Məhkəmə qərarları › İş №2(103)-1168/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1168/2023

31.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1168/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5067/2022 saylı 30 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ÖM seriyalı, 212079 saylı qeydiyyat vəsiqəsindən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 18A, 76 saylı mənzil xx.xx.2004-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.

2. 138 nömrəli MKİS-nin xx.xx.2022-ci il tarixli, 224 saylı arayışından müəyyən edilir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 18A, 76 saylı mənzildə qeydiyyatdadır. X5 2012-ci ildən, X6 isə 2014-cü ildən həmin mənzildən qeydiyyatdan çıxmışdırlar.

3. 4 nömrəli MTİİTS-nin xx.xx.2022-ci il tarixli, 1534 saylı arayışı ilə X3 xx.xx.2010-cu il tarixdən Xırdalan şəhəri, “Quşçuluq” massivi, Babək küçəsi ünvanında yerləşən evdə yaşadığı, 138 nömrəli MKİS-nin xx.xx.2022-ci il tarixli, 0188 saylı arayışından isə X4 xx.xx.2014-cü il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 54, 1/2 saylı mənzildə qeydiyyatda olduğu müəyyən edilmişdir.

4. Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçıların mənzillərinə suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 iş günü müddətində su təchizatı və kanalizasiya müəssisəsinə (STKM) təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Təqdim etdiyi müvafiq sənədlərə əsasən xx.xx.2022-ci iİ tarixindən etibarən hesabat ailə tərkibi 1 nəfər olmaqla aparılır. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabında 724,51 manat borc var. Qeyd edilən borc ailə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Yaranmış borcun ödənilməsi xahiş olunur. Əks təqdirdə su təchizatı dayandırılacaq və məhkəməyə müraciət ediləcəkdir.

5. 0700601810760 nömrəli Abonent kartına görə Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 18A, 76 saylı mənzildə su sərfiyyatına görə hesabat xx.xx.2022-ci iİ tarixinədək 3 nəfər hesabı ilə aparılmış və 724,51 manat borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına hesablanmış 724,51 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2004-cü ildən ailə üzvləri, qızı xx.xx.1992-ci il təvəllüdlü X5 və oğlu xx.xx.1993-cü il təvəllüdlü X6 ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Lakin qızı 2012-ci ildən, oğlu isə 2014-cü ildən həmin ünvandan qeydiyyatdan çıxmışlar. Cavabdeh ASC isə yuxarıda qeyd olunan ünvanda 3 nəfərin qeydiyyatda olmasını əsas gətirərək su sərfiyyatına görə 724,51 manat borc hesablamışdır.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 noyabr 2022-ci il tarixli 2(004)-5067/2022 saylı qətnaməsi ilə (Ayaz Məmmədov) iddia təmin edilmiş, iddiaçıya məxsus ünvan 1 ünvanına hesablanmış 724,51 manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, cavabdehdən dövlət rüsumuna görə 30 manatın dövlət nəfinə tutulması qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh ASC tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 18A, 76 saylı mənzilə su və tullantı tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə qeydiyyatda 1 nəfər olmasına bağmayaraq, 3 nəfər hesabı ilə 724,51 manat borc hesablanmış, iddiaçının müraciətinə baxmayaraq həmin borc abonent kartından silinməmişdir. Cavabdehin nümayəndəsi iddiaçıya sudan istifadəyə görə 724,51 manat borcunun hesablanmasını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun, Su Məcəlləsinin 98-ci maddəsinə, “Su təchizatı və tullantı suları haqqında” Qanunu, “Sudan istifadə qaydaları”, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apelyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin rədd edilməsi və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı tərəfindən qeydiyyatda olan şəxslərin sayı barədə Cəmiyyətə sənəd təqdim edilməmişdir.

b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

16. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

17. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.

18. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

19. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir.STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Mübahisəli mənzil iddiaçının mülkiyyətində olmaqla, mənzildə sayğac yoxdur. Mənzildə bir nəfər qeydiyyatdadır.

30. İddiaçının hazırda silinməsini tələb etdiyi borc məbləği isə 3 nəfər hesabı ilə hesablanmışdır.

31. İş materiallarında da müəyyən edilmişdir ki, iddiaçının qızı ilə oğlu həmin mənzildə qeydiyyatda deyildir.

32. Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq o nəticəyə gəlmişdir ki, cavabdehin nümayəndəsi iddiaçıya sudan istifadəyə görə 724,51 manat borcunun hesablanmasını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə olduğu halda əsassız hesablanmış 724,51 manat borcun silinməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

33. Birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir.

34. Apelyasiya şikayəti əsassız olmaqla qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas deyildir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5067/2022 saylı iş üzrə 30 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar