Məhkəmə qərarları › İş №2(103)-12122/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12122/2021

22.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12122/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-4199/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Maraqlı şəxs2 cəlb edilməklə “sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayon ZAQS Bürosu tərəfindən 17.08.1948-ci il tarixdə 522 saylı akt qeydi ilə qeydə alınmış doğum akt qeydinin və Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 92, mənzil 53 ünvanında yerləşən mənzilinə dair 27.01.1994-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrində 105 saylı reyestr kitabının, 15788 saylı vərəqində 30/15788 saylı nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsinin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-4199/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Ərizəçi tərəfindən qərardaddan verilmiş şikayət Məhkəmənin 26 noyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş həmin rayon məhkəməsinə göndərilməlidir. Belə ki, rayon məhkəməsi öz qərardadında iddia ərizəsini geri qaytararkən Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, ərizəçi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 1 ünvanında yerləşən mənzilinə dair 27.01.1994-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrində 105 saylı reyestr kitabının, 15788 saylı vərəqində 30/15788 saylı nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsində yol verilmiş yanlışlığın aradan qaldırılması ilə bağlı həmin idarəyə ərizə ilə müraciət etməli olduğu halda, birbaşa “sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, Ərizəçi Maraqlı şəxs2nə həmin şöbə tərəfindən 17.08.1948-ci il tarixdə 522 saylı akt qeydi ilə qeydə alınmış doğum akt qeydində yol verilmiş yanlışlığın aradan qaldırılması barədə həmin idarəyə ərizə ilə müraciət etməli olduğu halda, birbaşa “sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi isə qərardaddan şikayət vermiş, həmin şikayətə isə Maraqlı şəxs2nə yanlışlığın aradan qaldırılması barədə müvafiq ərizəsini (i/v 34) və Şöbə tərəfindən verilmiş 30.09.2021ci il tarixli imtina məktubunun əslini (i/v 33), eyni zamanda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 105 saylı reyestr kitabının 15788 saylı vərəqində 30/15788 saylı nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsində düzəliş edilməsi barədə 10.09.2021-ci il tarixli müraciətini də əlavə etmişdir (i/v 48). MPM-in 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Belə olan halda, məlum olur ki, rayon məhkəməsi hazırkı iddia ərizəsini yuxarıda qeyd edilən əsasla geri qaytarmaqda haqlı olmamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməli, Nizami Rayon Məhkəməsinin 2(007)-4199/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü məsələsinə MPM-in 151.2-ci maddəsində göstərildiyi qaydada yenidən baxılması üçün mülki iş rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Nizami Rayon Məhkəməsinin 2(007)-4199/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin mümkünlüyünə MPM-in 151.2-ci maddəsində göstərildiyi qaydada yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar