Məhkəmə qərarları › İş №2(103)-1216/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1216/2021

10.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1216/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 MMC-nin nümayədəsi X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(009)-1119/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “ziyan” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 08.08.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ödədiyi 40.000 manat pul vəsaitinin, 500.000 manat mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Övladları olmadığından həkim müayinəsindən keçməklə mülaicə alıblar. 2017-ci ildə müayinə və müalicə olunmaq üçün Cavabdeh1 Xəstəxanasına müraciət etmişlər. Həkim orada bildirmişdir ki, süni mayalanma yolu ilə daha tez uşaq sahibi olmaq mümkündür. Tərəflər bir dəfə buna cəhd etsələr də alınmamışdır. Sonradan həkimlər bildirmişlər ki, iddiaçını əməliyyat edib normal toxum hüceyrələri götürə bilərlər, yaxud donordan istifadə edə bilərlər. İddiaçı donor təklifini rədd edərək cərrahi əməliyyat olunmağa razılıq vermişdir. Həkimlər ona onu əməliyyat edərək normal toxum hüceyrələri əldə etdiklərini bildirmişlər. 25.05.2018-ci il tarixdə əkiz uşaqlar dünyaya gəlmişdir. Lakin bir müddət sonra iddiaçıya bəlli olmuşdur ki, cavabdehlər iddiaçıdan xəbərsiz əlbir olaraq, donordan istifadə etməklə iddiaçıya qarşı cinayət hərəkəti ediblər. Bununla da iddiaçıya həm maddi, həm mənəvi ziyan vurmuşlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(009)- 1119/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “ziyan” tələbinə dair tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı apelyasiya şikayəti vermiş, apelyasiya şikayətini iddia ərizəsində göstərilənlərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə prosessual normaların pozulması ilə yanaşı, işin faktiki hallarına da uyğun olmadığından ləğv edilməli, onun iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh2 iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(009)-1119/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh1 MMC-nin nümayədəsi X4 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(009)-1119/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, apelyasiya sikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. İşdə olan (iş vərəqi 105-109) 08 avqust 2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi” ilə müəyyən edilir ki, həmin müqavilə Cavabdeh1 MMC ilə “xəstə” X5 və “xəstə yaxını” İddiaçı arasında bağlanmışdır. Həmin müqavilənin 4-cü bəndinə görə”Toplanan yumurta hüceyrələri qadının həyat yoldaşının toxum hüceyrələri ilə mayalandırılacaqdır”. Müqavilənin 2.1.2-ci bəndinə əsasən “Xəstəxana” tibbi xidmətləri “Xəstə” və “Xəstə yaxını”nın imzalamış olduğu və bu müqavilənin ayrılmaz hissəsini təşkil edən Əlavə - İİ-də təqdim olunan “Razılıq” formasına əsasən göstərir. İşdə olan (iş vərəqi 104) 08.08.2017-ci il tarixli “Xəstə yaxını razılığı”ndan görünür ki, Jalə Binyətova adlı xəstənin həyat yoldaşı İddiaçı bəyan edir ki, Cavabdeh1 MMC-nin həkimləri keçirəcəkləri əməliyyatın həyati riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları, ey ni zamanda tibbi xidmətdən sonra müalicə həkiminin müəyyən səbəblərdən əməliyyatdan sonrakı mərhələdə xəstəni təqib edə bilməyəcəyi halda müayinə, müdaxilə və təqibin digər MK həkimləri tərəfindən aparılacağı barədə ona məlumat verildi. O, azad iradəsilə bu əməliyyatın keçirilməsini tələb edir və əməliyyatın və göstərilən xidmətlərin müvəffəqiyyətsiziliyinin (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürür. Əməliyyatın və göstərilən xidmələrin nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödənilən (ƏDV daxil) 1840 AZN məbləğin ona geri ödənilməyəcəyini qəbul edir. Müqavilədə nəzərdə tutulmuş xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə halları) qarşılığı olaraq, “Qiymət Cədvəli” əsasında fakturada müəyyənləşdiriləcək məbləği xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürür. İşdə olan tarixsiz “Kişi donordan istifadə razılığı” (iş vərəqi 110) adlı sənəddən görünür ki, “o, uşaq sahibi olmaqa üçün şəxsinə aid spermlərin oladığını bəyan edir və uşağa sahib ola bilməsi üçün başqa şəxsə aid “Donor spermlər”dən istifadə edilməsini tələb edir. “Donor spermlər”dən istifadə nəticəsində meydana gələ biləcək bütün ehtimallar, risklər və fəsadlar (uşağın sağlam olmaması, qadında hamiləliyin baş tutmaması və şikəstlik-anormallıq) həkim tərəfindən ona izah olunmuşdur. “Donor spermlər”dən istifadə ilə əlaqədar bu gün və gələcəkdə ortaya çıxa biləcək bütün məsuliyyəti şüurlu olaraq öz üzərinə götürür. Bununla əlaqədar olaraq Cavabdeh1 MMCyə qarşı gələcəkdə heç bir tələbi olmayacağı və bundan sonra sperm/yumurta toxumalarının köçürülməsi ilə əlaqədar istərsə Cavabdeh1 MMC-də, istərsə də Azərbaycan Respublikası Qanunvericiliyində (həmçinin Azərbaycan Respublikasının tərəfdar olduğu Beynəlxalq müqavilələrdə) bu barədəki qanunlara/qaydalara riayət edəcəyini bəyan edir.” Həmin razılıq sənədi İddiaçı və cavabdeh X5 tərəfindən imzalanmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08.08.2017-ci il tarixində tərəflər arasında “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi” bağlansa da, iddiaçının razılığı olmadan donordan istifadə olunaraq süni mayalanma əməliyyatı həyata keçirilmişdir. O, donordan istifadəyə razılıq verməmiş, razılıq ərizəsi onun xəbəri və məlumatı olmadan tərtib edilmişdir. Ona görə müqavilə etibarsız sayılmalı və həmin müqavilə üzrə klinikaya ödəmiş olduğu vəsait ona geri qaytarılmalı, keçirdiyi mənəvi iztiraba görə cavabdehlər tərəfindən ona ziyan ödənilməlidir. İşə baxan birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, qeyd edilən müqavilələr qanunda nəzərdə tutulmuş şərtlərə əməl etməklə bağlandığından və onların etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir əsası olmadığından, iddia tələbləri əsassızdır, ona görə də təmin olunmamalıdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Jalə Bünyatova ilə İddiaçı “Kişi donordan istifadə” ilə bağlı razılıq alınmışdır. Tərəflər müqaviləni imzalamaqla və sözügedən razılığa (“Kişi donordan istifadə” ilə bağlı) imza etməklə müqavilənin və razılığın bütün şərtlərini qəbul etmişlər. Müqavilədə və razılıqda qeyd olumuşdur ki, ərarvada donordan istifadə ilə bağlı hər bir hal izah edilmiş və tərəflər bununla bağlı razılıq əldə etmişlər. Odur ki, iddiaçı sözügedən müqaviləyə və razılığa imza etməklə könüllü olaraq arvadının donordan istifadə etməsinə razılıq vermiş və bununla bağlı cavabdeh müalicə müəssisəsinə qarşı hər hansı bir tələbinin olmayacağını öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən prosessual normaların tələblərinə cavab vermir, qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. İddiaçı “Kişi donordan istifadə” ilə bağlı razılıq ərizəsini imzalamadığını, həmin ərizənin mövcudluğundan xəbəri olmadığını bildirmiş və həmin razılıq ərizəsindəki imzanın ona məxsus olub-olmamasının müəyyən edilməsi barədə ekspertiza keçirilməsinə dair vəsatət versə də, işə baxan məhkəmə ekspertiza keçirilməsi barədə vəsatətə hər hansı bir münasibət bildirməmiş, işin obyektiv araşdırılması yuxarıda qeyd edilən prosessual normaların tələblərinə uyğun həyata keçirilməmişdir. Nəticədə qəbul edilmiş qətnamə qanuni və əsaslı olmamışdır. İddiaçı verdiyi apelyasiya şikayətində qətnaməni yuxarıda qeyd edilən əsaslarla mübahisələndirmiş və apelyasiya icraatında ekspertiza keçirilməsi barədə vəsatət verdiyindən, apelyasiya icraatında iddiaçının vəsatəti təmin edilərək, məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 15 mart 2021-ci il tarixli rəy verilmişdir. Həmin rəylə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş, mülki işin 110-cu vərəqəsində olan “Kişi donordan istifadə” razılığı barədə ərizənin “Həyat yoldaşının razılığı” hissəsində “Ad, ata adı, soyadı” qrafasındakı “İddiaçı” yazıları və “İmza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizanın qeyd edilən rəyi ilə razılaşmayan cavabdehin verdiyi vəsatət əsasında təkrar məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin 03 iyun 2021-ci il tarixli rəyi ilə də mübahisələndirilən “Kişi donordan istifadə” razılığı barədə ərizədəki imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən kspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edilən prosessual normaların tələblərinə uyğun ekspertiza rəyini qiymətləndirib sübut kimi qəbul edir və cavabdehin ekspertiza rəylərinin əsassız olması barədə dəlillərini rədd edir. Çünki, ekspertiza rəylərinin əsassız olması barədə cavabdeh tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmiş və cavabdehin izahatında göstərdiyi hallar isə subyektiv mülahizələrdən ibarətdir. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələblərinin birinci hissəsi Cavabdeh1 MMC ilə bağlanmış 08.08.2017-ci il tarixli müqavilənin ona aid hissədə etibarsız hesab olunmasıdır. Əsası isə həmin müqavilə çərçivəsində onun adından tərtib olunmuş “Kişi donordan istifadə” razılığı barədə ərizənin onun tərəfindən imzalanmaması və belə razılıq verməməsidir. İddia tələbini həmin hissədə kollegiya əsaslı hesab edir. Belə ki, apelyasiya icraatı zamanı keçirilmiş ekspertiza rəyləri “Kişi donordan istifadə” razılığı barədə ərizədəki imzanın iddiaçıya məxsus olmadığı müəyyən edilmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, 08 avqust 2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi”nin 4-cü bəndinə görə ”Toplanan yumurta hüceyrələri qadının həyat yoldaşının toxum hüceyrələri ilə mayalandırılacaqdır” xüsusi hal kimi göstərilmiş və iddiaçı həmin tarixli “Xəstə yaxınının razılığı” ilə bu müqavilə ilə razılaşmışdır. Lakin qeyd edilən müqavilədə “Kişi donor”dan istifadə ediləcəyi ilə bağlı hər hansı bir hal nəzərdə tutulmamışdır. Lakin iddiaçının adından onun tərəfindən mübahisələndirilən tarixsiz “Kişi donordan istifadə razılığı” adlı sənəd tərtib edilmişdir. Həmçinin apelyasiya araşdırması zamanı həmin ərizənin iddiaçı tərəfindən imzalanması və ya donordan istifadə olunması barədə iddiaçının razılığının olmasına dair hər hansı bir sübut müəyyən olunmamışdır. Belə olan halda müəyyən olunur ki, kişi donordan istifadə edilməsi iddiaçının iradəsinə zidd olduğundan, mübahisələndirilən müqavilə etibarlı əqd sayıla bilməz. Kollegiya qeyd edir ki, hər hansı əqdin etibarlığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanılmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Kollegiya qeyd edilən maddi hüquq normalarını hazırki mübahisəyə tətbiq edib qeyd edir ki, Cavabdeh1 MMC-də tərtib olunan “Kişi donordan istifadə” razılığı barədə ərizə iddiaçı tərəfindən imzalanmadığından və iddiaçının iradə ifadəsini əks etdirmədiyindən, mübahisələndirilən müqavilə iddiaçıya münasibətdə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Kollegiya mübahisələndirilən müqavilənin etibarsız əqd olması qənaətinə gəldiyindən, qeyd edilən maddi hüquq normasının tələblərinə əsasən hesab edir ki, iddiaçı tərəfindən əqd üzrə ödənilmiş vəsait cavabdeh tərəfindən ona qaytarılmalıdır. İddiaçı iddia tələbində maddi ziyan kimi 40000 manat pul vəsaitini cavabdehdən tələb etmiş və tələbinin məbləğin 5000 manatının süni mayalanmaya görə, 35000 manatın uşaqların süni nəfəs aparatında saxlanmasına görə ödənilmiş vəsait olduğunu bildirmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı maddi ziyan tələbini təsdiq edən sübut kimi 08.08.2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi”ni təqdim etmişdir. Həmin müqavilə ilə müəyyən edilir ki, iddiaçı müqavilənin 3.1-ci maddəsinə görə 1840 manat ödəmişdir. Bundan əlavə iddia tələbinin maddi ziyan tələbi ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Apelyasiya Məhkəməsinin sorğusuna əsasən Cavabdeh1 MMC tərəfindən 10 avqust 2021-ci il tarixli məhkəmə iclasında təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, X1 müayinə və müalicəsinə görə klinikaya 8586,34 (səkkiz min beş yüz səksən altı manat, otuz dörd qəpik) manat vəsait ödənilmişdir. Kollegiya hesab edir ki, iddiaçı maddi ziyan tələbinin məbləği barədə zəruri sübutlar təqdim etməsə də, Cavabdeh1 MMC-nin təqdim etdiyi sənəddə göstərilən məbləğ həddində maddi zərərlə bağlı həmin məbləğdə təmin edilməsi qanuni və əsaslıdır. İddia tələbinin mənəvi ziyan hissəsini də kollegiya əsaslı hesab edir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. İddiaçı məhkəmə tərəfindən bu iddia üzrə qətnamə qəbul edilənə kimi vəfat edərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən həmin iş üzrə icraata xitam verilməlidir. İddiaçının xeyrinə mənəvi zərərin tutulması barədə qətnamə qanuni qüvvəyə mindikdə və o, həmin məbləği alana kimi vəfat etdikdə bu tələb vərəsəlik üzrə keçir. Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Mülki Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd edilən Plenum qərarının tövsiyyələrini nəzərə alan kollegiya hesab edir ki, iddiaçı cavabdeh təşkilat olan Cavabdeh1 MMC ilə “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi” bağlamış və həmin müqavilənin 4-cü bəndinə görə süni mayalanma zamanı qadının həyat yoldaşının (hazırki iş üzrə iddiaçının) toxum hüceyrələri ilə mayalandırılması nəzərdə tutulsa da, iddiaçının razılığı olmadan süni mayalanma üçün kənar donordan istifadə olunmuşdur. Bu hal uşaqlar doğulduqdan bir müddət sonra iddiaçıya məlum olmuşdur ki, bu da onun mənəvi sarsıntı və iztirablar keçirməsinə səbəb olmuşdur. Bu səbəbdən iddia tələbinin mənəvi ziyan tələbinə dair hissəsi də əsaslıdır. Lakin kollegiya qeyd edir ki, iddiaçının tələb etdiyi mənəvi ziyanın məbləği həddən artıq çoxdur. Kollegiya hesab edir ki, mənəvi ziyan tələbi ilə bağlı iddia tələbi 1000 (min) manat müəyyən edilməsi ədalətlidir və həmin məbləğdə Cavabdeh1 MMC-dən tutulub iddiaçıya ödənilməlidir. Kollegiya qeyd edir ki, iddiaçının maddi zərərlə bağlı tələbi hər iki cavabdehə qarşı yönəlsə də, maddi zərərlə bağlı tələbin təmin olunan hissəsi yalnız Cavabdeh1 MMC-dən tutulmalıdır. Çünki, iddiaçı tərəfindən ödənişlər Klinikaya ödənildiyindən, həmin məbləğ də cavabdeh Klinikadan tutulmalıdır. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, bununla da maddi hüquq normalarının pozuntusuna yol vermiş, iddiaçının verdiyi vəsatəti müzakirə etməməklə prosessual pozuntuya yol vermişdir. Bu səbəbdən qətnamə qanuni hesab edilmədiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilib, iddia tələbi qismən təmin edilməli, mübahisələndirilən İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 08.08.2017ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi” iddiaçıya münasibətdə etibarsız hesab edilməli, 8586,34 (səkkiz min beş yüz səksən altı manat, otuz dörd qəpik) manat maddi ziyan, 1000 (min) manat mənəvi ziyan Cavabdeh1 MMC-dən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(009)-1119/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 08.08.2017-ci il tarixli “Süni mayalanmaya görə tibbi xidmət müqaviləsi” iddiaçıya münasibətdə etibarsız hesab edilsin. Cavabdeh1 MMC-dən 8586,34 (səkkiz min beş yüz səksən altı manat, otuz dörd qəpik) manat maddi ziyan, 1000 (min) manat mənəvi ziyan, 45 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat ekspertiza xərci Cavabdeh1 MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar