Məhkəmə qərarları › İş №2(103)-12018/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12018/2021

14.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12018/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(001)-8742/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən Xırdalan şəhəri R.Axundov küçəsi, 39 ünvanında inşa edilən binanın 1-ci giriş, 6-cı mərtəbəsində yerləşən sahəsi 119,50 kv.metr olan 3 otaqlı 32 saylı və 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən sahəsi 124,91 kv.metr olan 3 otaqlı 95 saylı mənzillərə dair İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2008-ci il tarixli müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, həmin mənzillərə dair cavabdehin yanlış məlumatı əsasında onunla müqavilələr bağlanmış, həmin mənzillərin dəyərinin guya tam ödənilməsinə dair kassa mədaxil orderləri və maliyyə arayışları verilmiş, həmçinin həmin sənədlərə imza edilib möhür vurulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(001)- 8742/2021 saylı qərardadına əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Qərardad onunla əsalandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(012)-498/2021 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh və qeyrilərinin İddiaçı MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsinə dair iddiası təmin edilmiş, İddiaçı MMC tərəfindən Xırdalan şəhəri R.Axundov küçəsi, 39 ünvanında inşa edilən binanın 1-ci giriş, 6-cı mərtəbəsində yerləşən sahəsi 119,50 kv.metr olan 3 otaqlı 32 saylı və 2-ci giriş, 5-ci mərtəbəsində yerləşən sahəsi 124,91 kv.metr olan 3 otaqlı 95 saylı mənzillərin Cavabdeh təhvil verilməsi öhdəliyinin icra edilməsinin İddiaçı MMC-nin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Beləliklə, mübahisələndirilən müqavilələrin etibarlılığı əvvəlki işdə yoxlandığından, hazırkı iş üzrə müqavilələrin etibarlılığının yenidən yoxlanılması qəbul ediləcək məhkəmə aktları əsasında ziddiyyət yarada biləcəyi ilə yanaşı, hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə mübahisələndirilən müqavilələrin etibarlılığı bundan əvvəl məhkəmə araşdırmasının predmeti olmamış və həmin müqavilələrin etibarlı və ya etibarsız olması barədə hər hansı məhkəmə aktı qəbul olunmamışdır. Buna görə də iddia ərizəsi icraata qəbul olunub mahiyyəti üzrə baxılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2(001)- 8742/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, iş materialarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(012)-498/2021 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh və qeyrilərinin cavabdeh İddiaçınə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair iddiası təmin edilmiş, Xırdalan şəhəri R.Axundov küçəsi, 39 ünvanında inşa edilən binanın (1-ci bina) 6-cı mərtəbəsində yerləşən sahəsi 119,50 kv.metr olan 3 otaqlı 32 saylı mənzilin və (2-ci bina) 5-ci mərtəbəsində yerləşən sahəsi 124,91 kv.metr olan 3 otaqlı 95 saylı mənzilin Cavabdeh təhvil verilməsi öhdəliyinin icra edilməsinin İddiaçı üzərinə qoyulması qət edilmişdir. “Azemis” Elektron informasiya sistemindən sorğulanmış məlumatlardan görünür ki, qeyd olunan mülki iş hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır və iş üzrə icraat dayandırılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Hazırkı iddia üzrə İddiaçı MMC Cavabdeh ilə aralarında bağlanmış müqavilələrin etibarlılığını mübahisələndirir, Abşeron Rayon Məhkəməsində baxılmış və hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan digər mülki iş üzrə isə iddiaçı Cavabdeh İddiaçı MMC ilə bağladığı və etibarlı hesab etdiyi müqavilələrə əsasən əldə etdiyi mənzillərin ona təhvil verilməsini tələb edir. İddia tələblərinin mahiyyətindən görünür ki, mübahisə eyni tərəflər arasında, eyni predmet barəsindədir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar Cavabdeh və qeyrilərinin cavabdeh İddiaçınə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə müqavilələrin və maliyyə arayışlarının etibarsızlığını İddiaçı MMC həmin işdə apellyasiya şikayətinin dəlili kimi irəli sürüb qətnaməni mübahisələndirə bilər və bunun üçün ayrıca iddia qaldırmağa zərurət yoxdur. Digər tərəfdən, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin və maliyyə arayışlarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina etməklə hakim düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri əsassız olmaqla qanuni və əsaslı qərardadın ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(001)- 8742/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar