Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11704/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızının və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Resyetr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(004)-5142/2021 saylı və 13 avqust 2021-ci il tarixli, 2(004)-5142/2021 saylı qərardadlarından Cavabdeh1 tərəfindən verilmiş şikayətlər üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Resyetr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlkaın bölünməsi” tələbinə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri və cavabdehin adına rəsmiləşdirilmiş “Opel Vita” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissədə payının müəyyən olunması; cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında 16 fevral 2016-cı il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində bağlanmış Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsi ilə bağlı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə ½ hissədə onun, ½ hissədə isə cavabdehin payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, eyni zamanda, iddianın təmin tədbiri (müvəqqəti təminat tədbiri) barədə ərizə verərək, işə baxılıb həll edilənədək Cavabdeh1 mülkiyyətində olmuş, hazırda digər Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsinin və hazırda Cavabdeh1 mülkiyyətində olan “Opel Vita” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(004)- 5142/2021 saylı qərardadı ilə (hakim Təhminə Xəlilova) ərizə qismən təmin edilərək, mübahisə mahiyyəti üzrə həll olunana qədər Cavabdeh1 mülkiyyətində olan “Opel Vita” minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 1998, mühərrik: 02JC5414, ban: WOLOSBF08X4040227) avtomobilin özgəninkiləşdiriməsi qadağan edilmişdir. Bundan sonra, iddiaçı iddianın təmin tədbiri (müvəqqəti təminat tədbiri) barədə yeni ərizə verərək, işə baxılıb həll edilənədək, Cavabdeh3 adına bağışlama müqaviləsi ilə özgəninkiləşdirilmiş, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul ediməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(004)- 5142/2021 saylı qərardadı ilə ərizə təmin edilərək, mübahisə mahiyyəti üzrə həll olunana qədər Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsinin özgəninkiləşdiriməsi qadağan edilmişdir. Cavabdeh1, qeyd edilən qərardadlardan ayrı-ayrılıqda şikayət verərək, ləğv edilmələrini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(004)-5142/2021 saylı qərardadları ilə şikayətlər təmin edilməyərək, işlə birlikdə baxılmaları üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətlərin dəlilləri: Cavabdeh şikayətləri - avtomobilin faktiki olaraq satılması, hazırda onun mülkiyyətində olmaması və iddiaçının buna razılığının olmaması, mübahisəli torpaq sahəsinin hazırda digər Cavabdeh3 mülkiyyətində olmasına baxmayaraq, qərardadda onun mülkiyyətində olması göstərilməklə, mülkiyyətində olmayan əmlakla bağlı qərar qəbul edilməsi ilə əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) şikayətlərə etiraz edərək, məhkəmə kollegiyasından təmin olunmamalarını və birinci instansiya məhkəməsinin hər iki qərardadlarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbələri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-in 158.1.2 və 158.1.3-cü maddələrinə əsasən, məhkəmə, müvəqqəti təminat tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə, eyni zamanda başqa şəxslərə qadağan edə bilər. Göründüyü kimi, müvəqqəti təminat tədbiri, görülməsində məqsəd tərəflərin əvvəlki vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarət olmaqla, gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Həmçinin, nəzərə alınmalıdır ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər («Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarı). Hazırda iddiaçı, mübahisə predmeti olan torpaq sahəsinin və avtomobilin Cavabdeh1 ilə birgə nikah dövründə əldə olunmasına istinad edərək, həmin torpaq sahəsinə dair cavabdehlər arasında bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilməklə torpaq sahəsinə və hazırda mülkiyyət hüququ ilə cavabdehin adına qeydiyyatda olan nəqliyyat vasitəsinə ½ hissədə payının tanınmasını tələb edir. Eyni zamanda, müvəqqəti təminat tədbiri kimi işə baxılıb qurtaranadək qeyd olunan əşyaların özgəninkiləşdirilməsinin qadağan edilməsini xahiş edir. İşdə olan sənədlərdən görünür ki, mübahisə predmeti olan “Opel Vita” markalı, **- UT-*** dövlət qeydiyyat nişanlı avtomobil 13.12.2016-cı il tarixdən Cavabdeh1 adına qeydiyyata alınmış və hazırda da onun mülkiyyətindədir. Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsi isə 12.03.2014cü il tarixə Cavabdeh1 adına qeydiyyatdan keçmiş və onunla digər Cavabdeh3 arasında bağlanmış 16.02.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən, sonuncunun adına özgəninkiləşdirilmiş, hazırda onun mülkiyyətindədir. Belə olan halda, Kollegiya hesab edir ki, iddiaçının xahiş etdiyi təminat tədbirləri, iddia ilə əlaqəli olmaqla, tələb haqlı sayılacağı halda qətnamənin icrasının mümkünsüz olmasının və ya çətinləşməsinin qarşısının alınmasına yönəlmişdir. Odur ki, işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə predmeti olan torpaq sahəsinin və avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi müvəqqəti təminat tədbiri institutunun mahiyyəti və məqsədi ilə uzlaşır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları, habelə təminat tədbinin müvəqqəti xarakter daşıdığını nəzərə alaraq, şikayətlərin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadları qanuni və əsaslıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı (Daşınmaz Əmlakın Dövlət Resyetr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlkaın bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(004)-5142/2021 saylı və 13 avqust 2021-ci il tarixli, 2(004)-5142/2021 saylı qərardadlarından Cavabdeh1 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(004)- 5142/2021 saylı və 13 avqust 2021-ci il tarixli, 2(004)-5142/2021 saylı qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11704/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11704/2021
07.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver