Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11999/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3909/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 21 may 2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı Notariat kontorunda 3M-451 reyestr nömrəsi ilə qeydiyyata alınmış müəssisədəki payın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3909/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti və eyni zamanda prosessual müddətin bərpasına dair ərizə verərək, buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3909/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı tərəfindən qərardaddan verilmiş şikayət Məhkəmənin 23 noyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və şikayətə yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya qeyd edir ki, iddiaçının müddətin bərpasına dair ərizəsini təmin etməyən rayon məhkəməsi göstərmişdir ki, qətnamə İddiaçı 14.07.2021-ci il tarixdə imza edilməklə rəsmi təqdim edilmişdir. İddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçı qərardaddan verdiyi şikayətində göstərmişdir ki, həmin qətnamənin alınması barədə xəbərnamədəki (i/v 34) imza ona məxsus deyil, bunun yoxlanması üçün məhkəmə- xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Rayon məhkəməsi isə iddiaçının şikayətində qeyd etdiyi həmin dəlili yoxlamamışdır. Kollegiya hesab edir ki, rayon məhkəməsi tərəfindən iddiaçının şikayətində qeyd edilən dəlillərin yoxlanması üçün qərardad ləğv edilməli, tərəflərin iştirakı ilə həmin məsələrin araşdırılması üşün iş materialları rayon məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iddiaçının müddətin bərpasına dair ərizəyə yenidən tərəflərin iştirakı ilə baxılması üçün mülki iş Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3909/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və prosessual müddətin bərpasına dair ərizəyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün mülki iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-11999/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11999/2021
15.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver