Məhkəmə qərarları › İş №2(103)-1228/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1228/2022

05.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1228/2022 05.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim V.Quliyev, iş № e-2(005)-5426/2021) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizənin geri qaytarılması əsasları kimi Cavabdeh ilə müqavilənin 8-ci bəndində göstərilən lizinq verənin, yəni "xxxx" ASC-nin öz ərazi aidiyyatı üzrə iddia qaldırmasının mümkünlüyünün qeyd edilməsi, müqavilə tərəfi olan Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə sonuncunun ünvanı üzrə iddia qaldırması barədə hər hansı müqavilə bağlamadığı göstərilmiş, məhkəmənin qənaətinə görə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müqavilənin 8-ci bəndində qeyd edilənlərə əsaslanaraq öz ərazi aidiyyatı üzrə Bakı şəhəri, Nərimanov rayonuna iddia ərizəsilə müraciət etməsinin cavabdehin hüquqlarının pozulması ilə nəticələnə biləcəyi və s. göstərilmişdir. Lakin "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən "xxxx" ASCnin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçir. Sözügedən Fərmandan göründüyü kimi, “Aqrolizinq “ ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə təkcə öhdəlikləri deyil, hüquqları da ötürülmüşdür. Göründüyü kimi 13.04.2018-ci il tarixli, 727-GL/18 saylı müqavilənin tərkib hissəsi olan 8-ci bənd üzrə hüquqlar da hazırki iddiaçıya ötürülümş olur. Beləliklə hazırki iş üzrə iddiaçı yuxarıda adıçəkilən Fərman üzrə ona keçmiş hüquqlardan yararlanaraq 13.04.2018-ci il tarixli 727- GL/18 saylı müqavilənin 8-ci bəndinə əsaslanmaqla iddia ərizəsi ilə məhz özünün yerləşdiyi ərazi üzrə aidiyyatı məhkəməyə müraciət etmişdir. Məhkəmə aidiyyəti qaydalarının müəyyən edilməsi fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının və qanunla qorunan mənafeyinin məhkəmə müdafiəsini daha asan həyata keçirməyə imkan verir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qeyd etmişdir ki, müqavilə tərəfi kimi Cavabdeh yalnız müqavilənin 8-ci bəndinə əsasən lizinq verən tərəfin Sabunçu rayonunda qeydiyyatına əsaslanmaqla məhkəmə mübahisəsinin həllinə dair razılığa gəlmişdir. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hüququn ona ötürülməsinə dair ehtimallarının mövcudluğu əsasında başqa ərazidə iddia iddia qaldıracağını müqavilə bağlanan vaxt Cavabdeh görə bilməzdi. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ona qarşı öz ərazi aidiyyatı üzrə iddia qaldıracağını və belə iddia qaldıracağı halda mülki işin Nərimanov rayonunda baxılması ilə bağlı cavabdeh tərəfin iradə ifadəsi də məhkəməyə məlum deyildir. Odur ki, hazırki iş üzrə tərəflər arasında mübahisənin həlli ilə bağlı müqavilədə ərazi aidiyyəti müəyyən edilmədiyindən iddia ərizəsi ümumi qaydada cavabdehin qeydiyyatda olduğu yerə görə verilməlidir. Cavabdehin qeydiyyat ünvanı Nərimanov rayonu ərazisində yerləşmədiyindən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya ərazi aidiyyəti qaydalarına uyğun iddia qaldırmaq hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar