Məhkəmə qərarları › İş №2(103)-1199/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1199/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1199/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prossesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Ləğv prossesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prossesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-343/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2018-ci il tarixdə Ləğv prossesində olan İddiaçı2 ASC ilə cavabdeh arasında Lİ-11-292560/18 saylı X6i müqaviləsi (bundan sonra – Lizinq müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə və müqavilənin 1 saylı Əlavəsinə əsasən iddiaçı mülkiyyətində olan “X8 Long E.D” markalı avtomobili (bundan sonra - Avtomobil) illik 24 % olmaqla, aylıq 4840,44 (sonuncu ay üzrə 4822,98 manat) manat ödəmək şərti ilə, 15 850 manat ilkin ödəniş olmaqla, 24 ay müddətinə cavabdehə lizinqə verilmişdir. Lizinq müqaviləsinin ümumi qiyməti 91 500 manat, lizinq predmeti olan Avtomobilin dəyəri isə 250000 manat müəyyən edilmişdir. Lizinq müqaviləsinə görə cavabdeh tərəfindən 158500 manat miqdarında ilkin ödəniş (avans) iddiaçının xeyrinə ödənilmişdir. 2.Avtomobil xx.xx.2018-ci il tarixdə Ləğv prossesində olan İddiaçı2 ASC tərəfindən cavabdehə təhvil verilmişdir. Lizinq müqaviləsi üzrə ödənişlər cavabdeh tərəfindən qismən ödənilmişdir. 3.Avtomobil iddiaçı tərəfindən geri alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Ləğv prossesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı “Amrahbank" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli, Ll-11-292560/18 nömrəli X6 Müqaviləsinə xitam verilməsi, cəmi 79557.89 manat - bundan 47279.10 manat əsas, 58384.30 manat faiz, 283.44 manat cərimə borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, cavabdehin sahiblik və istifadəsinə verilmiş “X8 Long E.D" minik markalı (tip sedan. Ban SCA1L680İ7UX18038. rəngi qızılı fil sümüyü, buraxılış ili 2008-ci il) olan avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan “Amrahbank" ASC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 45384.30 manat əsas, 29759.86 manat faiz, 144,12 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1020.60 manat faiz borcu olmaqla, cəmi 76308,88 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ləğv prosesində olan İddiaçı2 ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "Amrahbank” ASC ilə cavabdeh arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli, Lİ-ll-292560/18 nömrəli X6 Müqaviləsi bağlanaraq "xxxx" ASC Lizinq alanın sifariş etdiyi və həmin Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni Avtomobili (tip sedan. Ban SCA1L68017UX18038. rəngi qızılı fil sümüyü, buraxılış ili 2008-ci il) öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. "Amrahbank” ASC ilə X2 arasında bağlanmış 23 noyabr 2018-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" ASC Avtomobili cavabdehə lizinqə verilməsi məqsədilə 250000 manata əldə elmişdir. Lizinq müqaviləsinin ümumi məbləği 91 500 manat, o cümlədən lizinq obyektinin qiyməti 250 000 manat təşkil etmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Lizinq alana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ardıcıl olaraq 2 dəfədən artıqdır ki, lizinq ödənişlərini etməmişdir. Lizinq alan sonuncu dəfə xx.xx.2022-ci il tarixində 13000 manat ödəniş etmişdir.

7. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-343/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı2 ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış Lİ-11-292560/18 saylı "X6i” müqaviləsinə görə 43 488,89 manat əsas, 8016,21 manat faiz, 144,12 manat dəbbə pulu, 978,48 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 52 627,70 manat məbləğində pul və 20,70 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq Ləğv prossesində olan İddiaçı2 ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 9,30 manat hissəsi iddiaçıya aid edilməsi, ekspert xərcinin 138 manat hissəsi Cavabdeh, 62 manat hissəsi isə Ləğv prossesində olan İddiaçı2 ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin mübahisəsiz halıdır ki, lizinq predmeti olan Avtomobil cavabdehə təhvil verilmiş, cavabdeh isə heç bir pretenziya olmadan Avtomobili qəbul etmişdir. Bununla da iddiaçı öhdəliyini yerinə yetirmişdir. Lakin, cavabdeh Avtomobilə görə lizinq ödənişlərini qrafikə uyğun olaraq tam ödəməməklə öhdəliyini pozmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsi əsasında cavabdeh lizinq predmeti olan Avtomobildən istifadə edərək müqavilədə nəzərdə tutulmuş dövriliklə və müddətə lizinq ödənişini (muzdu) ödəməklə bağlı öhdəlik götürmüş, lakin Avtomobili istifadə etməklə bağlı hüququndan istifadə etmiş, muzdu ödəməklə bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.2-ci bəndində də nəzərdə tutulmuşdur ki, lizinq alan lizinq obyektindən istifadə edibetməməsindən asılı olmayaraq, lizinq ödənişləri qrafikində göstərilmiş müvafiq tarixdə lizinq ödənişlərini həyata keçirməlidir. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.7, 462.1, 747.1, 748-10.1, 748-10.2, 748-10.4, 748-10.6, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 103.1, 119.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı Ləğv prossesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-343/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin əsas və faiz borcunun təmin edilməyən hissəsində ləğv edilməsini və LPO “AmrahBank" ASC-nin iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Lizinq predmeti olan “Rolls Royce” markalı, ** JE *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixində ləğvediciyə təhvil verilmişdir ki, bu da lizinq mükafatının hesablanması baxımından təkrar mühasibatlıq ekspertizası təyin olunmasını şərtləndirir. Həmçinin, ekspert qarşısında sözügedən avtomobilin cavabdehin istifadəsində olduğu müddətdən banka təhvil verildiyi tarixə qədər lizinq mükafatının nə qədər təşkil etməsi barədə sual qoyulmalıdır. Göründüyü kimi, ekspert rəyində olan qeyrimüəyyənliyin aradan qaldırılması üçün məhkəmə mütləq şəkildə təkrar və əlavə məhkəmə ekspertizası təyin etməli idi.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

13. İddiaçı Ləğv prossesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirir ki, onlar birinci instansiyası zamanı keçirilən ekspertiza ilə razı deyil. Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2023-cü il tarixli ekspert rəyi ilə də razı deyil. Ödəniş cədvəlindəki faiz borcunu ekspert əsas götürmüşdür. Ümumi müqavilə üzrə cəmi ödənilməli olan məbləğ 24.653,10 manatdır. Ekspertiza bu məbləğ üzərində aparılmışdır. Ekspert nəzərə almamışdır ki, sonuncu ödəniş 28 dekabr 2019-cu il də olmuşdur. Daha sonra ödəniş xx.xx.2022-ci il tarixində olmuşdur. Bu müddət ərzində heç bir ödəniş aparılmamışdır, nəticədə faiz borcu artmışdır. Ekspert nəzərə almamışdır ki,ödənilən məbləğ əsas borcundan silinmişdir, faiz borcundan silinməmişdir. Hazırkı ekspert rəyində görünür ki, 56.488,89 manat xx.xx.2021-ci il tarixdə olmuşdur. Daha sonra müəyyən silinmələr aparılmaqla 24.653,10 manat olmuşdur. Faktiki olaraq uyğunsuzluq mövcüddur. Ekspert rəyində əsas borcu 51.505,10 manat göstərilmişdir. Ekspert 24.653,10 manat məbləği əsas götürmüşdür. Bu da düzgün deyil.

14. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, o iddiaçıya 14 min manat ödəyib, amma ona 13 min manat ödənişə görə çek veriblər. Maşın cərimə meydançasında olduğuna görə 1000 manat da ondan əlavə pul aldılar. Bu hal bir neçə dəfə təkrarlanıb. Sonuncu dəfə 16 min manat pul ödəyib. Maşını özü şəxsən 100 min dollara alıb. Bank bununla bağlı iddia qaldırmışdır. Onlar daha sonra iddiaçı ilə razılaşmışdılar ki, 16 min manat iddiaçıya ödəyəcək, qalanın da aybaay ödəyəcək. Ona 16 min manat ödəyib, 15 min manat ödənişə görə çek verdilər. O ödənişləri edirdi, daha sonra öyrəndi ki, onu məhkəməyə veriblər, ona dedilər ki, pulu ödə, sonra danışıb həll edəcəklər. Maşın şənliklərə, toylara istifadə edilirdi, icarəyə verilirdi. Pandemiya dövründə vəziyyət pisləşdiyi üçün ödənişi edə bilməyib.

Tətbiq edilən hüquq normaları:

15. Mülki Məcəllə Maddə 385.1 Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 747.1 Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Maddə 748-10.6. Lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür.

16. Mülki Prossesual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 103.1 Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin əsas və faiz borcunun təmin edilməyən hissəsində ləğv edilməsinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnamənin əsaslılığını mübahisələndirilən hissədə, yəni əsas və faiz borcunun təmin edilməyən hissəsində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. İşə baxan birinci instansiya məhkəməsi əsas və faiz borcunun tutulması hissəsində müvqeyini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə 13 000 manat məbləğində ödəniş etmişdir. İşin bu halı həm iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə, həm də iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə də öz təsdiqini tapmışdır. İddiaçının nümayəndəsi isə məhkəmə iclasında bildirmişdir ki, cavabdehin ödədiyi həmin ödəniş əsas lizinq ödənişi hesabına silinmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin 13 000 manat məbləğində ödənişi ekspert rəyi il müəyyən edilmiş əsas borcdan çıxılmaqla (56 488,89 – 13 000 = 43 488,89), ödənilməli olan əsas borc 43 488,89 manat, faiz borcu isə 8016,21 manat müəyyən edilməlidir.

22. Apellyasiya baxışında lizinq müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi üçün əlavə ekspertiza təyin edilmişdir. 25 aprel 2023-cü il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən xx.xx.2018-ci il tarixli X6 müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2021-ci il tarixədə İddiaçı2 ASC-ə olan əsas borcu 56.488,89 manat və mükafat borcu 8.016,21 manat, xx.xx.2022-ci il tarixə əsas borcu 51.505,10 manat və mükafat borcu 0-dır.

23. İddiaçının apellyasiya şikayətində tələbi əsas və faiz borcunun təmin edilməyən hissəsində qətnamənin ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməsidir. İlk növbədə qeyd olunmalıdır ki, iddia tələbində iddiaçı 45384,30 manat əsas və 29759,86 manat faiz borcu tələb etmişdir. Birinci instansiya məhkəməsi daxili lizinq müqaviləsinə görə 43.488,89 manat əsas və 8.016,21 manat faiz borcu, cəmi 51.505,10 manat pulun tutulmasını qət etmişdir. Ekspert rəyinə əsasən də xx.xx.2022-ci il tarixə əsas borcu 51.505,10 manat və mükafat borcu 0-dır. Göründüyü kimi məhkəmə qətnaməsinə əsasən tutulan əsas və faiz borcunun cəmi, habelə sonuncu ekspert rəyinə əsasən borc 51.505,10 manat təşkil edir.

24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, iddiaçının xahişi əsas və faiz borcunun təmin edilməyən hissəsində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsidir, qətnamə ilə təmin edilən əsas və faiz borcunun, habelə sonuncu ekspert rəyinə əsasən borc 51.505,10 manat olduğundan apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

26. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı Ləğv prossesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-343/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat iddiaçı Ləğv prossesində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar