Məhkəmə qərarları › İş №2(103)-1210/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1210/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1210/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 noyabr 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi X6, cavabdehin vəkili X5 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı MMC, lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 15.11.2016-cı il tarixli, AL-200 nömrəli “Daxili lizinq müqavilələrin” ləğv edilməsi, həmin müqavilə üzrə 11.06.2019-cu il tarixə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 1.329,02 manat, mükafatın əvəzinin ödənilməsi məqsədi ilə 436,28 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin ödənilməsi məqsədi ilə 414,67 manat, avtomobilin istismara yararsız vəziyyətə salınması ilə bağlı vurulmuş maddi zərərin əvəzi olaraq 3.171 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC ilə (hazırki iş üzrə tərəf olmayan) X2 arasında bağlanmış 15.11.2016-cı il tarixli, AL-200 nömrəli "xxxx" əsasən, MMC, A.Qədəşzadənin sifarişi ilə “Daewoo Gentra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili 14.600 manata öz mülkiyyətinə almış və A.Qədəşzadənin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Müqavilənin şərtlərinə görə, A.Qədəşzadə, MMC-yə olan 20.213,23 manat borcunu (illik 17 faiz dərəcəsi daxil olmaqla) MMC-yə 48 ay müddətində hissə-hissə, ayda 421,12 manat olmaqla ödəməli idi. A.Qədəşzadə MMC-yə olan borcunu ödəyə bilmədiyindən, avtomobili MMC-yə qaytarmış və 20.02.2017-ci il tarixdə A.Qədəşzadə, MMC və X7 arasında bağlanmış AL-200(1) saylı "xxxx" müqavilə əsasında E.Mirəliyev A.Qədəşzadənin MMC qarşısında götürdüyü öhdəlikləri öz üzərinə götürmüş və avtomobil E.Mirəliyevə verilmişdir. Bundan sonra avtomobil ilə bağlı MMC qarşısında götürülmüş öhdəlik daha bir neçə dəfə ötürülmüş və bununla bağlı müvafiq "xxxx" müqavilələr bağlanmışdır. Nəhayət 25.01.2018-ci il tarixdə iş üzrə Cavabdeh, MMC və avtomobilin əvvəlki istifadəçisi olan X3 arasında bağlanmış AL-200(6) saylı "xxxx" müqavilə bağlanmış və Cavabdeh öhdəlikləri öz üzərinə götürmüş, bundan sonra avtomobil MMC tərəfindən cavabdehə təhvil verilmişdir. MMC ilə Cavabdeh arasında əldə olunmuş razılığa əsasən yeni "xxxx" tərtib edilmiş və müəyyən edilmişdir ki, cavabdeh iddiaçı MMC-yə olan 19.897,07 manat borcu (illik 17 faiz dərəcəsi daxil olmaqla) MMC-yə 45 ay müddətində hissə-hissə, ayda 442,16 manat olmaqla ödəməlidir. Bir müddət ərzində Cavabdeh tərəfindən MMC-yə ödənişlər olmuşdur. Sonuncu dəfə ödəniş 21.01.2019-cu il tarixdə və 443 manat məbləğində olmuşdur. Bu tarixdən sonra hər hansı ödəniş olmamışdır. 11.06.2019-cu il tarixdə Cavabdeh həmin avtomobili istifadəyə yararsız vəziyyətdə (yol-nəqliyyat qəzasından sonra) MMC-nin müvəqqəti duracağında yerləşdirmişdir. Mütəxəssislər tərəfindən avtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 3.171 manat pul vəsaiti tələb olunur. Bu barədə "xxxx" tərtib edilmişdir. Göstərilənlərə əsasən MMC, lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 15.11.2016-cı il tarixli, AL-200 nömrəli “Daxili lizinq müqavilələrin” ləğv edilməsi, həmin müqavilə üzrə 11.06.2019-cu il tarixə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 1.329,02 manat, mükafatın əvəzinin ödənilməsi məqsədi ilə 436,28 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin ödənilməsi məqsədi ilə 414,67 manat, avtomobilin istismara yararsız vəziyyətə salınması ilə bağlı vurulmuş maddi zərərin əvəzi olaraq 3.171 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 25.11.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, lizinq obyekti olan avtomobilə dair bağlanmış 15.11.2016-cı il tarixli, AL-200 nömrəli “Daxili lizinq müqavilələrin” ləğv edilməsi, həmin müqavilə üzrə 11.06.2019-cu il tarixə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 1.329,02 manat, mükafatın əvəzinin ödənilməsi məqsədi ilə 436,28 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin ödənilməsi məqsədi ilə 100 manat, avtomobilin istismara yararsız vəziyyətə salınması ilə bağlı vurulmuş maddi zərərin əvəzi olaraq 3.171 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulmasını, iddianın qalan hissəsinin isə təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız olan iddianı qismən də olsa təmin etmişdir. Belə ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verməmiş, işə cavabdehin iştirakı olmadan baxmışdır. Nəticədə cavabdehin hüququ pozulmuşdur. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, avtomobil sığorta şirkəti tərəfindən sığortalanmışdır və belə olan halda, MMC-yə vurulmuş maddi zərər sığorta şirkəti tərəfindən ödənilməli idi. Bundan başqa işə baxmış Rayon Məhkəməsi iddiaçıya vurulmuş zərərin həqiqətə uyğun olub-olmamasını araşdırmamış, iş üzrə zəruri ekspertiza təyin etməmişdir. Apellyasiya baxışının əvvəlki iclasında Cavabdeh nümayəndəsi (anası) X4 iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Cavabdeh vəkili C.Quliyev apellyasiya baxışının iclasında iştirak edərək apellyasiya şikayətinin əsaslarına uyğun izahat verdi. İddiaçı MMC-nin nümayəndəsi C.Hüseynov apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və hazırki iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə qismən, yəni MMC-yə vurulmuş maddi zərərin məbləğinin 3.171 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməli və həmin məbləğ 2.256 manat məbləğində müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı MMC ilə (hazırki iş üzrə tərəf olmayan) X2 arasında bağlanmış 15.11.2016-cı il tarixli, AL-200 nömrəli "xxxx" və işdə olan digər sənədlərdən görünür ki, MMC, A.Qədəşzadənin sifarişi ilə “Daewoo Gentra” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili 14.600 manata öz mülkiyyətinə almış və A.Qədəşzadənin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Müqavilənin şərtlərindən görünür ki, A.Qədəşzadə, MMC-yə olan 20.213,23 manat borcunu (illik 17 faiz dərəcəsi daxil olmaqla) MMC-yə 48 ay müddətində hissə-hissə, ayda 421,12 manat olmaqla ödəməli idi. İşdə olan sənədlərdən görünür ki, A.Qədəşzadə MMC-yə olan borcunu ödəyə bilmədiyindən, avtomobili MMC-yə qaytarmış və 20.02.2017-ci il tarixdə A.Qədəşzadə, MMC və X7 arasında bağlanmış AL-200(1) saylı "xxxx" müqavilə əsasında E.Mirəliyev A.Qədəşzadənin MMC qarşısında götürdüyü öhdəlikləri öz üzərinə götürmüş və avtomobil E.Mirəliyevə verilmişdir. Bundan sonra avtomobil ilə bağlı MMC qarşısında götürülmüş öhdəlik daha bir neçə dəfə ötürülmüş və bununla bağlı müvafiq "xxxx" müqavilələr bağlanmışdır. Nəhayət 25.01.2018-ci il tarixdə iş üzrə Cavabdeh, MMC və avtomobilin əvvəlki istifadəçisi olan X3 arasında bağlanmış AL-200(6) saylı "xxxx" müqavilə bağlanmış və Cavabdeh öhdəlikləri öz üzərinə götürmüş, bundan sonra avtomobil MMC tərəfindən cavabdehə təhvil verilmişdir. Cavabdeh ilə MMC arasında bağlanmış həmin müqavilədən və MMC-nin səlahiyyətli şəxsi ilə Cavabdeh tərəfindən imzalanmış "xxxx" görünür ki, Cavabdeh iddiaçı MMC-yə olan 19.897,07 manat borcu (illik 17 faiz dərəcəsi daxil olmaqla) MMC-yə 45 ay müddətində hissə-hissə, ayda 442,16 manat olmaqla ödəməlidir. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh tərəfindən müəyyən müddət ərzində MMC-yə ödənişlər olmuşdur. Sonuncu ödəniş 21.01.2019-cu il tarixdə 443 manat məbləğində olmuşdur. Bu tarixdən sonra hər hansı ödəniş olmamışdır. İşdə olan aktdan və digər sənədlərdən görünür ki, 11.06.2019-cu il tarixdə Cavabdeh həmin avtomobili istifadəyə yararsız vəziyyətdə (yol-nəqliyyat qəzasından sonra) MMC-nin müvəqqəti duracağında yerləşdirmişdir. "xxxx" MMC-nin (“Azərmaş servis”) tərəfindən tərtib edilmiş "xxxx" görünür ki, MMCnin mütəxəssisləri avtomobili müayinə etdikdən sonra müəyyən etmişlər ki, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 3.171 manat pul vəsaiti tələb olunur. İddiaçı MMC tərəfindən təqdim edilmiş hesablamalardan və digər sənədlərdən görünür ki, cavabdeh yuxarıda qeyd edilən müqavilələr üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş və nəticədə onun iddiaçı MMC-yə 1.329,02 manat məbləğində əsas, 436,28 manat məbləğində mükafat borcu yaranmışdır. Öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə almış MMC, onunla cavabdeh arasında bağlanmış müqavilələrin şərtlərini əsas götürərək cavabdehə 414,67 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Qeyd edilən məbləğlərin ödənilməsi barədə ASC tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və qeyd edilən borc və ziyan məbləğlərinin ödənilməsi tələb olunmuşdur. "xxxx" görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən apellyasiyanın nəticəsi ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış və şərtlərini icra etmiş MMC-nin ləğv edilməsini xahiş etdiyi 15.11.2016-cı il tarixli "xxxx" üzrə cavabdehin iddiaçı MMC qarşısında icra edilməmiş öhdəliyi mövcuddur və cavabdeh bu kimi borcun olmamasını sübuta yetirə bilmir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 747-ci maddəsinə görə, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1.). Lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır (maddə 747.3.). Mülki Məcəllənin 747-2 maddəsinə görə, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Məcəllənin 748-1.12.4. maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir. Məcəllənin 748-2.5. maddəsinə görə, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Məcəllənin 748-7.1. maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məcəllənin 748-10-ci maddəsinə görə, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir (maddə 748-10.1.). Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir (maddə 748-10.4.). Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır Maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göstərilənlərə əsasən müəyyən edilir ki, MMC-nin iddia tələbi sübuta yetməklə yanaşı maddi hüquq normalarına əsaslanır, cavabdehin iddiaya etirazı, yəni MMC-yə borcunun olmaması ilə bağlı dəlili isə əsassızdır. Çünki cavabdeh bununla bağlı sübutları Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, avtomobil sığorta şirkəti tərəfindən sığortalanmışdır və belə olan halda, MMC-yə vurulmuş maddi zərər sığorta şirkəti tərəfindən ödənilməli idi. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, avtomobilin hər hansı bir sığorta şirkəti tərəfindən sığorta olunması iş materialları ilə təsdiq edilmir. Cavabdeh isə bu halı bildirsə də, bunu təsdiq edən sübutları Məhkəməyə təqdim etməmişdir. Belə olan halda müzakirə edilən bu dəlil, yuxarıda qeyd edilən prosessual əsasla əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçıya vurulmuş zərərin həqiqətə uyğun olub-olmamasını araşdırmamış, iş üzrə zəruri ekspertiza təyin etməmişdir. Həqiqətən də, iş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi iddiaçı MMC-nin cavabdehdən onun xeyrinə tutulmasını tələb etdiyi maddi zərərin məbləğinin obyektiv olub-olmamasını araşdırmamışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, bu dəlilin araşdırılması üçün Məhkəmə tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “X1” MMC-nin rəyi alınmışdır. Həmin MMC tərəfindən verilmiş 16.06.2021-ci il tarixli, 102 saylı rəydən görünür ki, yuxarıda qeyd edilən avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 2.256 manat məbləğində vəsait tələb olunur. Məhkəmə bildirir ki, iş üzrə tərəflər bu rəyin şübhə altına ala biləcək digər rəy təqdim etmədikləri üçün Məhkəmə rəyi etibarlı sübut kimi qəbul edir. Bu baxımdan hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassız deyil. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə MMC-yə vurulmuş maddi zərərin məbləğinin 3.171 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməli və həmin məbləğ 2.256 manat məbləğində müəyyən edilməlidir. Və nəhayət apellyasiya şikayətinin sonuncu dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verməmiş, işə cavabdehin iştirakı olmadan baxmışdır. Nəticədə cavabdehin hüququ pozulmuşdur. Məhkəmə bu dəlili əsaslı saymır. Belə ki, Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş 16.07.2019-cu il tarixli arayışından görünür ki, iş üzrə Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 5, mənzil 24-də yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarından görünür ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə bildirişləri cavabdehə məhz həmin ünvan üzrə göndərmiş, lakin həmin bildirişlər, zərflərin üzərinə poçt xidməti tərəfindən “qapı bağlıdır” və ya “köçüb” qeydləri ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, bildirişlər cavabdehin rəsmi ünvanı üzrə gəndərildiyindən Rayon Məhkəməsi cavabdehin iştirakı olmadan işə baxmaqda haqlı olmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilmiş hesab edilir. Beləliklə də, apellyasiyanın nəticələrinə, MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərinə əsaslanan və MPM-nin 385 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 noyabr 2019-cu il tarixli qətnaməsi, İddiaçı MMC-yə vurulmuş maddi zərərin məbləğinin 3.171 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilsin. Vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2.256 (iki min iki yüz əlli altı) manat məbləğində pul tutulsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli qətnaməsi qalan hissədə, yəni iddianın qismən təmin edilməsi, lizinq obyekti olan avtomobilə dair bağlanmış 15.11.2016-cı il tarixli, AL-200 nömrəli “Daxili lizinq müqavilələrin” ləğv edilməsi, həmin müqavilə üzrə 11.06.2019-cu il tarixə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 1.329 (min üç yüz iyirmi doqquz) manat 2 (iki) qəpik, mükafatın əvəzinin ödənilməsi məqsədi ilə 436 (dörd yüz otuz altı) manat 28 (iyirmi səkkiz) qəpik, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimənin ödənilməsi məqsədi ilə 100 (yüz) manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 (otuz) manat məbləğində pulun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar