Məhkəmə qərarları › İş №2(103)-1214/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1214/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1214/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 04 fevral 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 1856 manat olan avadanlığı alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 896 manat ödənilməmiş borcu qalmışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış BL372988 saylı xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 896 manat əsas borcun və 30 dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməmiş, aylıq ödənişləri ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5080/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim K.Xudayev) iddia təmin edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 568.1. 597.1, 600.4. 601.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddiaçı ilə aralarında bağlanılmış xx.xx.2019-ci il tarixli müqavilənin ləğv olunmasını, iddiaçıdan onun xeyrinə maddi ziyana görə 960 (doqquz yüz altmış) manat və mənəvi ziyana görə 2000 (iki min) manat məbləğində pulun tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilədə faktiki yaşayış ünvanı (ünvan 1aktiki yaşayış ünvanına rəsmi bildiriş göndərilməmişdir. Bu səbəbdən də iddiaya qarşı etirazını, habelə lazım olan sübutlarını təqdim edə bilməyib. 2019-cu ilin iyun ayında iddiaçı tərəfindən “Samsunq” kondisioneri quraşdırıldıqdan 1 ay keçmədi ki, kondisioner işləməyib. Dərhal bu barədə iddiaçı tərəfə məlumat verib və onların servislərindən göndərdikləri ustalar tərəfindən yoxlanıldıqdan sonra həqiqətən də məlum olub ki, kondisioner normal işləmir. Ustaları dedilər ki, kondisioner çirkləndiyinə görə işləmir, yumaq lazımdır. Kondisioneri yudular və dedilər ki, hər şey qaydasındadır. Həmin vaxtdan 2-3 ay keçdikdən sonra yenidən həmin vəziyyət təkrarlandı. O, iddiaçı tərəfdən müqavilənin ləğv edilməsini, kondisioneri aparmalarını və ödədiyi 220 manat ilkin ödəniş məbləğini, habelə aylıq ödədiyi pulları tələb edib. Lakin iddiaçı tərəf həmin kondisioneri başqası ilə dəyişərək (xx.xx.2019-da) yenidən onu inandırdılar ki, heç bir problem olmayacaq. O da aylıq ödənişləri davam etdirdi, lakin bir neçə aydan sonra yenidən həmin problemlər başladı və xx.xx.2020-ci ildə iddiaçının Mərkəzi Ofisinə ərizə verdi ki, gəlib “zay” məhsullarını aparsınlar və ödədiyi pullarını geri qaytarsınlar. Lakin onlar gəlib kondisioneri geri götürmədilər, o də məcbur olub ödənişləri dayandırdı. Həmin vaxtadək təxminən kondisionerin yarıdan artıq məbləğini(960 manat) ödəmişdi. İddiaçı tərəf kondisioneri geri almadıqlarından məcbur olub hər 1-2 aydan bir yuduzdururdu ki, birtəhər işləsin. Hər dəfə də kondisionerin tozunu təmizləmək üçün ustalara 30-40 manat pul ödəyirdi. Hesab edir ki, iddiaçı tərəfindən ona xeyli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Müqavilənin şərtləri onun tərəfimdən deyil, iddiaçı tərəfindən pozulmuşdur. Bundan başqa, istehlakçı hüquqları pozulduğundan mənəvi sarsıntılara məruz qalıb, getgələ düşüb, yayın istisində qoca yaşlı anası, azyaşlı uşaqları, özü və ailəsi əzab-əziyyət çəkib. Buna görə də iddiaçı ımənəvi ziyana görə ona 2000 (iki min) manat təzminat ödəməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. İddiaçı MMC tərəfindən cavabdehin apellyasiya şikayətinə qarşı etiraz verilmiş və həmin etirazda apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Apellyasiya baxışının hədləri

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

11. Hazırkı iş üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını bütövlükdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

13. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.

14. Mülki Məcəlləyə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun (maddə 623.2).

15. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən görünür ki, xx.xx.2019-cu ildə kondisioner basqası ilə əvəz edilmiş, iddiaçı həmin məhsuldan istifadə etmiş, xx.xx.2020-ci ildə isə malın qaytarılması barədə iddiaçıya rəsmi müraciət etmişdir. Cavabdeh 9 ay müddətində kondisionerdən istifadə etdiyini mübahisələndirməmişdir.

16. Mülki qanunvericilik alıcının malın qaytarılması haqqında tələbin malın işlədilmiş olmaması şərtilə mümkünlüyünü nəzərdə tutur. Hazırkı mübahisə üzrə bu şərtin ödənildiyi müəyyən edilmir.

17. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə isə Kollegiya qeyd edir ki, müqavilənin ləğvi və mənəvi zərərin ödənilməsi barədə cavabdehin tələbləri yeni tələbdir və apellyasiya baxışının predmetini təşkil etmir.

18. Azərbaycan Respublikası MPM-nin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

19. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

20. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar