Məhkəmə qərarları › İş №2(103)-1219/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1219/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1219/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X4, Cavabdeh Yevgeniyeviç, Tərcüməçi X2 qızının iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Yevgeniyeviç tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Yevgeniyeviç qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Yevgeniyeviçdən İddiaçı xeyrinə 5.620 manat məblğəində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 3.203,40 manat məbləğində cərimənin, ümumilikdə 8823,40 manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Yevgeniyeviç ilə İddiaçı MMC arasında cavabdehin övladları X6 və X3 təhsil almaları məqsədi ilə 2019-2020-ci tədris ili üçün xx.xx.2019-cu il tarixdə Tam orta təhsil xidməti haqqında müqavilələr bağlanmışdır. Bağlanmış müqavilələr əsasında cavabdeh müqavilələrin 2.2-ci maddəsi ilə müəyyən edilmiş ümumilikdə illik 10.620 manat (5.310 manat + 5.310 manat) məbləğindəki təhsil haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən imzalanmış müqavilələr üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədənkənar pretenziya qaydasında dəfələrlə həll etməyə çalışlar da, heç bir nəticə verməmişdir. Belə ki, İddiaçı MMC tərəfindən cavabdehlə təhsil haqqının ödənilməsi ilə əlaqədar uzun müddət şifahi və yazılı şəkildə danışıqlar aparıldıqdan sonra bu danışıqlar heç bir nəticə vermədiyindən cavabdehə birinci dəfə bildiriş göndərilərək ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq təhsil haqqı məbləğinə güzəşt edildiyi bildirilmiş və güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəməsi üçün imkan yaradılmışdır. Lakin, cavabdeh tərəfindən bundan sonra da öhdəliyin icrası istiqamətində hər hansı bir tədbir götürməmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə ikinci dəfə bildiriş göndərilərək təhsil haqqı məbləğinin və tərəflər arasında imzalanmış müqavilələrə əsasən gecikdirilmiş təhsil haqqı məbləğinə görə hesablanmış məbləğinin müəyyən edilmiş müddət ərzində ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən öhdəlik yenə də icra edilməmiş qalmışdır. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh 2019-2020-ci il tədris ilinə görə müqavilələr ilə müəyyən edilmiş 10.620 manat məbləğindəki vəsaiti tam şəkildə müqavilələrin digər tərəfi olan və cavabdehin övladına tam orta təhsil xidməti göstərən iddiaçı məktəbə ödəməli olduğu halda həmin vəsaiti bu günədək ödəməmişdir. Bu günki gündə cavabdehin iddiaçı məktəb qarşısında ödənilməmiş 5.620 manat (2.810 manat+2.810 manat) məbləğində təhsil haqqı borcu vardır. Tərəflər arasında imzalanmış Tam orta təhsil xidməti haqqında Müqavilələrin 2.2.3cü maddəsinə əsasən “Şagird təhsil haqqını 2019-2020-ci dərs ilinin hər ayının sonunda mütləq ödəməlidir, bu tarixə qədər şagird təhsil haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının ümumi məbləğinin 0,3% həcmində dəbbə pulu (peniya) ödəyir”. Cavabdeh tərəfindən təhsil haqqı ödənişi ilə bağlı öhdəlik tam icra edilmədiyindən iddiaçı Məktəb tərəflər arasında imzalanmış Müqavilələrin 2.2.3-cü maddəsini rəhbər tutaraq xx.xx.2010-cu il tarixədək cavabdehə ümumilikdə 3.203,40 manat məbləğində cərimə hesablamışdır. Beləliklə də, cavabdehin iddiaçı qarşısında bu günki gündə ödənilməmiş 5.620 manat məbləğində təhsil haqqı borcu və təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 3.203,40 manat məbləğində cərimə, ümumilikdə 8.823,40 manat məbləğində borcu vardır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, X5 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borca görə 8.000 manat, dövlət rüsumuna görə 31 manat olmaqla cəmi 8.031 manat X1 xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh Yevgeniyeviç apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır və ona görə də ləğv olunmalıdır. Belə ki, məhkəmə qətnaməni çıxararkən iddiaçı ilə cavabdeh arasında bağlanmış 97 və 98 saylı, xx.xx.2012-ci il tarixli müqavilələrin 2.1.12 bəndlərini də nəzərə almışdır. AR Mülki Məcəlləsinin 420.1.3. və 420.1.4 maddələrinə müvafiq olaraq müqavilənin 2.1.12 bəndi etibarsız hesab olunmalıdır. Belə ki, təklif edən tərəfə əsassız olaraq və müqavilədə qeyd olunan əsaslar olmadan öz öhdəliklərini icra etməkdən imtina hüququ verən müddəalar (müqavilədən imtina şərti), eləcə də təklif edən tərəfə onun vəd etdiyi işi dəyişmək və ya ondan imtina etmək hüququ verən müddəalar etibarlı hesab olunmur. Eyni zamanda Qanunvericilik müqavilə tərəflərinin üzərinə öhdəliklərin vaxtında icra edilməsinin mümkün olmaması və ya onlardan imtina haqqında bir-birini vaxtında xəbərdar etmək öhdəliyini qoyur. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi və iddiaçının iddiasından imtina edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh Yevgeniyeviç verdiyi apelyasiya şikayətini müdafiə edərək, verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, verdiyi apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X8 Cavabdeh Yevgeniyeviç tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, Cavabdeh Yevgeniyeviç tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda Cavabdeh Yevgeniyeviç apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdikləri dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh Yevgeniyeviçin apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, İddiaçı MMC ilə şagirdlər X3 və X6 valideyni Cavabdeh Yevgeniyeviç arasında bağlanmış 97 və 98 saylı, xx xxxxxxxx 2019-cu il tarixli Tam orta təhsil xidməti haqqında müqavilələrdən görünür ki, 2019-2020-ci tədris ili üçün təhsil haqqı hər bir şagird üçün 5.310 manat təşkil edir. Müqavilənin 2.1.12-ci maddəsinə əsasən qarşıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmsına və başqa mənfi hüquqi nəticələli hallara görə “Məktəb” məsuliyyət daışmır. İş matеriallarında olan, İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, hər bir şagird üçün müqavilə üzrə ödənilməli olan 5.310 manat təhsil haqqından valideyn Cavabdeh Yevgeniyeviç tərəfindən 2.500 manat təhsil haqqı ödənilmişdir, qalıq borcu 2.810 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qalıq borc məbləğinə hesablanmış cərimə 1.601,7 manat, ümumi borc 4.411,70 manat təşkil edir. İş matеriallarında olan, İddiaçıin 20 saylı, xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, ölkə ərazisində koronovirus infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərilən bütün təhsil müəssisələrində tədris və təlimtəribyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyindən, cari iin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqı məbləğlərinə valideynlərin maddi vəziyyəti nəzərə alınaraq aşağıdakı məbləğdə güzəşt tətbiq edilsin: 5-11 siniflərdə təhsil alan şagirdlərə görə (nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulduğu halda) - 450 manat. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası, tərəflər arasında bağlanmış 97 və 98 saylı, xx.xx.2012-ci il tarixli müqavilələrin 2.1.12 bəndlərinin birinci instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alması barədə Cavabdeh Yevgeniyeviçin apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əssən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Tərəflər arasında bağlanılmış 97 və 98 saylı, xx.xx.2012-ci il tarixli müqavilələrin 2.1.12-ci bəndindən göründüyü kimi iddiaçı baş verən fors major hallara görə hər hansı məsuliyyət daşımır. Məhkəmə kollegiyası, müqavilənin bu bəndinə şərh verərək qeyd edir ki, respublikada baş verən pandemiya fors major hal hesab edilir və belə halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. Bununla belə müqavilə şərtlərinə əsasən iddiaçı xidmət göstərən şəxs kimi fors major hallara görə məsuliyyət daşımadığı üçün, cavabdehin həmin halı əsas tutaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etməsi, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən imtina kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 430.2-ci maddəsinə əssən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilədə fors major hallara görə iddiaçının məsuliyyət daşımamasını müəyyən etmiş və cavabdehin fors major halını əsas tutularaq müqavilənin icrasından birtərəfli qaydada imtina etməsinin öhdəliyin pozulması kimi qiymətləndirilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, Cavabdeh Yevgeniyeviçin apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh Yevgeniyeviçin apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1835/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Yevgeniyeviç tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar