Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1169/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-2108/2020 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehlər Cavabdeh, X1 və X4 qarşı məhkəməyə müraciət edərək, Cavabdeh 10.000 (on min) manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 23/25 saylı evin 13 saylı mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılması, kompensasiyanın verilməsi və cavabdehlərin mənzildən çıxarılmasının eyni anda icra edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-2108/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixdə iddiaçının həyat yoldaşı X5 vəfat etmiş və mübahisəli mənzil vərəsəlik şəhadətnaməsi əsasında iddiaçının mülkiyyətinə keçmiş və xx.xx.2011-ci il tarixli çıxarışla iddiaçının mülkiyyət hüququ dövlət qeyiyyatına alınmışdır. Cavabdeh formal olaraq mübahisəli mənzildə pasport qeydiyyatında qalmışdır. Məhkəmə mübahisələri başladıqdan sonra faktiki olaraq köçüb iddiaçıya məxsus mənzildə yaşamağa başlamışdır. Halbuki, cavabdehin “xxxx“ MTK tərəfindən Binəqədi rayonunda inşa edilmiş yeni tikilmiş binada mənzili var və ailəsi ilə orada yaşayıb. ünvan 1 ünvanda yerləşən 503 saylı (1-ci blok 5-ci mərtəbə) mənzil onlara məxsusdur. Həm həmin mənzilin, həmçinin cavabdehlərin həmin ünvanda başqa mənzilə sahib olmaqlarının müəyyən edilməsi məqsədilə sözügedən MTK-ya sorğu göndərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə, həmçinin sübutların toplanması məqsədilə “xxxx“ MTK-ya göndərilmiş sorğuya heç bir əhəmiyyət verilməmiş, iddia tələbinin mənzildə yaşayan digər cavabdehlər Hüseynov (Şahbazov) Seyfəddin Salman oğlu və X4 qarşı da qaldırıldığını nəzərə almamış və qəbul etdiyi qətnamədə həmin şəxslərin də cavabdeh qismində cəlb edildiyini görməzdən gəlmişdir. xx.xx.2020-ci il tarixdə “xxxx Konstruktion” tərəfindən vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, “xxxx” MMC-nin inşa etdiyi ünvan 1 ünvanda yerləşən blok 1, mərtəbə 5, 503 saylı mənzil X1 (Cavabdeh oğlu) məxsusdur. İddiaçı dəfələrlə qızının evdən və pasport qeyiyyatından çıxmasını, gedib öz - Binəqədi rayonunda yerləşən və tam təmirli olan mənzilində yaşamalarını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçının deməsinə görə qızı onun vəfat etməsini gözləyir. İddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsinin kiçik olması və onun yaşlı olması qızı və onun ailəsi ilə birlikdə yaşamasına çətinlik törədir. Bundan başqa, İddiaçı mütəmadi olaraq nəvəsi Seyfəddin Salman oğlu və qızının yoldaşı X6 tərəfindən şiddətə məruz qalır, alçaldılır və döyülür. İddiaçı xx.xx.2019-cu il tarixdə kürəkəni tərəfindən döyüldüyündən hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Xəsarətlərin dərəcəsinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilmiş, sonradan qızının xahişi və israrı ilə Salman Şahbazova qarşı qaldırdığı şikayəti geri götürmüş və onunla “barışmışdır”. Lakin birinci instansiya məhkəməsi işə baxarkən qeyd edilən xüsusatları, həmçinin iddiaçının cavabdehlərlə bir mənzildə yaşamağının mümkün olmadığını, cavabdehlər tərəfindən bu ahıl yaşında şiddətə, təhqirlərə məruz qaldığını nəzərə almamışdır. Daşınar və daşınmaz əmlakların qiymətləndirməsi fəaliyyəti ilə məşğul olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu M.K.Atatürk pr 23 ünvanda olan orta təmirli 3 otaqlı mənzillərin aylıq kirayə haqları 300-400 manat arasında dəyişir. Həmçinin məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, cavabdehlər özlərinə məxsus mənzil olmasına, yaşamaq üçün mənzil ehtiyaclarının olmamasına baxmayaraq mülkiyyətçiyə məxsus mənzilin 2 otağından, İddiaçı isə mənzilin 1 otağından istifadə edir (cavabdehin nümayəndəsi məhkəmə iclasında bunu təsdiq etmişdir). Nərimanov rayon Məhkəməsinin hakimi Aytən xanım Novruzova tərəfindən “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli Qərarı səhv təfsir edilmiş, “müəyyən müddət” sözləri “uzun müddət” sözləri ilə əvəz edilmiş və qeyd edilən qərarın məzmunu qərəzli formada dəyişdirilmişdir. Məhkəmə hesab etmişdir ki, kompensasiya məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehə davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində cavabdeh heç gözlənilmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalacaqdır. Həmçinin məhkəmə tərəfindən iddiaçı tərəfindən təklif edilən 10000 (on min) manat kompensasiya məbləğinin ağlabatanlığı və ədalətli olmaması qətnamə ilə əsaslandırılmamış, “uzun müddət” dedikdə hansı müddətin nəzərdə tutulduğu barədə məhkəmənin gəldiyi nəticə aydın olmamışdır. Mülkiyyətçi İddiaçı tərəfindən cavabdehə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehlərin mənzildən çıxarılması üçün təklif olunan 10000 manat kompensasiya, mənzilin yerləşdiyi ərazi üzrə mənzillərin kirayə haqlarına münasibətdə sonuncuya davamlı surtədə və 3 ildən artıq müddət daxilində başqa yerdə mübahisəli mənzildə olan şəraitə oxşar yaşamaq imkanı verdiyindən bazar qiymətlərinə uyğun və ədalətlidir. Bundan başqa mübahisəli mənzildə yaşayan Hüseynov (Şahbazov) Seyfəddin Salman oğlu və X6 ilə məznilin mülkiyyətçisi İddiaçı arasında mənzildən istifadə hüququna dair notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmamış, bu hüquq daşınmaz əmlakın reyestrində qeydə alınmamışdır. Bu səbəbdən digər cavabdehlərin mübahisəli mənzilə qanunla müəyyən olunmuş qaydada istifadə hüququ yaranmamışdır. Odur ki, cavabdehlər Hüseynov (Şahbazov) Seyfəddin Salman oğlu və X2 iddiaçının mənzilində hər hansı əsas olmadan yaşaması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından mənzildən çıxarılmalıdırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, iddia ərizəsinə dəqiqləşdirmə verdiyi gün məhkəmə qətnamə qəbul etdi. Onlar ailə üzvlərinin də kompensasiya verildikdən sonra mənzildən çıxarılmasını xahiş etmişdilər. Məhkəmə bu hissədə iddiaya ümumiyyətlə toxunmayıb. Elladanın oğlunun “xxxx” MTK-da tam təmirli bir mənzili var. Mənzilə işıq sayğacı da quraşdırılıb. Oğlu da subaydır. Bunu da nəzərə alsalar, kompensasiya təklifi tam ədalətlidir. İddiaçı həyatı üçün təhlükəli hallara yol verildyi üçün cavabdeh barədə polis orqanılarına şikayət də olunub. İddiaçının verdiyi məlumata görə, 3 otaqlı köhnə tikilidir. 2 otaqdan cavabdeh, 1 otaqdan iddiaçı istifadə edir. Polis orqanlarına edilən şikayət barışıqla yekunlaşmışdı. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, mənzil faktiki olaraq 4 otaqlıdır və çıxarışda da qeyd olunub. Seyfəddin Şahbazova aid yeni mənzilə sayğacın quraşdırılması barədə müraciət olunması orada faktiki yaşadığını göstərmir. Yeni mənzildə hazırda cavabdeh və oğlu faktiki olaraq yaşamırlar. Orada hələ ki, yaşamaq qeyri-mümkündür, şərait yoxdur. Salman arvadı orada yaşadığı üçün yaşayır. 15 ildir ki, cavabdehin əri də, oğlu da iddiaçının mənzilində yaşayır. İddiaçının qızı Cavabdeh isə anası ilə birlikdə yaşayıb. Digər cavabdehlərin istifadə hüququnun olub-olmamasını məhkəmə qiymətləndirməlidir və buna münasibət bildirilməmişdir. Mənzilin yerləşdiyi ərazini də nəzərə alsalar, 30.000 manat kompensasiya verilməsini tələb edirlər. Həmin ərazidə yerləşən başqa mənzildə 2-3 il yaşaması üçün bu məbləği tələb edirlər. Məbləği yeni mənzilin yaşamaq üçün yararlı hala salınması üçün lazım olan müddətə görə tələb edirlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, təqdim edilmiş sübutlardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X10 prospektində yerləşən 23/25 saylı evin, 13 nömrəli ümu mi sahəsi 64.5 kv.m, yaşayış sahəsi 52.6 kv.m, yardımçı sahəsi 11.9 kv.m olan 4 otaqlı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına görə xx xxxxxxxx 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə”...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır... Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.,...” Mülki Məcəllənin 228.1-228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissə üzrə yoxlanılır. Hazırki iş üzrə, iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşsa da birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Əvvəla, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək kompensasiya məbləğini 20000(iyirmi min) manata artırmış və iddianın təmin olunmasını xahiş etmişdir. Hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Bununla yanaşı, məhkəmə, iddiaçının Cavabdeh təklif etdiyi 20000 (iyirmi min) manat məbləğində kompensasiya verməsini ədalətli və ağlabatan hesab edir. Məhz bu məbləğ Cavabdeh mülkiyyətçinin hesabına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. İkincisi, Cavabdeh iddiaçıdan 30000(otuz min) manat kompensasiyanın ödənilməsini tələb etməsi isə, sonuncunun mülkiyyətinə hər hansı bir hüquqi əsas olmadan müdaxilə kimi qiymətləndirilir ki, bu da yol verilməzdir. Çünki, kompensasiya institutu cavabdehə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Bu institutun mahiyyəti yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Buna görə də iddiaçının təklif etdiyi kompensasiya məbləği işin hallarına uyğundur. Mənzilin dəyərinin kompensasiyanın məbləğinə hər hansı bir təsiri olmasa da, cavabdeh həmin mənzilin dəyərinin daha çox olmasına dair də məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Üçüncüsü, birinci instansiya məhkəməsi iddia tələbinin digər cavabdehlər Seyfəddin Şahbazov və Salman Şahbazova qarşı olan hissəsinə ümumiyyətlə münasibət bildirməmiş, onlara qarşı iddianın hansı əsasla rədd edilməsini qətnamədə göstərməmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, həmin cavabdehlərin mübahisəli mənzildə yaşamalarının hər hansı bir hüquqi əsası yoxdur. Bu cür vəziyyətdə iddianın heç olmasa onlara aid hissədə təmin edilməməsi anlaşılan olmamışdır. Çünki, bu cür vəziyyət iddiaçının mülkiyyət hüquqlarını açıq-aşkar pozulmasına səbəb ola bilər. Cavabdehlərdən Seyfəddin Şahbazovun başqa mənzilə sahib olması da işin mübahisəsiz halıdır. Həmin mənzilin təmirli yaxud təmirsiz olması da hazırki iddianın əsaslılığına təsir etmir. Təmirsiz olduğu halda belə iddiaçının verəcəyi kompensasiya məbləğindən Cavabdeh bir ailə olaraq istifadə edib həmin mənzili təmir edə bilərlər. Dördüncüsü, işdən görünür ki, iddiaçı bundan əvvəl iki dəfə mübahisəli mənzildən Cavabdeh müxtəlif əsaslarla istifadə hüququna xitam verilməsini məhkəmə qaydasında tələb etmiş, lakin iddiaları təmin edilməmişdir. Hazırki iddia isə üçüncü olmaqla bu dəfə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi istənilir. Göründüyü kimi, bu hallar da iddiaçının cavabdehin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsinə nail olmaqda israrlı olduğuna dəlalət edir. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə görə məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-2108/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)-2108/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. İddiaçı tərəfindən 20 000 (iyirmi min) manat kompensasiya verilməklə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektindəki 23/25 nömrəli evin 13 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilsin, Cavabdeh və digər cavabdehlər X3 və X6 həmin mənzildən çıxarılsın. Kompensasiyanın verilməsi ilə cavabdehlərin mənzildən çıxarılması eyni vaxtda icra edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1169/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1169/2021
15.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver