Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1181/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(001)-6939/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış hüquqa əsaslanmayan, qanunsuz və mülki hüquq nəticələri doğurmayan xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-6939/2023 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “ilkin müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(001)-6939/2023 saylı mülki iş Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-4418/2023 saylı mülki işlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilkin alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılırdı. Cavabdehlər ilkin hazırlıq iclasında mülki işin Abşeron Rayon Məhkəməsinə göndərilməsini bilərəkdən təşkil etmişlər. Ona görə ki, cavabdehlər yalançı sübutlardan istifadə edərək, iki nəfər vəkillərin və əlavə olaraq hüquqşünasların qanunla deyil, işgüzar adətlər, mülki qanunvericiliyin analogiya tətbiqinə oxşar münasibətləri tənzimləyən mülki qanunvericiliyin normalarının tətbiqinə əsaslanan qanunun analogiyasından istifadə edərək azacıq kompensasiya verilməsi yolu ilə yoxsul qadını 3 azyaşlı uşaqları ilə evdən qovmaq niyyətindədirlər. Cavabdehlər hazırki işi də Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-4418/2023 saylı mülki işlə birlikdə baxılmasını istəyir. Onsuz da, Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-4418/2023 saylı mülki iş çox mürəkkəb məna kəsb edir, çox əhatəlidir, çox genişdir, həmin işin bu işlə əlaqəsi yoxdur, həmin işdə cavabdehlər qol gücü bahasına azacıq konpensasiya verməklə bu şəxsləri heç kimin mülkiyyət hüququ olmayan mənzildən çıxarmaq niyyətindədirlər. Fərdi yaşayış evinə 7 nəfər şəxsin qeydiyyatı var, lakin heç kimin mülkiyyət hüququ yoxdur. Hesab edirəm ki, işlərə birlikdə baxılması düzgün nəticəyə gəlinməməsinə səbəb olacaqdır, cavabdehlərə də elə bu lazımdır. Məhkəmənin çıxardığı xx.xx.2023-cü il tarixli, 2(001)-6939/2023 saylı qərardad cavabdehlərin xahişi əsasında təmin olunmuşdur. İşlərə bir yerdə baxılması qanunsuz və ədalətliz Qətnamə çıxarılması ilə nəticələnməlidir ki, bunun da nəticəsində bir ailənin taleyinin bədbəxtliyə düçar olunmasına gətirilib çıxarılması labüddür. Çünki, cavabdehlər həmin şəxsləri fərdi yaşayış evindən çölə atmaqla niyyətləri pul qazanmaqdır. Bu işlərin birləşdirilməsi hüquqi cəhətcə doğru deyildir. Hər zaman məhkəmələr icraatında olan işlərdə 2 ədəd iddia tələbinin bir icraatda birləşməsinə narazılıq bildirmişlər. Verilən 2 ədəd iddia tələbi məhkəmələrdə ayrılaraq ayrı-ayrı icraatlarda baxılmışdır. İddia tələbləri də oxşar deyildir, sadəcə iddia tələbinin qərardad əsasında birləşdirilərək bir icraatda baxılmasını cavabdehlərin sifarişi olduğunu hesab edirlər. Hazırda verilən iddia tələbinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılması cavabdehləri çətin duruma salmışdır. Cavabdehlərə də məlumdur ki, bağladıqları müqavilə qanunsuzdur, əsassızdır, iddiaçının və azyaşlı övladlarının hüquq və qanuni mənafelərinin pozulması ilə nəticələndiyi üçün ləğv olunmalıdır. Belə olan halda, bağlandığı andan ilkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılan 2(001)-6939/2023 saylı mülki iş üzrə verilmiş iddia tələbinin Abşeron Rayon Məhkəməsində baxılan xx.xx.2023-cü il tarixli, 2(012)-4418/2023 saylı mülki işin oxşar, biri-biri ilə əlaqəli olmadığı, bu işlərə birlikdə baxılmasının uyğunsuzluğu, mümkünsüzlüyü nəzərə alınmamış, əsaslandırılmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-6939/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023ci il tarixli, 2(001)-6939/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir; 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli Qərarında qeyd edilmişdir ki, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Cavabdeh2 İddiaçı qarşı kompensasiya ödənilməklə evdən olan hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuş və həmin ərizə üzrə 2(012)-4418/2023 saylı mülki iş hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “ilkin müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Hər iki iş üzrə hüquqi nəticə etibarı ilə eyni əmlaka (hüquqi vəziyyətinə görə qanunsuz tikinti olan fərdi yaşayış evi) münasibətdə hüquqlar mübahisələndirilir. Belə ki, bir iş üzrə İddiaçı həmin evə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış ilkin alqı-satqı müqaviləni mübahisələndirir. Digər iş üzrə isə Cavabdeh2 məhz həmin müqaviləyə əsaslanaraq, İddiaçı həmin evə olan hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsini tələb edir. Bununla belə, müxtəlif məhkəmələrin icraatında olan həmin işlər bir-biri ilə əlaqəlidir, onlardan birinin təmin edilməsi, digərinin əsaslığını istisna edə bilər. Belə olan halda, ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin təmin edilməsi baxımından onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu da öz növbəsində onların bir icraatda birləşdirilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, icraatında olan mülki işin ilkin olaraq icraata qəbul edilmiş və hazırda Abşeron Rayon Məhkəməsin icraatında olan mülki işlə birlikdə baxılması üçün həmin məhkəməyə göndərmişdir. Şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(001)-6939/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1181/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1181/2024
15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver