Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1218/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə İş № 2(103)-1218/2023 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(003)-3426/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 29 iyul 2004-cü il tarixdən iddiaçının mülkiyyətindədir. Həmin ünvanda yerləşən fərdi yaşayış evində bu günə kimi yaşayış olmamışdır və yaşayışa yararlı deyildir. Belə ki, o ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır, ölkəyə gəldiyi zaman evə baxmağa gəlib-getmişdir. Lakin evdə yaşayış olmamışdır. 2.xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (abonent kodu: **********40072) elektrik sayğacına baxış keçirilmiş, tərtib edilmiş 221874 nömrəli akt ilə elektrik sayğacının kənar işlədircilərinin olması, mənzilə sayğacdan kənar xətt çəkilməsi aşkar edilmişdir. Bu səbəbdən 638,11 (altı yüz otuz səkkiz manat on bir qəpik) manat məbləğində cərimə barəsində bildiriş təqdim edilmişdir. 3.İddiaçı həmin aktı və akt üzrə hesablanmış cəriməni qanunsuz hesab edərək məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdeh "xxxx" ASC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə (AKT R) No 221874 saylı akt üzrə ünvan 1 ünvana (Abnonent kodu **********40072) hesablanmış 638,11 (altı yüz otuz səkkiz manat on bir qəpik) manat məbləğində borcun silinməsinə və həmin aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 29 iyul 2004-cü il tarixdən onun mülkiyyətindədir. Həmin ünvanda yerləşən fərdi yaşayış evində bu günə kimi yaşayış olmamışdır və yaşayışa yararlı deyildir. Belə ki, o ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır, ölkəyə gəldiyi zaman evə baxmağa gəlib-getmişdir. Lakin evdə yaşayış olmamışdır. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (abonent kodu: **********40072) elektrik sayğacına baxış keçirilmiş, tərtib edilmiş 221874 nömrəli akt ilə elektrik sayğacının kənar işlədircilərinin olması, mənzilə sayğacdan kənar xətt çəkilməsi aşkar edilmişdir. Bu səbəbdən 638,11 (altı yüz otuz səkkiz manat on bir qəpik) manat məbləğindəcərimə barəsində bildiriş təqdim edilmişdir. Belə ki, həmin akt tam olaraq əsassızdır. Çünki onun sayğacına kənar müdaxilə mümkün deyildir. Həmin ünvanda yaşayış yoxdur. Buna görə də o "xxxx" ASC-nə şifahi müraciət edərək həmin cərimənin ləğv edilməsini (silinməsini) xahiş etmişdir. Cavabdeh təşkilata müraciət etdi onlar bildirdilər ki, guya sayğaca müdaxilə olunmuşdur. Sayğaca hesablaşma-uçot dəstinə baxış keçirən zaman qüsur aşkar edilmişdir. 2004-cü il tarixdən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi yaşayış olmadığından bağlı olub. O, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. 6.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 01 noyabr 2022-ci il tarixli,2(003)-3426/2022 saylı qətnaməsi ilə (hakim-Zaur Tağıyev) iddia təmin edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 221874 saylı, xx.xx.2021-ci il tarixli aktın ləğv edilməsi, İddiaçı məxsus **********40072 saylı abonent hesabına "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 638,11 (altı yüz otuz səkkiz manat 11qəpik) manat məbləğində borcun silinməsi və istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan 30 (otuz manat) manatın "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 7.İş materiallarında olan xx.xx.2021-ci il tarixli 221874 nömrəli aktda qeyd edilmişdir ki, EEİQna uyğun olaraq yoxlama aparılarkən məlum olmuşdur ki, mənzilin sayğacdan kənar işlədiciləri var. Belə ki, abonent sif xəttindən bir başa mənzilə xətt çəkmişdir. 8.Məhkəmə qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 221874 saylı, xx.xx.2021-ci il tarixli aktdan isə görünür ki, akt iki hal şahidinin iştirakı ilə tərtib edilməmiş, abonentin aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququnun həyata keçirilməsinə şərait yaradılmamış, eləcə də aktın nüsxəsi abonentə təqdim olunmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə sayğacda pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair başqa hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Belə ki, MPM-in 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Ona görə də, aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, borcun yaranmasına səbəb olan akt etibarsız hesab edilməli və onun əsasında hesablanmış borc silinməlidir. 9.Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməklə "xxxx" ASC tərəfindən tərtib edilmiş akt əsasında iddiaçıya hesablanmış 638,11 manat məbləğində borc iddiaçının abunə hesabından silinməlilidir. 10.Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqarı üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, buna görə də, 30 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. 11.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6, 7.11, 8.2 və 8.33-cü; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2, 14.2, 217.4, 124.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 12.Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə AR MPM-nin 77.2-ci maddəsinə istinad edərək mübahisə predmeti olan aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşməli olduğunu öz qətanməsində xüsusilə qeyd etmişdir. Lakin Xəzər Rayon Məhkəməsinin 2(003)-3426/2022 saylı qətnaməsi qəbul olunan zaman Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin maddəsi 77.2-ci maddəsi artıq ləğv edilmişdir. Belə ki, 09 iyul 2021-ci il tarixli 363-VİQD nomrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.2-ci maddəsi ləğv edilmişdir. Lakin məhkəmə yuxarıda qeyd edilən halları nəzərə almamış və öz qətnaməsini əsaslandırarkən qüvvədən düşmüş hüquq normasına istinad edərək prossesual hüquq normasının pozuntusuna yol vermişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 15.Məhkmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. 16.İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 17.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 18.Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 19.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı maddəsinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşmaaparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 20.Həmin qərarın 7.11-ci maddəsinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının,o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasınagörə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 21.Həmin qərarın 8.17-2-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişətabonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yolverilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır.İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 22.Həmin qərarın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 23.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 25.Maddə 387.1.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 26.Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya baxışının hədləri 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 28.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq yoxlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 29.Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 noyabr 2022ci il tarixli, 2(003)-3426/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 30.Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 221874 saylı, xx.xx.2021-ci il tarixli aktdan isə görünür ki, akt iki hal şahidinin iştirakı ilə tərtib edilməmiş, abonentin aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququnun həyata keçirilməsinə şərait yaradılmamış, eləcə də aktın nüsxəsi abonentə təqdim olunmamışdır. 31.Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Bütün qeyd edilənlərə əsasən məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli və iddiaçının ünvanına hesablanmış 638,11 manat məbləğində borc ləğv olunmalıdır. 32.Məhkəmə kollegiyası apellyatorun məhkəmənin qüvvədən düşmüş prosessual hüquq normasına istinad edərək, prosessual hüquq normasının pozuntusuna yol verməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 33.Kollegiya qeyd edir ki, hazırkı işdə məhkəmənin Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş 77.2-ci maddəsinə istinad etməsi, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmadığından qətnamənin ləğv edilməsinə səbəb ola bilməz. 34.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 35.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 36.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 37.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 38.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(003)-3426/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz . Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1218/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1218/2023
14.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver