Məhkəmə qərarları › İş №2(103)-1193/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1193/2023

02.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1193/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə, Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Nümayəndə və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə, Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(004)-3496/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanda yerləşən 2 saylı mənzil İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh2 etibarnamə vermiş, sonuncu iddiaçıya məxsus mənzili Cavabdeh1 satmışdır. Hal-hazırda iddiaçı həmin alqı-satqı müqaviləsinin etibarlılığını mübahisələndirir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Nümayəndə, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci ildə Bakı şəhəri 53 saylı xüsusi notariat ofisində etibarnamə əsasında onun adından çıxış etmiş Cavabdeh2, alıcı kimi Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə Kafis oğlu ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh2, alıcı kimi Nümayəndə Kafis oğlundan 150000 manat məbləğində mənəvi ziyanın müştərək şəkildə tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil valideynlərindən miras qalmışdır. Atası, anası, qardaşı və bacısının vəfatından sonra dərin psixoloji gərginlik keçirməklə spirtli içkilərdən müntəzəm olaraq istifadə etmiş, içki aludəçisi olmuşdur. Bu vəziyyətindən istifadə edən Cavabdeh2 və Nümayəndə Kafıs oğlu, X3 və Cavabdeh1 qabaqcadan razılığa gələrək ona məxsus mənzili satmaq üçün planlar qurmuşlar. Həmin vaxtda yəni 2018-ci ildə sağlamlığı o dərəcədə pozulmuşdur ki, sərbəst hərəkət etmək iqtidarında olmamışdır. İlkin olaraq Cavabdeh2 onu dilə tutaraq, müalicə olunmaq, mənzilin onun adına keçirilməsi üçün ona etibarnamə verməyini xahiş etmişdir. Maddi baxımdan çox ehtiyacı olduğundan və səfil həyat tərzi keçirdiyindən onun sözlərinə inanmış və etibarnamələr vermişdir. Vərəsəliklə əlaqədar olaraq Bakı şəhəri 46 saylı Xüsusi Notariat ofisində iş açılmış və başa çatdırılmamışdır. Etibarnamə verməyi üçün Bakı Asan xidmət Mərkəzinə Cavabdeh2 və başqalarının müraciət etməsinə baxmayaraq sərxoş vəziyyətdə olduğundan etibarnamə verilməsindən imtina edilmişdir. Cavabdeh2 və digərləri özlərinə münasib olan notariat ofisində sərxoş olmağına baxmayaraq etibarnamə alınmışdir. Lakin vərəsəliklə əlaqədar problem yarandığından əməliyyat, yəni alqı-satqı müqaviləsinin bağlanması gecikmişdir. 18 saylı notariat ofisində vərəsəliyin mirasın qəbulundan qanunla müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq, bu müddətin keçməsinin üzürlü hesab edilərək vərəsəliyin verilməsinin yalnız məhkəmənin səlahiyyətinə aid olmasına baxmayaraq, 18 saylı notariat ofisində bu problem həll edilmişdir. Mənzilin alqı-satqısı isə Bakı şəhəri 53 saylı notariat ofisində həyata keçirilmişdir. Belə ki, 6 avqust 2018-ci il tarixdə notarius Səma Əfəndiyeva mülkiyyətçinin müraciəti, yəni ərizəsi olmadan elektron informasiya sisteminə girərək alqı-satqı həyata keçiriləcək mənzil barədə, yəni onun yüklü olub-olmaması haqqında məlumatlar toplamış, mənzilin satılması üçün razılaşdırılmış 174.000 AZN pul məbləğinin 53 saylı notariat ofisinin depozit hesabına keçirilməsi üçün “MuğanBank”ın müvafiq filialına rəsmi müraciət edilmiş və həmin pul məbləği hesaba keçirilmişdir. Lakin alqı-satqı müqaviləsi 7 avqust 2018-ci ildə bağlanmışdır. Mülkiyyətçinin razılığı olmadan müqavilə bağlanmasından bir gün əvvəl pul əməliyyatının və digər hərəkətlərin edilməsi qabaqcadan düşünülmüş planın nəticəsi kimi qiymətləndirilməlidir. Bütün bu əməliyyatlardan xəbəri olmamışdır. Halbuki, etibarnamə versə də (mənasını dərk etmədən), onun iştirakı tələb olunmamışdır. Alqı-satqı nəticəsində əldə edilmiş 174.000 AZN pul məbləğini görməmişdir və həmin pul Cavabdeh2 etiraf etdiyi kimi onda olmuşdur. İddiaçıya məxsus mənzilin və içərisində olan qiymətli əmlakın satılması xəbərini İçərişəhərdən tanıdığı polis sahə inspektorundan eşitmişdir. Bildirir ki, o, Cavabdeh2 etibarnamələri mənzil satmaq niyyəti ilə yox, ona inanaraq hər hansı sənədləşmə aparılması üçün vermişdir. O, isə qabağcadan əlbir olduğu bir qrup şəxslə qısa zaman ərzində xüsusi mülkiyyətində olan mənzili satmışdır. Nəticədə o, küçələrdə qalır. Hazırda sərxoşluq kimi pis vərdişlərdən uzaqdır, sağlamlığı bərpa olunmuş və aldadıldığını dərk etmişdir.

4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3496/2022 saylı qətnaməsi ilə (hakim F.Əyyubov) iddia rədd edilmişdir.

5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, müqavilənin şərtləri qanunvericiliyin tələblərinə müvafiq olaraq müəyyən edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda da müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verməmiş və Cavabdeh2 və X2 əməlində cinayət tərkibi olmamışdır.

6. Məhkəmə hesab etmişdir ki, müqavilənin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən, iddiaçı tərəfindən iddia tələbinin əsaslandığı hallar sübuta yetirilə bilmədiyindən, həmçinin mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi rədd edilməlidir.

7. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının tələbi əsaslı olsa belə, Mülki Məcəllədə əqdlərin etibarsızlığı üçün müəyyən edilmiş 1 illik müddət iddiaçı tərəfindən ötürülmüşdür.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 337, 354.2, 390.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3496/2022 saylı qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işə baxarkən Mülki Məcəllənin əqdin etibarsızlığı ilə müəyyən edilmiş 1 illik müddətin ötürüldüyü ilə əsaslandırsa da, məhkəmənin gəldiyi bu nəticə tamamilə yanlışdır. Belə ki, hazırkı mübahisə əqdin etibarsızlığı deyil, daşınmaz əmlak olan evin mübahisəsidir. Daşınmaz əmlak üzrə isə mübahisə müddəti 6 il nəzərdə tutulmuşdur. Belə ki, MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Onun mülkiyyətində olan mənzilə dair alqı-satqı müqaviləsi 2018-ci il tarixdə bağlanmaqla iddia müddəti ötürülməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.

13. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Nümayəndə və Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

18.Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

23. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.

24. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

25. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

26. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

27. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

31. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

32. Mülki Məcəllə nəzərdə tutur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (359.1).

33. Göründüyü kimi, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Əksinə, qanunun imperativ tələbindən göründüyü kimi təmsilçinin etibarnaməyə əsaslanan səlahiyyətə görə təmsil edilən adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunla müəyyən edilmiş qaydada təmsilçiyə etibarnamə vermiş şəxs bağlanmış müqavilənin onun iradə ifadəsini əks etdirmədiyini o halda mübahisələndirə bilər ki, etibarnamə qanunsuz olsun və ya təmsilçi etibarnamə ilə ona həvalə edilmiş səlahiyyətlərdən kənara çıxsın.

34. Sadalanan əsasların mövcudluğunu, eləcə də təmsilçinin digər tərəflə pis niyyətlə razılığa gəldiyini iddia etdiyi halda etibar edən bununla bağlı zəruri sübutları məhkəməyə təqdim etməlidir.

35. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Prosessual qanunvericiliyin bu normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur.

36. İşdən müəyyən olunur ki, iddiaçı Cavabdeh2 onun adından müəyyən hərəkətləri etmək, həmçinin ona məxsus daşınmaz əmlakla bağlı sərəncam vermək barədə xx.xx.2018-ci il tarixdə xx.xx.2018-ci il tarixədək qüvvədə olan etibarnamə vermiş, Cavabdeh2 da həmin etibarnamə əsasında iddiaçıya məxsus əmlakı alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh1 satmışdır.

37. Əmlak satılarkən etibarnamə qüvvədə olmuş, alqı-satqı müaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, müqavilənin şərtləri qanunvericiliyin tələblərinə müvafiq olaraq müəyyən edilmişdir. Alqı-satqının hər hansı təzyiq, aldatma və s. nəticəsində bağlanması məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır.

38. Qanunvericilikdə əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır.

39. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

40. Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarları üzrə ifadə edilmiş hüquqi mövqelərə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və həqiqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.

41. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

42. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.

43. Kollegiya qanunun mənasından çıxış edərək və yuxarıda ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının Cavabdeh2 mübahisəli mənzili satmaq üçün etibarnamə vermək niyyətinin olmaması iş materialları ilə öz təsdiqini tapmamışdır.

44. Bundan əlavə, iddiaçı iddia ərizəsində maddi baxımdan çox ehtiyacı olduğundan və səfil həyat tərzi keçirdiyindən Əvəz Muradovun sözlərinə inandığını və etibarnamə verdiyini bildirmişdir. Kollegiya onu da qeyd edir ki, iddiaçı Əvəz Muradova müəyyən hərəkətləri etmək, həmçinin ona məxsus daşınmaz əmlakla bağlı sərəncam vermək barədə etibarnamə verməklə bu etibarın riskini daşımışdır. İddiaçı təmsilçinin digər tərəflə pis niyyətlə razılığa gəldiyini iddia etdiyi halda bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

45. Digər tərəfdən, etibarnamə üzrə verilən səlahiyyətlər etibar edilənə qanunla icazə verilən bütün əqdləri bağlamaq hüququ verdiyindən iddiaçının etibar edilənin (təmsil edənin) bağladığı həmin əqdləri onların bağlandığı gündən mübahisələndirmək hüququ olmuşdur. Lakin o, bu hüququndan vaxtında istifadə etməyərək, 06 avqust 2018-ci ildə bağlanmış müqavilələrin etibarsızlığı barədə 07 iyun 2022-ci il tarixdə iddia qaldırmışdır. Halbuki, etibarsızlıqla bağlı mübahisələndirmə (kəsici) müddəti Mülki Məcəllənin 354.2-ci maddəsində bir il nəzərdə tutulmuşdur.

46. Məhkəmə kollegiyası qeyd edir ki, əslində Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik müddət iddia müddəti yox, əqdi mübahisələndirmək hüququ verən “kəsici” müddətdir və bu müddətin tətbiq olunması üçün ərizə verilməsinə ehtiyac yoxdur.

47. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı mübahisə açmaq üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddəti buraxmışdır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqların müdafiəsi üçün qanunvericilik müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. Bunun mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.

49. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia müddətinin, o cümlədən, “kəsici” müddətin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, bu, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

50. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, hazırkı mübahisə daşınmaz əmlaka dair bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığı ilə bağlı olduğundan qanunla əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün müəyyən edilmiş 1 illik müddət nəzərə alınmalıdır.

51. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(004)-3496/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar