Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1222/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar X9 və İddiaçı2 Dardail qızının Cavabdeh Mırzəağa qızına qarşı; müstəqil tələb irəli sürən üçüncü şəxs X12 Cavabdeh Mırzəağa qızına qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: miras əmlak, vəsiyyətnamə, mirasın qəbul olunması, vərəsəlik şəhadətnaməsi, mirasda məcburi pay, maddi hüquq normalarının seçimi zamanı səhvə yol verilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X13 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçılar X9 və İddiaçı2 Dardail qızının, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə X9 və İddiaçı2 Dardail qızının Cavabdeh Mırzəağa qızına qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlakın vərəsələr arasında bölünməsi və miras əmlakdan payın verilməsi”, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs X12 Cavabdeh Mırzəağa qızına qarşı “miras əmlakın vərəsələr arasında bərabər payda bölünməsi və miras əmlakdan payın verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qətnaməsindən X20 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Xaçmaz Rayon Dövlət Arxivində saxlanılan Köhnə Xudat kənd X49 İcraiyyə Komitəsinin 02 saylı təsərrüfatbaşına kitabında göstərilmişdir ki, X32 təsərrüfat başçısı olub, təsərrüfatın şəxsi istifadəsində cəmi (hektarın yüzdə birilə) 0,18 ha, o cümlədən tikililərin, meşəliyin, qobudərələrin və ictimai yolların altında 0,01 ha torpaq sahəsi olmuşdur.
2. Təsərrüfatın xüsusi istifadəsində 1918-ci ildə tikilən yaşayış evi, torpağı cəmi 1957-ci ildə 0,08 ha, 1958-1959-cu illərdə 0,12 ha, tikili altında 0,01 ha torpaq sahəsi qeyd edilmiş, təsərrüfatın üzvləri X51 - arvadı (1915), X21 -oğlu (1938), X24 - oğlu (xx.xx.1950), X30 - oğlu (1952), İddiaçı1 Dardayıl oğlu - oğlu (xx.xx.1956), X25 - qardaşı qızı (1939), İddiaçı2 - qızı (xx.xx.1958) olmuşlar.
3. X6 rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.1986-cı il tarixdə təsdiq edilən vəsiyyətnaməsi ilə, Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 63 kv.metrdən, o cümlədən əsas yaşayış sahəsi 32.7 kv.m və üstü şiferdən ibarət evini oğlu Mirzəağa Mahmudova vəsiyyət etmişdir.
4. Köhnə Xudat kənd XDS-nin deputatı da daxil 7 nəfər şahidin imzası ilə tərtib edilmiş 20 may 1987-ci il tarixli aktda göstərilmişdir ki, X32 ölümündən sonra Köhnə Xudat kəndində yerləşən şəxsi yaşayış evinin, evinin içində yaşayış əmlakının, canlı malqarasının və toyuq-qazının, həyətyanı sahəsinin öz doğma oğlunun, hal-hazırda Bakı şəhərində yaşayan X8 hesabına keçməsinə razılıq verir.
5. X32 10 mart 1990-cı il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 aprel 1990-cı il tarixdə qeydiyyat aparılmışdır.
6. Dardayıl Mahmudovun 5 övladı olmuşdur: X26, İddiaçı1 Dardayıl oğlu, X27, X17 və İddiaçı2.
7. Xaçmaz rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.1991-ci il tarixdə X10 “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmiş, şahadətnamədə göstərilmişdir ki, “xx.xx.1990-cu il tarixdə vəfat etmiş X22 vərəsəsi Bakı şəhəri, Darvin küçəsi, 16 mərtəbəli binanın 55-ci mənzilində qeydiyyatda olan oğlu X11r. Miras əmlak Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 63 kv.metr ölçüyə, o cümlədən əsas yaşayış sahəsi 32.7 kv.m və üstü şiferdən ibarət evdir. Həmin evin invertar dəyəri 7954 manatdır”.
8. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X8 adına sözügedən əmlaka dair Xaçmaz rayon dövlət texniki invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə müvafiq qeydiyyat aparılmışdır.
9. 21 iyun 1998-ci il tarixli 643 nömrəli arayışda göstərilmişdir ki, X32 vəfat edərkən təsərrüfatında tək yaşamış, onun vəfatından sonra təsərrüfatını doğma oğlu X17 idarə etmişdir. Mərhum vəfat edərkən ayrı təsərrüfatda yaşayan aşağıdakı övladları olmuşdur: X21, Mahmudov Təbriz (Dərviş) Dardayıl oğlu, X27, İddiaçı1 Dardayıl oğlu, İddiaçı2.
10. Xaçmaz rayonunun Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli qərarına əsasən X10 verilmiş, bununla bağlı dir JN-411A, KOD 30212018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib olunmuşdur.
11. X17 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir, Cavabdeh onun qızıdır.
12. Xaçmaz rayonunun Köhnə Xudat kəndində 0,18 ha torpaq sahəsində yerləşən 74 m2 sahəsi olan fərdi yaşayış evinə dair Mirzəağa Mahmudovun adına xx.xx.2020-ci il tarixdə texniki pasport tərtib olunmuş və həmin əmlaka onun mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixdə çıxarış verilmişdir.
13. Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 06 fevral 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”yə əsasən, “xx.xx.2019-cu il tarixdə vəfat etmiş X8 vərəsəsi Bakı şəhəri, Nizami rayonu, Q,Qarayev prospekti, ev 115, mənzil 5-də qeydiyyatda olan qızı Cavabdeh Mırzəağa qızıdır. Miras əmlak Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 74 kv.metr olan fərdi yaşayış evidir”.
14. Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 74 kv.metr olan fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə Cavabdeh Mırzəağa qızının adına qeydiyyata alınmışdır.
15. Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,10 ha olan torpaq (bağ) sahəsi xx.xx.2004-cü il tarixli JN-413A KOD 30212018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında İddiaçı1 Dardayıl oğluna verilmişdir.
16. Xaçmaz rayon 1 saylı notariat ofisinin notariusu İddiaçı1 ünvanladığı 15 sentyabr 2022-ci il tarixli məktubda göstərmişdir ki, “...onun 10 mart 1990-cı ildə vəfat etmiş X18 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barəsində müraciətinə baxılmışdır. Nəzərinə çatdırılır ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. X32 vəfat etdikdən sonra Xaçmaz rayon 1 saylı notariat ofisinə mirasın qəbul olunmasına dair müraciət daxil olmamışdır. Bununla bağlı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. X1 digər varisləri mövcuddur. Mövcud olan digər varislər pay bölgüsünə dair münasibət münasibət bildirmələri zəruridir. Həmçinin miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Bununla bağlı buraxılmış müddətin bərpası və pay bölgüsünün aparılması üçün məhkəməyə müraciət edilməsi məqsədə uyğundur”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
17. X20 və İddiaçı2 Dardail qızı (iddiaçılar) Cavabdeh Mırzəağa qızına (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri 52 saylı notariat ofisinin X8 adına verdiyi xx.xx.2020-ci il tarixli, reyestrdə 2V-14 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi, bununla bağlı hüquqi nəticələrin etibarsız sayılması, vərəsəlik hüquqlarının tanınması, cavabdehin istifadəsində olan 0,18 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 74,0 kv.metr olan tikililərin miras əmlakın vərəsələr arasında bölünməsi və həmin miras əmlakda paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Xaçmaz rayonu, Köhnə Xudat kənd X49 İcraiyyə Komitəsinin 02 saylı təsərrüfatbaşına kitabında mərhum ataları X32 təsərrüfat başçısı olmuş, təsərrüfatın şəxsi istifadəsində torpağın cəmi (hektarın yüzdə birilə) 0,18 ha, o cümlədən tikililərin, meşəliyin, qobudərələrin və ictimai yolların altında 0,01 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin olması Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Xaçmaz Rayon İcra Hakimiyyətinin Xaçmaz Rayon Dövlət Arxivinin müdiri K.V.Əhmədovanın imzaladığı və verdiyi 16 iyun 2021-ci il tarixli 660 nömrəli Arxiv arayışı ilə öz təsdiqini tapır. Mərhum ataları X33 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Onlar ailədə 4 qardaş və 1 bacı olmuşlar. X26, İddiaçı1 Dardayıl oğlu, X27, X17 və İddiaçı2. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bundan sonra, mərhum qardaşı Mirzəağanın qızı olan Cavabdeh mərhum atalarından qalmış Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha miras əmlak olan torpaq sahəsini və ümumi sahəsi 74,0 kv.metr olan ata mülklərini - daşınmaz əmlakı xəbərləri olmadan öz adına sənədləşdirmişdir. Keçən il bilmişlər ki, Cavabdeh həmin 0,18 ha torpaq sahəsini və ata mülklərini başqa şəxslərə satmaq istəyir. Lakin həmin torpaq sahəsi mərhum atalarından qalmış miras əmlak olduğu üçün həmin torpaq sahəsində və ata mülklərində bütün bacı qardaşlarının, eləcə də onların payı vardır. Belə ki, mərhum atalarından qalmış həmin miras əmlak olan 0,18 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 74,0 kv.metr daşınmaz əmlaka - ata mülklərinə uzun müddətdir ki, hələ atalarının sağlığından Hacıəziz baxır, həyətlərinə və ağaclara o qulluq edir, bütün təmizlik işlərini, təmir işlərini o aparır. Hətta həyətə metal setkadan hasar çəkmiş və həyətin kənarlarına beton dirəklər basdırmışdır. Bələdiyyə yarandığı gündən 2019-cu ilə qədər torpaq və əmlak vergisini də, mərhum X2nun adından o ödəmişdir. Evin və həyətin bütün yükü onun üzərində olub. Bu faktı bələdiyyə işçiləri, sədrləri və qonşuları təsdiq edə bilər. İddiaçı1 xx.xx.1956-cı ildə Xaçmaz rayonu, Xudat kəndində həmin ata mülklərində anadan olmuşdur. 8-ci sinifi Xudat şəhərində bitirib, 1971-ci ildə Bakı şəhərinə gəlib, 74 saylı Texniki peşə məktəbində oxumuşdur. Sonra həqiqi hərbi xidmətdə olmuşdur. Mərhum X2 da onların böyük qardaşı olub. 1955-1956-cı illərdən təhsil almaq üçün Bakı şəhərinə gəlib. Anasının xəstəliyi ilə əlaqədar Bakı şəhərindən hərbi xidmətdən yararsız hesab olunub, Köhnə Xudat kəndinə qayıdıb, az bir müddət orada yaşayıb və anası vəfat edəndən sonra, yəni 1963-cü ildən Bakı şəhərinə qayıdıb və yaşamışdır. Lakin mərhum ataları X22 26 may 1987-ci ildə əmlakını X2nun adına keçirməsi barədə akt tərtib olunmasından xəbərləri olmamışdır. Həmin ata mülklərindən bütün bacı-qardaşları bərabər istifadə etmişlər. İddiaçı1 atasının sağlam olan vaxtı və xəstə olan vaxtı da ona daima qulluq etmişdir. Müalicəsi ilə məşğul olmuşdur. Dəfn və hüzr məclisində də layiqincə iştirak etmişdir. Hətta mərhum qardaşları X10 da daima qulluq etmiş, dəfnində və hüzür məclisində də layiqincə iştirak etmişdir. Lakin mərhum X2nun xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində “Qanun üzrə vərəsəlik haqqında” öz adına şəhadətnamə almasından onların xəbərləri olmamışdır. Bunu yalnız 2022-ci ildə Nizami Rayon Məhkəməsində bilmişlər. Hesab edir ki, mərhum X2 həmin şəhadətnaməni alarkən bütün vərəsələri qeyd etməli idi. Digər vərəsələrin əmlakını mənimsəməməli idi. Halbuki, həmin vaxtı onlar 4 qardaş və 1 bacı olmuşdular. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz Rayon Dövlət Arxivinin müdiri Əhmədova K.V tərəfindən verilmiş 747 saylı 07 oktyabr 2022-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Xaçmaz Rayon Dövlət arxivində saxlanılan Köhnə- Xudat kənd X49 İcraiyyə Komitəsinin 1957-1959-cu illərə aid Köhnə-Xudat kənd üzrə 01 saylı təsərrüfatbaşına kitabında mərhum X32 (1907) təsərrüfat başçısı olub. Təsərrüfatın xüsusi istifadəsində 1918-ci ildə tikilən yaşayış evi, torpağın cəmi 1957-ci ildə 0,08 ha, 1958-1959-cu illərdə 0,12 ha, tikili altında 0,01 ha torpaq sahəsi qeyd edilmişdir. Təsərrüfatın üzvləri aşağıdakı kimi göstərilmişdir: X51 - arvadı (1915), X21 - oğlu (1938), X24 - oğlu (xx.xx.1950), X30 - oğlu (1952), İddiaçı1 Dardayıl oğlu – oğlu (xx.xx.1956), X25 - qardaşı qızı (1939), İddiaçı2 - qızı (xx.xx.1958). Hesab edirlər ki, Bakı şəhəri 52 saylı notariat ofisindən verilmiş xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə məhkəmə qaydasında ləğv olunmalı, bütün vərəsələrin adı yazılmalıdır. Cavabdeh istifadəsində olan həmin 0,18 ha torpaq sahəsində və üzərində olan 74,0 kv. metr tikililərdə, ata mülklərində bütün vərəsələrin və onların payı müəyyən olunmalıdır. Çünki, mərhum atalarından qalmış miras əmlak olan ata mülklərindən və 0,18 ha torpaq sahəsindən onlara və bütün vərəsələrə pay düşür. Mərhum atalarından qalmış miras əmlak qanun üzrə bütün vərəsələrə mənsubdur. Bütün vərəsələrin həmin miras əmlakda məcburi payları məhkəmə qaydasında müəyyən olunmalıdır.
19. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz ərizəsi təqdim etmiş, etirazında aşağıdakıları göstərmişdir: “...İddiaçı1 Dardayıl oğlu özünün də iddia ərizəsində qeyd etdiyi kimi o, 1971-ci ildə Bakı şəhərinə gəlmiş, 74 saylı Texniki Peşə Məktəbində oxumuş, oradan hərbi xidmətə çağırılmış, hərbi xidmətdən qayıtdıqdan sonra Xəzər rayonunun Buzovna qəsəbəsində yaşamağa başlamış, hazırda da orada yaşayır. Əgər, o, torpaq sahəsindən istifadə edibsə, bu yalnız həmin ərazidəki özünə məxsus torpaq sahəsi ilə bağlıdır. Digər vərəsə-İddiaçı2 isə Bakı şəhərinin Nizami rayonunun ərazisində yaşadıqları halda adı çəkilən torpaq sahəsində onların yaşaması və istifadə etmələri tamamilə yalandır, mümkün deyildir. İddia tamamilə əsassız və qanunsuz olduğundan hesab edir ki, təmin edilə bilməz. Belə ki, adı çəkilən torpaq (bağ) sahəsi və oradakı tikililər babası X32 tərəfindən inşa edilərkən iddiaçıların heç bir rolu və iştirakı, həmçinin payçı olmamışlar. X32 hələ sağlığında, yəni 1987-ci il mayın 20-də Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən özünə məxsus həyətyanı torpaq sahəsini (bağı), şəxsi yaşayış evini, evin içərisindəki əşyaları, mal-qaranı, quşları və s. əmlakları həmin vaxtlar Bakı şəhərində yaşayan oğlu, yəni atası X10 vermək qərarına gəlmiş və bu barədə Köhnə Xudat kənd XDS-nin deputatı da daxil 7 nəfər şahidin imzası ilə akt tərtib etmiş, sonra Xaçmaz rayonu 2 №-li Dövlət Notariat Kontorunu tərəfindən 27 noyabr 1991-ci il tarixdə 4-1349 №-li reyestrdə rəsmiləşdirilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Xaçmaz Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən atası X8 adına 1998-ci il iyulun 21-də inventar nömrəsi 412, reyestr nömrəsi 7-148 olan qeydiyyat vəsiqəsi verilərək adı çəkilən tikiliyə mülkiyyət hüququ qeydə alınmışdır. Həmin vaxtdan torpaq sahəsi və oradakı tikililər onun istifadəsində olmuş, kimsə, o cümlədən iddiaçılar bunu bilsələr də, etiraz etməmişlər, çünki İddiaçı1 həmin vaxtlar və hazırda da həmin torpaq sahəsinin baş tərəfində yerləşən 0,10 ha torpaq sahəsindən istifadə etmiş, Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli JN-413A KOD 30212018 olan torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin verilməsi faktı 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışla öz təsdiqini tapmışdır. Keçmiş 30 il müddətində adı çəkilən torpaq sahəsi onların ailəsinin istifadə və sahibliyində olmuş, iddiaçılar isə bunu bildikləri halda, buna etiraz etməmişlər. İndi isə torpaq (bağ) sahəsini guya satmaq istəməyini bəhanə gətirərək buna etiraz etməyə başlamışlar, İddiaçı1 bir neçə il bundan əvvəl, yəni cavabdehin atası Mirzəağanın ölümündən sonra adı çəkilən torpaq (bağ) sahəsini ona satmağını təklif etmiş, lakin razılıq əldə edə bilmədiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Rayonda torpaq islahatı keçirilən zaman torpaq (bağ) sahəsi tam olaraq atasının istifadə və sahibliyində olduğundan Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 28 yanvar 2000-ci il tarixli 22 saylı qərarı ilə adı çəkilən 0.18 ha həyətyanı torpaq sahəsi atası X8 mülkiyyətinə verilməsinə dair JN-41 KOD 30212018 №-li şəhadətnamə verilmişdir. Belə çıxır ki, rayonda torpaq islahatının keçirilməsindən guya iddiaçının xəbəri olmamışdır. Bu mümkünsüzdür. Lakin həmin vaxt İddiaçı1 ayrıca təsərrüfat başına kitab üzrə sahəsi 0.10 ha olan torpaq sahəsində öz ailəsi ilə birlikdə istifadə etmişdir. Xaçmaz rayonu Aqrar İslahat Komissiyası tərəfindən atasının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-411 A kodu 30212018 olan şəhadətnaməni uzun illər əvvəl ələ keçirmiş İddiaçı1 müxtəlif variantlara əl ataraq qanunsuz yolla öz adına keçirə bilməmiş, sonra adı çəkilən torpaq sahəsini ucuz qiymətə ona satılmasına nail ola bilmədiyindən məsələ ilə bağlı məhkəməyə müraciət edərək guya bu məsələdən son vaxtlar xəbərdar olmasını bildirmişdir. X5 2019-cu il aprelin 15-də ölümündən sonra açılmış vərəsəlik işi ilə bağlı Bakı şəhərinin 52-ci Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi və oradakı 63,0 kv.metr ümumi sahəsi olan tikili onun adına keçmiş, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan 18 fevral 2020-ci il tarixli çıxarış verilmişdir. İddiaçılar isə cavabdehin atasından miras qalmış adı çəkilən əmlaklara vərəsə olmamışlar. Bütün bu proseslər qanun çərçivəsində baş vermiş, digər şəxslərin, o cümlədən iddiaçıların heç bir maraqlarına toxunulmamışdır.
20. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə də təqdim etmiş, iddiaçıların daşınmaz əmlaklarla bağlı qanunla müəyyən olunmuş 6 illik iddia müddətini ötürdüklərini bildirməklə iddia müddətinin tətbiq olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Məhkəmənin 31 may 2023-cü il tarixli protokol-qərardadı ilə Bakı şəhəri 52 saylı notariat kontoru mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
22. İddiaçılar tərəfindən cavabdehin etiraz ərizəsinə qarşı yazılı mülahizə (etiraz), iddia ərizəsi ilə eyni məzmunda olan mülahizədə həmçinin aşağıdakılar göstərilmişdur: “...Cavabdeh iddia tələbinə qarşı yazdığı etirazında və xx.xx.2023-cü ildə məhkəmənin hazırlıq iclasında şər və böhtanla dolu çıxış edərək, mərhum ataları X22 0,37 ha həyətyanı torpaq sahəsi olduğunu, sağlığında həmin torpaq sahəsini övladlarının arasında böldüyünü və 0,18 ha torpaq sahəsini oğlu X10, 0,19 ha torpaq sahəsini isə digər övladlarına və o cümlədən İddiaçı1 Dardayıl oğluna verdiyini bildirmişdir. Məhkəmə mübahisəsində olan 0,18 ha həyətyanı torpaq sahəsi, üzərində olan tikililərlə, evlə birlikdə atası X10 verilmişdir. Həmin torpaq sahəsində və evdə iddiaçıların ata mülkündən məcburi pay almaq hüquqları yoxdur. Bildirir ki, mərhum ataları X22 heç bir vaxt Xaçmaz rayonu, Xudat kəndində 0,37 ha həyətyanı torpaq sahəsi olmamışdır. Ata-baba mülkləri cəmi 0,18 ha torpaq sahəsindən ibarət olmuşdur. ...2020- ci ildə internet vasitəsilə bilmişlər ki, Cavabdeh həmin 0,18 ha torpaq sahəsini və ata mülklərini başqa şəxslərə satmaq istəyir. Lakin həmin torpaq sahəsi mərhum atalarından qalmış miras əmlak olduğu üçün həmin torpaq sahəsində və ata mülklərində bütün bacı-qardaşları, eləcə də onların 1-ci dərəcəli vərəsə kimi məcburi payları vardır. Belə ki, mərhum atalarından qalmış həmin miras əmlak olan 0,18 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 74,0 kv.metr ata mülklərinə uzun müddətdir ki, hələ atalarının sağlığından qardaşı Mahmudov Mirzağadan başqa, hamısı baxmış, müalicə və əməliyyatlar etdirmiş və pullarını ödəməklə atalarına qulluq etmişlər. Həyətlərinə, evlərinə və həyətdə əkilmiş ağaclara şəxsən o, İddiaçı1 qulluq etmişdir. Bütün təmizlik işlərini, təmir işlərini orada o aparır. Hətta həyətə metal setkadan hasar çəkmiş və həyətin kənarlarına beton dirəklər basdırmışdır. Bələdiyyə yarandığı gündən 2019-cu ilə qədər torpaq və əmlak vergisini də mərhum X2nun adından o ödəmişdir. Ata mülkünün və həyətyanı torpaq sahəsinin bütün ağır yükü onun üzərində olub. Bu faktı Bələdiyyə işçiləri, sədrləri, qonşuları və bütün kənd sakinləri təsdiq edə bilər. ...Mərhum X2 da onların böyük qardaşı olub. 1955-1956-cı illərdən təhsil almaq üçün Bakı şəhərinə gəlib. Hətta X29 xəstə olduğu və dünyasını dəyişdiyi vaxtda da Köhnə- Xudat kəndinə ata evlərinə gəlməyib. Analarına heç bir qulluq, yardım etməyib. Anası X7 çağırsa da, Mirzəağa gəlməmiş və onunla ümumiyyətlə maraqlanmamışdır. X19 "Mirzəağa, Mirzəağa” deyə- deyə dünyasını xx.xx.1963-cü ildə dünyasını dəyişmişdir. Lakin mərhum ataları X22 26 may 1987-ci ildə əmlakını X2nun adına keçirməsi barədə Akt tərtib olunmasından xəbərləri olunmamışdır. Həmin ata mülklərindən bütün bacı-qardaşları bərabər istifadə etmişlər. ...Cavabdeh xx.xx.2023-cü ildə məhkəmənin hazırlıq iclasında verdiyi izahatına cavab olaraq bildirir ki, ona Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 22 saylı qərarı ilə 0,10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə qanunamüvafiq qaydada torpaq rüsumu ödəyib, Xudat kənd Bələdiyyəsindən almışdır. Həmin torpaq sahəsi ilə əlaqədar ona xx.xx.2004-cü il tarixli, JN- 413a KOD 30212018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilmişdir. Lakin həmin 0,10 ha torpaq sahəsinin atalarından miras qalmış 0,18 ha torpaq sahəsinə və 74 kv.metr yaşayış sahəsinə heç bir aidiyyatı yoxdur. Cavabdeh, nümayəndəsi Vəkil1 məhkəməyə təqdim etdikləri xx.xx.2021ci il tarixli **********36 nömrəli məktubla və xx.xx.1998-ci il tarixli, sonradan başqa xətlə düzəliş olunmuş, saxtalaşdırılmış arayışla məhkəməni aldatmağa çalışmış, məhkəmədə yalan ifadə verməklə özlərini qeyri-səmimi aparmışlar. Eyni zamanda, saxta sənədlərdən istifadə etməklə naməlum qəzetdə "Xaçmaz rayonu Xudat şəhəri, Köhnə Xudat kəndində yerləşən fərdi yaşayış evinə X8 adına verilmiş 212A reyestr nömrəli qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır” sərlövhəli elan dərc etdirmişlər. Həmçinin, Cavabdeh xx.xx.2023-cü il tarixli yazdığı "iddia ərizəsinə dair etiraz və mülahizələrində” göstərmişdir ki, "Xaçmaz rayonu Aqrar İslahat Komissiyası tərəfindən atasının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-41İA kodu 30212018 olan şəhadətnaməni uzun illər əvvəl ələ keçirmiş İddiaçı1, müxtəlif variantlara əl ataraq qanunsuz yolla öz adına keçirə bilməmiş, sonra adı çəkilən torpaq sahəsini ucuz qiymətə ona satılmasına nail ola bilmədiyindən məsələ ilə bağlı məhkəməyə müraciət edərək guya bu məsələdən son vaxtlar xəbərdar olmasını bildirmişdir.” Hesab edir ki, cavabdeh həmin ərizəsi ilə ona qarşı şər və böhtan atmış, məhkəməyə bilərəkdən yalan izahat vermiş və məhkəməni çaşdırmağa çalışmışdır. Ona məxsus və xüsusi mülkiyyətində olan, Könnə Xudat kəndində yerləşən 0,10 ha torpaq sahəsinə aid "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətini məhkəməyə təqdim edir. Bir daha bildirir ki, ona məxsus olan 0,10 ha torpaq sahəsinin atalarından miras qalmış 0,18 ha torpaq sahəsinə və 74 kv.metr tikiliyə, ata mülklərinə heç bir aidiyyatı yoxdur. Cavabdeh qanunsuz dələduz əməllərini bu gün də davam etdirərək, onların ünvanına şər və böhtan xarakterli ifadələr işlətməklə, şərəf və ləyaqətlərini təhqir etməkdə davam edir, öz qanunsuz əməllərindən əl çəkmək istəmir...”.
23. X23 məhkəməyə ərizə ünvanlayaraq özünün də iddiaçı qismində işə cəlb olunmasını xahiş etmiş, eyni zamanda bildirmişdir ki, miras qalmış ata mülkündən və üzərində olan tikililərlə birlikdə 0,18 ha torpaq sahəsindən vərəsə kimi ona düşən payını qardaşı İddiaçı1 Dardayıl oğluna bağışlayır.
24. X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 52 saylı notariat ofisinin X8 adına verdiyi xx.xx.2020-ci il tarixli, reyestrdə 2V-14 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi, bununla bağlı hüquqi nəticələrin etibarsız sayılması, vərəsəlik hüququnun tanınması, cavabdehin istifadəsində olan 0,18 ha torpaq sahəsinin və üzərində ümumi sahəsi 74,0 kv.metr daşınmaz əmlak olan tikililərin (miras əmlakın) vərəsələr arasında bölünməsi və həmin miras əmlakdan məcburi payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Dərviş Mahmudov iddia ərizəsində Mülki Məcəllənin 1193-cü, 1194-cü, 1195-ci, 1196-cı və 1197-ci maddələrinə istinad etmiş, hazırda Cavabdeh mülkiyyətində olan 0,18 ha torpaq sahəsində və onun üzərindəki 74,0 kv.m. daşınmaz əmlakda bütün vərəsələrin – onun, İddiaçı2, İddiaçı1 Dardayıl oğlunun, X14, X8 paylarının olduğunu irəli sürmüşdür.
26. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin və cavabdehin etirazına qarşı verdikləri mülahizənin məzmununa uyğun izahatlar verərək iddia tələblərinin təmin olunmasını xahiş etmişlər.
27. İddiaçıların məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkilləri) Vəkil2 iddia tələblərini müdafiə etmiş, eyni zaman iddia müddəti ilə bağlı buraxılmış müddətin üzürlü hesab edilməklə bərpa olunmasını xahiş etmişdir.
28. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya qarşı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək və iddiaçıların mirası qəbul etmək üçün müddəti ötürdüklərini bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir.
29. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 da iddia tələblərinin əsassız olduğunu bildirməklə iddianın təmin olunmamasını xahiş etmişdir.
30. Məhkəmə iclasında iştirak edən X28 iddia tələblərini müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Birinci instansiya məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli tarixli qətnaməsi ilə X9 və İddiaçı2 Dardail qızının, eləcə də X15 iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.
32. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
32.1. İş materiallarından aydın olur ki, X22 xx.xx.1991-ci il tarixli vəsiyyətnamə ilə mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 74 kv.metr olan fərdi yaşayış evini X10 vəsiyyət etməsi, eləcə də digər vərəsələrin miras əmlaka dair müraciət etməmələri mübahisəli əmlakın X8 mülkiyyətinə verilməsi üçün əsas olmuşdur. xx.xx.2019-cu il tarixdə vəfat etmiş X8 vərəsəsi qızı Cavabdeh Mırzəağa qızıdır. Miras əmlak Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq (bağ) sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 74 kv.metr olan fərdi yaşayış evidir. İddiaçılar hazırda atalarının vərəsə payından məcburi pay almaq hüquqları olduğunu iddia etsələr də, məhkəmə tərəfindən müəyyən edildi ki, onlar tərəfindən müddət ötürülmüşdür. Xaçmaz Rayon 1 saylı Notariat Ofisinin 15 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, X32 vəfat etdikdən sonra Xaçmaz rayon 1 saylı notariat ofisinə mirasın qəbul olunmasına dair müraciət daxil olmamışdır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 32.2. Məhkəmə həmçinin qeyd edir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddiaçılar iddia tələbində qeyd etmişlər ki, X8 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində “Qanun üzrə vərəsəlik haqqında” öz adına şəhadətnamə almasından onların xəbərləri olmamışdır. Məhkəmə qeyd edilənlərə münasibətdə qeyd edir ki, Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli qərarı ilə verilən “Torpağın mülkiyyətə verilməsi” ilə bağlı JN-413A KOD 30212018 saylı şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,10 ha olan torpaq sahəsi İddiaçı1 Dardayıl oğluna, JN-411A KOD 30212018 saylı şəhadətnaməyə əsasən Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən 0,18 ha olan torpaq sahəsi X10 məxsusdur. Nəticədə qeyd edilən şəhadətnamələr alınan zaman iddiaçılar qeyd olunan miras əmlak barədə məlumatlı olmalı imiş və onun bu barədə məlumatlı olmaması ilə bağlı iddia tələbində qeyd etdiyi hallar məhkəmə tərəfindən ağlabatan hesab edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar mübahisəli mənzilə dair 6 illik iddia müddətini ötürdükdən sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi haqlı olaraq rədd edilməlidir. 32.3. Məhkəmə həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçıların iddia tələbinə münasibətdə qeyd edilənlər X12 da iddia tələbinə aiddir. Onun tərəfindən də müddət ötürülmüş hesab edilməli və iddia tələbi təmin edilməməlidir.
33. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 373.2-ci, 375-ci, 1133.1-ci, 1133.2-ci, 1166-cı, 1167-ci, 1193-cü, 1256-cı maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “E.Həkimovun şikayəti üzrə” 03 noyabr 2008-ci il tarixli qərarına istinad etmişdir.
34. Həmin qətnamədən İddiaçı1 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, mərhum X22 İddiaçı2 xx.xx.1977-ci il tarixdə vəsiyyətnamə verdiyini nəzərə almadığını, X3 ilə bağlı təqdim olunmuş arayışa əhəmiyyət vermədiyini irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
35. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, verilən izahatlar
36. Məhkəmə iclasında iştirak edən iddiaçılar və onların nümayəndəsi (vəkilləri) iddia ərizəsinin məzmununa uyğun izahat verməklə apellyasiya şikayətinin dəlillərini müdafiə etmişlər.
37. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs qismində iddia vermiş X28 isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbayca Respublikasının Konstitusiyası
38. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan SSR-in Mülki Məcəlləsi (1964-cü il redaksiyalı)
39. Maddə 73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün müddət (iddia müddəti) üç il ... müəyyən edilir.
40. Maddə 77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə ... tərəfindən tətbiq olunur.
41. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
42. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
43. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənın valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar.
44. Maddə 538. Vərəsəlikdə məcburi pay hüququ miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar.
45. Maddə 552. Vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
46. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
47. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
57. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, qətnamədən digər iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs şikayət verməsələr də, mübahisənin predmeti bölünməz xarakterlidir.
58. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi).
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
59. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normalarının seçimi zamanı səhvə yol vermiş, iddia tələblərinə qiymət verərkən hazırda qüvvədə olan Mülki Məcəllənin müddəalarına əsaslanaraq tətbiq edilməməli olan normaları tətbiq etmiş, qətnaməni düzgün əsaslandırmamışdır.
60. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
61. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
62. Kollegiya bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.
63. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
64. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
65. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
66. İddiaçıların, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxsin irəli sürdükləri faktiki hal ondan ibarətdir ki, mərhum atalarından miras qalmış və miras qoyan tərəfindən cavabdehin atasına (X16) vəsiyyət olunmuş əmlaka münasibətdə məcburi pay hüquqları vardır və əmlakın tamamına dair cavabdehə şəhadətnamə verilməklə bu hüquqları pozulmuşdur.
67. Qeyd olunmalıdır ki, vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin) qanunla məhdudlaşdırılmasıdır.
68. Sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir.
69. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər.
70. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir.
71. X22 mirasının açıldığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 538-ci maddəsində (§ 44) nəzərdə tutulurdu ki, vərəsəlikdə məcburi pay hüququ miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqlarına (o cümlədən övladlığa götürülənlərə), habelə əmək qabiliyyəti olmayan ərə (arvada) və ölənin himayəsində olanlara məxsusdur.
72. İşin hallarından görünür ki, Dardayıl Mahmudovun vəsiyyətnamə tərtib etdiyi və onun mirasının açıldığı zaman nə iddiaçılar, nə müstəqil tələb irəli sürən üçüncü şəxs, nə də qanun üzrə digər vərəsələr məcburi pay almaq hüququna sahib şəxslər olmamışlar.
73. Həmçinin nəzərə alınmalıdır ki, məcburi pay vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki vəsiyyət edilən əmlak üzərində miras açıldığı andan qanun üzrə vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə vəsiyyətlə əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur.
74. Tələb hüququnun irəli sürülməsi isə mirasın açıldığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsi (§ 39) ilə üç illik müddətlə məhdudlaşdırılmışdır.
75. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin irəli sürdüyü faktiki hallar, onların tələblərinin qanuni əsasının dispozisiya şərti ilə uzlaşmamaqdadır.
76. Kollegiya onu da qeyd edir ki, hazırkı mübahisəyə Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqe tətbiq oluna bilməz - belə ki, birincisi, bu mübahisə Azərbaycan SSR-in qüvvədən düşmüş Mülki Məcəlləsinin (1964-cü il redaksiyalı) qüvvədə olduğu dövrdə açılmış mirasla əlaqədardır; digər tərəfdən, Konstitusiya Məhkəməsinin sözügedən qərarı mirasın qəbulu və mirasdan imtina ilə bağlı məsələlərin şərhi kontekstində verilməklə, qanuna əsaslanan tələb hüququ kimi nəzərdən keçirilən məcburi pay mübahisəsinə şamil oluna bilməz.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1262/2023 saylı iş üzrə 05 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. X9 və İddiaçı2 Dardail qızının Cavabdeh Mırzəağa qızına qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlakın vərəsələr arasında bölünməsi və miras əmlakdan payın verilməsi”, habelə müstəqil tələb irəli sürən üçüncü şəxs X12 Cavabdeh Mırzəağa qızına qarşı “miras əmlakın vərəsələr arasında bərabər payda bölünməsi və miras əmlakdan payın verilməsi” tələbləri təmin edilməsin. İddia ərizələrinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslər tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə