Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1204/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Teymur Aydınovun iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 Firudin qızı, X1 və X2 qarşı “mənzilin boşaldılması və mənzildən istifadə hüququna xitam verilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehlər Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev № 21-də yerləşən 15 №-li mənzildən (bundan sonra – mənzil) çıxarılsınlar, mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin və cavabdehlərin mənzildən istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, cavabdehlər mənzildən çıxarılsın, mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin, cavabdehlərin mənzilə olan istifadə hüquqları itirilmiş hesab olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Teymur Aydınov apellyasiya şikayayətinin əsassız olduğunu bildirdi. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya şikayəti əsassızdır. Belə ki, mənzil əvvəlcə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olub, kreditin qaytarılmasının təminatı kimi bankın (hazırkı işdə iddiaçının) xeyrinə ipoteka ilə yüklü edilib. Kredit vaxtında qaytarımadığına görə məhkəmə qətnaməsinə əsasən mənzilə tutma yönəlilib, iddiaçı mənzili hərracda alıb, mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. Mənzil hazırda iddiaçının mülkiyyətindədir. Mənzil “ipoteka predmeti”, iddiaçı “ipoteka saxlayan”, cavabdehlər isə “ipoteka qoyan və onun ailə üzvləri” olduğundan, hazırkı iddia ipoteka münasibətlərinə əsaslandığından cavabdehlərin mənzildən çıxarılmalı olub-olmadığı haqqında məsələ “İpoteka haqqında” Qanunun müddəalarına uyğun həll edilməlidir. Həmin Qanunun 59.3cü maddəsinə görə ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər (59.3.1 və 59.3.2-ci maddələrdə göstərilmiş şərtlərin olması halında). Göstərilən müddəanın tələbləri baxımından cavabdehlərin mənzili tərk etmək vəzifəsi yaranmışdır, çünki mənzil ipoteka predmetinə tutma yönəldilməsi proseduru daxilində iddiaçının mülkiyyətinə keçmişdir və bundan 1 aydan çox vaxt keçmişdir. Ona görə də iddia əsaslıdır. Bundan başqa, mənzil üzərində iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Reyestrin mövcud məzmununa görə iddiaçı mənzilin mülkiyyətçisidir. Cavabdehlərin isə mənzilə istifadə hüquqları xitam olunduğundan onlar iddiaçının mənzilinə qanunsuz sahiblik edirlər. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də iddia əsaslıdır. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1204/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1204/2021
05.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver