Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12243/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3123/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs X2 tərəfindən verilən apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qiymətləndirmə Xidməti Mərkəzi" MMC-nin QXM/2689 nömrəli, 03.07.2020-ci il tarixli məktubuna əsasən Qusar şəhəri Ləzgi Nemət küçəsində 4 sot torpaqda yerləşən 1 otaqlı 233 A saylı fərdi yaşayış evi bazar dəyərinə uyğun olaraq 16000 (on altı min) manat müəyyən edilməsi barədə qiymətləndirməsinin etibarsız hesab edilməsi, “X3" MMC-nin hərrac təşkilatının 27.08.2020-ci il tarixli “Hərracın yekunları barədə protokol № 51" nömrəli hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi - yaşayış evinin 23 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3123/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tələbi təmin olunmuş, müstəqil tələb irəli sürən üçüncü şəxs İ.Bədəlovanın iddia tələbi isə təmin olunmamışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs İ.Bədəlova Nərimanov Rayon Məhkəməsinin 2(005)-3123/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, üçüncü şəxs tərəfindən verilən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı prosessual əsaslar olmadığından, həmçinin 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş həmin Məcəlləyə edilmiş ən son əlavə və dəyişikliklərə əsasən apellyasiya şikayəti müəyyən olunmuş formaya (Əlavə 2) əməl edilmədən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin (Apellyasiya şikayətinin məzmunu) tələblərinə riayət edilmədən verilmişdirsə, eləcə də həmin Məcəllənin 363.1.5ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti qaytarılır. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Qanunun tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə.366.1, 366.2, 366.3.). Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 10-1-ci maddələrinin tələblərinə uyğun formada verilmədiyindən, həmçinin 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş həmin Məcəlləyə edilmiş ən son əlavə və dəyişikliklərə əsasən apellyasiya şikayəti müəyyən olunmuş formaya (Əlavə 2) əməl edilmədən verildiyindən qeyri-mümkün hesab edilməli, mülki iş üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılaraq həll edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3123/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs X2 tərəfindən verilən apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılaraq həll edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə göndərilsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-12243/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12243/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver