiyi nəticəni İddiaçı ümumilikdə mirasın qəbul edilməsindən imtina etmək niyyətində olmaması, mübahisələndirilən ərizələri yalnız mərhum həyat yoldaşının hüquqi varisi kimi bəzi sənədlərə qol çəkməli olduğu məqsədilə yazması, notarius tərəfindən İddiaçı 09 mart 2018-ci il tarixli ərizələri təsdiq olunarkən həmin ərizənin mahiyyəti və hüquqi nəticələrinin ona izah olunmaması ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə tərəfindən işin hallarına obyektiv qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamış və nəticədə maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol verilmişdir. Belə ki, əvvəla məhkəmə qətnaməsində üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməməsinə və bu barədə məhkəməyə məlumat verməməsinə istinad etməsi düzgün deyildir. İşin materiallarından görünür ki, iddia üzrə tərəf olmamışdır, lakin onun kim tərəfindən nə vaxt, hansı vəsatət əsasında və ya kimin təşəbbüsü ilə üçüncü şəxs kimi cəlb edilməsi işin materiallarından görünmür. Bundan əlavə, X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə dair iş materiallarında heç bir sübut yoxdur və ola da bilməz. Halbuki, qanunverici bütün hallarda prosesin çəkişmə prinsipini təmin etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırılması ilə şərtləndirilmişdir. Hesab edir ki, məhkəmə işi təxirə salmadan və cavabdehin, eləcə də 3-cü şəxsin iştirakını təmin etməyə cəhd etmədən işə baxmaqla ədalət mühakiməsinin mühüm və konstitusion prinsipi olan çəkişmə prinsipinin tələblərini pozmuşdur. İddiaçının "xxxx"MTK tərəfindən inşa edilmiş ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 75.4 kv.m olan 2 otaqlı 23 saylı və AAAF-İnşaat MMC tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə küçəsi,ev 2 ünvanda yerləşən ümumi sahəsi 51.7 kv.m olan 1 otaqlı 7 saylı mənzillərə dair kooperativ paylarından imtina etməsi barədə Bakı şəhəri, 24 saylı notariat kontorunda imzalamış olduğu sənədləri aldatma və ya hədə altında çəkdirməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki o, bu sənədləri könüllü qaydada, heç bir təzyiq olmadan iradə ifadəsi kimi imzalamışdır. Qətnaməyə diqqət yetirilsə görünər ki, məhkəmə gəldiyi nəticələrə iddiaçı tərəfin izahatlarından müəyyən olunmuş hallar üzrə gəlmişdir. Bu halda sual olunur ki, bəs məhkəmə özü işin hansı araşdırılmış halları ilə müəyyən etmişdir ki, iddia tələbi əsaslıdır. Axı iddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki MPM-nin 106.1-cimaddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ciiltarixli 4 saylı qərarının tələbləri də pozulmuşdur. Məhkəmə 01.11.2017-ci il tarixdə vəfat etmiş X3 adından vərəsəlik işi açılmamasını təsdiq edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Ədalət” Vəkil Bürosunun vəkili Vəkil1 ünvanlamış 17.09.2009-cu il tarixli, 462 №-li məktubuna istinad etsə də, buna baxmayaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256, 1268.1, 1272-ci maddələrini hazırki mübahisəyə tətbiq etməklə maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermişdir. Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə hüquqi qiymətləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübutedilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 24 saylı notariat kontoru məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 05.09.2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 498774 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 arasında 05.09.2009-cu ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2009cu ilin sentyabr ayının 05-ci günündə 898 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X16 X11 X8 01.11.2017-ci il tarixli 122 №-li arayışından görünür ki, 1984-cü il təvəllüdlü mərhum X5 2017-ci il tarixdə “MTE və PA” ETT Birliyinin Binəqədi rayon şöbəsinə gətirilmiş və məhkəmə-tibbi müayinədən keçirildikdən sonra dəfn olunması üçün qohumlarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 24 Saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Vəkillər kollegiyası "Ədalət" Vəkil Bürosunun vəkili Vəkil1 ünvanlanmış 17.09.2020-ci il tarixli, 462 №-li məktubdan görünür ki, 01.11.2017-ci ildə vəfat etmiş X3 adından vərəsəlik işi açılmamış, İddiaçı adından isə elektron notariat informasiya sistemində yoxlama aparılan zaman 09.03.2018-ci il tarixli 8i/1693, 8i/1694 reyestrlə qeydiyyatdan keçmiş ərizə aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 24 Saylı Notariat Ofisi tərəfindən məhkəməyə ünvanlanmış 09.11.2020-ci il tarixli, 755 №-li məktubdan görünür ki, İddiaçı notariat ofisinə 01.11.2017-ci ildə vəfat etmiş X3 müqavilə ilə əldə etdiyi mənzillərdən ona düşən paydan imtina etməsi ilə əlaqədar müraciət etmişdir. Mirasın qəbulu, imtinası və şəhadətnamənin verilməsi barədə qanunvericiliyin tələbi tərəfə izah edilmişdir. Ərizənin nüsxəsi olmur. Ərizə 8i reyestrdə qeydiyyatdan keçirildikdən sonra tərəfin özünə verilir. Məlumat “Elekton notariat” avtomatlaşdırılmış informasiya sisteminə daxil edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 22.01.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı və X3 adına Bakı şəhərində qeydiyyatdan keçmiş əmlak aşkar edilməmişdir. İş materiallarında olan “Elekton notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı notariat ofisinə 01.11.2017-ci ildə vəfat etmiş X3 müqavilə ilə əldə etdiyi mənzillərdən X1 xeyrinə ona düşən paydan imtina etməsi ilə əlaqədar müraciət etmişdir. Ərizələr müvafiq olaraq 1693 və 1694 №-li reyestrlərlə təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edilməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı ümumilikdə mirasın qəbul edilməsindən imtina etmək niyyətində olmamış və mübahisələndirilən ərizələri yalnız mərhum həyat yoldaşının hüquqi varisi kimi bəzi sənədlərinə qol çəkməli olduğu məqsədilə ilə yazmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli 167 №li Qərarı ilə təsdiq olunmuş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 38-ci bəndində göstərilmişdir ki, notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Lakin məhkəmə araşdırması zamanı iddiaçının izahatından müəyyən olunmuşdur ki, notarius tərəfindən İddiaçı 09 mart 2018-ci il tarixli ərizələri təsdiq olunarkən, həmin ərizənin mahiyyəti və hüquqi nəticələri ona izah olunmamışdır. Ona görə də İddiaçı Bakı şəhəri 24 saylı notariat ofisində 09 mart 2018-ci il tarixində X1 xeyrinə vərəsəlikdən imtinaya dair verdiyi ərizə etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir və məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə kollegiyası əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını nəzərə alaraq qeyd edir ki, əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq etibarsız əqdlərin dörd növü fərqləndirilir. Subyekt tərkibi qüsurlu olan, iradəsi qüsurlu olan, forması qüsurlu olan, məzmunu qüsurlu olan əqdlər. İşin mübahisəsiz halları ondan ibarətdir ki, 01.11.2017-ci ildə vəfat etmiş X3 adından vərəsəlik işi açılmamış, İddiaçı adından isə elektron notariat informasiya sistemində yoxlama aparılan zaman 09.03.2018-ci il tarixli 8i/1693, 8i/1694 reyestrlə qeydiyyatdan keçmiş ərizə aşkar edilmişdir. İddiaçı notariat ofisinə 01.11.2017-ci ildə vəfat etmiş X3 müqavilə ilə əldə etdiyi mənzillərdən ona düşən paydan imtina etməsi ilə əlaqədar müraciət etmiş, mirasın qəbulu, imtinası və şəhadətnamənin verilməsi barədə qanunvericiliyin tələbi tərəfə izah edilmişdir. Ərizələr müvafiq olaraq 1693 və 1694 №-li reyestrlərlə təsdiq olunmuşdur. Göründüyü kimi iddiaçının etibarsız hesab edilməsi iddia edilən əqd mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçıın azad iradə ifadəsi nəticəsində, əqdin şərtləri ilə və hüquqi nəticələri ilə razılaşdırılmış şəkildə yazılı formada bağlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad olunan hallara, yəni onun aldadılmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, iddiaçının mülki qanunvericiliyin şərtlərinin pozulmaqla müvafiq əqdin imzalanmasına dair hər hansı halın müəyyən edilməsi mümkün olmamışdır. Bununla bağlı kollegiya həmçinin qeyd edir ki, notarius tərəfindən İddiaçı 09 mart 2018-ci il tarixli ərizələri təsdiq olunarkən, həmin ərizənin mahiyyəti və hüquqi nəticələri ona izah olunmaması ilə bağlı dəlili məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə yalnız iddiaçının izahatına istinad edərək bu halın təsdiq edildiyi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Kollegiya həmçinin hesab edir ki, hətta iddiaçının qeyd etdiyi əsaslar səbəbilə əqd etibarsız olsaydı belə, iddiaçı tərəfindən bu əqdin etibarsızlığını mübahisələndirmə müddəti ötürüldüyündən, tələb rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. Məhkəmə kollegiyası qeyd edir ki, kəsici müddət subyektiv hüququn qüvvədə olma müddətidir. Mülki Məcəllənin 354.1-ci maddəsinin mənasına görə, bir il ərzində irəli sürülmədiyi halda əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia, o halda bu əsasla rədd oluna bilər ki, onun icrasına başlanıldığı gün maraqlı şəxsə məlum olsun. Göründüyü kimi, qanunverici maraqlı şəxsin bir il ərzində əhəmiyyətsiz əqdi mübahisə edə bilməsini, onun həmin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 24 saylı notariat kontoruna qarşı ərizələrin etibarsız hesab edilməsi tələbinə dair iddiasının əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-446/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Bakı şəhəri 24 saylı notariat kontoruna qarşı “ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-446/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Bakı şəhəri 24 saylı notariat kontoruna qarşı “ərizələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar