Məhkəmə qərarları › İş №2(103)-11726/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11726/2021

15.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11726/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh2 MMC-nin vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2222/2020 saylı 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 ASC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bildirişin etibarsız hesab olunması” tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ASC-nin 20.06.2012-ci il tarixli səhmdarlarının ümumi yığıncağının çağırılmasına dair İddiaçı adına tərtib edilmiş bildirişin etibarsız sayılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Nəsimi rayonu Alatava 2 ünvanda yerləşən Cavabdeh3 ASC-nin yığıncağının çağırılmasına dair bildirişin etibarsız olunmasına dair qeydlərin edilməsinin tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC 20 iyun 2012-ci il tarixli protokolun qanuni olmasını sübut etmək üçün məhkəməyə, yığıncağın çağırılmasına dair bildirişlər təqdim edib. Hesab edir ki, həmin bildiriş qanuna ziddir. Çünki Mülki Məcəllənin 107-1.3-ci maddəsinə görə “Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir. Həmin məcəllənin 107-1.4-ci maddəsinə görə Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və yu nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Məcəllənin 107- 1.6-ci maddəsinə görə “Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar imtina olmaqla, səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır. Göründüyü kimi qanunvericilik səhmdarların ümumi yığıncağının çağırılması səlahiyyətini cəmiyyətin idarəetmə orqanlarına verib, səhmdara belə səlahiyyət verilməyib. Bunlarda isə səhmdar cəmiyyətin icra orqanı deyil, səhmdar cəmiyyətin digər səhmdarlarına bildirişlərə öz möhürünü vurub və özü yığıncağı çağırıb. Bu isə yuxarıda göstərilən maddi hüquq normalarına zidd bərəkətdir və yığıncağın çağırılmasının qaydalarının kobud şəkildə pozulması deməkdir. Konstitusiya Məhkəməsinin Plenumunun 16.12.2011-ci il tarixli qərarında birmənalı olaraq göstərilir ki, dövlət tərəfindən müəyyən edilən prosedur qaydalar iştirakçıların mülkiyyət hüquqlarının qarantı olaraq müəyyən edilmişdir. Beləliklə bəlli olur ki, cəmiyyət tərəfindən qəbul edilən qərar onun qəbul edilməsi üçün nəzərdə tutulan bütün prosedur qaydalarınpozulması ilə qəbul edilib və tam qanuna və. Konstitusiya məhkəməsinin qərarına zidd hərəkətdir. Yəni yığıncağın cəmiyyətin icra orqanı tərəfindən yox səhmdar tərəfindən çağırılması qananda nəzərdə tutulmadığından qanuni ziddir bu səbəbdən həmin bildirişlər etibarsız sayılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2222/2020 saylı 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(103)- 2570/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(005)2222/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti verilmilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5022/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2570/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin vəkili Vəkil izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının qərarının göstərişinə etirazı yoxdur və məhkəmə kollegiyasından iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə digər tərəflərin məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2222/2020 saylı 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 ASC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bildirişin etibarsız hesab olunması” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, kassasiya instansiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi ilkin olaraq işin məhkəmə aidiyyətini yoxlamalı, iddaçının məhkəmə aidiyyəti üzrə düzgün məhkəmədə iddia tələbi irəli sürməsini müəyyən etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsi ilə bağlı nəticəyə gəlmək üçün qanunvericinin ona aid etmiş olduğu araşdırmanın aparılmasını təmin etmədən işi mahiyyəti üzrə həll edən məhkəmə aktı qəbul etmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və baxılması üçün geri qaytarılmalıdır. Bu zaman isə ilkin olaraq iddianın məhkəmə aidiyyəti müəyyən edilməli və bununla bağlı prosessual qanunvericiliiyin müəyyən etdiyi tələblərə əməl olunması təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 5-ci bəndindən görünür ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apelyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) kommersiya məhkəmələrində baxılır. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh3 ASC-nin 20.06.2012-ci il tarixli səhmdarlarının ümumi yığıncağının çağırılmasına dair İddiaçı adına tərtib edilmiş bildirişin etibarsız sayılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Nəsimi rayonu Alatava 2 ünvanda yerləşən Cavabdeh3 ASC-nin yığıncağının çağırılmasına dair bildirişin etibarsız olunmasına dair qeydlərin edilməsinin tapşırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh3 ASC-nin 204561 ədəd qiymətli kağızının 100 ədədi İddiaçı məxsusudur. İddia tərəflərin bağlı olduqları Cavabdeh3 ASC-nin fəaliyyətinin həyata keçirilməsindən yaranmışdır. (20.06.2012-ci il tarixli səhmdarlarının ümumi yığıncağının çağırılmasına dair İddiaçı adına tərtib edilmiş bildirişin etibarsız sayılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Nəsimi rayonu Alatava 2 ünvanda yerləşən Cavabdeh3 ASC-nin yığıncağının çağırılmasına dair bildirişin etibarsız olunmasına dair qeydlərin edilməsinin tapşırılması). Kollegiya hesab edir ki, iddia ərizəsində irəli sürülən tələblər faktiki olaraq kommersiya hüquqi şəxs ilə bağlı korporativ tələblərə aid olmaqla kommersiya mübahisəsidir. Buna baxmayaraq, birinci instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarının tələblərini pozaraq, iddia ərizəsini icraata qəbul etmiş hazırki işin aidiyyətinin ümumi məhkəmələrə aid olmadığı halda işə mahiyyəti üzrə baxmaqla nəticə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2222/2020 saylı 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 ASC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bildirişin etibarsız hesab olunması” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2, 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2222/2020 saylı 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 ASC-yə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bildirişin etibarsız hesab olunması” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar