Məhkəmə qərarları › İş №2(103)-12204/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12204/2021

22.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12204/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər Bakı Şəhəri Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh3 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “mənzilin özəlləşdirilməsi və çıxarışın etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, C2670 saylı, 23.07.1963-cü il tarixli Orderə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin X1 adına 26.08.2016-cı il tarixində aparılmış ilkin qeydiyyatı və onun əsasında AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən Seriya RX, ******* nömrəli Çıxarışın etibarsız hesab olunması, eləcə də 15.10.2019-cu il tarixli, 2V219 nömrə ilə reyestrdə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və onun əsasında 08.11.2019-cu il tarixində ünvan 1 ünvanında yerləşən mənzil üzrə Cavabdeh3 adına aparılmış dövlət qeydiyyatının və verilmiş çıxarışın ləğv olunması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakim O.Məmmədli, iş № 2(004)-5544/2021) İddiaçı cavabdehlər Bakı Şəhəri Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh3 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “mənzilin özəlləşdirilməsi və çıxarışın etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, irəli sürdüyü iddia tələbi həm inzibati orqana, həm də fiziki şəxsə qarşı irəli sürülmüşdür. Onun tələbləri hər hansı bir inzibati aktın ləğvinə dair yönəlməmişdir. Eləcə də, hər hansı bir inzibati aktın qəbul olunmasını da tələb etməmişdir. İddiaçı şikayətini əsaslandırarkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 4 nömrəli, 10.04.2015-ci il tarixli Qərarının 2, 5.1, 5.2-ci bəndlərinə və s. istinad etmişdir. Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 06 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam veriməsi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. İşdən göründüyü kimi, iddiaçının tələbi aşağıdakılardan ibarətdir: 1) mənzilə dair aparılmış ilkin qeydiyyatın və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi (əsas tələb, inzibati məhkəmə icraatına aid mübahisədir) 2) qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında mənzil üzrə qeydiyyatın və çıxarışın ləğvi (törəmə tələb, mülki məhkəmə icratında baxılan mübahisədir) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, ilkin tələblər inzibati icraat qaydasında, sonrakı tələblər isə mülki icraat qaydasında baxılmalı olan tələblərdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında mənzil üzrə qeydiyyatın və çıxarışın ləğvi törəmə tələb olmaqla əsas tələbdən - mənzilə dair aparılmış ilkin qeydiyyatın və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbindən asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə ümumi məhkəməyə aid tələblər törəmə tələb olduğundan işə hazırda Yasamal Rayon Məhkəməsində baxıla bilməz. Mənzilə dair aparılmış ilkin qeydiyyatın və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi əsas tələb olduğundan həmin tələbə inzibati icraat qaydasında baxılmalıdır. Birinci instansiya məhkəməsi məhz bu halı nəzərə alaraq hesab etmişdir ki, hazırkı mübahisə mülki prosessual qanunvericiliyin tələbləri qaydasında deyil, inzibati prosessual qanunvericiliyin tələbləri qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası şikayətdə göstərilən dəlilləri əsassız sayaraq bir daha qeyd edir ki, şikayətçinin göstərdiyi hallar hazırkı qərardadın ləğvinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 06 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar