Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-121/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: hasarın sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ünvan 1 ünvanda yerləşən ev və torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdehlər iddiaçının qonşularıdır. Onlara torpaq sahəsi Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin 01 may 1999-cu il tarixli sərəncamı əsasında ayrılmış, lakin torpaq üzərində hüquqular daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
2. İddiaçının fikrincə, cavabdehlər yolun bir hissəsini hasarlayıb zəbt etməklə avtomobillərin sərbəst hərəkətinə mane olurlar.
3. Elə bu əsasla da tərəflər arasında hazırkı iş üzrə mübahisə yaranıb.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı hasarın sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, dalan 1 ünvanında qanunsuz olaraq tikilmiş hasarın sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən ev və torpaq sahəsi onun mülkiyyətindədir və hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Cavabdehlərlə qonşudurlar. Yaşadığı dalan 1 ünvanında cavabdehlər yolu hasarlayaraq zəbt etmişlər. Həmin yolun təxminən 14 metr hissəsi hasarlanmışdır. Nəticədə orada nəinki avtomobillərin hərəkəti üçün maneə yaranmış, avtomaşın gediş-gəlişi də problemə çevrilmişdir. Yol daralmış olduğundan avtomobillər sərbəst hərəkət edə bilmir. Bundan əlavə, qonşuların zəbt etdikləri dalan dövlətə məxsusdur. Onlar özbaşına dövlətə məxsus olan yolu zəbt edərək öz mülkiyyətlərinə keçirmək istəyirlər. Bu səbəbdən də hesab edir ki, cavabdehlər tərəfindən qanunsuz tikilmiş hasar sökülməlidir. Qeyd olunanlara əsasən, cavabdehlər tərəfindən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, dalan 1 ünvanında qanunsuz olaraq tikilmiş hasarın sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri, iş № 2(003)-122/21) iddia təmin edilməmişdir.
7. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisəli hasarın tərəflərdən hansısa birinin istifadəsində olan torpaq sahəsində yerləşməsi, qanunsuz inşa edilməsi və onlara maneə yaratmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin qənaətinə görə iddiaçı mübahisəli hasarın tikildiyi torpaq sahəsi üzərində öz hüquqlarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir, həmçinin həmin hasarın tikinti norma qaydalarına uyğun tikilib-tikilməməsini ekspert tərəfindən müəyyən etmək mümkün olmamışdır.
9. Məhkəmə gəldiyi nəticəni Torpaq Məcəlləsinin 66, 67, 68, 111-ci və Mülki Məcəllənin 152.1, 157.2-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam araşdırmamış, sübutları düzgün qiymətləndirilməmiş və nəticədə maddi hüquq normalarının pozuntusuna yol vermişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. 11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
14. Cavabdeh3 nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Apellyasiya baxışı zamanı Xəzər rayon İcra Hakimiyyəti və Mərdəkan bələdiyyəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edilsələr də, nümayəndələri heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər də məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
17. Maddə 66, hissə 1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
18. Maddə 66, hissə 2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
19. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
20. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
26. İşdən göründüyü kimi, iddiaçı mübahisələndirdiyi hasarın cavabdehlər tərəfindən onun mülkiyyətində deyil, dövlətin, yaxud bələdiyyənin mülkiyyətindəki ümumi gediş-gəliş yolu olan torpaq sahəsində inşa olunduğunu və ümumi yolu daraltdığını, nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olduğunu göstərmişdir. Buna baxmayaraq, məhkəmə fərqli istiqamətdə araşdırma apararaq qeyd etmişdir ki, iddiaçı mübahisəli hasarın tikildiyi torpaq sahəsi üzərində öz hüquqlarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehlərlə qonşu olmaqla mübahisəli ünvanda yaşadığından və istifadəsində olan torpaq sahəsi qanuni əsaslarla ayrıldığından onun ümumi yoldan istifadə ilə bağlı hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İddiaçını narahat edən məsələ qonşuları, yəni cavabdehlər tərəfindən ümumi gediş-gəliş yolunun zəbt olunması, orada hasar çəkilməsi və bununla da nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradılmasından ibarətdir.
28. Birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə mühəndis-teniki ekspertizası təyin olunsa da, zəbt faktı və mübahisələndirilən hasarın tikinti norma və qaydalarına uyğun tikilib-tikilməməsini müəyyən etmək mümkün olmamışdır.
29. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə aydınlaşdırılmalı olan əsas məsələlər aşağıdakılardan ibarətdir: - hasarın yerləşdiyi torpaq sahəsinin hüquqi statusu; - hasar çəkilərkən torpaq sahəsi zəbt olunmuşdurmu; - hasar ümumi gediş-gəlişə, eləcə də nəqliyyat vasitələrinin sərbəst hərəkətinə maneə törədirmi.
30. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilərkən bu məsələlərlə bağlı ekspert qarşısında suallar qoyulmadığından məhkəmə kollegiyası apellyasiya baxışı zamanı əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin tarixli 10/5838 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında mövcud olan yolun ərazisi dövlət mülkiyyətindədir. Həmin əraziyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən yolun hansı hissəsinin zəbt edilib-edilməməsinin araşdırılması mümkün olmamışdır. Halhazırda həmin yol ümumi istifadədədir. Qeyd olunan ünvanda yerləşən yolda baş verən daralma (yolun eni 5,5 metr) İddiaçı yoldan istifadəsinə maneçilik törətmir. a) Ekspert rəy verərkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Emin Hüseynovun tərtib etdiyi mütəxəssis rəyini əsas götürmüşdür. b) Ekspert rəyindən göründüyü kimi, cavabdehlərin ümumi yolun bir hissəsini faktiki olaraq zəbt edib-etmədiklərini yenə də müəyyən etmək mümkün olmamışdır. Lakin müəyyən olunmuşdur ki, mübahisələndirilən yol dövlət mülkiyyətində olan sahədir və mövcud yoldan nəqliyyat vasitələrinin sərbəst hərəkətinə və iddiaçının istifadəsinə hər hansı maneçilik yoxdur. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşır. c) Apellyasiya baxışı zamanı mübahisəli hasarın yerləşdiyi sahənin fotoşəkli tərəflərin iştirakı ilə tədqiq olunarkən tərəflərin verdiyi məlumatlara əsasən müəyyən olundu ki, mübahisəli hasarın yerləşdiyi sahənin mülkiyyətçisi X1r və o, xx.xx.2016-cı il tarixdə vəfat etmişdir (43-45). İddiaçı mərhum İsfəndiyar Rzayevin öldüyünü nəzərə alaraq və vərəsələrini müəyyən edə bilmədiyi üçün ona qarşı iddia qaldırmamışdır. d) Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddianın rədd olunması İddiaçı gələcəkdə İsfəndiyar Rzayevin vərəsələrinə qarşı eyni məzmunlu (eyni əsaslarla) iddia qaldırmasının qarşısını almır.
31. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
32. Maddənin məzmunundan da göründüyü kimi prosessual qanunvericilik iddia tələblərinin hüdudlarının (həcminin) müəyyən edilməsini iddiaçının dispozitiv hüququ kimi nəzərdə tutmuşdur. Bu hüquq iddiaçıya məhkəmə tərəfindən qətnamə çıxarılanadək Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə müvafiq olaraq iddia tələbinin həcmini artırmaq və ya azaltmaq imkanı verir. Lakin işdən göründüyü kimi iddiaçı iddia tələbinin həcminin artırılması və ya azaldılması, yaxud iddianın dəyişdirilməsi barədə məhkəməyə müraciət etməmişdir.
33. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
34. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
35. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
36. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
37. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları hazırkı cavabdehlərə qarşı hissədə sübuta yetirə bilməmişdir.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.