Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1189/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan “xxxx” ASC-yə, “X1 Mərkəzi” MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər-DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Şəki rayon İcra və Probasiya şöbəsi) qarşı “hərracın etibarsızlığı və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və “X1 Mərkəzi” MMC qarşı “hərracın nəticələri haqqında yekun protokolun, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi və bu barədə dövlət reyestrində müvafiq qeydlərin aparılması” tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilməmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı mübahisəli ünvanda qeydiyyatdadır və həmin ünvanda yaşayır. Atasının ölümündən sonra o miras əmlakı faktiki qəbul etmişdir. Vərəsəlik şəhadətnaməsi ilə bağlı Şəki regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə xx.xx.2019-cu il tarixdə müraciət etmiş, lakin o mirası vaxtında qəbul etməməsi əsası ilə deyil, hüquq müəyyənedici sənədləri təqdim etmədiyinə görə imtina cavabı almışdır. Bundan sonra o miras əmlakın DDƏRX-dan çıxarışını əldə etməyə çalışsada, əmlak ipotekayla yüklü olduğundan çıxarış bankda və ya ipoteka müqaviləsinin bağlandığı notariat ofisində saxlanılmış, daha sonra əmlak bank tərəfindən açıq hərracdan satın alınmışdır. Notariat ofisindən xx.xx.2019-cu il tarixdə cavab məktubu aldıqdan 1 həftə sonra xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Eyni zamanda qeyd edir ki, nəinki o, hətta mərhum atası əmlakın mülkiyyətçisi Rəsul Rəsulov keçirilən hərraclardan məlumatı olmamışdır. Poçt qəbzlərini surətindən görünür ki, “X1 Mərkəzi” MMC tərəfindən R.Rəsulova ünvanlanmış bildirişlər “evdə heç kim yaşamır” qeydi ilə qəbul edilməmişdir. O həmin ünvanda yaşamamış və əmalkı idarə etməmiş, bu səbəbdən də hərracın keçirilməsi və hərrac bildirişləri barədə məlumatı olmamışdır. Əmanətlərin Sığortalanması Fondu ipoteka predmetini qanunvericiliyin tələblərini pozmaqla təkrar hərrac baş tutmadıqdan 8 ay sonra “xxxx” ASC-yə satmışdır. Alqı-satqı müqaviləsi mülki qanunvericilin şərtlərini pozmaqla bağlanmış əqd olduğundan etibarsız hesab olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı əsassız olaraq 1 illik kəsici müddət tətbiq etməklə və onu subyektiv hüquq sahibi hesab etməməklə qanunu səhv təfsir etmiş, bununlada iş üzrə tamamilə yalnış nəticəyə gəlmişdir.Subyektiv hüququ hesab etməməsini onun faktiki həmin ünvanda yaşayaraq əmlakı idarə etməsinin iş materilları ilə sübuta yetirilməməsi və mirası qəbul etməməsi ilə əsaslandırmışdır. O Şəki Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə xx.xx.2019-cu il tarixdə müraciət edərək miras əmlakıın qəbul edilməsi ilə bağlı müraciət etmiş və ona vərəsəlik haqqında şəhadətnamə mirası vaxtında qəbul etməməsi əsası ilə deyil, miras əmlakla bağlı hüquqmüəyyənedici sənədləri təqdim etmədiyinə görə imtina edilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, MH seriyalı ******* saylı çıxarışa əsasən xx.xx.2008-ci il tarixdə Şəki şəhəri, Fuad Əbdürəhmanov küçəsində mülkiyyətində olan 0,05 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 67,6 kvadrat metr yaşayış, 91 kvadrat metr köməkçi sahədən ibarət 48 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Rəsul Rəsulov adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Rəsul Rəsulovdan “xxxx” ASC-nin xeyrinə tutulmalı olan cəmi 54173,81 manat, 20 manat dövlət rüsumu, iş üzrə 70 manat və 50 manat ekspertiza xərcləri borclu X3 tam mülkiyyət hququ üzrə məxsus olan Şəki şəhəri, Fuad Əbdürəhmanov küçəsində mülkiyyətində olan 0,05 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 67,6 kvadrat metr yaşayış, 91 kvadrat metr köməkçi sahədən ibarət 48 saylı fərdi yaşayış evinə yönəldilməli və həmin fərdi yaşayış evi açıq hərracda satış yolu ilə realizə edilməlidir. İcra sənədi icra olunması üçün Şəki rayon İcra şöbəsinə göndərilmişdir. İcra şöbəsinin xx.xx.2016-ci il tarixli, 1430-5 saylı şifariş məktubu əsasında Rəsul Rəsulova məxsus ipoteka predmeti olan Şəki şəhəri, Fuad Əbdürəhmanov küçəsində mülkiyyətində olan 0,05 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 67,6 kvadrat metr yaşayış, 91 kvadrat metr köməkçi sahədən ibarət 48 saylı fərdi yaşayış evinin dəyəri 90.000 manat məbləğində qiymətləndirilmişdir. Şəki şəhər İcra şöbəsinin xx.xx.2016-cı il tarixli 1430/5 sifarişli məktubuna əsasən əmlakın satışının təşkil edilməsi “X1 Mərkəzi” MMC-yə sifariş edilmişdir. “X1 Mərkəzi” MMC tərəfindən ilkin satış qiyməti 90.000 manat müəyyən olunmaqla, qeyd olunan daşınmaz əşya ilə bağlı hərracın keçirilmə tarixi xx.xx.2016-cı il tarixə, saat 11:00-a təyin edilmiş, bununla bağlı “Market” qəzetində elan dərc olunmuş və bu barədə Rəsul Rəsulova və “xxxx” ASC-yə xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli bildirişlər göndərilmişdir. “X1 Mərkəzi” MMC-nin hərracın baş tutmaması barədə 036 nömrəli protokoluna əsasən hərracın iştirakçısı olmadığına görə hərrac baş tutmamış və əmlak AR “İpoteka haqqında” qanunun 43.5-ci maddəsinə əsasən ilkin satış qiymətindən 15% aşağı 76500 manata təkrar satışa çıxarılması müəyyən olunmuşdur. Qeyd olunan daşınmaz əşya ilə bağlı təkarar hərracın keçirilmə tarixi xx.xx.2016-cı il tarixə, saat 11:00-a təyin edilmiş, bununla bağlı “Market” qəzetində elan dərc olunmuş və bu barədə Rəsul Rəsulova və “xxxx” ASC-yə xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli bildirişlər göndərilmişdir. X1 Mərkəzi” MMC-nin hərracın baş tutmaması barədə 091 nömrəli protokoluna əsasən hərracın iştirakçısı olmadığına görə təkrar hərrac baş tutmamış və əmlak AR “İpoteka haqqında” qanunun 43.7-ci maddəsinə uyğun olaraq 57375 manata ipoteka saxlayana təklif edilməsi müəyyən olunmuşdur. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı haqqında xx.xx.2016-ci il tarixli müqaviləyə əsasən Şəki rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli sifarişinə əsasən “X1 Mərkəzi” MMC tərəfindən Rəsul Rəsulova məxsus Şəki şəhəri, Fuad Əbdürəhmanov küçəsində mülkiyyətində olan 0,05 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 67,6 kvadrat metr yaşayış, 91 kvadrat metr köməkçi sahədən ibarət 48 saylı fərdi yaşayış evinin 90000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, “İpoteka haqqında” Qanunun 43.5-ci və 43.7-ci maddələrinə əsasən, ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə qiyməti – 57375 manata ipoteka saxlayan “xxxx” ASC-yə satılmışdır. Kollegiya iddiaçının miras əmlakı faktiki qəbul etməsi ilə bağlı apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı Şəki Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə xx.xx.2019-cu il tarixdə vərəsəlik şəhadətnaməsi ilə bağlı müraciət etsədə, imtina cavabı almışdır və miras əmalakı faktiki qəbul edərək həmin ünvanda yaşaması və əmlakı idarə etməsinə dair heç bir sübuta təqdim etməmişdir. Həmçinin iddiaçı, hərracın keçirilməsi barədə ona məlumat verilmədiyini bildirsələr də, bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Odur ki, iddianın “hərracın nəticələri haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi də əsassızdır. Məhkəmə kollegiyası hərracın keçirilməsinin və onun yekunana dair əqdin qanunvericiliyin tələblərini pozulmaqla bağlandığı üçün etibarsız hesab edilməsinə münasibətdə qeyd edir ki, iddiaçı əqdin etibarsızlığını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 1 illik müddəti ötürmüşdür. “İpoteka haqqında” Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Hərrac keçirilən zaman qüvvədə olan “İpoteka haqqında” Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. “İpoteka haqqında” Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə alabilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3- cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin təqdim etdiyi sənədlərdən görünür ki, Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şəki Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və R.Rəsulova tələbin könüllü icrası barədə bildiriş çatdırılmaqla məlumatlandırılmışdır. Qeyd edilən hərracların keçirilmə tarixləri barədə Rəsul Rəsulova bildirişlər göndərilsə də, R.Rəsulov sağ olduğu müddət ərzində və məlumatlı olduğu halda, sonuncu hərracın keçirildiyi tarixdən vəfat etdiyi xx.xx.2018-ci il tarixədək qanunvericiliyin tələblərinə əməl edilmədən keçirilən hərracların onun hüquqlarının pozulması ilə nəticələnməsini mübahisələndirməmişdir. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, İddiaçı xx.xx.2016-cı ildə bağlanmış, hərracın yekunları üzrə əmlakın alğısatqı müqaviləsini 2019-cu ilin avqustunda, yəni 2 il 8 aydan sonra mübahisələndirmişdir. Qanunla müəyyən olunmuş müddət ərzində hansı səbəbdən məhkəməyə müraciət etməməsinin səbəblərini bildirməmiş və buna dair hec bir sübut təqdim etməmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-cimaddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd edilən normadakı müddət kəsicidir, iddia müddəti deyil, kəsici müddət keçdikdən sonra da maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Bu halda müddətin tətbiqi barədə ərizənin verilməsi də tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Odur ki, qeyd olunanlara əsasən, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-649/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1189/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1189/2021
14.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver