Məhkəmə qərarları › İş №2(103)-1226/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1226/2025

19.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1226/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(011)-5429/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi evə təbii qazdan istifadə edilməsi məqsədilə qaz sayğacı quraşdırılmışdır və **********10076 abonent kodu həmin ünvana aiddir. Cavabdeh müəssisənin əməkdaşları tərəfindən 31 yanvar 2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, aktda abonent tərəfindən mənzildə təbii qazdan sayğacdankənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi qeyd edilmişdir. Nəticədə Cavabdeh tərəfindən İddiaçı verilmiş 27 may 2024cü il tarixli bildiriş-xəbərdarlığa görə sonuncuya 7569,4 manat borc hesablanmışdır. 2.İddiaçı borcun əsassız hesablandığını iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, fərdi ev (abonent kodu: **********10076) ünvanına hesablanmış 7569,40 manat borcun Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, fərdi ev (abonent kodu: **********10076) ünvanında yerləşən sayğac iddiaçının adına qeydiyyatdan keçmişdir. İddiaçı bu müddət ərzində mütəmadi olaraq təbii qazdan istifadə ilə əlaqədar ay ərzində yaranmış borcu ödəmişdir. Təxminən bir müddət əvvəl Cavabdeh nümayəndələri sayğaca yoxlanış keçirən zaman guya sayğaca müdaxilə olunmasını bəhanə edərək cərimə yazmışlar. Halbuki heç bir müdaxilə olmamışdır. İddiaçının təbii qazdan istifadəyə görə heç zaman problemi olmamışdır. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaşanmamışdır. 5.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 18 noyabr 2024-cü il tarixli, 2(011)-5429/2024 saylı qətnaməsi ilə (hakim-İlahə Abbasova) iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********10076) hesablanmış 7569,40 manat məbləğində borcu silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən 95,7 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, eyni zamanda iddia təmin edildiyindən, 110 manat ekspertiza xərcinin cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan: 6.Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar olundu” kimi qeyd edilmişdir. 7.Cavabdeh tərəfindən İddiaçı verilmiş 27 may 2024-cü il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı 7569,4 manat borcu vardır. 8.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2- 3/1224 saylı, 13 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. 9.Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmə trasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. 10.İddia tələbini əsaslı hesab edən məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mülkiprosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 yanvar 2023-cü il tarixli, ******* saylı aktın surətində müvafiq olaraq “mənzildə təbii qazdan sayğacdankənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar olundu” kimi qeydlər edilsə də, cavabdeh iddiaçı tərəfindən qanunsuz qaz istehlak edilməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 7569,40 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. 11.Halbuki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. 12.Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1224 saylı, 13 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. 13.Qeyd olunanlara əsasən iddia tələbini əsaslı hesab edən məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 95,7 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməli, 110 manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməlidir. 14.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3, 18, 26-cı; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8, 13.8-1-ci; “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu; “Dövlət rüsumu haqqında” 9.1.5, 9.4-cü; Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 89.1 119.1, 124.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 15.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 7569,40 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur.Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, nəzərə almayıb. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 18.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 19.İş üzrə cavabdeh tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 20.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir.Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 22.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqaşəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 23.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 24.Maddə 3.(İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 25.Maddə 26.İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymişmənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir.İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumuverməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:

26. 4.2.Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

27. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Xidmətin və qazpaylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

28. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdənqorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qazpaylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

29. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işləkvəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qazsayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

30. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

31. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 32.Maddə 11. 6-cı bəndi. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 33.Maddə 13. 8-ci bəndi.Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylay ıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz say ğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqq ında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmişsəhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqq ında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 34.Maddə 13.8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 35.Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 36.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 39.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(011)-5429/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 41.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi evə təbii qazdan istifadə edilməsi məqsədilə qaz sayğacı quraşdırılmışdır və**********10076abonent kodu həmin ünvana aiddir. Cavabdeh müəssisənin əməkdaşları tərəfindən 31 yanvar 2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”akt tərtib edilmiş, aktda abonent tərəfindən mənzildə təbii qazdan sayğacdankənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi qeyd edilmişdir. Nəticədə Cavabdeh tərəfindən İddiaçı verilmiş 27 may 2024-cü il tarixli bildiriş-xəbərdarlığa görə sonuncuya 7569,4 manat borc hesablanmışdır. 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 43.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 44.Kollegiya qeyd edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də həmin akt mötəbər sübut kimi qəbul edilə bilməz. 45.Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, qeyd olunan hallar müəyyən olunmur. 46.Qeyd olunan hal ekspert rəyi ilə təsdiq edilməklə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/1224 saylı, 13 sentyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. 47.Kollegiya hesab edir ki, məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 48.Digər tərəfdən kollegiya qeyd etmişdir ki, “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən əgər iddiaçı tərəfindən 31 yanvar 2023-cü il tarixdə sayğaca müdaxilə olmuşdursa, cavabdeh tərəfindən akt tərtib edildikdən sonra qazın verilməsi dayandırılmalı və dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq iddiaçıdan tələb edilməsi həyata keçirilməli idi. Lakin iş materiallarından bu hallar müəyyən olunmur. Bu hal bir daha kollegiyaya aktın mötəbər sübut kimi qəbul edilməməsi qənaətinə gəlməyə əsas verir. 49.Beləliklə, kollegiya hesab edir ki, sayğacdan kənar qazdan istifadə halı, yəni zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi, qanunsuz hərəkətlə zərər arasında səbəbli əlaqənin olması, bununla da, iddiaçı tərəfindən zərər vurulması sübuta yetirilmədiyindən cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borcun silinməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 50.Kollegiya apellyatorun qanunusuz qoşulmanı təsdiq edən fotoşəkillərin mövcudluğu barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında hər hansı fotoşəkillər aşkar edilməmiş, daha mötəbər sübut növü hesab edilən ekspert rəyi ilə qanunsuz qoşulma hallarının mövcudluğu müəyyən olunmamışdır. 51.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 52.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 53.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 54.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 55.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri ilə əlaqədar məsələ prosessual qanunverciliyin və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə həll edilmişdir. 56.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(011)-5429/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar