Məhkəmə qərarları › İş №2(103)-1214/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1214/2023

03.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1214/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı (üçüncü şəxs: Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti) qarşı iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhər İcra Hakimiyyəti başçısı E.Əzizovun 178 №-li xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, Azər Əliyev, Ceyhun Səlimov və Maqsud Əlizadə küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,7 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısı E.Əzizovun 178 №-li xx.xx.2020-ci il tarixli Sərəncamı ilə İddiaçı MMC-yə tikinti üçün ayrılmış ərazidə yerləşən cavabdeh X2 tərəfindən M.Əlizadə küçəsi 40A saylı ünvanda yaşadığı evin dam hissəsində apardığı qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sərəncamdan irəli gələn tələblərin həyata keçirilməsi üçün ərazidə yaşayan sakinlərlə danışıqlar aparılmışdır. Artıq ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə müəyyən şərtlər altında razılıq əldə edildikdən sonra ərazidə təmizləmə işlərinə başlanılmışdır. İş üzrə cavabdeh qeyd edilən torpaq sahəsinin ərazisində yerləşən evlərin söküntüsünə başlanıldığını görüb, yaşadığı evin dam hissəsində qanunsuz olaraq ikinci mərtəbə tikməklə, orada İddiaçı MMC tərəfindən tikiləcək yeni yaşayış binasında artıq sahə götürmək niyyətinə düşmüşdür. Bu səbəbdən cavabdehə qanunsuz hərəkətlərinə son verməsi barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh yaşadığı evin dam hissəsində ikinci mərtəbə inşa etmişdir. Hesab edirlər ki, cavabdeh qanunsuz hərəkətləri ilə qanunla qorunan hüquqlarını pozduğundan, pozulmuş hüquqları məhkəmə vasitəsi ilə bərpa olunmalıdır

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Cəfərov, iş № 2(006)-290/2022) iddia təmin edilməmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçının ümumiyyətlə iddia predmeti ilə bağlı mülki-hüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququ yoxdur.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən inşa olunan tikilinin iddiaçının hüquqlarına toxunub-toxunmamasının, cavabdehin qeyd edilən tikilini inşa etməsinin qanuni olubolmamasının müəyyən olunması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırılmış, vəsatət təmin edilsə də, cavabdeh məhkəmə qərardadının icra olunması üçün mübahisəli obyektə eksperti buraxmadığına görə rəy verilməsi mümkün olmamışdır. Məhkəmə qarşısında vəsatət qaldırılaraq iş üzrə ekspertizanın keçirilməsinə maneənin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul etməsini xahiş etsələr də, məhkəmə vəsatəti təmin etməmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş, Nəsmi Rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 15 fevral 2021-ci il tarixli “AKT”ı, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin məktubundan göründüyü kimi mübahisəli tikinti torpaq sahəsi icarəçinin istifadəsinə verildikdən sonra qanunsuz olaraq inşa edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdeh ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. İşdə iştirak edən digər orqanların nümayəndələri isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarı

15. mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

19. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

20. Apellyasiya baxışı zamanı cavabdeh mübahisəli fərdi yaşayış evinin 1-ci mərtəbəsinə dair mülkiyyət sənədlərini təqdim etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 40 A saylı ev 1 mərtəbədən ibarət olmaqla cavabdehin xüsusi mülkiyyətində, həmin tikilinin yerləşdiyi 0,00932 ha torpaq sahəsi isə qanuni istifadəsindədir. Cavabdeh tərəfindən mübahisəli evin ikinci mərtəbəsinə dair ərazi üzrə 59 saylı MKİS tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq olunmuş texniki sənədlər (faktiki sxem və s.) də məhkəmə kollegiyasına təqdim olunmuşdur.

21. Göründüyü kimi, cavabdeh öz mülkiyyətində fərdi yaşayış evinin ikinci mərtəbəsində müvafiq tikinti işləri aparmışdır və bu fakt nəzərə alınmaqla iddiaçının həmin tikilinin sökülməsi barədə tələb irəli sürməsi üçün subyektiv hüququ yoxdur.

22. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin qanuni istifadəsində olan torpaq sahəsinə dair sonradan Bakı İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli sərəncamı əsasında icarə müqaviləsi bağlanması cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində apardığı tikililərin sökülməsi barədə iddia qaldırmasına hüquq vermir. Belə ki, həmin torpaq sahəsi Bakı İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli sərəncamından çox-çox əvvəl cavabdehin qanuni istifadəsindədir.

23. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

25. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi. Lakin apellyasiya baxışı zamanı müəyyən edildi ki, mübahisəli tikili cavabdehin mülkiyyətində, həmin tikilinin yerləşdiyi torpaq sahəsi qanuni istifadəsindədir. Belə olan halda iddiaçının tələbinin hüquqi əsası yoxdur.

26. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

27. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

29. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

30. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

31. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 13 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar