Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12233/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(001)-1290/2021 saylı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 noyabr 2021-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı irəli sürdüyü “əmrin ləğv edilməsi, işə bərpa və sair tələbləri barədə” iddiasına dair mülki işə baxmış Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 05.05.2021-ci il tarixli qətnamə ilə iddia tələbinin təmin edilməməsini qət etmişdir. İddiaçının vəkili (nümayəndəsi) Vəkil həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 20.09.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətini qaytarmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilsə də onun apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. Bundan sonra, iddiaçı, özü qətnamədən apellyasiya şikayəti vermişdir. Eyni zamanda, iddiaçı, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 03.11.2021-ci il tarixli qərardad ilə ərizəni təmin edilməməsini və iddiaçının verdiyi apellyasiya şikayətinin geri qaytarılmasını qərara almışdır. İddiaçının həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.12.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə təmin edilməli və apellyasiya şikayəti qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 130.1-ci maddəsinə görə isə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Rayon Məhkəməsi, iddiaçının verdiyi “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəni rədd edərkən və apellyasiya şikayətini qaytararkən hesab etmişdir ki, iddiaçının vəkilə verdiyi etibarnaməyə və vəkillə bağladığı “Hüquqi xidmət göstərilməsi barədə müqaviləyə” əsasən vəkili və nümayəndəsi məhkəmə aktını almışdır. Müzakirə edilən məsələnin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçının vəkili (nümayəndəsi) qanunda nəzərdə tutulmuş prosessual müddət çərçivəsində apellyasiya şikayəti vermişdir. Lakin sonuncunun apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmadığı üçün apellyasiya şikayəti geri qaytarılmışdır. İş materiallarından görünür ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə iddiaçının özünə təqdim edilməmişdir. Vəkilin (nümayəndənin) verdiyi apellyasiya şikayətinin hansı səbəbə görə qaytarılmasından xəbər tutmuş iddiaçı qeyd edilən nöqsanı aradan qaldırmış və ağlabatan qısa müddət ərzində özü apellyasiya şikayəti vermişdir. Belə olan halda müəyyən edilir, prosessual müddət iddiaçı tərəfindən üzürlü səbəbdən ötürülmüşdür. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 03 noyabr 2021-ci il tarixli qərardad ləğv edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05.05.2021-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti icraata qəbul edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-12233/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12233/2021
24.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver