Məhkəmə qərarları › İş №2(103)-1201/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1201/2023

06.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1201/2023 06.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “inşa edilmiş qanunsuz tikilinin sökülməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 dekabr 2022-ci il tarixli qərardaddan iddiaçı Xidmətin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Xidmət cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.Kazımovski 201-211 (20 Yanvar küçəsi, 39) (39T 399659.62 4475009.24 saylı koordinatlar) ünvanında təxminən 40 kv.m dövlət mülkiyyətində olan torpaq sahəsində, 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki cavabdehin mülkiyyətində olan mənzilin qarşısında inşa edilmiş qanunsuz tikilinin sökülməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Xidmətin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində müəyyən edilmişdir ki, cavabdeh, iddia ərizəsində qeyd edilən ünvanında təxminən 40 kv.metr dövlət mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq tikinti quraşdırma işləri aparmış, həmin ünvanda 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, mülkiyyətində olan mənzilin qarşısında qanunsuz tikili inşa etdirmişdir. Həmin tikili qanunsuz olduğu üçün cavabdehin hesabına sökülməli və sahənin əvvəlki vəziyyəti bərpa edilməlidir. İddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla hazırki mülki iş üzrə icraata xitam verilməsini qərara almışdır. Rayon Məhkəməsi həmin qərardadla iddiaçı Xidmətə izah etmişdir ki, o, cavabdehlə onun arasında yaranmış mübahisəni həll etmək məqsədilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı Xidmətin həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayəti, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayəti və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsini qaytarılması barədə nəticəyə gəlmiş Rayon Məhkəməsi mövqeyini “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li qərarının 10-cu bəndi ilə əsaslandırmışdır. Belə ki, həmin bəndə əsasən ayrıayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə istinadla qaldırılmış iddia üzrə isə məhkəmə cavabdehə məxsus tikinti obyektinin sökülməsinə dair qərar verə bilər. Rayon Məhkəməsi hesab etmişdir ki, iddia ərizəsində irəli sürülən tələb inzibati orqanın səlahiyyəti ilə bağlı olduğu üçün, həmin tələbə mülki mühakimə icraatı qaydasında baxıla bilməz, həmin məsələyə inzibati mühakimə icraatı qaydasında Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə qeyd edilən həmin mövqe ilə razılaşmır. Çünki iddiaçı Xidməti ilə cavabdeh arasında yaranmış mübahisə inzibati hüquq münasibətlərindən deyil, mülki hüquq münasibətlərindən yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4-cü maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1.). Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır (maddə 4.2.). Belə olan halda müəyyən edilir ki, Rayon Məhkəməsi göstərilən əsasla iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 dekabr 2022-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “inşa edilmiş qanunsuz tikilinin sökülməsi və sair tələbi barədə” iddiasına baxılması üçün iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar