Məhkəmə qərarları › İş №2(103)-1211/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1211/2020

24.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1211/2020 24.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün və vəkili (nümayəndəsi) X19, cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin artırılması tələbi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehlə birgə nikah dövründə əldə etdiyi xx.xx.2018-ci il tarixdə alınmış “London Taxi 4” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2016-cı il tarixdə alınmış “Mercedes-Benz C” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2017-ci il tarixdə alınmış “London Taxi 4” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2018-ci il tarixdə alınmış “London Taxi 4” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2017-ci il tarixdə alınmış “London Taxi 4” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı, xx.xx.2017-ci il tarixdə alınmış “Toyota Camry” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində onun (iddiaçının) payının 1/2 hissədə müəyyən edilməsi; **- MR-***, **-XP-*** və **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair cavabdehin bağladığı xx.xx.2018-ci il tarixli, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehin bağladığı xx.xx.2018-ci il tarixli, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehin bağladığı xx.xx.2018-ci il tarixli, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehin bağladığı xx.xx.2018-ci il tarixli, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dar cavabdehin bağladığı xx.xx.2018-ci il tarixli “Alğısatqı müqavilələrinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2012-ci il tarixdə nikaha daxil olmadan ailə qurmuşlar. xx.xx.2014-cü il tarixdə onların arasında nikah bağlanmışdır. Birgə nikahdan iki övladları var: xx.xx.2014-cü il təvəllüdlü X30 və xx.xx.2016-cı il təvəllüdlü X40. İlk vaxtlar iddiaçı ilə cavabdehin münasibətləri yaxşı olsa da, münasibətləri sonradan pozulmuş və xx.xx.2018-ci il tarixdə onlar ayrılmışlar. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. Münasibətləri pozulduqdan sonra cavabdeh iddia ərizəsində qeyd edilən avtomobilləri satmışdır. Avtomobillər birgə nikah dövründə əldə olunduğu üçün iddiaçı ilə cavabdehin birgə əmlakı sayılır və adi qaydada onların hər birinin həmin avtomobillər üzərində 1/2 hissədə mülkiyyət hüquqları vardır. Lakin cavabdeh avtomobilləri iddiaçının xəbəri olmadan satmışdır ki, bu səbəbdən də, cavabdehin həmin avtomobillərə dair bağladığı “Alğı-satqı müqavilələri” etibarsız hesab edilməlidir. Cavabdehin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən avtomobillər nikah pozulmamışdan xeyli əvvəl, yəni 2017-ci il də iddiaçının məlumatı və razılığı əsasında satılmışdır. Avtomobilləri alan şəxslər onları bir müddət etibarnamə əsasında idarə etdikdən sonra adlarına rəsmiləşdirmişlər. Lakin avtomobillərin alğı-satqısının rəsmiləşdiriməsindən də bir ildən çox vaxt keçmiş, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Nikah pozulmamışdan əvvəl iddiaçı 2018-ci ilin noyabr ayında artıq mənzil mübahisəsi barədə iddia tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi iddiaçı nikahın pozulmasını gözləmədən məhkəmə mübahisəsinə başlamışdırsa, qeyd olunan avtomobillərə dair iddia qaldıra bilərdi. Lakin həmin vaxt iddiaçı avtomobillərin razılığı ilə nikah dövründə satıldığını bildiyi üçün qeyd olunan əmlakların bölünməsi tələbi barədə iddia ərizəsi ilə müraciət etməmişdir. Bundan başqa iddia ərizəsində iddiaçı və cavabdeh arasında münasibətlərin xx.xx.2018-ci ili tarixdə pozulduğu, həmin vaxtdan iddiaçının valideynlərinə məxsus evə getməsi göstərilir. Belə olan halda, iddiaçı 2018-ci ilin aprel ayından nikah dövründə əmlakların mübahisələndirilməsi, etibarsızlığı barədə iddia vermək hüququnu bilmiş, həmin vaxtdan hüquqlarının pozulduğu bilmiş və bilməli olmuşdur. Göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. Belə olan halda iddia rədd edilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı və onun vəkili (nümayəndəsi) B.Həsənov apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun izahat verdi. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər (mübahisəli avtomobilləri almış şəxslər) X36, X8, X26, X31, X41, X32, X27, X31, X23, X37 işə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, iddiaçı ilə cavabdeh xx.xx.2012-ci il tarixdə nikaha daxil olmadan ailə qurmuşlar. xx.xx.2014-cü il tarixdə onların arasında nikah bağlanmışdır. Nikahdan 2 uşağın olmasına baxmayaraq onlar xx.xx.2018-ci il tarixdə ayrılmışlar. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən (İş № 2(007)-167/2019) görünür ki, həmin qətnamə ilə onların nikah pozulmuş və hər 2 azyaşlı uşaq analarının (hazırki iş üzrə iddiaçının) yanında saxlanılmışdır. Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(007)- 408/2019) ilə İddiaçı Cavabdeh qarşı irəli sürdüyü “mənzilə köçürülmə tələbi barədə” iddiası təmin edilməmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(007)- 1132/2019) ilə isə onun cavabdehə qarşı irəli sürdüyü “qızıl-zinət əşyalarının qaytarılması tələbi barədə” iddiası təmin edilməmişdir. İşdə olan sənədlərdən görünür ki, “London Taxi 4” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən alınmış, həmin avtomobilə dair cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən başlanaraq xx.xx.2018-cu il tarixədək olan müxtəlif dövrlər üzrə Babayev Babaş Yarməmməd oğluna və X15 etibarnamələr verilmişdir. Həmin avtomobil xx.xx.2018-ci il tarixdə X6, sonuncu isə xx.xx.2018-ci il tarixli “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi” ilə həmin avtomobili X7 16.000 manata satılmışdır. “Mersedes Benz C” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh xx.xx.2016-cı il tarixdə almış və xx.xx.2018-ci il tarixli “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən 28.000 manata X2. “London Taxi 4” markalı **-XP-*** nömrə nişanlı avtomobil cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə alınmışdır. Cavabdeh həmin avtomobilə dair xx.xx.2017-ci il tarixdən etibarən xx.xx.2019-cu il tarixədək olan müxtəlif dövrlər üzrə Babayev Babaş Yarməmməd oğlunun, X13, X9, X10 adına etibarnamələr vermişdir. Avtomobil xx.xx.2018ci il tarixli “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi” ilə X31 tərəfindən X33 15.000 manata satılmışdır. “London Taxi 4” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil, xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən alınmış və həmin tarixdə də, cavabdeh bu avtomobilə dair X16 etibarnamə vermişdir. xx.xx.2018-ci il tarixdə həmin avtomobil X5, sonuncu tərəfindən bu avtomobil xx.xx.2018-ci il tarixdə X3. “London Taxi 4” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə alınmışdır. Cavabdeh bu avtomobilə dair xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə X11, X14, X12, X22 etibarnamələr vermişdir. xx.xx.2018-ci il tarixdə avtomobil X25 15.000 manata satmışdır. “Toyota Camry” markalı **-ZZ-*** nömrə nişanlı avtomobil cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə alınmış və avtomobilə dair onun tərəfindən xx.xx.2017-ci il tarixdə (xx.xx.2022-ci il tarixədək) “xxxx” MMC-yə etibarnamə vermişdir. Avtomobil xx.xx.2018-ci il tarixdə X1. Sonuncu isə həmin avtomobili X29 23.000 manata satmışdır. Bundan başqa müəyyən edilir ki, cavabdehin adına cəmi 21 avtomobil olmuş və onlar cavabdeh tərəfindən müxtəlif vaxtlarda özgəninkiləşdirlmişdir. İddiaçı, cavabdehin adına olmuş 21 avtomobildən 6-sının onların birgə nikah dövründə əldə edildiyini, cavabdehlə faktiki ayrıldığı xx.xx.2018-ci il tarixdən sonrakı tarixlərdə satılmasını əsas gətirərək, həmin avtomobillərə dair bağlanılmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməklə onlara dair hər birinin 1/2 payının müəyyən olunmasını tələb edir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, tərəflər arasında mübahisəsiz olaraq qəbul edilir ki, cavabdeh avtomobillərin alğı-satqısı fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası Daxili İşlər xxxxirliyi Baş Dövlət Yol Polisinin xx.xx.2019-cu il tarixli məlumatına əsasən, cavabdehin adında ümumi 21 ədəd avtomobilin olması müəyyən olunmuşdur. Həmin avtomobillərin bir qismi onun tərəfindən satılaraq hazırda məhkəmədə mübahisələndirilən avtomobillər alınmış, onlar da öz növbəsində sonradan özgənikiləşdirilmişdir. Belə ki, iddiaçı ilə cavabdehin nikahı xx.xx.2015-ci ildə bağlanılmışdır. Lakin cavabdeh tərəfindən nikahdan əvvəlki tarixlərdə xx.xx.2010-cu il tarixdə, xx.xx.2013-cü il tarixdə, xx.xx.2014-cü il tarixdə, xx.xx.2014-cü il tarixdə xx.xx.2015-ci il, xx.xx.2015-ci il tarixlərdə müxtəlif avtomobillər alınmış, həmin tarixlərdə alınmış avtomobillərin dördü nikaha daxil olanadək, biri isə nikah dövründə özgəninkiləşdirilmişdir. Cavabdeh avtomobillərin alğı-satqısı fəaliyyəti ilə məşğul olduğundan avtomobillərin satışından əldə olunmuş vəsait hesabına yeni avtomobillər alaraq alış qiyməti ilə satış qiyməti arasında əldə etdiyi vəsaitlərdən gəlir götürməklə təlabatlarını təmin etmişdir. Onun avtomobilləri alaraq sonradan satmasında əsas məqsədi də gəlir əldə edilməsi olmuşdur. Mübahisə predmeti olan altı avtomobilin dördünün “London Taxi 4” markarlı avtomobillər olması da bir daha təsdiq edir ki, onlar sahibkarlıq məqsədi ilə alınıb satlmışdır. Onların əksəriyyətinin satılmasında cavabdeh iştirak etməmişdir. İş üzrə üçüncü şəxs X32 da, Rayon Məhkəməsində işə baxılarkən verdiyi izahatında mübahisələndirilən avtomobillərdən biri olan **-MU-*** markalı avtomobili (taksini) xx.xx.2018-ci ildə Cavabdeh deyil, Elçin adlı şəxsdən şəxsi biznes məqsədi üçün almasını, həmin ilin dekabır ayının 20-də alğı-satqı müqaviləsi əsasında X4 bildirmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, mübahisələndirilən altı avtomobil tərəflərin birgə nikahı dövründə əldə olunsa da , birgə nikah dövründə əldə olunmuş vəsait hesabına əldə olunmaması ilə bağlı Rayon Məhkəməsinin qənaəti işin müəyyən edilmiş hallarına uyğundur. Məhkəmə, iddia müddətinin ötürülməsi barədə cavabdehin dəlili ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan avtomobillərin birgə nikah dövründə əldə edilmiş vəsaitlər hesabına əldə olunmuş əmlak kimi qiymətləndirilmədiyindən və mübahisə tərəfləri arasında bölünmədiyindən həmin məsələ ilə bağlı iddia müddətinin tətbiqi ilə bağlı məsələyə Rayon Məhkəməsinin hüquqi qiymət verilməsinə lüzum görməməsi barədə qənaəti də əsaslıdır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar