Məhkəmə qərarları › İş №2(103)-1197/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1197/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1197/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcunun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı 2(003)-3253/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 4999,3 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 5029,3 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "Azəriqaz" İB-nin Bakı X1 Departamentində qeydiyyatda olmaqla xx.xx.2017-ci il tarixli T/16Ş28 nömrəli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana "Azəriqaz" İB-nin Bakı X1 Departamenti tərəfindən **********900101 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1302AQ**********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh məxsus fərdi yaşayış evində təbii qazdan stifadə edilmiş 4932,70 manat əvvəlki borcu 3E proqramına keçirilmişdir. 3E proqramı: istehlakçının mənzilində smartkart tipli qaz sayğacı quraşdırıldıqdan sonra xüsusi kart vasitəsi ilə istehlakçı öncədən ödənişlər aparır və təbii qazdan fasiləsiz istifadə edir. Əgər smartkart sayğacdan əvvələ quraşdırılmış mexaniki qaz sayğacından istifadə nəticəsində debitor borc qalırsa həmin borc məbləği xüsusi karta keçirilir və hər dəfə karta pul məbləği yüklənərkən 30% debitor borca (borc qurtaranadək) 70% təbii qazdan istifadə üçün yüklənir. Cavabdeh sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Təbii qazdan qeyri-qanuni istifadə halı ilə bağlı olaraq, "Azəriqaz" İB-nin nümayəndələri tərəfindən bir neçə dəfə akt tərtib edilmişdir. Belə ki, Cavabdeh xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 172 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 62,20 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 217,70 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 365,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 346,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 331,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 244,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 108 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 56,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 69,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 135 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 136 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 733 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 322,4 manat cəmi 3199,8 manat iddiaçıya ziyan vurulmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1799,5 manat borcun və 15 manat məbləğində dövlət rüsumunun, cəmi 1814,5 manatın tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Aktlar və cavabdehin ünvanında çəkilən fotoşəkillər cavabdehin təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Qanunvericiliyin tələblərinə zidd şəkildə qaz sayğacına kənar qoşulma hallarının təsdiq olunması üçün müvafiq ünvamnda ekspertiza həyata keçirilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər tərəf iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının hədlərini iddianın təmin edilməyən hissəsində məhkəmə qətnaməsinin qanuni və əsasılığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, zərərin hesablanması əsas olmuş akt tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddia ərizəsində tələb edilən 4999,3 manat borcdan vurulmuş ziyana görə hesablanmış 3199,8 manat çıxılmaqla arada olan fərq cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı cavabdehdən qazdan istifadə ilə bağlı 1799,5 manat pul məbləğinin tutulması hissəsində düzgün hüquqi nəticəyə gəlmişdir, birinci instansiya məhkəməsinin mövqeyi haqlıdır. Belə ki, iş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyinin Bakı X1 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2017-ci il tarixli T/16528 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının istehlakçının yaşadığı ünvanı qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00101 sayla qeydiyyata alınmış abonent koduna 1287,8 manat borc hesablanmışdır. İddiaçı iddia tələbində xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 172 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 62,20 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 217,70 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 365,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 346,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 331,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 244,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 108 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 56,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 69,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 135 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 136 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 733 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 322,4 manat cəmi 3199,8 manat borcun yarandığına istinad edir. Lakin aktlarda cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmişdir, beləliklə də, həmin aktlar üzrə yaranmış borca görə iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin “Qaydaları”ın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsində tələb edilən 4999,3 manat borcdan vurulmuş ziyana görə hesablanmış 3199,8 manat çıxılmaqla arada olan fərqin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə nəticəyə gələrkən haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə məhkəmə-mühəndis ekspertizası təyin edilsə də, iş üzrə ekspertizanın aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(003)- 3253/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar