Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1186/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3154/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, akt NDM № 032824 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə **********10019 abonent kodu ilə Rəşidov Hüseynağa adına qeydə alınan ünvana yoxlama keçirilən zaman məlum olmuşdur ki, sayğacın qoşulma ardıcıllığı pozulmuşdur. Belə ki, sayğacın “O” yuvasına faza xətti verilmiş və kənar mənbədən “o” xətti götürməklə kənar xətdən istifadə olunur.
2. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, akt NDM № 032824 saylı aktın əsasında cəmi 1258,01 manat borc hesablanmışdır.
3. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, Rəşidov Hüseynağa Həcidadaş oğluna məxsus ünvan 1 ünvana NDM № 032824 saylı akt əsasında cəmi 1258,01 manat məbləğində borc hesablanmışdır və 330,0 manat (260,0 + 70,0) ödəniş edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat massivi ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu **********10019) hesablanmış 938,0 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat massivi ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evi üzrə "xxxx" ASC-nin **********10019 saylı kodu ilə abonentidir. Onun yaşadığı ünvanda xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisi kəsilmişdir və həmin tarixdə akt tərtib olunaraq xx.xx.2023-cü il tarixdə baş idarədə ona təqdim edilmişdir. Həmin akt tam olaraq əsassızdır. Çünki onun sayğacına kənar müdaxilə mümkün deyildir. Buna görə də "xxxx" ASC-yə şifahi müraciət edərək həmin cərimənin ləğv edilməsini (silinməsini) xahiş etmişdir. Həmçinin, əsassız və qanunsuz olaraq akt tərtib olunmuş və bundan sonra işıq enerjisinin verilməsi məhdudlaşdırılmışdır. O, abonent olaraq istifadə etdiyi elektrik enerjisinə görə bu günə kimi mütəmadi olaraq aylıq ödənişlərini etmişdir. "xxxx" ASC-nin baş idarəsinə gedərək şikayətini bildirsə də, heç bir nəticəsi olmamış, hətta əksinə kobud rəftarla qarşılaşmışlar. Bu günə kimi işıq enerjisi olmadığından çox çətinlik çəkir və qaranlıqda yaşamağa məcbur qalmışlar. Həmin borcdan o, 300,0 manat ödəniş etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qanunsuz olaraq yüksək məbləğdə cərimə yazılmışdır. Hesab edir ki, üzərinə qoyulmuş borc əsassızdır. Ona görə də məhkəməyə müraciət etmişdir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3154/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 928,01 (doqquz yüz iyirmi səkkiz manat, bir qəpik) manat məbləğində cərimənin ünvan 3 ünvanına aid abunə hesabından (abunə kodu: **********10019 olan) silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6, 8.17, 8.17-2, 10.18.9-1-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13.8, 17-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 30 iyun 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat massivi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olması, kənar xəttin sayğacı qidalandıran sip xəttinin üzərinə sıxılmış xüsusi sıxac vasitəsilə çəkilməsi aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı NDM 032824 saylı akt tərtib olunmuş və qanunvericiliyin tələblərinə əsasən aşkar olunmuş pozuntu faktı video çəkilişlə qeydə alınmışdır. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən itirilmiş elektrik enerjisinin dəyəri 1258 manat məbləğində müəyyən edilməklə abonentin **********10019 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edirik ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş, lakin məhkəmə tərəfindən qeyd etdiyimiz maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın
13. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.
14. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.
15. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
16. 10.18.9-1-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur.
«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun
17. 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
18. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə iddia tələbinin təmin olunduğu hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3154/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, iddiaçıya məxsus olan ünvana dair cavabdeh təşkilatın əməkdaşları tərəfindən 1258,01 manat məbləğində cərimə hesablanmışdır. 330,0 manat (260,0 + 70,0) ödəniş edilmişdir. İddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz.
28. Odur ki, göstərilən akt əsasında hesablanmış cərimənin silinməsinə dair birinci instansiyanın mövqeyi qanuni və əsaslıdır.
29. İş materiallarından görünür ki, iddiaçıya məxsus olan mənzilə dair cavabdeh təşkilatın əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli akt əsasında 1258,01 manat borc hesablanmışdır. Həmin akt istehlakçının təqsiri üzündən sayğacın sxemindən kənar xətt daxil olması ilə əsaslandırılmışdır.
30. Kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsi).
31. Kollegiya hesab edir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İstehlakçı tərəfindən sayğaca və ya elektrik xəttinə hər-hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu (sayğacın qoşulma ardıcıllığının pozulması) və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Tərtib olunmuş aktda, həmçinin çəkilmiş videogörüntüdə əks olunan nasazlıq, yaxud pozuntunun abonentin təqsiri üzündən yaranması sübuta yetirilmir. Həmçinin, həmin video yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması müəyyən edilmir. İşin materiallarından da göründüyü kimi sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda və ona qoşulma sxemində müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. xx.xx.2023-cü tarixli akt qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış 928,01 manat (1258,01 manat - 330,0 manat) cərimə silinməlidir.
32. Beləliklə birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, iddia tələbi "xxxx" ASC tərəfindən tərtib edilmiş akt əsasında iddiaçıya hesablanmış 928,01 manat məbləğində borc iddiaçının abunə hesabından silinməlilidir.
33. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla yoxlanılan hissədə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3154/2023 saylı, 25 oktyabr 2023cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.