Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1162/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, cavabdeh-iddiaçı Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi Aydan Babayevanın, cavabdeh “X2” QSC-nin vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Sığorta Şirkəti ASC və “X2” QSC-yə qarşı “sığorta ödənişinin verilməsi, dəbbə pulunun və zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh1 Sığorta Şirkəti ASC-nin cavabdeh İddiaçı qarşı “pul tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 178/2024 nömrəli qətnaməsindən İddiaçı, Cavabdeh1 Sığorta Şirkəti ASC və “X2” QSC-nin apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı “X1” ASC-də (əvvəlki adı "xxxx" ASC) qazla kəsici vəzifəsində işləyib. İstehsalat zərurəti ilə əlaqədar o, “X2” QSC-yə ezam olunub. 2.Ezam müddətində - xx.xx.2013-cü ildə İddiaçı əmək vəzifələrini icra edərkən istehsalatda bədbəxt hadisə baş verib. Belə ki, İddiaçı üst-üstə yığılmış dəmir yolu relslərini qazla kəsici ilə kəsərkən torpaq altında qalmış partlayıcı qurğu istinin təsirindən qızışaraq partlayıb və o, xəsarət alıb. Ona “Sağ qulaq pərdəsinin cırılması” diaqnozu qoyularaq ilkin tibbi yardım göstərilib. Daha sonra - xx.xx.2014-cü ildə ona “Akustik travma kəskin otit”, bundan sonra – xx.xx.2018-ci ildə “Xroniki otit neyrosensor ağır eşitmə” diaqnozu təyin edilib. 3.Bədbəxt hadisənin baş verməsindən 7 il sonra – xx.xx.2021-ci il tarixdə TSEK İddiaçı “İki tərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfli koxlear nevrit. Neyrosnsor ağıreşitmə. İV dərəcə. Təbil pərdəsinin perforasiyası, xroniki irinli orta otit” diaqnozu ilə “istehsalat zədəsi” səbəbindən peşə əmək qabiliyyətini 50 faiz itirməklə üçüncü dərəcəli əlillik təyin edib. 4.Cavabdeh1 Sığorta Şirkəti ilə "xxxx" ASC-nin (indiki “X1” ASC) arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsinə əsasən İddiaçı sığorta olunub. 5.İddiaçı ilə Cavabdeh1 Sığorta Şirkəti ASC arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanıb. Müqaviləyə əsasən, xx.xx.2013-cü ildə baş vermiş bədbəxt hadisə ilə əlaqədar sığorta şirkəti İddiaçı 30.000 manat ödəniş edib, İddiaçı isə həmin ödənişdən başqa hər hansı ödəniş barədə tələbinin olmadığını və gələcəkdə də olmayacağını müqavilədə qeyd edib. 6.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4743 nömrəli ekspert rəyinə görə, həmin bədbəxt hadisə ilə bağlı ödənilməli olan əsas sığorta məbləği 43.342,20 manat, bu məbləğin ödənilməsinin gecikdirilməsinə görə ödənilməli olan dəbbə pulu 152.080 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat 7.İlk iddia ərizəsində tələb olunub ki, Cavabdeh1 Sığorta Şirkəti ASC-dən ödənilməmiş sığorta ödənişi kimi 67.300 manat, dəbbə pulu kimi 239.520 manat, “X2” QSCdən mənəvi zərərin əvəzi kimi 100.000 manat tutularaq İddiaçı verilsin. 8.Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, İddiaçı 39.000 manat tutularaq Cavabdeh1 Sığorta Şirkəti ASC-yə verilsin. 9.Qətnamə ilə qət olunub ki, ilk iddia qismən təmin olunsun, Cavabdeh1 Sığorta Şirkəti ASC-dən ödənilməmiş sığorta ödənişi kimi 13.342,2 manat, “X2” QSC-dən mənəvi zərərin əvəzi kimi 5.000 manat tutularaq İddiaçı verilsin, ilk iddianın qalan hissəsi və qarşılıqlı iddia təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya instansiyası məhkəməsində icraat 10.İddiaçı apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilərək onun ilk iddiası tam təmin olunsun. 11.Cavabdeh1 Sığorta Şirkəti ASC-nin apellyasiya şikayətində tələb olunub ki, qətnamə sığorta şirkətinə aid hissədə ləğv olunsun, ilk iddia sığorta şirkətinə qarşı olan hissədə rədd olunsun, sığorta şirkətinin qarşılıqlı iddiası təmin olunsun. 12.“X2” QSC-nin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ilk iddianın həmin QSC-yə münasibətdə təmin edilməsinə aid hissədə ləğv edilsin, ilk iddia həmin hissədə təmin edilməsin. 13.Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 özlərinin apellyasiya şikayətinin əsaslı olduğunu, digər apellyasiya şikayətlərinin isə əsassız olduğunu bildirdilər. 14.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi A.Babayeva sığorta şirkətinin apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. 15.Məhkəmə iclasında iştirak edən “X2” QSC-nin vəkili və nümayəndəsi Vəkil3 QSCnin apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 16.İşdə ilk və qarşılıqlı iddia olduğuna, habelə ilk iddiada bir neçə tələb olduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. İlk iddiadakı birinci tələb barədə 17.Ödənilməmiş sığorta ödənişi kimi 67.300 manat pulun Cavabdeh1 Sığorta Şirkəti ASC-dən İddiaçı xeyrinə tutulması barədə tələb üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, yəni 13.342,2 manat sığorta ödənişi tutulması düzgündür. 18.Belə ki, baş verən hadisə sığorta hadisəsidir. Sığorta hadisəsi baş verdiyinə görə sığorta şirkətinin sığorta ödənişi vermək vəzifəsi yaranıb. Sığorta şirkəti İddiaçılə xx.xx.2022-ci ildə müqavilə bağlamaqla və ona 30.000 manat ödəniş etməklə, faktiki olaraq hadisənin sığorta hadisəsi olduğunu və sığorta ödənişi vermək vəzifəsinin yarandığını etiraf edib, əks təqdirdə, sığorta şirkəti ödəniş etməkdən imtina edərdi. Həmin müqavilədə İddiaçı sığorta şirkətinə qarşı başqa heç bir tələbinin olmadığı barədə şərt qeyd olunsa də, bu şərtin hüquqi əhəmiyyəti yoxdur, çünki qanunvericiliyə ziddir. Belə ki, hər hansı hüquqdan, o cümlədən sığorta ödənişi almaq hüququndan imtina bilikli imtina olmalıdır, lakin İddiaçı hansı məbləğdə sığorta ödənişi almağa hüququ olduğunu bilməyib, xx.xx.2022-ci il tarixli müqavilənin mətnində də həmin məbləğ qeyd olunmayıb. Əgər müqavilənin mətnində İddiaçı almağa hüququ çatan sığorta ödənişinin məbləği qeyd olunsayıdı, İddiaçı isə bu məbləğin bir hissəsini almaqla qalan hissəsini almaqdan imtina etdiyini müqavilədə qeyd etsəyidi, belə halda sığorta ödənişi almaq hüququndan imtina bilikli imtina sayıla bilərdi. Sığorta sahəsində ixtisaslaşmış təşkilatın qazla kəsici vəzifəsində işləyən fəhlənin məlumatsızlığından və hüquqi savadsızlığından istifadə etməklə onunla belə məzmunda müqavilə bağlaması AR Mülki Məcəlləsinin 5.3-cü maddəsinə ziddir. Həmin maddəyə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 19.Sığorta ödənişinin məbləği 43.342,20 manat təşkil edir, bu, ekspert rəyi ilə təsdiq olunur. Həmin məbləğin 30.000 manatı verilib, 13.342,2 manatı qalıb (43.342,20 manat – 30.000 manat = 13.342,2 manat). Ona görə də məhkəmə AR Mülki Məcəlləsinin 926-cı maddəsinin və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 16-cı maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, bu tələbə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İlk iddiadakı ikinci tələb barədə 20.Sığorta ödənişinin verilməsinin gecikdirilməsinə görə dəbbə pulu kimi 239.520 manat pulun Cavabdeh1 Sığorta Şirkəti ASC-dən İddiaçı xeyrinə tutulması barədə tələb üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, yəni tələbin rədd olunması düzgündür. 21.AR Mülki Məcəlləsinin 934.2-ci maddəsinə görə, sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 16.5-ci maddəsinə görə, sığortaçı sığorta ödənişini bu Qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Bu maddələrdə “ödəmədikdə” deyiləndə elə hal nəzərdə tutulur ki, sığortaçının sığorta ödənişi ödəmək vəzifəsi aşkar olub, lakin icra edilməyib. Hazırkı işin hallarından görünür ki, sığorta ödənişi verilməsi üçün müvafiq əsasın olub-olmamasına və sığorta ödənişinin məbləğinə münasibətdə qeyri-müəyyənlik olub. Bundan başqa, sığorta ilə bağlı məsələlərin tənzimlənməsi üçün sığorta şirkəti ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanıb, habelə hazırkı işdən əvvəl başqa məhkəmə mübahisəsi də olub. Ona görə də məhkəmə hesab edir ki, bu tələbə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İlk iddiadakı üçüncü tələb barədə 22.Mənəvi zərərin əvəzi kimi 100.000 manat pulun “X2” QSC-dən İddiaçı xeyrinə tutulması barədə tələb üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, yəni 5.000 manat tutulması düzgündür. 23.İddiaçı “X2” QSC-nin işçisi olmaması həmin QSC-nin məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Belə ki, İddiaçı “X1” ASC-nin işçisi olub, lakin istehsalat zərurəti ilə əlaqədar olaraq “X2” QSC-yə ezam olunub, istehsalatda bədbəxt hadisə ezam müddətində baş verib və həmin hadisə məhz “X2” QSC-nin işçisinin – müfəttiş-pirotexnik Təmzəddin Xairovun diqqətsizliyi üzündən baş verib. AR Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Odur ki, İddiaçı sağlamlığının pozulması nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi “X2” QSC tərəfindən ödənilməlidir. Birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzini düzgün olaraq 5.000 manat müəyyən edib, həmin məbləğ ağlabatandır. Odur ki, məhkəmə AR Mülki Məcəlləsinin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, bu tələbə aid hissədə qətnamə dəyişdirilmədn saxlanılmalıdır. Qarşılıqlı iddia barədə 24.İddiaçı 39.000 manat pulun tutularaq Cavabdeh1 Sığorta Şirkəti ASC-yə verilməsi tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. 25.Sığorta şirkəti bu tələbi həmin şirkət ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin şərtləri ilə əsaslandırır. Sığorta şirkəti iddia edir ki, İddiaçı həmin müqaviləyə əsasən şirkətdən 30.000 manat pul alarkən üzərinə öhdəlik götürüb ki, gələcəkdə şirkətə qarşı başqa tələbi olmayacaq, əgər bu öhdəliyi icra etməsə aldığı 30.000 manatı qaytaracaq və həmin məbləğin 30 faizi həcmində cərimə ödəyəcək. Hazırda sığorta şirkəti hesab edir ki, İddiaçı bu iddianı verməklə öhdəliyini pozub, ona görə də 30.000 manatı qaytarmalı və 9.000 manat cərimə ödəməlidir. 26.Həmin müqavilənin sığorta şirkətinə pul tələb etmək hüququ verən şərtləri əhəmiyyətsizdir, çünki bu şərtlər qanunvericiliyə ziddir. AR Mülki Məcəlləsinin 390.1-ci maddəsindən görünür ki, fiziki və hüqiqi şəxslərin müqavilə bağlamaq azadlığı olsa da, Mülki Məcəlləyə zidd olmayan müqavilələr bağlaya bilərlər. Müqavilə üzrə İddiaçı ödənilən 30.000 manat sığorta ödənişinin bir hissəsidir, sığorta ödənişinin qalan hissəsini tələb etmək isə qanuna görə İddiaçı hüququdur. Sığorta şirkəti İddiaçı verdiyi sığorta ödənişini geri tələb edə bilməz, habelə İddiaçı sığorta ödənilşinin qalan hissəsini tələb etdiyinə görə ona cərimə tətbiq oluna bilməz. Ona görə də məhkəmə hesab edir ki, bu tələbə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 27.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilməsin. “X2” QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-178/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1162/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1162/2025
31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver