Məhkəmə qərarları › İş №2(103)-1192/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1192/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1192/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(007)-471/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – Məktəb) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 5000 (beş min) manat məbləğində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 2940 (iki min doqquz yüz qırx) manat məbləğində cərimənin, ümumilikdə 7940 (yeddi min doqquz yüz qırx) manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında cavabdehin övladları X1 və X3 təhsil almaları məqsədi ilə 2019-2020-ci tədris ili üçün 13.09.2019-cu il tarixdə tam orta təhsil xidməti haqqında müqavilələr bağlanmışdır. Bağlanmış müqavilələr əsasında cavabdeh müqavilələrin 2.2-ci maddəsi ilə müəyyən edilmiş ümumilikdə illik 9000 (doqquz min) manat (4500 AZN+4500 AZN) məbləğində təhsil haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən imzalanmış müqavilələr üzrə götürülmüş öhdəliklər icra edilməmişdir.Tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədənkənar pretenziya qaydasında dəfələrlə həll etməyə çalışsalar da, lakin bu heç bir nəticə verməmişdir. Belə ki, cavabdehlə təhsil haqqının ödənilməsi ilə əlaqədar uzun müddət şifahi və yazılı şəkildə danışıqlar aparıldıqdan sonra bu danışıqlar heç bir nəticə vermədiyindən cavabdehə birinci dəfə bildiriş göndərilərək ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq təhsil haqqı məbləğinə güzəşt edildiyi bildirilmiş və güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəməsi üçün imkan yaradılmışdır.Lakin, cavabdeh tərəfindən bundan sonra da öhdəliyin icrası istiqamətində hər hansı bir tədbir görülməmişdir.Daha sonra cavabdehə ikinci dəfə bildiriş göndərilərək təhsil haqqı məbləğinin və tərəflər arasında imzalanmış müqavilələrə əsasən gecikdirilmiş təhsil haqqı məbləğinə görə hesablanmış cərimə məbləğinin müəyyən edilmiş müddət ərzində ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən öhdəlik yenə də icra edilməmiş qalmışdır.Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Cavabdeh 2019-2020-ci tədris ilinə görə müqavilələr ilə müəyyən edilmiş 9000 (doqquz min) manat məbləğindəki vəsaiti tam şəkildə müqavilələrin digər tərəfi olan və cavabdehin övladına tam orta təhsil xidməti göstərən iddiaçı Məktəbə ödəməli olduğu həmin vəsaiti bu günədək ödəməmişdir. Bu günkü gündə cavabdehin iddiaçı Məktəb qarşısında ödənilməmiş 5000 (beş min) manat (2500 AZN + 2500 AZN) məbləğində təhsil haqqı borcu vardır. Tərəflər arasında imzalanmış Tam orta təhsil xidməti haqqında Müqavilələrin 2.2.3-cü maddəsinə əsasən “Şagird təhsil haqqını 2019-2020-ci dərs ilinin hər ayının sonunda mütləq ödəməlidir, bu tarixə qədər şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0.3% həcmində dəbbə pulu (peniya) ödəyir”. Cavabdeh tərəfindən təhsil haqqı ödənişi ilə bağlı öhdəlik icra edilmədiyindən iddiaçı Məktəb tərəflər arasında imzalanmış Müqavilələrin 2.2.3-cü maddəsini rəhbər tutaraq 30.07.2020-ci il tarixinədək cavabdehə ümumilikdə 2940 (iki min doqquz yüz qırx) manat məbləğində cərimə hesablamışdır. Beləliklə də, cavabdehin iddiaçı qarşısında bu günki gündə ödənilməmiş 5000 (beş min) manat məbləğində təhsil haqqı borcu və təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 2940 (iki min doqquz yüz qırx) manat məbləğində cərimə, ümumilikdə 7940 (yeddi min doqquz yüz qırx) manat məbləğində borcu vardır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(007)-471/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 5000 manat təhsil haqqı, 100 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması, Cavabdeh 100 manat ekspertiza təhqiqatının dəyərinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verilərək, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(007)-471/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam şəkildə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, nə əsas borcun ödənilməsi, nə də ki cərimə borcunun öədnilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı deyildirlər. Əsas borcun təmin edilməsi hissəsində məhkəmə gəldiyi nəticəni fors-major hallar səbəbindən iddiaçının öhdəliklərinin yaranmaması ilə əsaslandırmağa çalışmışdır. Bununla da qətnamənin əsaslandırıcı hissəsindəki mövqeyi tamamilə əsassız olmuş, işin faktiki hallarına uyğun olmamışdır. Eyni zamanda işə birinci instansiya qaydasında baxılan zaman cavabdehin iddiaçıya ödənilməmiş borcunu olması ilə bağlı işin faktiki halları müəyyən edilməmiş, iş üçün əhəmiyyət kəsb edən hallar sübut edilməmiş, maddi hüquq normalarının tələbi pozulmuşdur. Məhz borcun tutulması hissəsində məhkəmə qətnaməsi əsassız olduğundan, borca nisbətdə hesablanmış dəbbə pulunun tutulması hissəsində də məhkəmənin gəldiyi nəticə ilə razı deyildir. Qeyd edilən maddənin tələbindən görünür ki, borclu təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Yəni, borclunun öhdəliklərini icra etməməsi və ya lazımı qaydada icra etməməsi qənaətinə gəlmək üçün onun əməllərinin motivini, əməllərindəki təqsirliliyi müəyyən etmək lazımdır. Məhz təqsirli əməllər olmadığı təqdirdə öhdəliyin icra edilməməsindən söhbət gedə bilməz. Hazırki iş üzrə Cavabdeh təqsirli əməlləri nəticəsində iddiaçıya borcunun yaranması iş materialları ilə sübuta yetirilməmişdir. Cavabdeh tərəfindən 2019cu ilin sentyabr ayından 2020-ci ilin fevral ayınadək, yəni iddiaçının tədris etdiyi 5 aylıq tədris müdətinə uyğun olaraq 4000 manat məbləğində pul vəsaiti ödəmiş, geriyə cavabdehin 500 manat məbləğində borcu qalmışdır. Digər ayların pulunun ödənilməməsinə səbəb ölkədə yayılmış koronavirus pandemiyası ilə əlaqədar iddiaçının tədris fəaliyyətini dayandırması və müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməsi, yəni dərsləri tam həcmdə və ardıcıl keçirməməsi olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi ölkədə yayılmış koronavirus pandemiyasını fors-major hal kimi qiymətləndirirərək dərslərin məktəbdə keçirilməməsinə görə iddiaçının hər hansı bir məsuliyyətinin olmaması nəticəsinə gəlmişdir. Digər tərəfdən, məhkəmə hazırki mülki işdə obyektiv şəkildə araşdırma aparmamış, yalnız iddiaçının qeyd etdiklərinə əsasən dərslərin online qaydada keçirilməsini, bu halı sübut edən çoxsaylı dəlillərin olmasını qeyd etmişdir. Lakin dərslərin online qaydada keçirilməsini sübut edən hansı dəlillərin olması, (fotoşəkillər, videoçəkiliş, şahid ifadələri və s.) məhkəmə qətnaməsində göstərilməmiş, konkret olaraq məhkəmə qeyd edilən hissədə gəldiyi nəticəni sübutlarla əsaslandıra bilməmişdir. Bununla məhkəmə tərəfindən müəyyən edilmiş hallar iş üçün əhəmiyyət kəsb edən sübutlarla təsdiq edilməmişdir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının “iddianın təmin olunmuş” hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, İddiaçı ilə şagird X1 anası Cavabdeh arasında bağlanmış, “Tam təhsil xidməti haqqında” 24 saylı 13.09.2019-cu il tarixli müqavilənin məzmunundan görünür ki, məktəb və valideyn qarşılıqlı razılaşma əsasında orta təhsil xidmətinin göstərilməsi əsasında razılıq əldə etmişlər. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən 1 illik təhsil haqqı 5000 manat (nəqliyyat vasitəsindən istifadə etdikdə 5900 manat) müəyyən olunmuşdur. İddiaçı ilə şagird X3 anası Cavabdeh arasında bağlanmış, “Tam təhsil xidməti haqqında” 25 saylı 13.09.2019-cu il tarixli müqavilənin məzmunundan görünür ki, məktəb və valideyn qarşılıqlı razılaşma əsasında orta təhsil xidmətinin göstərilməsi əsasında razılıq əldə etmişlər. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən 1 illik təhsil haqqı 5000 manat (nəqliyyat vasitəsindən istifadə etdikdə 5900 manat) müəyyən olunmuşdur. 30.07.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh hər iki müqavilə üzrə 500 AZN güzəşt edildikdən sonra, 15.11.2019-cu il tarixdə ayrı-ayrılıqda hər müqaviləyə görə 2000 manat ödəniş olmuşdur. Hər iki müqavilə üzrə əsas borc 5000 manat (2500+2500), iki müqaviləyə görə cərimə üzrə 2940 manat, ümumilikdə iki müqavilə üzrə 7940 manat təşkil edir. Cavabdehə ünvanlanmış 13.08.2020-ci il tarixli bildirişdən görünür ki, mübahisənin məhkəmədənkənar pretenziya qaydasına əməl edilmişdir. 2019/2020-ci tədris ilinin mart-iyun ayları üzrə təhsil haqqına güzəşt barədə 20 saylı, 04 iyun 2020-ci il tarixli Əmrdə Azərbaycan Respublikası ərazisində Covid-19 infeksiyasının yayılması ilə əlaqədar təhsil müəssisələrində təlim-tədris proseslərinin dayandırılması və dərslərin onlayn keçirilməsi səbəbindən cari ilin mart, aprel, may, iyun və iyul ayları üçün ödənilməli təhsil haqları məbləğlərinə güzəştlər edilməsi təsbit olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 9/2008 saylı 08 may 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcu övladları X1 və X2 təhsil almaları məqsədi ilə 2019- 2020-ci tədris ili üçün 13.09.2019-cu il tarixdə bağlanmış müqavilələr üzrə 5000,0 manat əsas borc və 1320,manat dəbbə pulu təşkil edir. Mülki iş materiallarından məlum olur ki, cavabdeh tərəfindən öhdəliklər müəyyən müddət icra olunsa da sonradan lazımınca icra olunmamış və onun iddiaçıya yuxarıda qeyd olunan məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, baş vermiş pandemiya ilə əlaqədar məktəb tərəfindən cavabdehə ödəniş haqqında güzəştlər olunmasına baxmayraq cavabdeh bir-neçə ay müddətində təhsil haqqını ödəməkdən imtina etmişdir. Nəticədə cavabdehin təhsil haqqına görə hər iki müqavilə üzrə 5000 manat ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 2940 manat (ekspert rəyi ilə bu məbləğ 1320 manat təşkil edir) manat cərimə borcu tənasübsüz surətdə yüksək olduğu üçün, cərimənin məbləği azadılaraq 100 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsas borcun tutulması ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdehin təhsil haqqına görə hər iki müqavilə üzrə 5000 manat ödənilməmiş borcu qaldığı mübahisəsiz olsa da, İddiaçıMMC-nin 2019/2020-ci tədris ilinin mart-iyun ayları üzrə təhsil haqqına güzəşt barədə 20 saylı, 04 iyun 2020-ci il tarixli Əmri ilə edilmiş güzəştlər nəzərə alınmamışdır. Belə ki, cavabdehin övladları X5 Məktəbin 1-ci sinfində və X6 isə 7-ci sinfində təhsil alır. 2019/2020-ci tədris ilinin mart-iyun ayları üzrə təhsil haqqına güzəşt barədə 20 saylı, 04 iyun 2020-ci il tarixli Əmrdə Azərbaycan Respublikası ərazisində Covid-19 infeksiyasının yayılması ilə əlaqədar təhsil müəssisələrində təlim-tədris proseslərinin dayandırılması və dərslərin onlayn keçirilməsi səbəbindən cari ilin mart, aprel, may, iyun və iyul ayları üçün ödənilməli təhsil haqları məbləğlərinə güzəştlər edilməsi təsbit olunmuşdur. Yuxarıda qeyd edilən Əmrin 2-ci bəndinə əsasən 2019/2020-ci tədris ilinin 1-ci və 2-ci sinfində təhsil alan hər bir şagirdə görə bağlanmış müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulmadığı halda – 380 manat, bağlanmış müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulduğu halda – 550 manat, Əmrin 4-cü bəndinə əsasən 2019/2020-ci tədris ilinin 5-11-ci sinfində təhsil alan hər bir şagirdə görə bağlanmış müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulmadığı halda – 280 manat, bağlanmış müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulduğu halda – 450 manat nəzərdə tutulmuşdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış, “Tam təhsil xidməti haqqında” 13.09.2019-cu il tarixli müqavilələrin hər ikisində şagirdin evdən məktəbə və məktəbdən evə nəqliyyat vasitəsi ilə daşınması məqsədi ilə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdehin iddiaçıya olan borcunun həcmi İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Tam təhsil xidməti haqqında” 13.09.2019-cu il tarixli, 24 saylı müqavilə üzrə 380 manat güzəşt tətbiq olunmaqla 2120 manat, eyni tərəflər arasında eyni tarixdə bağlanmış 25 saylı müqavilə üzrə isə 280 manat güzəşt tətbiq olunmaqla 2220 manat əsas borc müəyyən edilməlidir. İddianın və apellyasiya şikayəti ilə mübahisələndirilən cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, qətnamə bu hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq hesab edir ki, kredit müqaviləsi üzrə cərimə borcunun müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, ölkədə koronovirus infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris dayandırılmış, dərslər onlayn qaydada həyata keçirilmişdir. Təhsilin onlayn qaydada keçirilməsi baş vermiş forsmajor hadisəsi ilə bağlı olduğundan, həmin hal iddiaçının üzərinə düşən müqavilə öhdəliyini icra etməməsi kimi qiymətləndirilə bilməz. Bu baxımdan, iddiaçı tədrisin ənənəvi formadan distant formaya keçirilməsinə və bununla əlaqədar onun tərəfindən müqavilə üzrə bəzi öhdəliklərin lazımi şəkildə yerinə yetirilməsinin mümkün olmamasına görə məsuliyyət daşımır. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Kollegiya qeyd edir ki, dərslərin online qaydada keçirilməməsi cavabdeh tərəfindən sübuta yetirilmir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Apellyator apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini və borc məbləğinin düzgün hesablanmadığını bildirsə də, bu barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən alınmalı olan pulun məbləgi hissəsində dəyişdirilməli, müqavilələr üzrə təhsil haqqından qalıq borc Nərgiz Haqverdiyevanın müqaviləsi üzrə 2120 (2500 – 380 = 2120) manat, Kamil Haqverdiyevin müqaviləsi üzrə 2220 (2500 – 280 = 2220) manat, cəmi 4340 (dörd min üç yüz qırx) manat əsas borc Cavabdeh alınıb İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(007)-471/2021 saylı qətnaməsi əsas borca aid hissədə dəyişdirilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə əsas borca görə 4340 (dörd min üç yüz qırx) manat tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar