Məhkəmə qərarları › İş №2(103)-1169/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1169/2022

02.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1169/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı, onun vəkili X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 108 saylı evin 71-ci mənzilinin cavabdehə bağışlanması barədə 27.11.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş N 2(009)- 2886/19) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Mərdanova və F.Babayev, iş N 2(103)-1725/20) apellyasiya şikayəti təmin edilərək, Səbail Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilmiş və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 108 saylı evin 71-ci mənzilinə dair tərəflər arasında notarial qaydada bağlanmış 27 noyabr 2018-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov-sədrlik edən və məruzəçi, V.Həsənov və A.Abbasov, iş N 2(102)-4643/20) cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.04.2021-ci il tarixli, qətnaməsi ilə (hakimlər Z.Şirinov-sədrlik edən və məruzəçi, F.Talışinski və H.Əhmədov, iş N 2(103)- 2916/21) iddiaçının apellyasiya şikayəti təmin edilərək, Səbail Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmuş, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 108 ünvanında yerləşən, ümumi sahəsi 63.73 kvm olan mənzilə dair İddiaçı ilə Cavabdeh1 arasında 27 noyabr 2018-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi etibarsız sayılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev-sədrlik edən və məruzəçi, Ə.Nurməmmədov və A.Hüseynov, iş N 2(102)-5258/21) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.04.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 71 üvanında yerləşən 3 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olmuşdur. Qardaşı Cavabdeh3 ilə Cavabdeh1 arasında mütəmadi olaraq Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 3484C saylı bağ evi və uşaqların alimenti ilə bağlı mübahisə yarandığından, bu mübahisələrə birdəfəlik son qoymaq qərarına gəlmiş, bu niyyətlə cavabdehlə görüşəndə, cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 3484C saylı bağ evi və uşaqların alimenti müqabilində ünvan 2ədiyini bildirmişdir. Cavabdehlə Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 3484C saylı bağ evini iddiaçının mülkiyyətinə verilməsi və Cavabdeh3 tutulan alimentin birdəfəlik ödənişi müqabilində mülkiyyətində olan ünvan 3 ünvanında yerlşən mənzili Cavabdeh1 verməyə razılaşmışdır. Buna görə də 27.11.2018-ci il tarixdə o, 46 saylı Notariat Kontorunda mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 108 ünvanında yerləşən 71 saylı mənzili bağışlama müqaviləsi əsasında cavabdehə bağışlamış, cavabdeh isə Yasamal rayon icra və probasiya şöbəsində alimentdən imtina etmişdir. Müqavilə bağlandıqdan sonra cavabdeh vədinə əməl etməmiş, bağ evini onun adına rəsmiləşdirməmişdir. Elvin ona bildirmişdir ki, cavabdeh icra şöbəsinə müraciət edib aliment tələb edir. Bundan sonra o, Nigar ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırmağa çalışmış, Nigarı görüşməyə dəvət etmiş, alimentdən imtina və bağ evinin onun adına rəsmiləşdirilməsi barədə saziş bağlamağı təklif etmişdir. Lakin Nigar görüşməkdən və saziş yazmaqdan yayınmışdır. Bundan sonra o, cavabdehin onu aldatmasını bilmişdir. Birinci instansiya məhkəməsində cavabdeh tərəf izahatında göstərmişdir ki, iddiaçının heç bir sübutu yoxdur. Tərəflər arasında etibarlı münasibət olub, yazılı müqavilə olmayıb. Tərəflər qohumdurlar, 2 uşaq var. Ona görə də evin bağışlanması normaldır. Həm də uşaqların qalması üçün yer olmayıb, bu səbəbdən mənzili cavabdehə bağışlayıblar. Bağışlama tərəfin öz iradə ifadəsi olub. Bağışlama müqaviləsi birtərəfli əqddir. Müqavilə şərt əsasında bağlanmayıb. Cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Şikayət iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə onun qardaşının keçmiş arvadına dəyəri 100 000 (yüz min) manat olan mənzili bağışlamasının səbəbini araşdırmamış, sübutlara, xüsusilə tərəflər arasındakı “Whatsapp” yazışmalarına düzgün hüquqi qiymət verməmişdir. İddiaçı və vəkili, eləcə də 3-cü şəxs məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 21 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, cavabdeh iddiaçının qardaşı Cavabdeh3 keçmiş arvadıdır. Cavabdeh3lə cavabdeh 01.11.2009-cu ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 2012 və 2014-cü il təvəllüdlü iki uşaqları olmuş, 29.04.2016-cı il tarixli məhkəmə qətnaməsinə əsasən boşanmışlar və uşaqlar cavabdehin himayəsində saxlanılmış, onların saxlanması üçün Cavabdeh3 aliment tutulmuşdur. İşdən həmçinin görünür ki, iddiaçı 27.11.2018-ci il tarixdə mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 108 saylı evin 71-ci mənzilini cavabdehə bağışlamış və həmin müqavilə göstərilən tarixdə Bakı şəhəri 46 saylı Notariat Kontorunda təsdiq olunmuşdur. Hazırda iddiaçının tələbi həmin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbini bağışlama müqaviləsinin şərtlə bağlanması və cavabdehin onu aldadaraq bu şərti yerinə yetirməməsi ilə əsaslandırmışdır. İddiaçının dəlillərinə görə bağışlama müqaviləsinin müqabilində cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 3484C saylı bağ evini onun mülkiyyətinə keçirməli və uşaqların saxlanması üçün tutulan alimentdən imtina etməli idi. Cavabdeh iddianı qəbul etməyərək bağışlama müqaviləsinin şərt əsasında bağlanmadığını göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və göstərmişdir ki, tərəflər arasında bağışlama müqaviləsi bağlanarkən müqavilədə hər hansı qeyd-şərt, yaxud öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulmamış, həmçinin bağışlama heç bir şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. İddiaçı mübahisəli mənzilin cavabdehə şərtlə bağışlanmasını, həmçinin bağışlamanın müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı olmasını bildirsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin qənaətinə görə, bağışlama müqaviləsi tərəflərin iradə ifadəsinə uyğun olmuş və həmin əqd bağlanarkən hər hansı qanunsuzluğa yol verilməmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 666, 670-ci maddələri ilə əsaslandırmışdır. Əvvəlki apellyasiya baxışları zamanı birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib iddia təmin olunsa da, kassasiya instansiyası məhkəməsi bununla razılaşmayaraq həmin qətnamələri ləğv etmiş və işi müvafiq göstərişlərlə yeni apellyasiya baxışına qaytarmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə sonuncu – 26.10.2021-ci il tarixli qərarında şərh olunan göstərişlərə görə apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı işə yenidən baxmış Məhkəmə kollegiyası MPM-nin 420-ci maddəsinin tələblərini pozaraq, kassasiya instansiyası məhkəməsinin icrası məcburi olan göstərişini yerinə yetirməmiş və ya həmin hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurətini əsaslandırmamışdır. Kassasiya məhkəməsinin birinci qərarında şərh olunan göstərişlərə görə bağışlama müqaviləsi o vaxt etibarsız sayıla bilər ki, həmin müqavilənin etibarlılığı şərtləri, yəni müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə istisna edilməsin. Lakin apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337.1, 404.1 və 404.2-ci maddələrinin təfsirində səhvə yol verərək, bağışlama müqaviləsinin etibarlılığı şərtlərini tam, hərtəfli və obyektiv araşdırmadan, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, eləcə də tərəflər arasındaki müqaviləyə qədərki danışıqları, yazışmaları nəzərə almadan, yalnız sözügedən müqavilənin bağlanmasından xeyli sonra tərəflər arasında və ya iddiaçı ilə cavabdehin anası arasında olan “Whatsapp” yazışmalarını, səs yazısını, şahid ifadələrini və sair əsas tutub 10 aydan sonra iddiaçının əqd bağlanması məqsədilə cavabdeh tərəfindən aldadılması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını və kassasiya instansiyası məhkəməsinin qərarlarında şərh olunan göstərişlərin həmin hallara uyğun olduğunu nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini bütünlüklə əsassız sayır və hesab edir ki, iddiaçı tərəfindən tələbin əsası kimi istinad olunan halları təsdiq edən heç bir sübut təqdim olunmadığından birinci instansiya məhkəməsi iddianı əsassız saymaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı apellyasiya şikayətində göstərdiyi və öz tələbinin əsası kimi istinad etdiyi halları nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmiş, sübutların qanunun tələbinə uyğunluğunu, tamlığını, işə aidliyini, mümkünlüyünü, obyektivliyini, mötəbərliyini yoxlamış və yalnız bundan sonra onları qiymətləndirmişdir. Əvvəlki kassasiya icraatı üzrə qəbul edilmiş məhkəmə qərarında da qeyd edildiyi kimi hazırki halda, cavabdehin bağışlama müqaviləsinə əsasən üzərinə hər hansı öhdəlik götürməsi, habelə iddiaçının sözügedən mənzili cavabdehə məhz Novxanı bağ massivində yerləşən 3484 “C” saylı bağ evinin ona məxsus olan 1/2 hissəsini ona bağışlaması, habelə qardaşı Cavabdeh3 qarşı olan “aliment tələbindən” imtina etməsi şərti ilə bağışlaması açıq-aşkar mülki iş materialları ilə təsdiq olunmur. Belə ki, cavabdeh 23 oktyabr 2017-ci il tarixdə Yasamal rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, aliment tələbinə dair icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdiyi halda, iddiaçı mənzili 27 noyabr 2018-ci il tarixdə, yəni sözügedən ərizənin verilməsindən 1 il 1 ay sonra cavabdehə bağışlamışdır. Digər tərəfdən, mənzili cavabdehə bağışladığı halda, iddiaçının ötən 10 ay müddət ərzində Novxanı bağ massivində yerləşən 3484 “C” saylı bağ evinin cavabdehə məxsus olan 1/2 hissəsini onun adına keçirməsi barədə məhkəmədə hər hansı mübahisə açmaması, hazırkı iddia tələbi ilə məhkəməyə yalnız 30 sentyabr 2019-cu il tarixdə müraciət etməsi də iddianın əsassız olduğunu təsdiq edir. Tərəflər arasındakı hazırki mübahisə daşınmaz əmlaka dair bağlanmış bağışlama müqaviləsinin etibarlılığı ilə bağlı yarandığından, MPM-nin 81-ci maddəsinin tələbinə əsasən, hazırkı işin halları başqa sübutlarla, o cümlədən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tərəflərin “Whatsapp” şəbəkəsi üzərindən apardıqları yazışmalar, səs yazıları və sair ilə təsdiq oluna bilməz. Çünki qeyd olunan maddənin mənasına görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə, məsələn: notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışla təsdiq edilməli olan hazırkı işin halları başqa sübutlarla, o cümlədən şahid ifadələri, “Whatsapp” yazışmaları, səs yazıları və sair ilə təsdiq oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə iddia tələbinin əsası kimi istinad olunan faktiki hallar həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 21 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar