Məhkəmə qərarları › İş №2(103)-12079/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12079/2021

13.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12079/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5591/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 24.11.2020-ci il tarixli 601176 nömrəli akta və 24.11.2020-ci il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən hesablanmış 4104 manat borcun İddiaçı məxsus 064624 nömrəli abunə hesabından silinməsi, Usməndi Sadiqin adına olan **********111 nömrəli abunə hesabının 23 aprel 2021-ci il tarixindən passivləşdirilmiş hesab edilərək həmin tarixdən sonra hesablanmış bütün borcun silinməsi, vəkilin xərcinə görə ödənilmiş 410 manat, notariat xərci kimi ödənilmiş 11 manat 50 qəpik, cəmi 421 manat 50 qəpik məbləğində pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5591/2021 saylı, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 35, mənzil 11 dair 24.10.2020-ci il tarixli akt əsasında hesablanmış 4104 manat borc məbləğindən 3078 manat məbləği əsassız olduğundan silinməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16.07.2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09.07.2021-ci il tarixli 363-VİQD nömrəli Qanunu 01.10.2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişikliklərin bir hissəsi birinci instansiya məhkəmələrinin qətnamə və qərardadlarından verilən apellyasiya şikayətlərinin forma və məzmunu, habelə apellyasiya şikayətinin verilməsi qaydasına aiddir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Lakin iş üzrə iddiaçının verdiyi apellyasiya şikayətindən görünür ki, şikayət MPM-nin 361.1-ci maddəsində və “MPM-ə əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilməmişdir. Göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur və apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5591/2021 saylı, 05 oktyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət İddiaçı geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar