Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1195/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5151/2022 nömrəli iş üzrə 14 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasının mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
1. "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə LG markalı soyducu üçün 896 manat ödənilməmiş hissə, 89 manat cərimə borcu, ümumilikdə 985 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Qətnamə ilə razılaşmayan cavabdeh ondan şikayət verərək, ləğv edilib, rədd edilməsini, eyni zamanda qətnamədən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır; Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
5. İşdən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi cavabdehə xx.xx.2022-ci il tarixdə müşayiət məktubuna imza etdirməklə çatdırılmış, sonuncunun hazırkı apellyasiya şikayəti isə elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə göndərilmiş, cavabdeh həmin şikayətlə eyni zamanda şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
6. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən imperativ göstərişlərini diqqətə almamış, cavabdehin buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə münasibət bildirmədən şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
7. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət cavabdehin buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə münasibət bildirilmədən göndərildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
8. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5151/2022 nömrəli iş üzrə 14 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev