Məhkəmə qərarları › İş №2(103)-1181/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1181/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1181/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5244/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AC №066311 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz e200” minik markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur.

2. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-İİİ seriyalı, 777131 seriyalı etibarnaməyə əsasən X3 ona məxsus olan “Mercedes Benz e200” minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 sahibliyinə və istifadəsinə vermişdir.

3. “Mercedes Benz E200” minik markalı **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixindən 01 il müddətində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası” növü üzrə sığortalanmış, sığortanın başlanma tarixi xx.xx.2019-cu il, bitmə tarixi xx.xx.2020-ci il müəyyən edilmiş, sığorta məbləği 55000 manat olmuşdur.

4. AD seriyalı, 220065 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 “BC” kateqoriyası üçün avtomobil idarə etmək üçün sürücülük hüququ vardır.

5. xx.xx.2020-ci il tarixində Cavabdeh1 tərəfindən Bakı-Quba yolu, 7.5-ci km-də yol nəqliyyat hadisəsi törədilmiş, hadisə nəticəsində xəsarət alan şəxs ölmüş, məhkəmə tibbiekspertizasının xx.xx.2020-ci il tarixli, 906 №-li rəyinə əsasən dəymiş zərərin məbləği 5000 manat müəyyən olunmuş, X7 sığortaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5000 manat ödəniş edilmişdir.

6. Abşeron Rayon Məhkəməsinin 1(012)-257/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarəetmək hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxsin cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməsi və s. hökm edilmişdir.

7. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh1 ifadəsində bildirmişdir ki, atası Cavabdeh2 məxsus avtomobili hər dəfə atasının razılığı ilə idarə etmiş və etibarnaməsi olmadığından atası yanında olmuşdur. Lakin 20 aprel 2020-ci ildə əmisi ona zəng edib avtomobili istədikdə atası həmin vaxt Siyəzən rayonunda olduğundan açarı evdən götürüb yola düşmüşdür.

8. Həmçinin məhkəmə istintaqında zərərçəkmiş şəxs Cavabdeh2 ifadəsində bildirmişdir ki, X1 mülkiyyətində olan Mercedes Benz minik markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili Mərərrəm Mirbabayevdən xx.xx.2016-cı ildə satın almış və avtomobili idarə etmək üçün ona notariusda təsdiq edilmiş etibarnamə verilmişdir. Sonradan avtomobili öz adına sənədləşdirmək istəsə də, Məhərrəm vəfat etdiyindən bu mümkün olmamışdır. İlkinin etibarnaməsi olmamışdır, lakin onun avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. İlkin maşının açarını evdən götürmüş, lakin evdə olsaydı belə yenə də İlkinə maşını verərdi və özü də sərnişin kimi maşında oturardı.

9. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanan 13 dekabr 2021-ci il tarixli məktubla subroqasiya hüququna əsasən 5000 manat məbləğində vəsaitin şirkətin bank hesabına ödənilməsini xahiş olunmuş, qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında onlara qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barəsində xəbərdarlıq olunmuşdur.

10. Cavabdehlər tərəfindən sığortaçının tələb etdiyi məbləğ ödənilmədiyindən sığortaçı məhkəməyə müraciət edərək, iddia tələbini “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələri ilə əsaslandırmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 5000 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70,40 manat dövlət rüsumunun, ümumilikdə 5070,40 manat vəsaitin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz E200 minik” markalı, 90SK311 d.q.n.-lı avtomobil xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci ilədək PDS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2020-ci il, saat 21:50-də Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı X2 məxsus, etibarnamə əsasında Cavabdeh2 verilmiş “Mercedes Benz E200 minik” markalı, 90SK311 d.q.n.-lı avtomobili Cavabdeh1 etibarnamə olmadan idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobildə olan sərnişin X9 aldığı xəsarətlərdən vəfat etmiş, avtomobildə olan digər sərnişin X5 az ağır dərəcəli bədən xəsarəti almışdır. Hadisə ilə bağlı sığortalanmış avtomobilin sürücüsü Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işi üzrə toplanmış materila baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Sözügedən cinayət işi ilə əlaqədar Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli, 1(012)-257/2021 nömrəli hökmə əsasən, hadisə ilə əlaqədar “Mercedes Benz E200 minik” markalı, 90SK311 d.q.n.-lı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli hesab edilərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar iş üzrə 5783 nömrəli sığorta aktı tərtib edilməklə sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra mərhum X6 vərəsəsi, zərərçəkən X7 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bu səbəbdən şirkət tərəfindən cavabdehlərin törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi olaraq zərərçəkənə ödənilən pul “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə uyğun olaraq cavabdehlərdən subroqasiya qaydasında tutulmalıdır.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 5244/2022 saylı qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia təmin olunmamışdır.

14. Məhkəmə qeyd etmişdir ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Sığortalının avtomobili etibarnamə olmadan başqa şəxsə verməsi ona münasibətdə inzibati məsuliyyət yaratmır, eləcə də avtomobilin sahibin iradəsinə zidd olaraq idarə edilməsi halları olmamış, əksinə Cavabdeh1 sürücülük vəsiqəsi olmuş və atası - Cavabdeh2 razılığı ilə nəqliyyat vasitəsini idarə etmişdir. Bu isə nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul etmək olmaz. Odur ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin oluna bilməz.

15. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü və sair maddi normalar, eləcə də Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci və sair prosessual normalara istinad etməklə əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

16. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişıdir.

17. Apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırmış, şikayətinin dəlili kimi Cavabdeh1 “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” şəxs kimi nəqliyyat vasitəsini idarə etməsi və sözügedən qəzanı törətməsi göstərilmişdir. Həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsi və s. göstərilmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

19. Apellyasiya baxışında iştirak edən iddiaçı nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişdir.

21. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

23. MM-nin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

24. MM-nin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla (936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir), sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

25. MM-nin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. MM-nin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. MM-nin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

30. MM-nin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

31. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəfləri dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

39. İşin faktiki hallarından göründüyü kimi, “Mercedes Benz E200” minik markalı, **- SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixindən 1 il müddətində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası” növü üzrə sığortalanmışdır. Sığorta şəhadətnaməsi üzrə sığortalı Cavabdeh2 olmuşdur. “Mercedes Benz E200” minik markalı **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə mərhum X2 məxsus olmuş və xx.xx.2016-cı il tarixdən Cavabdeh2 faktiki sahibliyi və istifadəsindədir. Cavabdeh2 oğlu Cavabdeh1 20 aprel 2020-ci il tarixdə həmin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edərkən sığorta hadisəsi törətmişdir. Sığortaçı tərəfindən faydalanan şəxsə 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

40. İddiaçı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən subroqasiya qaydasında ödədiyi sığorta məbləğini cavabdehlərdən tələb edərək, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar olunduğundan sığortaçının sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığını iddia etmişdir.

41. Mülki işə baxan birinci instansiya məhkəməsi isə iddia tələbini rədd edərkən göstərmişdir ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Cavabdeh1 isə sürücülük vəsiqəsi olmuş və atası - Cavabdeh2 razılığı ilə nəqliyyat vasitəsini idarə etmişdir.

42. İddiaçının apellyasiya şikayətinin dəlili Cavabdeh1 “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” şəxs kimi nəqliyyat vasitəsini idarə etməsi və sözügedən qəzanı törətməsidir.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinin tələbləri baxımından Cavabdeh1 nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qiymətləndirilməməlidir. Cavabdeh1 sürücülük hüququna malik olmaqla, nəqliyyat vasitəsini qanuni sahibi olan atasının razılığı əsasında idarə etmiş, onun iradəsinə zidd hərəkət etməmişdir.

44. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Eyni zamanda həmin Qanunun 6.2-ci maddəsində göstərilmişdir ki, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun.

45. Eyni zamanda qeyd edilməlidir ki, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur

46. Odur ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz.

47. Həmçinin qeyd edilməlidir ki, avtomobili etibarnamə olmadan idarə etmiş sürücülük hüququ olan Cavabdeh1 avtomobilə faktiki sahiblik edən sığortalı Cavabdeh2 oğludur. Cavabdeh2 dəfələrlə avtomobili idarə etməsi üçün özünün də iştirakı ilə idarəetməni oğluna verdiyini təsdiq etmişdir. Yəni tərəflər arasında avtomobilin sahibin iradəsinə zidd olaraq idarə edilməsi halları olmamışdır.

48. Odur ki, sığorta olunanın etibarnaməsinin olması və ya sığortalının sığorta hadisəsi zamanı avtomobildə olmuş olması sığorta riskinə təsir edən amil olmadığından subroqasiya hüququ da yarana bilməz.

49. Bundan başqa, Cavabdeh2 özünün nəqliyyat vasitəsini üçüncü şəxsin istifadəsinə verməsinə səlahiyyətinin olub-olmaması ilə bağlı qeyd edilməlidir ki, işdə olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-İİİ seriyalı, 777131 seriyalı etibarnaməyə əsasən isə X3 ona məxsus olan “Mercedes Benz e200” minik markalı, **- SK-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 qanuni sahibliyinə və istifadəsinə vermişdir. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

50. Göründüyü kimi, iddiaçının iddia tələbində göstərilən əsaslarla cavabdehlərə qarşı subroqasiya hüququ yaranmamışdır.

51. Beləliklə, iddia tələbi əsassız olduğundan, birinci instansiya məhkəməsi iddianı qalan tələblərlə bağlı hissədə də rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş, maddi və prosessual hüquq normalarının tələbləri gözlənilmişdir.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 5244/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar