Məhkəmə qərarları › İş №2(103)-1206/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1206/2020

23.01.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1206/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nümayəndələrinin evində qeyri qanuni, yəni kənar xəttin olmasını bəhanə edərək cərimə yazdıqlarını, halbuki evində heç bir kənar xəttin olmadığını, sübut kimi ona göstərilən şəkillərin onun evinə aid olmadığını, Cavabdeh İB-nin ondan 2146,05 manat pulun ödənilməsini tələb etdiyini bildirmiş, buna görə də həmin cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi və maddi hüquq normalarının tələblərini pozduğu, iddiaçının kənar qaz xəttindən istifafdə etdiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, iddiaçı isə şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan halına görə, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən fərdi yaşayış evində yaşayan iddiaçı Cavabdeh abonentidir; Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib olunmuş ******* saylı, xx.xx.2017-ci il tarixdə tərtib olunmuş ******* saylı, xx.xx.2018-ci il tarixdə tərtib olunmuş ******* saylı, xx.xx.2018-ci il tarixdə tərtib olunmuş ******* saylı aktlarda aktda həmin evdə sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə edildiyi qeyd olunaraq aktlar əsasında iddiaçıya ümumilikdə 2193,5 manat borc (zərər) hesablanmışdır. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini əsaslandırdığı hallara qiymət vermək üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən fərdi yaşayış evinə baxış keçirmiş, yerində müayinə zamanı təbii qazdan sayğacdan kənar istifadə edilməsi halı müəyyən olunmamış, sözügedən aktlara Cavabdeh İB-i tərəfindən qanunsuz qoşulma halların aşkar olunduğunun təsdiq edilməsi məqsədilə əlavə olunmuş fotoşəkillərdə əks olunan tikilinin və giriş-çıxış qapısının isə iddiaçının yaşıdığı ünvana aid olmadığı aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi şahid - Cavabdeh İB-nin əməkdaşı X1 da ifadəsində bildirmişdir ki, iddiaçının evində təbii qazdan sayğacdan kənar istifadə edilməsinə dair tərtib edilmiş aktlarda onun imzasının olmasına baxmayaraq, həmin aktlara əlavə edilmiş fotoşəkillər iddiaçının yaşadığı evə aid deyildir. “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə Cavabdeh İB iddiaçının evində kənar xəttdən istifadə edildiyini təsdiq edən və buna görə də, aktların tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Həmin aktlar iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunmuş, onlarda göstərilən hal isə sübuta yetirilməmişdir; buna görə də sözügedən aktlar mötəbər sayıla və onlara əsasən hesablanmış cərimə məbləğləri qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından cavabdeh bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3156/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar