Məhkəmə qərarları › İş №2(103)-1224/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1224/2023

01.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1224/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2433/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində yerləşən evə təbii qazdan istifadəyə görə 2872,80 manat borc hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 2872,80 manat borcdan 2750 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən evə məxsus qaz sayğacına əsassız olaraq yüksək borc hesablanmışdır. Sözügedən aktlardan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqda sonradan ona məlum oldu ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında saycağda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itgisi kimi qiymətləndirilmişdir. Sözügedən akt əsasında mənim üçün 2872,80 manat məbləğində qaz borcu hesablanmışdır. Etiraf edir ki, akt tərtib olunmuş mənzildə təbii qazdan 6 ay qanunsuz istifadə olunmuşdır. Həmin evə kombi sistemi yoxdur, evin istilik sistemi elektrik avadanlıqları vasitəsilə aparılmışdır. 6 ay ərzində hər ay təxminən 20 manat qaz zərfiyatı apardığımı nəzərə alsaq bu da cəmi 120 manat məbləğ edir. Lakin bütün bunlara baxmayaraq əsasssız olaraq yüksək məbləğdə borc hesablanmış və ümumilikdə 2872,80 manat borc yazılmışdır. Onun həmin qaz sayğacına bu məbləğdə müdaxilə etmək imkanı və heç vaxt belə bir niyyəti olmamışdır.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2433/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına hesablanmış (**********00197 saylı abonent hesabına) hesablanmış 2750 manat məbləğində borcun silinməsi və 47,50 manat dövlət rüsumunun Cavabdehndən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, 13-cü maddəsinin 9-cu bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə, 4.9-ci bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, aktlar tərtib olunarkən çəkilən foto şəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz. Məhkəmə qətnamə qeyd etdiyi kimi iddiaçı 6 ay ərzində qanunsuz qaz xəttindən istifadə etmişdir. Qeyd olunanlara baxmayaraq məhkəmə iddia məbləğini tam təmin etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, Cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun

10. Maddə 13. 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

11. Maddə 13. 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın

12. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

13. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2433/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, iş üzrə qaz sayğacının çıxış plastmas borusunun deşilməsi və buna görə qaz itkisinin yaranması iddiaçının müdaxiləsi nəticəsində baş verməsi cavabdeh tərəfindən sübuta yetirilmir.

23. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

24. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz.

25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Qaydalara uyğun olaraq cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür.

26. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyin tələbi baxımından borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin hazırkı iş üzrə iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır.

27. Beləliklə məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, itirilmiş qazın dəyərinə görə hesablanmış 2750 manat məbləğində borc silinməlidir.

28. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2433/2022 saylı, 06 oktyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar