Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12157/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(009)-1694/2021 saylı qərardadından iş üzrə cavabdeh tərəfindən verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MTK-ya qarşı «əmlak tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(009)-1694/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qeyd edilən qətnamədən Cavabdeh MTK 17.09.2021-ci il tarixdə apellyasiya şikayəti, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə təqdim etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(009)- 1694/2021 saylı qətnaməsinin bir nüsxəsini cavabdeh rəsmi olaraq 05 iyul 2021-ci il tarixdə almışdır, lakin məhkəmənin qətnaməsindən apellyasiya instansiyasına şikayəti üzürlü səbəbdən gecikmişdir. Belə ki, ağciyərində olan iltihablaşmaya görə 01 aydan çox müddətdə xəstəxanada müalicə almışdır. Bununla əlaqədar olaraq, şikayət vermək müddətini keçirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(009)-1694/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçının vəkili-nümayəndəsi B.Muradov şikayət verərək, qərardasın ləğv edilməsini və müddətin bərpasına dair ərizənin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(009)-1694/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26.10.2021-ci il tarixli 2(103)-10637/2021 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(009)-1694/2021 saylı qərardadı ləğv edilmiş, Cavabdeh MTK-nın Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021ci il tarixli 2(009)-1694/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsinə dair ərizəsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1694/2021 saylı 16.11.2021-ci il tarixli qərardadı ilə Cavabdeh MTK-nın Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(009)- 1694/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan Cavabdeh MTK şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Yəni, cavabdehin ambulator şəraitdə müalicə olması faktı özü- özlüyündə onun keçən bütün müddət ərzində ümumiyyətlə şikayət vermək imkanının olmaması kimi qiymətləndirilə bilməz. Sözügedən mülki iş üzrə qəbul olunmuş məhkəmə qətnaməsinin surətini cavabdeh təşkilat 05 iyul 2021-ci il tarixdə əldə etsə də, cavabdeh təşkilatın rəhbəri “COVİD-19” xəstəliyinə tutulduğundan, həmin xəstəliyi ağır keçirtdiyindən və onunla ünsiyyətdə olmaq məhdudlaşdırıldığından sözügedən məhkəmə qətnaməsindən qanunla müəyyən edilmiş 1 ay müddətində apellyasiya şikayəti verə bilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(009)-1694/2021 saylı qərardadıilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, MTK-nın rəhbəri 04.08.2021-ci il tarixdən 16.09.2021-ci il tarixə kimi müalicədə olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə qətnaməsini 05 iyul 2021-ci tarixində əldə etmiş və onun 05.08.2021-ci il tarixə kimi apellyasiya şikayəti vermək hüququ olmuşdur. Lakin cavabdeh bütün bu müddət ərzində apellyasiya şikayəti verməmiş və əsassız olaraq ərizəsində apellyasiya şikayəti verə bilməsi üçün müəyyən olunmuş 01 aylıq müddətin son günündə xəstə olmasını əsas gətirmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə və prosessual müddətin ötürülməsi üzürlü səbəbdən baş verməmişdirsə prosessual müddət bərpa olunmur və apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəlləsinin 133.1-cı maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, buraxılmış müddət yalnız buraxılmanın səbəblərini üzürlü hesab etdikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli, ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Göründüyü kimi, apellyator məhkəmə qətnaməsini aldıqdan sonra, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Qeyd olunan müddətin üzrlü səbəbdən ötürülməsi isə iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 397-298 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh MTK tərəfindən verilmiş şikayət təmin edilməsi. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(009)-1694/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanısın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-12157/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12157/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver