Məhkəmə qərarları › İş №2(103)-12076/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12076/2021

22.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12076/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçı MMC-nın Cavabdeh qarşı “müqavilələrin, kassa mədaxil orderlərinin və maliyyə arayışlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(001)-8573/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilələrin, kassa mədaxil orderlərinin və maliyyə arayışlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Cavabdeh və digərlərinin cavabdeh İddiaçı MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair iddiaçı üzrə Abşeron rayon məhkəməsinin 17.02.2021-ci il tarixli qətnaməsi mövcuddur və həmin qətnamə ilə Cavabdeh iddia tələbi təmin edilərək İddiaçı MMC ilə bağlandığı müqavilələrə əsasən 50, 55, 56, 57, 58, 60, 69, 73 saylı mənzillərinin Cavabdeh verilməsi öhdəliyi cavabdeh İddiaçı MMC-yə həvalə olunmuşdur. Qeyd edilən məhkəmə qətnaməsi ilə hazırkı iddiada etibarsızlığı mübahisələndirilən əqdlərin etibarlılığı yoxlanılmış və bu əqdlərdən irəli gələn öhdəliklərin MMC tərəfindən icra edilməsi vəzifəsi onun üzərinə qoyulmuşdur. Məhkəmə qərarını Azərbaycan Respublikası MPM-nin 153.2.4-cü maddəsinə istinad edilməklə əsaslandırmışdır. Həmin qərardaddan İddiaçı MMC tərəfindən verilmiş şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı icraata qəbul edib müqavilələrin etibarsız hesab edilməsinə dair ərizə üzrə tərəflərin iştirakı ilə araşdırma aparmalı olduğu halda, araşdırma aparmadan, müqavilələrin etibarsız olubolmadığını müəyyən etmədən və bundan sonra iddianı rədd etmək əvəzinə iddia ərizəsinin qəbulundan qanunsuz imtina etmişdir. Hazırki iddianın tərəflərindən biri İddiaçı MMC, digəri fiziki şəxs Cavabdeh olmasına və iddianın predmetinin mübahisəli mənzillər olmasına, Abşeron rayon məhkəməsi tərəfindən çıxarılmış hazırda qanuni qüvvəyə minməmiş qətnamədə iddianın əsasını mənzillərin təhvil verilməsi öhdəliyi təşkil etsə də, Binəqədi rayon məhkəməsinə verilmiş iddianın əsasını mübahisələndirilən müqavilələrin bağlanması zamanı qəsdən verilmiş yanlış məlumat əsasında bağlanmış müqavilələrin etibarsızlığıdır. Yəni, fərqli əsaslar olmuşdur. Göründüyü kimi, hüquqi müəyyənlik prinsipi və şəxslərin ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməlidir. Məhkəmə mübahisəyə işdə iştirak edən şəxslər çağırıb dindiriimədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli və öz qərarını yazılı tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlara, sənədlərə əsaslanmalıdır. Məhkəmə hüquqi müəyyənlik prinsipinə və şəxslərin ədalət mühakiməsinin mötəbərliyinə olan inamın pozulmamasına özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillər əsasında qiymət vermişdir. Abşeron rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli 2(012)-498/2021 saylı qətnaməsi ilə mübahisəli əqdlərin etibarsızlığı yoxlanılmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan, yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddia ərizəsini qəbul etməkdən imtina etməklə düzgün nəticəyə gəlmişdir, ona görə də şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Belə ki, həmin məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq, əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Konstitusiya məhkəməsinin qeyd edilən qərarından göründüyü kimi, hər hansı bir əqddən irəli gələn hüquqa istinad etməklə irəli sürülmüş tələb üzrə işə baxan məhkəmə bu barədə tələbin olub-olmamasından asılı olmayaraq həmin əqdin etibarlılığını yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Cavabdeh bu iş üzrə iddiaçı olan İddiaçı MMC-yə qarşı hazırda etibarsızlığı mübahisələndirilən müqavilələrə istinad etməklə mənzillərin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarındakı hüquqi mövqedən yanaşmaqla bu qənaətə gəlmək olur ki, həmin iddianı təmin edən məhkəmə tərəfindən müqavilələrin etibarlılığı müəyyən edilmişdir. Belə vəziyyətdə həmin müqavilələrin yenidən mübahisələndirilməsi eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə işə yenidən baxılması ilə nəticələnmiş olardı. Azərbaycan Respublikası MPM-nin 153.2.4-cü maddəsinə əsasən isə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və izah edir ki, hazırki vəziyyətdə İddiaçı MMC tərəfindən qeyd edilən əqdlərin etibarsızlığına dair dəlilləri ayrıca iddianın verilməsi üçün əsas deyildir, iddiaçı Abşeron rayon məhkəməsinin 17.02.2021-ci il tarixli qətnaməsinin apellyasiya qaydasında mübahisələndirilməsi yolu ilə bu dəlillərin yoxlanılmasına nail ola bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(001)- 8573/2021 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar