Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1215/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("əsassız hesablanmış borcun silinməsi və əqdin etibarsız hesab edilməsi") hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış borcun silinməsi və əqdin etibarsız hesab edilməsi" tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-632/2022 saylı işi üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş AKT NDM nömrəli 027349 saylı aktın ləğv olunması, həmin akt əsasında əsassız olaraq hesablanmış borc məbləğinin abonent kodu **********20002 hesabından silinməsi, eyni zamanda xx.xx.2021-ci il tarixli “Razılaşma Protokolu”nun etibarsız hesab edilməsi, həmçinin tərəfindən ödənilmiş 2000 manat pul məbləğinin "xxxx" ASC-dən tutularaq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-632/2022 saylı işi üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" ASC tərəfindən tərtib edilmiş AKT NDM 027349 saylı, xx.xx.2021-ci il tarixli aktın ləğv olunması, həmin akt əsasında hesablanmış borc məbləğinin abonentin hesabından silinməsi, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Razılaşma Protokolu”nunun etibarsız hesab edilməsi, “Razılaşma Protokolu” üzrə ödənilmiş 2000 manat pul məbləğinin "xxxx" ASC-dən tutularaq İddiaçı geri qaytarılması qət edilmişdir.
3. Qətnamədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6, 7.11, 8.1, 8.33-cü bəndlərinə; Mülki Məcəllənin 324.4, 337, 337.4, 337.5, 359.1, 360.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, əqdin bağlanması üçün İddiaçı səlahiyyətin verilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, razılaşma protokolu imzalayan şəxs X7 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Cavabdeh tərəfin işçiləri tərəfindən tərtib olunmuş 027349 saylı, xx.xx.2021-ci il tarixli aktdan isə görünür ki, akt iki hal şahidinin iştirakı ilə tərtib edilməmiş, abonentin aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququnun həyata keçirilməsinə şərait yaradılmamış, eləcə də aktın nüsxəsi abonentə təqdim olunmamışdır. Aktda abonentin özünü təqdim etməsindən imtina edildiyi qeyd edilsə də, həmin halın mövcudluğu ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Bu səbəbdən də, mübahisələndirilən həmin akt etibarsız hesab edilməli və onun əsasında hesablanmış borc silinməlidir. İşin materiallarından həmçinin görünür ki, tərtib edilmiş həmin akta əsasən iddiaçıya 14 ay üçün itirilmiş elektrik enerjisinə görə borc hesablanmışdır. Halbuki, hər ay cavabdehin əməkdaşları tərəfindən əraziyə nəzarət edilməli və iddiaçının yaşadığı ünvanda elektrik enerjisindən istifadə ilə bağlı hər hansı pozuntu olardısa belə vaxtında aşkar edilməli idi.
4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2021-ci il tarixli AKT NDM 027349 nömrəli akta əsasən, Bakı şəhəri Türkan qəsəbəsi Yeni bağlar ərazisində (abunə kodu **********20002 nömrəli) Tahir Məmmədova məxsus istilikxanaya EEİQ-na uyğun baxış apararkən istilkxanaya sayğac sxemindən kənar faza xəttinin daxil olduğu aşkar edilmişdir; - xx.xx.2021-ci il tarixli AKT NDM 027349 nömrəli akt əsasında tərtib edilmiş hesabata əsasən 5122,70 manat borc hesablanmışdır; - xx.xx.2021-ci il tarixli razılaşma protokoluna əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Aktlar Uçotu və İcrasına Nəzarət şöbəsi və Tahir Məmmədov (kod **********20002) mülkiyyətçisi ilə razılaşma protokolu bağlanmışdır. Həmin protokol Aktlar Uçotu və İcrasına Nəzarət şöbəsinin rəisi Fuad Yusifov və abonentin nümayəndəsi İddiaçı tərəfindən imzalanmışdır. Həmin prtokoldan görünür ki, barışıq sazişi şərtlərinə əsasən istehlakçının istehlakı zamanı itirilmiş elektrik enerjinin bərpasına görə NDM 027349 nömrəli dəyəri cəmi 5123 manat olan akt tərtib olunmuşdur. Aktdan qalan 5123 manat debütor borcunun nəzərə alaraq ilkin 2000 manat ödəniş edildikdən sonra istehlakıçı “Tahir Məmmədov” "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dövründə hər ay istehlak edilmiş elektrik enerjisinə görə aparılmış ödənişlərdən əlavə qalıq debütor borcun (3123 manat) xx.xx.2022-ci il tarixdək ödəməyi və bu məsələ ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı gələcəkdə hər hansı iddia qaldırmamağı öz öhdəsinə götürür. İstehlakçı “Tahir Məmmədov” qeyd olunan borcu xx.xx.2022-ci il tarixinə qədər 5 aylıq müəyyən edilmiş qrafikə uyğun və hər hesabat ayında istehlak olunan elektrik enerjisinin dəyərinə əlavə olaraq xx.xx.2021-ci il tarixə 620 manat, xx.xx.2022-ci il tarixə 620 manat, xx.xx.2022-ci il tarixə 620 manat, xx.xx.2022-ci il tarixə 620 manat, xx.xx.2022-ci il tarixə 643 manat ödəniş etməli, istehlakçı bu razılaşma protokolu ilə müəyyən edilmiş şərləri pozulması öhdəliyini icra etməməsi kimi qiymətləndiriləcək və onun elektrik enerjisi təhcizatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dayandırılacaqdır; - Doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası X2r; - Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2014-cü il tarixdə ölmüşdür (iş səh.8-11). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Xəzər rayon məhkəməsinin 2(003)- 632/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17, 8.32–ci bəndlərinə, Mülki Məcəllənin 339.4, Mülki Prosessual Məcəllənin 217.4-cı maddələrinə istinadən qeyd edilmişdir ki, 19 noyabr 2021-ci il tarixdə "xxxx" ASCnin əməkdaşları ünvan 1 ünvanında yerləşən istilikxanaya quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı istilikxanada sayğac sxemindən daxil olmadan kənar xətdən istifadə olunması və həmin kənar faza xəttinin sayğacın arxa hissəsindən mişar daşını deşərək sayğacın alt qapağının altındakı “C” fazasının giriş yuvasından götürülməsi aşkar olunmuşdur. Aşkar olunmuş faktla bağlı "xxxx" ASC-nin əməkdaşları tərəfindən NDM№ 027349 saylı xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş, aktın tərtib edilməsində abonentin nümayəndəsi iştirak etsə də, özünü təqdim etməmiş və aktı imzalamaqdan imtina etmişdir. "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 2297 kvts. itirilmiş elektrik enerjisinin dəyəri 5122.70 manat məbləğində müəyyən edilməklə abonentin **********20002 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir.Lakin birinci instansiya məhkəməsi öz qətnaməsində “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin müddəalarına, daha dəqiq aktın iki hal şahidinin və abonentin nümayəndəsinin iştirakı olmadan tərtib edilməsinə, həmçinin aktın nüsxəsinin abonentə təqdim edilməməsinə əsaslanmaqla maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.Çünki hazırki iş üzrə iddiaçı elektrik enerjisindən məişət abonenti kimi deyil, məhz ona məxsus istilikxanada təsərrüfat məqsədilə istifadə etmişdir. Bu səbəbdən də ona münasibətdə məişət abonenti ilə enerjitəchizat müəssisəsi arasındakı münasibətləri tənzimləyən adı çəkilən Qaydaların 8.32-ci bəndinin müddəaları deyil, məhz məişət abonenti olmayan istehlakçı ilə enerjitəchizat müəssisəsi arasındakı münasibətləri tənzimləyən 8.17-ci bəndinin müddəaları tətbiq olunmalı idi. Belə ki, Qaydaların 8.17-ci bəndinin məzmunundan tam aydın görünür ki, enerjitəchizat müəssisəsi məişət abonenti olmayan istehlakçı tərəfindən sayğacdan kənar qoşulma halları aşkar etdikdə itirilmiş elektrik enerjisinin dəyərini hesablamaqla müvafiq olaraq akt tərtib edir. Lakin qeyd edilən bənddə akt tərtib olunan zaman iki hal şahidinin və abonentinin nümayəndəsinin iştirak etməsi, həmçinin aktın nüsxəsinin abonentə təqdim edilməsi barədə hər hansı bir qeyd göstərilməmişdir. Akt tərtib olunarkən hal şahidlərinin və abonentin iştirakının mütləq qaydada təmin olunması Qaydaların məişət abonenti ilə enerjitəchizat müəssisəsi arasındakı münasibətləri tənzimləyən məhz 8.32-ci bəndində öz əksini tapmışdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, hazırki iş üzrə mübahisə predmeti olan akt qanunvericiliyin tələblərinə tam uyğun olaraq tərtib edilmiş, lakin məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, bu da öz növbəsində əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. İddiaçı öz ərizəsində mübahisələndiridiyi tərəflər arasında imzalanmış Razılaşma protokolunu mənzilin elektrik təchizatının verilməməsinin dayanadırılmaması üçün məcbur olaraq bağladığını qeyd etsə də, cavabdeh "xxxx" tərəfindən ona qarşı hər hansı bir məcburetmə vasitələrinin tətbiq edilməsini təsdqiləyən sübut və dəlilləri məhkəməyə təqdim etməmiş, bilavasitə iddiaçının öz iradə ifadəsini aydın şəkildə ifadə edilməsi ilə bağlanılmışdır. Akt tərtib olunarkən aşkar olunmuş kənar xətin videogörüntülərini özündə əks etdirən disk sübut qismində birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq, videodiskdə qeyd edilən hallar məhkəmə tərəfindən kifayət qədər ətraflı araşdırılmamış və qeyd edilən hallara düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinə uyğun izahat verərək şikayəti müdafiə etdiklərini, birinci instansiya məhkəməsinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinin müddəalarına əsaslanaraq düzgün maddi hüquq normasını tətbiq etmədiyini, istehlakçının məişət abonenti olmadığından həmin qaydaların 8.17-ci bəndinin tətbiq edilməli olduğunu, bundan əlavə məhkəməyə akt tərtib edilən zaman çəkilmiş video diskin təqdim edildiyini, lakin məhkəmənin həmin video görüntülərə münasibət bildirmədiyini, razılaşma protokolunun etibarsızlığına münasibətdə isə Mülki Məcəllənin 339.4-cü maddəsinə istinad etməklə şəxsin öz iradə ifadəsinə əsasən həmin borcu hissə-hissə ödəməklə borcu qəbul etdiyini, razılaşma protokolunu İddiaçı imzaladığını və tərtib edilmiş aktın həmin prokolda qeyd edildiyini bildirmiş, bundan başqa məhkəmənin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmə vəzifəsinin cavabdehin üzərinə düşməsini Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə uyğun əsaslandırdığını, lakin bu normanın isə qüvvədən düşdüyünü qeyd etmişdir.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı komissiya tərtib edilmədən 12 nəfər gəlməklə sayğacı sökdüklərini, kabelləri kəsdiklərini, 37 manat yazan sayğaca 11900 manat cərimə yazmağın mümkün olmadığını, cəriməni necə hesabladıqlarının ona aydın olmadığını, ona 2000 manat ödəməsini və razılaşma protokolunu imzalamasını, iki saata işığını verəcəklərini bildirdiklərini, bankdan pul götürüb 2000 manat ödədiyini, lakin onu aldatdıqlarını, 2000 manatı ödədikdən sonra da işığı vermədiklərini, işığın verilməsi ilə bağlı məhkəmə qərarını Xəzər rayonu satış müdirinə apardığını, lakin məhkəmə qərarına da diqqət edilmədiyini, işığın vəkilinin müvafiq yerlərə məktub yazmasından sonra bərpa edildiyini, iki ay keçməmiş iddia ilə məhkəməyə müraciət etdiyini, hətta yazılmış borc üzrə bir ay ödəniş də etdiyini bildirmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 337-354, 385.1, 442,1096.1, 1096.2, 1097.1, 1115; Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 279-282, 542; Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76, 77, 80- 82, 89.3, 106.2, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
10. Aktın əsassız olmasının və ödənilmiş pulun geri qaytarılmasının əsası və mübahisənin özəyi iddiaçının cavabdehlə imzaladığı xx.xx.2021-ci tarixli razılaşma protokolu təşkil edir ki, iddiaçının özü tərəfindən imzalanan razılaşmanın təsir (təzyiq) altında imzalanması və ya digər əsasla etibarsızlığı sübuta yetirilmir, habelə əqdi bəyənərək atasının öhdəlikləri üzrə imzalanması onun istehlakçı kimi mülki məsuliyyətdən azad olunmasına və ya əqdin etibarsızlığına əsas kimi çıxış edə bilməz. Məhkəmə, razılaşma protokolu imzalayan şəxs X3 xx.xx.2014-cü il tarixdə ölməsi əsası ilə razılaşmanı etibarsız əqd kimi qiymətləndirməklə, kökündə zidd olan və qanunvericilik təməli olmayan qənaət sərgiləmişdir. Belə ki, razılaşmanı iddiaçının mərhum atası deyil, həmin ünvanda elektrik enerji istehlakçısı olan, onun oğlu (iddiaçı) imzalamaqla borc öhdəliyinə dair cavabdeh qarşısında öz məsuliyyətini müəyyən etmişdir. Bu hissədə iddianın əsassız olması ondan irəli gələn tələbin digər hissələrinində əsassız olmasına dəlalət edir və onların müzakirə edilməsinə zərurətin olmadığını şərtləndirir.
11. Mülki Məcəllənin 347-ci maddəsinə əsasən 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər; 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir; 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir; 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur; 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir; 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir; 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur.
12. Həmin Məcəllənin 351-ci maddəsinə əsasən 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır; 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir; 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir; 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar; 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.
13. Həmin Məcəllənin 353-ci maddəsinə əsasən tərəflər əqdin etibarsızlığını bildikdən sonra etibarlı olmasını arzuladıqda, əgər etibarsız əqd başqa əqd üçün nəzərdə tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin qaydaları tətbiq edilir.
14. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər; 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər; 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9-cu maddəsinə əsasən 9.1 istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə,mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X4 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır; 9.10.İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir; Həmin Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X4 Agentliyi həyata keçirir; 6.4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar” fəslində X4 Agentliyinin səlahiyyətinə aid maddələrə uyğun olaraq, pozuntuya yol vermiş fiziki şəxslərə, vəzifəli şəxslərə və hüquqi şəxslərə qarşı X4 Agentliyi tərəfindən inzibati tənbeh növləri tətbiq edilir.
16. Qeyd edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin, qətnamə ləğv və iddia rədd edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərin özlərinə aid edilməlidir.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-632/2022 saylı işi üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC tərəfindən tərəfindən tərtib edilmiş AKT NDM nömrəli 027349 saylı aktın ləğv olunması, həmin akt əsasında əsassız olaraq hesablanmış borc məbləğinin hesabdan silinməsi, eyni zamanda xx.xx.2021-ci il tarixli “Razılaşma Protokolu”nun etibarsız hesab edilməsi,həmçinin tərəfindən ödənilmiş 2000 manat pul məbləğinin "xxxx" ASC-dən tutularaq ona geri qaytarılması” barədə tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.