Məhkəmə qərarları › İş №2(103)-1213/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1213/2025

12.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1213/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 İddiaçı, Cavabdeh3 nümayəndəsi-vəkili Vəkil1 X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhər 40 saylı Notariat Kontoruna və Bakı şəhər 15 saylı Dövlət Notariat Kontoruna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(011)-125/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh iddiaçının qardaşıdır. İddiaçının anası xx.xx.2022-ci il tarixdə vəfat etmiş, bu barədə 22 iyul 2022-ci il tarixdə Bakı şəhəri 5 saylı ASAN Xidmət Mərkəzində ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçının mərhum anası X6 Seriya RX 0639620№li xx.xx.2015-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 16 saylı evin, 12 nömrəli mənzili miras qalmışdır. Anasının vəfatından sonra qardaşı Cavabdeh3 xx.xx.2019-cu il tarixli vəsiyyətnaməyə əsasən Bakı şəhəri 40 saylı Notariat Kontoruna müraciət etmişdir. İddiaçı hazırda anası tərəfindən onun qardaşına verilmiş vəsiyyətnaməni mübahisələndirir, vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhər 40 saylı Notariat Kontoruna və Bakı şəhər 15 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 16 saylı evin 12 saylı mənzili ilə bağlı Bakı şəhəri 15 saylı Notariat Ofisində tərtib edilmiş xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin qeyd edilən hallarına istinad etməklə iddia tələbini onunla əsaslandırmışdır ki, vəsiyyətnamə anası tərəfinn yazılmamış, imzalanmamış, vəsiyyətnamə qanunauyğun tərtib edilməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak edən Şahid öz izahatında qeyd etmişdir ki, Afiqi tanıyır. Payız ayı idi, sentyabr ayı idi, dərs ili yeni başlamışdı. Afiqin maşını ilə onun mərhum anası Jananı götürdülər. Jana xanım qabaqdakı oturacaqda əyləşdi. Jana Günəşlidə yaşayırdı. Jananın əhvalı yaxşı idi. O qeyd etmişdir ki, Jana onu qiyabi tanıyırdı, daha əvvəl görməmişdi. Gözündə sarğı olmamış, yolda ümumi şeylərdən danışmışlar. Rus dilində danışırmışlar. Yolda vərəsəliklə bağlı heç bir şey deməmişdir. Notariat ofisinə getdikdən sonra notarius onları dəhlizə çıxarmış və mərhum özü tək qalmışdır. Onun yazdığını uzaqdan görmüşdür. Mərhum Jana xanım ilk əvvəl orada çalışan oğlanla otağa getmiş, daha sonra otaqdan çıxmış və dəhlizdə yazmışdır. Onlar cəmi 4 nəfər olmuşlar, Afiq, Aydın, Jana xanım və Mahmud. Qardaşı getdikləri notariat ofisində etibarnamə verdiyindən oranı tanıyırmış, həm də orada tanışı Eldar işlədiyindən, ora həmişə “Eldarın notariusu” deyirmiş. Notariusun nə üçün onları çölə çıxardığını bilməmişdir, onlar ora şahid qismində getmişdirlər, daha sonra deyilmişdir ki, şahidə ehtiyac yoxdur. Jana xanım gözündən əməliyyat olunmamışdı, əgər olunsa idi Afiq bunu mütləq ona deyərdi. Çünki bu hadisə olmasa da onlar Afiqlə hər gün görüşürmüşlər. Afiq sadəcə notariusa getmək lazım olduğunu, anasının onu notariusa aparmasını istədiyini bildirmişdir. Jana xanım yaşlı qadın idi. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak edən şahid X8 öz izahatında qeyd etmişdir ki, Mahmud ona demişdir ki, 2 şahid lazımdır, çünki Jana xanım rusdilli olduğu üçün buna ehtiyac var. Bu səbəbdən onlar da şahid kimi notariusa getmişdirlər. Həmin gün o və Mahmud Xalqlar dostluğu metro stansiyasının yanında gözləyirmişlər. Afiq öz maşını ilə gəlib onları götürmüş, Jana xanım ön oturacaqda əyləşmişdi. Notariat ofisi Xəzər Universitetinin yanında yerləşirdi. Jana xanım balaca boylu, ağ saçlı qadın idi. Notarius da ağ saçlı kişi idi. Notarius ilk öncə Afiqi, daha sonra onu və Mahmudu dəhlizə çıxarmışdır. Notarius özü Jana xanımla təkbətək danışmışdır. Notariat ofisi 3 mərtəbə köhnə binada yerləşirdi. Hazırda həmin bina sökülüb, sol tərəfdə müdirin otağı yerləşirdi. Günün 1-ci yarısı idi, dəqiq yadındadır, çünki saat 2-də o, bacısıgildə Sumqayıtda olmalı idi. Notariat ofisində çalışan qız Jana xanıma diktə edirdi çöldə, o da yazırdı. Ancaq müdirin yanında yazmadı. Notarius ağ saçlı arıq kişi idi. Notarius onlarla Azərbaycan dilində danışırdı. Jana xanım gümrah idi, gözündə eynək olub-olmadığını tam xatırlamır. Afiq onları təxmini xatırladığına görə Xalqlar Dostluğu metrostansiyasına gətirmişdir. Jana xanımı onlar götürməmiş, Jana Afiqlə birlikdə gəlmişdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(011)- 125/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf vəsiyyət edənin gözündə problem olduğunu, vəsiyyətnamə tərtib edilən zaman görmə qabiliyyətinin zəif olduğunu (“onun görmək (kor) qabiliyyəti demək olar ki yox idi”) iddia edərək, onun ümumiyyətlə, vəsiyyətnaməni yazmaq qabiliyyətinin olmadığını iddia etmişdir. Lakin məhkəmə araşdırması zamanı vəsiyyət edənin əməliyyat olunmamışdan əvvəl vəsiyyətnamə tərtib etdiyi bildirilmiş, xx.xx.2023-cü il tarixli sorğuya cavaba əsasən X9 1938-ci il təvəllüdlü xx.xx.2019-cu il tarixdə klinikaya OD-fəsadlı katarakta, OS-artifakiya diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən VisOD=işıq duyğusu, VisOS= 0,5 (onda beş) olmuşdur. Xəstə laborator müayinədən keçmişdir. xx.xx.2019-cu il tarixdə OD-kataraktanın intrakapsulyar ekstraksiyası İOL, implantasiyası olmuşdur. (Xəstə evə yazılarkən Vis OD= 0,5 Vis OS= 0,5 ). Eyni zamanda mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ATU-nun X3 Oftalmologiya şöbəsinin müdiri İsmayılov Qurban tərəfindən verilmiş ərizəyə əsasən qeyd edilir ki, xəstə X9 xx.xx.2019-cu il tarixdə laborator müayinələr EKQ VƏ İOL MASTER olunub. (saat 11:39). Xəstəyə xx.xx.2019-cu il tarixində yerli OD-kataraktanın ekstraksiyası İOL implantasiyası icra olunub. Xəstə evə yazılıb. Əməliyyatdan əvvəl xəstənin gözündə sarğı olmayıb. Hər bir göz əməliyyatından sonra xəstəyə 3 saatlıq sarğı qoyulur. Xəstənin sol gözü 0,5 yəni 50% görür. Xəstə maşın sürə bilər, yazı yaza bilər, hətta təyyarədə uça bilər. İddiaçı tərəf vəsiyyətnamənin mülki qanunerciliyə uyğun tərtib edilmədiyini qeyd etsə də, məhkəmə hesab etmişdir ki, vəsiyyətnamənin əsas hissəsi miras qoyanın əl yazısı ilə yazıldığından, şahid qismində şəxslərin notariata getməsinə baxmayaraq notariusun şəxsin özü tərəfindən vəsiyyətnaməni yaza biləcəyini müəyyənləşdirdikdən sonra şahidlərin iştirakı olmadan vəsiyyətnamənin tərtib edilməsini mümkün hesab etməsi müəyyənləşdirilmişdir. Şahidlərin hər ikisi notariusa mərhumla bir yerdə getdiklərini, orada gedən prosesləri oxşar məzmunda təsdiq etmişlər. İzahlar arasında cüzi fərqliliklər aradan 5 ilə yaxın zaman keçməsi nəzərə alınaraq ağlabatan hesab edilə bilər. İddiaçı vəsiyyətnamənin anası tərəfindən tərtib edilmədiyini, xəttin, imzanın ona məxsus olmadığını qeyd etsə də, anasına məxsus ekspertiza üçün kifayyət qədər xətt nümunələrini, imzaları və sair sənədləri məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən iki dəfə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli 4/1836 №li ekspert rəyinə əsasən: 1. Ekspertizaya təqdim edilmiş, mülki işin 15-ci vərəqində xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin (завещание) kserosurətində olan yazılar ilə mülki işin 60-cı vərəqində xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin (завещание) kserosurətində olan yazılar öz aralarında eyni şəxs tərəfindən icra edilmişdir. 2. X6 yazı nümunələri təqdim olunmadığından məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardadın 2-ci sualı üzrə tədqiqat işi aparılmamışdır. Növbəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ekspert məlumatına əsasən X6 sərbəst xətt nümunələrinin təqdim olunmasının mümkün olmaması və təqdim olunmuş nümunələr əsasında rəy verilməsi barədə məktub daxil olsa da vəsatət təmin olunmamışdır. Məhkəmə hesab etmişdir ki, vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil, iddiaçı iddia ərizəsində göstərilən dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, hazırda etibarlılığı mübahisələndirilən vəsiyyətnamə yazılı formada tərtib edilmiş, əsas hissəsi vəsiyyət edən X6 tərəfindən notariusun iştirakı ilə yazılaraq imzalanmışdır. Mülki iş üzrə iki dəfə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə tərəfindən iddiaçı tərəfə mərhum X6 imzası, yazısı olan əlavə sənədlərin təqdim edilməsi təklif olunmuş, sənədlərin, xətt nümunələrinin əldə edilməsi üçün məhkəmə tərəfindən müvafiq sorğular verilmişdir. Lakin iddiaçı tərəf məhkəməyə bu kimi sənəd təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mərhum X6 gözünün görmədiyini, o ərəfədə əməliyyat olunduğunu və vəsiyyətnaməni yazıb, imzalama imkanına malik olmadığını göstərsə də, məhkəmə araşdırması zamanı onun bu dəlilləri öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə iclasında izah verən şahidlər notariat orqanına mərhum X9 və cavabdehlə bir yerdə getdiklərini təsdiq etmişdirlər. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə olan məhkəmə iclasına gəlməsi barədə hər hansı bir məhkəmə bildirişi gəlməmiş və məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. Bundan başqa, xəstə adam eyni gündə həm əməliyyata, həm də notariusa getməyinə suallar yaranır. Əgər gedibsə, 82 yaşında adam əməliyyatdan sonra, hansı anlaqlı vəziyyətdə bu sənədi aydın şəkildə qavraya bilər. Əməliyyatdan öncə hər iki gözə dərman tökdülər ki, bundan sonra adam sərbəst hərəkət edə bilmirdi, qarşısını görmürdü. Əməliyyatdan sonra, gözünə band vuruldu və həkimlər onu evdə uzanmasını tələb etdilər. Notatius sənədində ərizəçinin fotoşəkili və imzası olmalıdır. Bundan başqa lazım gələrsə, məhkəmə gedişatı zamanı həkim rəyinin nəticələrinin nə qədər (yazını) görmə qabiliyyəti olub-olmamağı müəyyən etmək olar. Birdə şəxsin xəttini ekspertiza da vermək olar. Mərhum anası X6 əl yazısı ilə dəftəri də vardır. Ərizədə yerində çəkilmiş fotoşəkildən söhbət gedir. Əminliklə deyə bilər ki, mərhum anası X9 Bakı şəhəri 15 saylı Notariat Ofisinə getməyib və xəstə vəziyyətində ola-ola evdən çıxmayıb, çünki o və qızı daim evdə olmuşlar, ona görə sözügedən xx.xx.2019-cu il tarixli vəsiyyətnaməni etibarsız hesab edir, belə bir saxta vəsiyyətnamə qüvvədə qala bilməz. Bundan başqa, evdə mərhum X6 öz dəftəri var, orada çoxlu yazıları var, məhkəmə iclasında həmin dəftər təqdim edilmiş, lakin işə baxan məhkəmə həmin sözügedən dəftəri qəbul etməmişdir. Göründüyü kimi, açıq aydın məlum olur ki, işə baxan məhkəmənin işdə maraqı olduğundan bu işə səthi yanaşmışdır. Eyni zamanda birinci instansiya məhkəməsi baxışı zamanı iki dəfə ekspertiza keçirilsə belə, lakin bilərəkdən məhkəmənin ikinci sualı cavablandırılmamışdır, əgər məhkəmə onda olan əl yazıları olan dəftəri götürsəydi, onda heç bir problem olmazdır və məhkəmə tərəfindən verilmiş 2-ci suala cavab öz əksini tapacaqdır. Digər tərəfdən ifadə vermiş şahidlər öyrədilmişdir və verdikləri izahatlar eynilik təşkil etmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1213/2025 saylı, 17 fevral 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025 ci il tarixli, 3-16-16/2-4/415/2025 saylı məktubu ilə ekspert rəyi daxil olduqdan sonra iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Mülki Məcəllə:

337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. 1183.2. Görmə qabiliyyəti tam məhdud və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır. 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1230. Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər.

Notariat haqqında Qanun:

47. Vəsiyyətnamələrin təsdiq edilməsi Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli vəsiyyətnaməyə əsasən X9 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 16 saylı evin 12 saylı mənzilini oğlu Cavabdeh3 vəsiyyət etmiş və vəsiyyətnaməni imzalamışdır. AZ-İİ 278211 №li ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2022-ci il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbindən vəfat etmişdir. Hazırda iddiaçı onun anası tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 16 saylı evin 12 saylı mənzili ilə bağlı Bakı şəhəri 15 saylı Notariat Ofisində tərtib edilmiş xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, vəsiyyətnamə anası tərəfindən yazılmamış, imzalanmamış, vəsiyyətnamə qanunauyğun tərtib edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı mülki iş üzrə iki dəfə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə tərəfindən iddiaçıya mərhum X6 imzası, yazısı olan əlavə sənədlərin təqdim edilməsi təklif olunmuş, sənədlərin, xətt nümunələrinin əldə edilməsi üçün məhkəmə tərəfindən müvafiq sorğular verilmişdir. İddiaçı tərəf isə məhkəməyə bu kimi sənəd təqdim etməmişdir. Apellyasiya şikayətində isə iddiaçı bildirmişdir ki, evdə mərhum X6 öz dəftəri var, orada çoxlu yazıları var, məhkəmə iclasında həmin dəftər təqdim edilmiş, lakin işə baxan məhkəmə həmin sözügedən dəftəri qəbul etməmişdir. Göründüyü kimi, mübahisələndirilən vəsiyyətnamənin miras qoyan tərəfindən imzalanıb-imzalanmamasının müəyyən edilməsi işin hüquqi həllinə birbaşa təsirini göstərəcəkdir. Belə ki, mübahisələndirilən vəsiyyətnamədəki imzanın (xətt nümunələrinin) həqiqətən miras qoyana və ya başqa şəxsə məxsus olub-olmamasının müəyyən edilməsi iş üzrə tərəflər arasında yaranmış hazırki mülki mübahisənin həlli üçün vacibdir. Bu xüsusatı araşdırmaq üçün isə xüsusi bilik tələb olunur. Məhkəmə isə bu sahədə xüsusi biliyə malik deyil. Eyni zamanda apellyasiya baxışı zamanı mərhum X7 aid sənədlərin, xətt nümunələrinin müvafiq qurumlardan əldə edilməsi üçün qərardad qəbul edilmişdir. Apellyasiya baxışı zamanı işin obyektiv həlli baxımından xx.xx.2019-cu il tarixli vəsiyyətnamədəki imzanın həqiqətən mərhum X9 və ya başqa şəxs tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi üçün əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/415 nömrəli, 03 aprel 2025-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 136-cı vərəqində X6 adından olan xx.xx.2019-cu il tarixli Vəsiyyətnamədəki (завещание) əlyazmalar və "подпись" qrafasındakı "Гусейнова" soyadından ibarət imza, 64-cü vərəqində X6 adından olan xx.xx.2019-cu il tarixli Vəsiyyətnamənin (завещание) 2-ci nüsxəsinin kserosurətində əks olunmuş əlyazmalar və "подпись" qrafasında əks olunmuş "Гусейнова" soyadından ibarət imza X9 tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 138 manat təşkil etmişdir. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd olunan halın, yəni göstərilən xx.xx.2019-cu il vəsiyyətnamədəki olan imzanın X7 aid olub-olmamasının müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də həmin rəyi şübhə altına alan hər hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, müqayisəedici tədqiqat aparmaq üçün ekspertizaya X6 sərbəst imza və xətt nümunələri qismində: mülki işin 1-ci cildinin 65-ci vərəqində plan AZE seriyalı 02133053 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzası, 88-89-cu vərəqlərində olan xx.xx.2017-ci il tarixli 08/19505 № li Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədəki, 90-91-ci vərəqlərində olan xx.xx.2010-cu il tarixli Təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında əhali üçün müqavilədəki, 92-ci vərəqində olan xx.xx.2015-ci il tarixli Daxili qaz avadanlığına texniki baxış və profilaktik xidmət işlərinin keçirilməsi haqqında aktdakı imzaları və 51 vərəqdən ibarət qeyd dəftərinindəki xətt nümunələri təqdim olunmuşdur. Həmçinin tədqiqat zamanı müqayisəediçi tədqiqatın nəticələrini qiymətləndirdikdə müəyyən olunmuşdur ki, rəydə göstərilən uyğunluqlar sabit və dəyərli olub, elə bir fərdi (təkrarolunmaz) məcmu təşkil edirlər ki, bu da tədqiq olunan əlyazmaların və soyadlardan ibarət imzaların X9 tərəfindən icra olunması fikrinə gəlmək üçün kifayət qədər əsas vermişdir. Göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/415 nömrəli, 03 aprel 2025-ci il tarixli rəyi ilə razılaşmamaq üçün əsaslar olmamışdır. Həmin rəylə də X6 adından olan xx.xx.2019-cu il tarixli vəsiyyətnamədəki (завещание) əlyazmalar və "подпись" qrafasındakı "Гусейнова" soyadından ibarət imza, 64-cü vərəqində X6 adından olan xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin (завещание) 2-ci nüsxəsinin kserosurətində əks olunmuş əlyazmalar və "подпись" qrafasında əks olunmuş "Гусейнова" soyadından ibarət imza X9 tərəfindən icra olunması müəyyən edilmişdir. Məhkəmə kollegiyası mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə vəsiyyətnamə notariat formasında və ya bunsuz yazılı vəsiyyətnamə formasında tərtib edilə bilər. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın. Vəsiyyətnamə əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır, həmçinin qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. İşdə olan vəsiyyətnamədən göründüyü kimi X9 vəsiyyətnaməni notariusun iştirakı ilə özü tərtib etmiş və imzalamışdır. İmzanın X7 məxsus olması ekspert rəyi ilə bir daha təsdiq edilmişdir. Digər tərəfdən iddiaçı mərhum X6 gözünün görmədiyini, o ərəfədə əməliyyat olunduğunu və vəsiyyətnaməni yazıb, imzalama imkanına malik olmadığını göstərsə də, məhkəmə araşdırması zamanı onun bu dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli sorğuya cavaba əsasən X9 1938-ci il təvəllüdlü xx.xx.2019-cu il tarixdə klinikaya OD-fəsadlı katarakta, OS-artifakiya diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən VisOD=işıq duyğusu, VisOS= 0,5 (onda beş) olmuşdur. Xəstə laborator müayinədən keçmişdir. xx.xx.2019-cu il tarixdə OD-kataraktanın intrakapsulyar ekstraksiyası İOL, implantasiyası olmuşdur. (Xəstə evə yazılarkən Vis OD= 0,5 Vis OS= 0,5 ). Həmçinin mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ATU-nun X3 Oftalmologiya şöbəsinin müdiri İsmayılov Qurban tərəfindən verilmiş ərizəyə əsasən qeyd edilir ki, xəstə X9 xx.xx.2019-cu il tarixdə laborator müayinələr EKQ VƏ İOL MASTER olunub. (saat 11:39). Xəstəyə xx.xx.2019-cu il tarixində yerli OD-kataraktanın ekstraksiyası İOL implantasiyası icra olunub. Xəstə evə yazılıb. Əməliyyatdan əvvəl xəstənin gözündə sarğı olmayıb. Hər bir göz əməliyyatından sonra xəstəyə 3 saatlıq sarğı qoyulur. Xəstənin sol gözü 0,5 yəni 50% görür. Xəstə maşın sürə bilər, yazı yaza bilər, hətta təyyarədə uça bilər. Eyni zamanda birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında izah verən şahidlər notariat orqanına mərhum X9 və cavabdehlə bir yerdə getdiklərini təsdiq etmişdirlər. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər Məhkəmə kollegiyası tərəfindən araşdırılmış, vəsiyyətnamədəki imzanın vəsiyyətedənə məxsus olması müəyyən edilmiş, həmçinin vəsiyyətedənin məhz səhhəti ilə əlaqədar olaraq vəsiyyyətnaməni tərtib edə bilməməsi halı müəyyən edilməmiş, eləcə də birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında izah verən şahidlər notariat orqanına mərhum X9 və cavabdehlə bir yerdə getdiklərini təsdiq etmişdirlər. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə baxmayaraq ekspertiza tədqiqatının dəyəri tutulmamışdır. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməli, həm birinci instansiya məhkəməsi zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 124 manat pul, həmçinin də apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli, 2(011)- 125/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Həm birinci instansiya məhkəməsi zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat pul, həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar