Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1216/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı mülki iş (Açar sözlər: «mənzildən istifadə hüququna xitam verilməsi və müqavilənin etibarsız hesab olunması, preyudisiallıq») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı1, İddiaçı1 nümayəndəsi və vəkili, digər İddiaçı2 isə vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1529/2023 saylı, 18 oktyabr 2023cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı2 ilə Cavabdeh1 arasında Bakı şəhər Səadət sarayında 24 sentyabr 2005-ci il tarixdə 2643 saylı akt qeydi ilə bağlanmış nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 394/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
2. ünvan 1 ünvanında yerləşən mənzil 4/5 hissədə X1 və 1/5 hissədə İddiaçı2 xüsusi mülkiyyətində olmuşdur.
3. Cavabdeh2 MMC, İddiaçı1 və İddiaçı2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Köçürülənlərin Mənzil Tikintisinə X11 dair” 1/7/21 saylı müqaviləyə əsasən, Tikinti şirkəti Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixiı 227 nömrəli sərəncamı əsasında, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında yerləşən 76 nömrəli binanı sökərək yeni layihəyə uyğun inşa edəcəyi 14 mərtəbəli binanın 1-ci giriş, 7-ci mərtəbəsində, ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzili öz vəsaiti ilə inşa etməyi, “Mənzil mülkiyyətçiləri” isə öz növbəsində, bu Müqavilənin şərtlərinə uyğun ümumi sahəsi 80.24 m2 olan köhnə 4 otaqlı mənzilini “Tkinti şirkəti”nə təhvil verməyi, əvəzinə ümumi sahəsi 110 m2 olan yeni təmirli 21 saylı mənzili mülkiyyətinə qəbul etməyi öhdəsinə götürürlər. Mənzil mülkiyyətçisinin köhnə mənzilindən köçmək üçün “Tikinti şirkəti”ndən 150 manat vəsait tələb etmək, Köhnə mənzilin əvəzinə alaçağı yeni mənzil inşa edilib başa çatanadək köhnə mənzilə uyğun köçəcəyi digər mənzildə yaşamaq üçün “Tikinti şirkəti” üzərinə hər ay üçün 600 manat öhdəlik qoymaq hüquqları vardır (4/5 hissəsi İddiaçı1, 1/5 hissəsi isə İddiaçı2 ayrılır).
4. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Köçürülənlərin Mənzil Tikintisinə X11 dair 1/7/21 saylı müqavilədən görünür ki, Tikinti şirkəti Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 227 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında yerləşən 76 nömrəli binanı sökərək yeni layihəyə uyğun inşa edəcəyi 14 mərtəbəli binanın 1-ci giriş, 7-ci mərtəbəsində, ümumi sahəsi 110 kv.m olan 4 otaqlı mənzili öz vəsaiti ilə inşa etməyi və "Mənzilə istifadə hüququ tanınmış şəxsi" Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli 2(007)-5970/2017 saylı qətnaməsi əsas götürülməklə həmin mənzilə köçürməyi və mənzilin açarlarının bir nüsxəsini ona təqdim etməyi, "Mənzilə istifadə hüququ tanınmış şəxs" isə öz növbəsində bu Müqavilənin şərtlərinə uyğun ümumi sahəsi 80,24 kv.m olan köhnə 4 otaqlı mənzili boşaldaraq "Tikinti şirkəti”nə təhvil verməyi, əvəzinə ümumi sahəsi 110 kv.m olan yeni təmirli 21 saylı mənzilə köçürülməyə etiraz etməyəcəyini öhdəsinə götürmüşdür. Qeyd: bu müqavilənin qeyd olunan mənzil İddiaçı1 və İddiaçı2 bu mülkiyyətində olmasına baxmayaraq söküntü zamanı məhkəmə qətnaməsi ilə istifadə hüququ tanınmış Cavabdeh1 həmin mənzildə yaşaması müəyyən olundu və həmin mənzil boş vəziyyətdə açarları ondan təhvil alındı. Cavabdeh1 Köhnə mənzilin əvəzinə köçürüləcəyi yeni mənzil inşa edilib başa çatanadək köhnə mənzilə uyğun köçəcəyi digər mənzildə yaşamaq üçün "Tikinti şirkəti" üzərinə hər ay üçün 300 manat öhdəlik qoymaq hüququ vardır.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5970/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 76 saylı evin 28 saylı mənzilinə istifadə hüququ tanınması, onun azyaşlı uşaqları olan 07 iyun 2007-ci il təvəllüdlü X2 və 26 sentyabr 2011-ci il təvəllüdlü X3 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2018-ci tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli qətnaməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4269/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2018-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı mənzildən istifadə hüququna xitam verilməsi və müqavilənin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Ağabala qızının övladları 02 iyun 2007-ci il təvəllüdlü X2 və 26 sentyabr 2011-ci il təvəllüdlü X3 ilə birlikdə onlara məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti küçəsində yerləşən 76 saylı binanın 28 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsinə və Cavabdeh1 Ağabala qızı ilə "xxxx" MMC arasında 22 fevral 2023-cü il tarixli eyni 1/7/21 nömrəli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Tələbdə göstərilir ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilib və Cavabdeh1 Ağabala qızı övladları ilə birlikdə mübahisəli mənzilə köçürülüb. Lakin məhkəmə qətnaməsi icra edildikdən sonra Cavabdeh1 özü uşaqları ilə birlikdə bir gün də olsun faktiki surətdə həmin mənzildə yaşamayıb, lakin ilk vaxtlar mübahisəli mənzilə kirayəçi yerləşdirərək, özü isə uşaqları ilə birlikdə əvvəllər yaşadıqları mənzildə yaşamaqda davam edib. Kirayəçilər isə mübahisəli mənzildə bir neçə ay yaşadıqdan sonra oradan çıxıblar. Hazırda mülkiyyət hüququ əsasında onlara məxsus olan mənzilin yerləşdiyi Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 76 saylı bina söküntüyə məruz qalıb və həmin ünvanda tikinti işlərini həyata keçirən Cavabdeh2 MMC onların xəbəri olmadan Cavabdeh1 Ağabala qızı ilə 22 fevral 2023- cü il tarixdə 1/7/21 saylı müqavilə bağlayıb və həmin müqavilə əsasında ona hər ay 300 manat kirayə haqqı ödənilməsi barədə öz üzərinə öhdəlik götürüb. Hazırkı iddia üzrə Cavabdeh1 Ağabala qızının Nizami Rayon Məhkəməsinin 10 noyabr 2017- ci il qətnaməsi icra edildikdən sonra uşaqları ilə birlikdə bir gün də olsun mübahisəli mənzildə yaşamaması işə əlavə edilmiş sənədlər, o cümlədən “Azərişıq”, “Azərsu” və "xxxx" ASC-ləri tərəfindən verilmiş müvafiq arayışlarla bir daha təsdiq edilir. Belə ki, həmin mənzildə yaşayış olmayıb və buna görə də heç bir şəxs tərəfindən qeyd edilən xidmət sahələrindən istifadə halları mövcud olmayıb. Yuxarıda qeyd edildiyi kimin cavabdeh eyni zamanda Nizami Rayon Məhkəməsinin qətnaməsi qüvvəyə mindikdən sonra da bir gün də olsun mümahisəli mənzildə yaşamayıb. İşin həmin faktiki halı hər hansı bir şəkildə olursa-olsun mübahisə predmeti deyildir. Buna görə də, Cavabdeh1 Ağabala qızının yetkinlik yaşına çatmayan uşaqları 02 iyun 2007-ci il təvəllüdlü X4 və X5 ilə birlikdə mübahisəli mənzildə yaşayış sahəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməlidir. "xxxx" MMC-nin direktoru mənzilin mülkiyyətçiləri kimi onlarla yanaşı eyni zamanda həmin mənzildə yaşayış sahəsinə istifadə hüququnun olmasına istinad edərək Cavabdeh1 Ağabala qızı ilə də “Köçürülənlərin mənzil tikintisinə X11 dair” 22 fevral 2023-cü ildə onunla eyni nömrə ilə müqavilə bağlayıb və yeni mənzil inşa edilib başa çatanadək onların mülkiyyətlərində olan köhnə mənzilə uyğun köçəcəyi digər mənzildə yaşamaq üçün ona hər ay 300 manat ödəniş etməyə dair öz üzərinə öhdəlik götürüb. Həmin müqavilənin heç bir hüquqi əsası yoxdur və bununla da qeyd edilən MMC onların mülkiyyət hüquqlarının süni surətdə, heç bir qanuni əsas olmadan məhdudlaşdırılmasına yol vermişdir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1529/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu da İddiaçı1 aid edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, ünvan 1 ünvanında yerləşən mənzil 4/5 hissədə X1 və 1/5 hissədə İddiaçı2 xüsusi mülkiyyətindədir. Cavabdeh2 MMC Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixiı 227 nömrəli sərəncamı əsasında, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında yerləşən 76 nömrəli binanı sökərək yeni layihəyə uyğun bina inşa edir. Bu məqsədlə mənzilin mükiyyətçiləri olan iddiaçılarla xx.xx.2022-ci il tarixli Köçürülənlərin Mənzil Tikintisinə X11 dair Müqavilə dair 1/7/21 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən iddiaçılar mənzili cəmiyyətə təhvil verilməsi ilə bağlı öhdəlik götürmələrinə baxmayaq mənzili təhvil verməmişlər. Bundan sonra isə cəmiyyət digər Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli Köçürülənlərin Mənzil Tikintisinə X11 dair 1/7/21 saylı müqavilə bağlamışdır. Müqaviləyə əsasən cəmiyyət Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında yerləşən 76 nömrəli binanı sökərək yeni layihəyə uyğun inşa edəcəyi 14 mərtəbəli binanın 1-ci giriş, 7-ci mərtəbəsində, ümumi sahəsi 110 kv.m olan 4 otaqlı mənzili öz vəsaiti ilə inşa etməyi və "Mənzilə istifadə hüququ tanınmış şəxsi" Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli 2(007)-5970/2017 saylı qətnaməsi əsas götürülməklə həmin mənzilə köçürməyi və mənzilin açarlarının bir nüsxəsini ona təqdim etməyi, "Mənzilə istifadə hüququ tanınmış şəxs" isə öz növbəsində bu Müqavilənin şərtlərinə uyğun ümumi sahəsi 80,24 kv.m olan köhnə 4 otaqlı mənzili boşaldaraq "Tikinti şirkəti”nə təhvil verməyi, əvəzinə ümumi sahəsi 110 kv.m olan yeni təmirli 21 saylı mənzilə köçürülməyə etiraz etməyəcəyini öhdəsinə götürmüşdür. Belə ki, müqavilə bağlanan an mənzilin açarları Cavabdeh1 olmuş, mənzil onun tərəfindən boşaldılmış, yanlız bundan sonra mənzilin sökülməsini təmin etmək mümkün olmuşdur. Hazırda isə iddiaçılar Cavabdeh1 Ağabala qızının övladları 02 iyun 2007-ci il təvəllüdlü X2 və 26 sentyabr 2011ci il təvəllüdlü X3 ilə birlikdə onlara məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 76 saylı binanın 28 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsinə və Cavabdeh1 Ağabala qızı ilə "xxxx" MMC arasında 22 fevral 2023-cü il tarixli eyni 1/7/21 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə ilk öncə iddia tələbinin “iddiaçılar Cavabdeh1 Ağabala qızının övladları 02 iyun 2007-ci il təvəllüdlü X2 və 26 sentyabr 2011-ci il təvəllüdlü X3 ilə birlikdə onlara məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti küçəsində yerləşən 76 saylı binanın 28 saylı mənzilə yaşayış sahəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı halda müəyyən edildi ki, İddiaçı2 ilə Cavabdeh1 arasında Bakı şəhər Səadət sarayında 24 sentyabr 2005-ci il tarixdə nikah bağlanmış, onların birgə nikahlarından 02 iyun 2007-ci ildə X2 və 26 sentyabr 2011-ci ildə X3 anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-394/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuş və uşaqlar analarının himayəsində saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5970/2017 saylı xx.xx.2017-ci il tarixli qətnamə ilə Cavabdeh1 Bakı şəhəri, Nizami rayonunun Qara Qarayev prospektindəki 76 saylı evin 28 saylı mənzilinə istifadə hüququ tanınması, o, azyaşlı uşaqları olan 07 iyun 2007-ci il təvəllüdlü X2 və 26 sentyabr 2011-ci il təvəllüdlü X3 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə mindikdən sonra icra yönəldilmiş və qətnamənin icrası təmin edilmişdir. Ona görə mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Hazırda iddiaçılar cavabdehin məhkəmə qətnaməsi ilə mənzilə köçürüldükdən sonra bir gün belə mənzildə yaşamadığını, kommunal xidmətdən istifadə etmədiyini, ilk əvvəl evi bir neçə ay müddətinə kirayəyə verdiyini, başqa evdə yaşadığını qeyd etmişlər. Məhkəmə ilk öncə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında cavabdehin mübahisəli mənzildə istifadə hüquqları tanınmışdır və iş materialları ilə cavabdehin yaşayış hüquqlarını təmin edəcək başqa bir mənzilinin olması müəyyən edilməmişdir. Məhkəmə iclasında mənzilə köçürüldükdən sonra cavabdehin mübahisəli ünvanda yaşayıb-yaşamamasının müəyyən edilməsi məqsədi ilə şahidlərin dindirilməsi təmin edilmiş, lakin şahid ifadələri ilə göstərilən hal müəyyən edilməmişdir. Belə ki, sahə müvəkkili Şahid ifadəsində 2019-cü ildə mənzildə kirayəçiləri yaşadığını, daha sonra isə mənzilin işıqlarının sönülü olduğunu, mənzilin qapısın açılmadığını, Cavabdeh1 həmin ünvanda görmədiyini, şahid X6 Mənzil Kommunal İstismar Sahəsində işlədiyini, Cavabdeh1 və uşaqlarını mübahisəli mənzilin ərazisində gördüyünü, şahid X8 cavabdehin mübahisəli mənzildə yaşadığını, onun evindəki soyuducudan, sudan, qazdan istifadə etdiyini, uşaqları üçün onun evində hamam otağından istifadə etməsi, şahid X10 isə cavabdehin nikahı pozulandan sonra bir müddət görmədiyini, sonradan yenidən gəldiyini, bina sökülənə qədər onun gəlib-getdiyini gördüyünü qeyd etmişdir. Göründüyü kimi şahid ifadələri ilə cavabdehin mübahisəli mənzildə yaşamaması halı öz təsdiqini tapmamışdır. Həmçinin şəxsin kommunal xidmətdən istifadə etməməsi onun mənzildə yaşamasının təsdiqi üçün mütləq əsas sayıla bilməz. Əksinə müəyyən edilmişdir ki, mənzil sökülən zaman mənzilin açarı Cavabdeh1 tərəfindən cəmiyyətə təhvil verilmiş, ona məxsus əşyaların daşınması təmin edildikdən sonra mənzil sökülmüşdür. Yəni, mənzil cavabdehin istifadəsinə olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin mənzilə istifadə hüququnun tanınmasını və onun yaşayış sahəsinə olan ehtiyacının aradan qalxmasının müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, hazırkı iddia mübahisələndirilən hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qanunverici tərəfindən etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə müvafiq maddələrdə qruplaşdırılmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Mübahisələndirilən xx.xx.2023-cü il tarixli Köçürülənlərin Mənzil Tikintisinə X11 dair 1/7/21 saylı müqaviləyə əsasən “GİYASLİ GROUP" MMC Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 227 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə R.Rüstəmov küçəsinin kəsişməsindəki 2528-ci məhəllə ünvanında yerləşən 76 nömrəli binanı sökərək yeni layihəyə uyğun inşa edəcəyi 14 mərtəbəli binanın 1-ci giriş, 7-ci mərtəbəsində, ümumi sahəsi 110 kv.m olan 4 otaqlı mənzili öz vəsaiti ilə inşa etməyi və "Mənzilə istifadə hüququ tanınmış şəxsi", yəni Cavabdeh1 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli 2(007)- 5970/2017 saylı qətnaməsi əsas götürülməklə həmin mənzilə köçürməyi və mənzilin açarlarının bir nüsxəsini ona təqdim etməyi, Cavabdeh1 isə öz növbəsində bu Müqavilənin şərtlərinə uyğun ümumi sahəsi 80,24 kv.m olan köhnə 4 otaqlı mənzili boşaldaraq "Tikinti şirkəti”nə təhvil verməyi, əvəzinə ümumi sahəsi 110 kv.m olan yeni təmirli 21 saylı mənzilə köçürülməyə etiraz etməyəcəyini öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqavilə tərəfləri müstəqil şəkildə müqavilə bağlayaraq öz iradələrini ifadə etmişlər. Məhkəmə hesab edir ki, həmin müqavilə qanunauyğun müqavilədir. Belə ki, mənzilin İddiaçı1 və İddiaçı2 mülkiyyətində olması məlumdur. Lakin müəyyən edilmişdir ki, mənzil onlar tərəfindən cəmiyyətə təqdim edilməmiş, bu isə öz növbəsinə həm tikinti şirkətini işlərinin ləngiməsinə, həmdə digər sakinlərin hüquqlarının pozulmasına səbəb olurdu. Cavabdeh1 isə mənzildə yaşamasına dair cəmiyyətə özü müraciət etmiş, mənzili müqaviləyə uyğun cəmiyyətə təhvil vermişdir. Hazırdkı halda əqdin etibarsız sayılması əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia mübahisələndirən hissədə də təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. İddiaçılar İddiaçı1 və İddiaçı2 (iddiaçıların nümayəndəsi və vəkili Vəkil1) birgə verdikləri apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq qətnamənin ləğv, iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
12. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etirazda şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və etirazını bununla əsaslandırmışdır ki, o, 2018-ci ildən sözügedən mənzilə köçürülmüş və həmin tarixdən orada yaşamağa başlamışdır. 2019-cu ildə iddiaçılar onun razılığı olmadan aralarında bağışlama müqaviləsi bağlamaqla pay bölgüsü etmiş, onun isə bundan yalnız fevral ayında xəbəri olmuşdur. Kommunal xidmətlərdən istifadə göstəriciləri barədə ödəniş cədvəlləri onun kommunal xidmətlərdən istifadə etmədiyini göstərir, sözügedən ünvanda yaşamadığı bununla sübut oluna bilməz.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında İddiaçı1, onun nümayəndəsi və vəkili, digər İddiaçı2 isə vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
14. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
26. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmırdı.
27. İşdən görünür ki, iddia tələbi iki hissədən ibarət olmuş və hər iki hissədə iddia rədd edilmişdir. Əslində tələbin ikinci hissəsinin təmin olunmasında iddiaçıların hüquqi marağı birinci hissədən daha az olmuşdur. Başqa sözlə, iddiaçılar müqavilənin bu şərtləri- ("Mənzilə istifadə hüququ tanınmış şəxsi" Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli 2(007)- 5970/2017 saylı qətnaməsi əsas götürülməklə həmin mənzilə köçürməyi və mənzilin açarlarının bir nüsxəsini ona təqdim etməyi, "Mənzilə istifadə hüququ tanınmış şəxs" isə öz növbəsində bu Müqavilənin şərtlərinə uyğun ümumi sahəsi 80,24 kv.m olan köhnə 4 otaqlı mənzili boşaldaraq "Tikinti şirkəti”nə təhvil verməyi, əvəzinə ümumi sahəsi 110 kv.m olan yeni təmirli 21 saylı mənzilə köçürülməyə etiraz etməyəcəyini öhdəsinə götürmüşdür. Qeyd: bu müqavilənin qeyd olunan mənzil İddiaçı1 və İddiaçı2 bu mülkiyyətində olmasına baxmayaraq söküntü zamanı məhkəmə qətnaməsi ilə istifadə hüququ tanınmış Cavabdeh1 həmin mənzildə yaşaması müəyyən olundu və həmin mənzil boş vəziyyətdə açarları ondan təhvil alındı. Cavabdeh1 Köhnə mənzilin əvəzinə köçürüləcəyi yeni mənzil inşa edilib başa çatanadək köhnə mənzilə uyğun köçəcəyi digər mənzildə yaşamaq üçün "Tikinti şirkəti" üzərinə hər ay üçün 300 manat öhdəlik qoymaq hüququ vardır) olmasaydı cavabdeh MMC-nin digər Cavabdeh1 hər ay 300 manat kirayə haqqı verməsinə dair müqavilə şərtinə bəlkə də etiraz etməz və mübahisələndirməzdilər. Demək ki, iddiaçıları narahat edən qeyd olunan, o cümlədən cavabdeh MMC-nin digər Cavabdeh1 iddiaçılar üçün inşa edəcək yeni mənzilə köçürməyi və mənzilin açarlarının bir nüsxəsini ona təqdim etməyi nəzərdə tutan müqavilə şərtləri olmuşdur. Ancaq bu şərtin etibarlı olub-olmaması da tələbin birinci hissəsinin əsaslılığından asılı idi. Yəni, iddianın birinci hissəsi təmin olunaraq sökülən mənzildə cavabdehin istifadə hüququ itirilmiş olardısa, demək, yeni inşa olunacaq mənzilə də onun köçürülməsi və mənzilin açarlarının bir nüsxəsinin ona təqdim edilməsi şərti də əhəmiyyətini itirmiş olardı.
28. Məhz buna görə də apellyasiya şikayətinin dəlilləri sırf iddia tələbinin birinci hissəsinin təmin edilməməsi ilə bağlıdır. Belə ki, cavabdehin məhkəmə qətnaməsinə əsasən artıq sökülmüş və mövcud olmayan mənzilə istifadə hüququnun tanınması işin mübahisəsiz halıdır. İddiaçılar cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə həmin söküləcək(artıq sökülmüş) mənzilə kompenasiya verilmədən istifadə hüququnun xitam verilməsini yaxud itirilmiş hesab edilməsini ona görə tələb ediblər ki, yeni inşa olunacaq mənzildən onların istifadə etmək səlahiyyəti olmasın. Baxmayaraq ki, cavabdehin və yetkinilk yaşına çatmayan uşaqlarının inşa olunacaq yeni mənzildən istifadə hüququnun mövcud olub-olmayacağı hazırki iddianın yaxud icraatın predmetinə aid deyil, lakin artıq sökülmüş mənzildə onların istifadə hüququnun itirilib-itirilməməsi üzrə hüququ dəyərləndirmə aparılması zəruri idi.
29. Birinci instansiya məhkəməsi tərəfindən belə bir dəyərlindirmə aparılmış və bu qənaətə gəlinmişdir ki, cavabdehin artıq sökülmüş mənzildə istifadə hüququ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında formalaşdırılan hüquqi mövqe baxımından da itirilməmişdir. Çünki, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.
30. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün istinad edilən halları sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
31. Hazırki iddia üzrə tələbin əsası kimi istinad etdiyi halları iddiaçıların sübut etməli olması heç bir mübahisə doğurmur. Lakin iddiaçılar istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməli idi. Əksinə təqdim edilən sübutlar iddianın əsassızlığını təsdiq edir. Yəni, işdə olan heç bir sənəd və məlumatlarda cavabdehin artıq sökülmüş mənzil olsa da, o mənzildən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas, yəni yaşayış sahəsinə ehtiyacın aradan qalxdığı, o cümlədən başqa hansısa yaşayış sahəsinin olması təsdiq olunmur. Əksinə iddiaçıların özlərinin ehtiyacı olsaydı qeyd olunan mənzildə uzun müddət yaşamaya bilməzdilər. Cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birgə məhkəmə qətnaməsinə əsasən istifadə hüququnun tanındığı və köçürüldüyü mənzildə bu və yaxud digər səbəbdən müvəqqəti olaraq yaşamaması onların yaşayış sahəsinə ehtiyacının aradan qalxmasına dəlalət etmir. Əksinə apellyasiya baxışı zamanı cavabdehin vəkilinin gətirdiyi, yəni İddiaçı2 alimenti sökülmüş mənzilin kirayə verilməsindən əldə edilmiş vəsait hesabına ödəməsi barədə cavabdehlə razılığa gəlməsi barədə dəlil daha inandırıcı və ağlabatan olmuşdur. Ona görə də sökülmüş mənzilin müvəqqəti olaraq kirayədə olması da yaşayış sahəsinə ehtiyacın aradan qalxması ilə bağlı olmamışdır. Deməli cavabdehin və yetkinlik yaşına çatmayan uşaqlarının məhkəmə qətnaməsinə əsasən yaranmış istifadə hüququna yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilərdi.
32. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1529/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1529/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.