Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1178/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “əmlakın qaytarılması və ya dəyərinin tam şəkildə ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "əmlakın qaytarılması və ya dəyərinin tam şəkildə ödənilməsi ") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MTK-nın nümayəndəsi (direktoru) X1, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-3229/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə tikintisi başa çatdıqdan sonra həmin binanın “D” blokunun 8-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 90.5 kv.m olan 15 saylı, 9-cu mərətəbəsində yerləşən, ümumi sahəsi 98.5 kv.m olan 16 saylı yaşayış sahəsinin ona verilməsi, yaxud vurulmuş zərərin Cavabdeh1 MTK tərəfindən tam ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 123,4 kv.m təşkil edən və Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 123,4 kv.m mənzillərə bərabər yaşayış sahəsinin (mənzillərin) Cavabdeh2 MMC-dən alınaraq zərərin əvəzi kimi ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).
2. Xətai Rayon Məhkəməsinin 2(011)-3229/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilmiş, dəymiş zərərin əvəzi olaraq xx.xx.2019-cu il tarixli müqavilədə göstərilən mənzillərin əvəzinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında (1181-ci məhəllə) inşa edilən yaşayış binasında 90,5 kv m və 98,5 kv.m mənzillərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh2 MMC-yə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi göstərmişdir ki, iddiaçıya müqavilə üzrə satılmış mənzillərin kv.m açıq aşkar qeyd edilmişdir. Mülki iş üzrə qismən etiraf yəni cavabdehlərdən biri iddia tələbinin təmin edilməsini xahiş etməyinə baxmayaraq, məhkəmə müqavilə üzrə müəyyən edilmiş ödənilmiş mənzillərin dəyərinə uyğun deyil, real zərəri azaldaraq müqavilə öhdəliyin icrası qaydasında mübahisənin həll etmişdir. Məhkəmə qeyd olunan halları araşdırmamış və nəticədə işə düzgün qiymət verməmişdir. AR MPM-nin 9.1-ci maddəsi kobud surətdə pozulmuşdur. İşin qiymətləndirilməsi aparılarkən məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlara obyektiv araşdırılaraq qiymət verməmişdir. Eyni zamanda iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 78/2020 saylı, 11 noyabr 2020-ci il tarixli hökmü ilə zərərçəkmiş şəxs kimi tanınmış və hökmdə qeyd edilmişdir ki, “... dəymiş ziyanın tam ödənilməsi nəzərə alınsın”. Eyni zamanda nə qədər ki, hökm preyudisial əhəmiyyət kəsb edir, hesab edir ki, ya müqavilə üzrə yaşayış sahəsi ilə təmin edilməli, ya da həmin məbləğdə ona zərər ödənilməlidir. Həmin əmlakın bu günkü dəyəri natura şəkilində bazar dəyəri müəyyən edilməklə nəğd şəkildə ödənilməli və yaxud natura şəkilində mənzillər cəmi 246 kv.m. yaşayış sahəsi iddiaçıya təhvil verilməlidir. Bu səbəbdən, qətnamənin dəyişdirilməsi, cavabdeh "xxxx" MMC-dən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yaşayış binasında ümumi sahəsi 246.8 m2 olan 2 (iki) mənzillərin İddiaçı verilməsi öhdəliyinin Cavabdeh2 MMC-yə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh2 MMC qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi göstərmişdir ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında xx.xx.2013-cü-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə görə, Bakı şəhəri İcra Hakimiyyətinin 267 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamı əsasında, Cavabdeh1 MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m-dən ibarət və 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.mdən ibarət (dupleks 246,8 kv.m.) 2 mənzili iddiaçıya (sahəsinin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödənildikdən sonra) təhvil verməyi, iddiaçı isə mənzilləri qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Mənzillərin hər birinin dəyəri – 136 000 manat, ümumilikdə 246800 manat müəyyən edilmiş, Mənzillərin dəyəri tam şəkildə iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə ödənilməklə, bu barədə eyni tarixli maliyyə arayışı verilmişdir. Lakin digər cavabdeh olan "xxxx" MTK-nın sədri Hikmət Yigitdöl tərəfindən iddiaçının da mənzilləri daxil olmaqla, onlarla vətandaşın yaşayış və qeyri-yaşayış sahələri, təkrarən bir neçə nəfərə satılmışdır. Bundan sonra qeyd olunanlar barədə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılan zaman təqsirləndirilən şəxs "xxxx" MTK-nın direktoru olan Hikmət Yigitdöl ilə onların xx.xx.2018-cı il tarixli birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Hikmət Yigitdölün xahişi ilə onlar təəfindən zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi təmin olunmuşdur. Sonradan “İnter" MMC ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilmiş A1 blokunun 18-19-cu mərtəbələrində 123,4 kv.m. mənzillər ləğv edilmiş, Cavabdeh2 MMC, Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı,xx.xx.2015-ci il tarixli Sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə layihəndirdiyi yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra, “D” blokunun 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90.5 kv.m olan 15 saylı və 19-cu mərətəbəsində, ümumi sahəsi 98.5 kv.m olan 16 saylı yaşayış sahəsini tikərək iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Lakin sonradan AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən onlara ünvanlanmış 26 avqust 2019-cu il tarixli, xx/xx-4809 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC-nin icarəsində olan torpaq sahəsində lahiyələndirilən 2 ədəd 1 girişli 23 mərtəbəli yaşayış binası və 4 mərtəbəli qeyri-yaşayış binasına icazə verilmişdir. Yəni müqavilədə sözügedən "D" blokunun tikintisi rəsmi olaraq, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dayandırılmış, səbəb olaraq bildirilmişdir ki, layihələndirilən ərazidə yaşayış sıxlığı əmsalı yüksək olduğuna görə bu mümkün deyil. İş materiallarına yeni layihə əlavə olunmuşdur. Həmin layihə ilə köhnə layihə, yəni "X3" MTK-nə verilmiş layihə müqayisə edildikdə, həqiqətəndə "D" blokunun tikintisinin ləğv olunduğunu görmək olar. Hesab edir ki, məhkəmə onların üzərinə qoyduğu yükdür, iddiaçıya verilməsi nəzərdə tutulan "D" blokunun tikintisinin yuxarıda qeyd edilən onlardan asılı olmayan səbəblərdən mümkün olmadığından həmin qətnamənin icrası da qeyri-müəyyən olacaqdır. Əgər məhkəmə qeyd oluna ərazidə onların tikdiyi digər binaları nəzərdə tutursa, bildirilir ki, həmin binalarda olan mənzillər də artıq çoxdandır ki, "iddiaçı kimilərə" yəni qeyd olunduğu kimi "zərərçəkmiş" şəxslərə verilmişdir. Qeyd olunan binalarda olan mənzillər artıq sakinlərin istifadəsinə verilmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi (direktoru) Yiğitdöl Hikmət iddiaçı apellyasiya şikayəti ilə razılaşaraq təmin edilməsini, Cavabdeh2 MMC-nin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
8. Mülki iş materiallarında olan:
9. İddiaçı ilə Cavabdeh1 MTK arasında xx.xx.2013-cü-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə görə, Bakı şəhəri İcra Hakimiyyətinin 267 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamı əsasında, Cavabdeh1 MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra binanın A1 blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m-dən ibarət və 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.mdən ibarət (dupleks 246,8 kv.m.) 2 mənzili iddiaçıya (sahəsinin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödənildikdən sonra) təhvil verməyi, iddiaçı isə Mənzilləri qəbul edib dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Mənzillərin hər birinin dəyəri – 136 000 manat, ümumilikdə 246800 manat müəyyən edilmiş, Mənzillərin dəyəri tam şəkildə iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə ödənilməklə, bu barədə eyni tarixli Maliyyə arayışı verilmişdir.
10. İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MTK tərəfindən xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilmiş A1 blokunun 18-19-cu mərtəbələrində 123,4 kv.m. mənzillər ləğv edilmiş (müqavilənin tarixi texniki olaraq xx.xx.2007-ci il göstərilmişdir, çünki Mənzillərin verilməsi ilə bağlı müqavilələr xx.xx.2013-cü il tarixdə bağlanmışdır), Cavabdeh2 MMC Bakı şəhəri İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə layihəndirdiyi yüksək mərtəbəli yaşayış binasının, tikintisi başa çatdıqdan sonra, “D” blokunun 18-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 90.5 kv.m olan 15 saylı və 19-cu mərətəbəsində, ümumi sahəsi 98.5 kv.m olan 16 saylı yaşayış sahəsini (Bundan sonra - Mənzillər) tikərək iddiaçıya verməyi öhdəsinə götürmüşdür.
11. Müqavilənin 3.2-ci bəndində Cavabdeh1 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən mənzilin pay dəyərinin ödənilməsi və maliyyə arayışının qüvvədə olması əks edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası
12. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
20. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
21. Maddə 752.1. podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
22. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
28. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
29. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
30. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
33. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
36. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
37. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən iddia tələbinin təmin edilməyən, Cavabdeh2 MMC-nin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. İddiaçı apellyasiya şikayətində Cavabdeh1 MTK ilə bağlanmış müqaviləyə uyğun olaraq cəmi 246 kv.m. sahəsi olan mənzillərin ona verilməsini, yaxud həmin əmlakın bu günkü bazar dəyərinin müəyyən edilməklə nəğd şəkildə ödənilməsini xahiş edir.
40. Kollegiya bununla bağlı bildirir ki, rayon məhkəməsinin bununla bağlı mövqeyi əsaslı olduğundan apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
41. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 MMC-nin öhdəliyi xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə tikilməsi nəzərdə tutulan Mənzillərin ölçüsü həddindədir. Belə ki, iddiaçı iddia tələbinin sonuncu dəqiqləşdirilməsi barədə ərizəsində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, binanın A1 blokunun 18 və 19-cu mərtəbələrində, cəmi 246 kv.m sahədən ibarət mənzillərin ona verilməsini tələb etsə də, Cavabdeh2 MMC-nin öhdəliyi 90,5 və 98,5 kv.m mənzillərin ona verilməsi barədədir. İddiaçıya ümumilikdə, 246 kv.m-dən ibarət mənzillərin verilməsi isə onunla Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə ilə müəyyən edilmişdir ki, həmin müqavilə iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli müqavilə ilə ləğv edilmişdir.
42. İddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ilə Cavabdeh2 MMC-nin öhdəliyinin həddi iddiaçıya 90,5 və 98,5 kv.m-dən ibarət mənzillərin verilməsi olduğu üçün, onun üzərinə həmin ölçüdən artıq mənzillərin verilməsinin qoyulması Cavabdeh2 MMC-nin iddiaçı qarşısında öhdəliyindən kənara çıxmış olur.
43. Göründüyü kimi, rayon məhkəməsi iddia tələbini iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədə nəzərdə tutulan ölçüdə mənzillərin verilməsi ilə bağlı təmin etməkdə haqlı olmuşdur, bu səbəbdən də iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir.
44. Cavabdeh MMC-nin apellyasiya şikayətinin əsas dəlili onlardan asılı olmayan səbəblərdən iddiaçıya mənzillərin verilməsinin nəzərdə tutulduğu tikiləcək “D” blokunun onlardan asılı olmayan səbəblərdən tikilə bilməməsi və bu baxımdan qətnamənin icrasının qeyri-müəyyən olması ilə bağlıdır.
45. Kollegiya cavabdehin “D” blokunun tikilə bilməməsi dəlili ilə bağlı bildirir ki, bu hal özlüyündə Cavabdeh2 MMC-ini iddiaçı ilə bağlanmış müqavilənin icrası öhdəliyindən azad etmir. Çünki, Cavabdeh2 MMC göstərilən ünvanda yüksək mərtəbəli binaların tikintisi ilə məşğuldur. Bu zaman, cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edərək iddiaçını inşa etdiyi binalarda, eyni şərtlərlə, başqa mənzillərlə təmin edə bilərdi. Çünki, əvvəldə də qeyd edildiyi kimi, müqavilə üzrə tərəflərinin öhdəliyini vicdanla yerinə yetirməsi təkcə konket müqavilə şərtləri ilə məhdudlaşmır, həm də Mülki Məcəllənin müfafiq tələblərinə müvafiq surətdə həyata keçirilməlidir (MM maddə 425.1.).
46. Kollegiya qətnamənin icrasının qeyri-müəyyən olması dəlili ilə bağlı isə bildirir ki, həmin dəlil qətnamənin 45-ci bəndinə əsasən əsassızdır. Nəticə:
47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəflərin özlərinə aid edilməlidir.
49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-3229/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov