Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1231/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun vəkili Rəşidov Rövşən Xudaşirin oğlunun iştirakı ilə İddiaçı X3 qarşı “müqaviləyə xitam verilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələblərinə dair iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Arzu Alıyeva tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** saylı VÖEN əsasında fəaliyyət göstərən cavabdehlə xx.xx.2019-cu il tarixdə hüquqi xidmət göstərilməsi haqqında tapşırıq müqaviləsi bağladığını, həmin müqavilə üzrə cavabdehin, tərəfındən cinayət hadisəsi barədə verdiyi ərizə üzrə Xəzər Rayon Polis İdarəsində hüquqlarının müdafıəsini həyata keçirməyi, evinə basqın edən şəxslərə qarşı cinayət işinin başlanması üçün hüquq mühafizə orqanlarında onu təmsil etməyi, əgər cinayət işi başlanarsa, hüquqlarının vəkil vasitəsilə müdafiəsini təşkil etməyi öhdəsinə götürdüyünü, müqavilə üzrə tərəfindən cavabdehə 3000 manat ödənildiyini, 2019-cu ildə Abasov Bəxtiyar Böyükağa oğluna, X4 və digərlərinə qarşı məhkəmə çəkişməsinin olduğunu, cavabdehlə müqavilənin də həmin məhkəmə işləri ilə bağlı hüquqi yardım etməsi, vəkil vasitəsilə müdafıə edilməsi məqsədilə bağlandığını, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunduğunu, Abasov Bəxtiyar Böyükağa oğluna və digərlərinə mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 1220 saylı bağ evinə və bağ sahəsinə onun icazəsi olmadan daxil olmalarının qadağan edildiyini, qətnaməni aldıqda Arzu Alıyevanın həmin məhkəmədə şahid qismində iştirak etdiyini və məhkəmədə ona hüquqi yardım göstərməyərək vəkillə müdafıəsini təmin etmədiyini, eyni zamanda cavabdehin Vəkillər Kollegiyasının üzvü olmadığını öyrəndiyini, beləliklə cavabdehin onun inamından istifadə edərək müqavilə bağladığını, lakin müqavilə şərtlərinə əməl etmədiyini, cavabdehdən ödədiyi pulu geri qaytarmasını tələb etsə də onun bundan imtina etdiyini irəli sürmüş, buna görə də cavabdehlə aralarında bağlanmış xx xxxxx 2019-cu il tarixli müqaviləyə xitam verilməsi, müqaviləyə əsasən ödədiyi 3000 manatın, həmçinin 20 manat döviət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş edən Arzu Alıyeva məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin hallarına düzgün hüquqi qiymət vermədiyini irəli sürməklə şikayətini belə əsaslandırmışdır ki, iddiaçı ilə aralarında xx.xx.2019-cu il tarixdə hüquqi xidmət göstərilməsi haqqında tapşırıq müqaviləsi bağlanmış və iddiaçı müqavilə üzrə ona 3000 manat ödəniş etmiş, müqavilə bağlandığı dövrdə qardaşı tərəfindən oğurluq cinayətində ittiham edilən iddiaçını polis orqanlarında təmsil edərək cinayət işinin başlanmasının rəddi barədə qərarın verilməsinə nail olmuş, Bakı şəhər Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər nazirinə dəfələrlə şikayət ərizəsi ilə müraciət etmiş, eyni zamanda dəfələrlə Xəzər rayon Polis idarəsində, Xəzər rayon Prokurorluğunda, Bakı şəhər Baş Polis idarəsində, Xəzər Rayon Məhkəməsində və s. qurumlarda olmuş, iddiaçının işi ilə əlaqədar 2019-cu ilin may-noyabr ayları arasında bir çox əlavə xərclər, o cümlədən ofis xərcləri çəkmiş, iddiaçının ona söylədiyi təhqiramiz sözlər, həmçinin şər-böhtanlarına baxmayaraq, onunla əlaqə saxlayaraq ödədiyi 3000 manatı hissə-hissə qaytarmağı təklif etmiş, iddiaçı ofisə yaxınlaşdıqda ilkin olaraq 500 manat vermiş və ona qəbzi imzalamasını xahiş etmiş, lakin iddiaçı bundan imtina edərək pulu götürməyib ofisi tərk etmişdir. Məhkəmə onun təqdim etdiyi sübutlara, iddiaçı ilə bağladığı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək müxtəlif qurumlara etdiyi şikayətlərə və müraciətlərə, cinayət işinin başlanmasının rəddi barədə əldə etdiyi qərara heç bir qiymət verməmiş, 8 ay müddətində iddiaçıya göstərdiyi hüquqi yardımı heçə sayaraq iddiaçının öna ödədiyi bütün pul vəsaitinin geri qaytarılmalı olduğu nəticəsinə gəlmişdir ki, belə nəticə nə qanun baxımından, nə də insaf baxımından heç bir çərçivəyə sığmır. Məhkəmə həmçinin nəzərə almamışdır ki, iddiaçı pretenziya qaydasına əməl etmədən iddia qaldırmışdır; belə ki, Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin ləğv edilməsi tələbi məhkəmədə o halda irəli sürülə bilər ki, müqavilənin digər tərəfi müqaviləni ləğv etmək təklifindən imtina etsin, yaxud 30 gün müddətində təklifə cavab verməsin. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Arzu Alıyeva məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili isə şikayətin əsassız olduğunu bildirərək və iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası iddiaçını, habelə onun vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halına görə, hüquqi xidmət üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan X5 və İddiaçı (“Sifarişçi”) arasında xx xxxxx 2019-cu il tarixdə “Hüquqi xidmət göstərilməsi haqqında tapşırıq müqaviləsi” bağlanmış, müqaviləyə əsasən Arzu Alıyeva, “Sifarişçi”nin cinayət hadisəsi barədə verdiyi ərizə üzrə Xəzər rayon Polis İdarəsində hüquqlarının müdafiəsinin həyata keçirməyi, onun evinə basqın edən şəxslərə qarşı cinayət işinin başlanması üzrə hüquq mühafizə orqanlarında “Sifarişçi”ni təmsil etməyi, əgər cinayət işi başlanarsa, “Sifarişçi”nin hüquqlarının vəkil vasitəsilə müdafiəsini təşkil etməyi, həmin iş çərçivəsində “Sifarişçi”nin adından ərizələr, şikayətlər, vəsatətlər, digər hüquqi sənədlər tərtib, təsdiq və təqdim etməyi, lazımi dövlət orqanlarına müvafiq sorğular göndərməyi, dövlət və qeyri-dövlət orqanlarında təmsil etməyi, cinayət işində mülki iddia üzrə iddiaçıya aid olan prosessual hüquqları vəkil vasitəsilə həyata keçirməyi, “Sifarişçi” isə Arzu Alıyevanın xidmətlərinin haqqını və zəruri xərcləri (dövlət rüsumları, ezamiyyə xərcləri və s.) vaxtında ödəməyi öhdələrinə götürmüş, müqavilənin 2.2-ci bəndində Arzu Alıyevanın yerinə yetirəcəyi işin Xəzər rayon Polis İdarəsində istintaq tamamlanandan sonra (işin nəticəsindən asılı olmayaraq) başa çatacağı, 2.3-cü bəndində işin “Sifarişçinin” xeyrinə nə dərəcədə həll olunub-olunmamasına dair Arzu Alıyevanın “Sifarişçi”yə hər hansı təminat vermədiyi və onun öz öhdəliklərini qanunamüvafiq, vaxtında, vicdanla yerinə yetirməyə zəmanət verdiyi müəyyənləşdirilmiş, “Sifarişçi” müqavilə üzrə Arzu Alıyevaya 3000 manat ödəmiş, bununla bağlı ona kassa mədaxil qəbzi verilmişdir. İş materiallarına əlavə edilmiş və Arzu Alıyeva tərəfindən tərtib edildiyi mübahisələndirilməyən şikayət ərizələrindən (apellyasiya baxışı zamanı iddiaçı, həmin ərizə və şikayətlərin Arzu Alıyeva tərəfindən yazıldığını təsdiq etmişdir) aydın olur ki, iddiaçının (“Sifarişçi”nin) cinayət hadisəsi barədə verdiyi ərizə üzrə Xəzər rayon Polis İdarəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmiş, sözügedən şikayətlər əsasında həmin qərar Xəzər rayon prokurorunun müavininin xx.xx.2019-cu il tarixli qərarı ilə ləğv olunaraq material əlavə araşdırma aparılmasından ötrü Xəzər RPİ-nin İŞ-nə göndərilmiş, Xəzər rayon Polis İdarəsinin müstəntiqinin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanmasından növbəti dəfə imtina olunmuş, həmin qərardan məhkəmə nazarəti qaydasında verilən şikayət Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, bu qərardan apellyasiya şikayəti verilmiş, xx.xx.2019-cu il tarixdə İddiaçı adından Xəzər Rayon Məhkəməsində Abasov Bəxtiyar Böyükağa oğluna və digərlərinə qarşı “mülkiyyətdən istifadə hüququnu pozan qanunsuz müdaxiləyə son qoyulması” tələbi ilə iddia qaldırılmışdır. İddiaçı, cavabdehin onunla bağladığı müqavilənin şərtlərinə əməl etmədiyini və müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini iddia etməklə müvafiq iddia tələblərini irəli sürmüş, birinci instansiya məhkəməsi də həmin halın müəyyən edildiyini vurğulamaqla iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə görə, “tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”; 422.1-ci maddəsinə görə isə, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur”. Mülki qanunvericiliyin sadalanan müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin hallarından görünür ki, bu əsas da mövcud deyildir və iddiaçı ilə bağlanmış müqavilənin tərəfi olan cavabdehin müqavilə öhdəliklərinə qismən əməl edərək iddiaçının (“Sifarişçi”nin) cinayət hadisəsi barədə verdiyi ərizə üzrə Xəzər rayon Polis İdarəsində aparılan araşdırma çərçivəsində müqavilədə nəzərdə tutulmuş fəaliyyəti qismən həyata keçirdiyi müəyyən olunmuşdur. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv olunması halıdır ki, kollegiyanın qənaətinə görə, hazırkı mübahisə baxımından həmin hal da mövcud deyildir. Kollegiya cavabdehin müqavilə öhdəliklərini qismən yerinə yetirmiş olduğu qənaətinə ona görə gəlir ki, Cinayət Prossesual Məcəllənin 102.2.1-ci maddəsinə əsasən, cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkil çıxış edə bilər; vəkil olmayan cavabdeh isə, iddiaçı ilə bağladığı müqavilədə üzərinə götürdüyü “Sifarişçi”nin cinayət hadisəsi barədə verdiyi ərizə üzrə Xəzər rayon Polis İdarəsində hüquqlarının müdafiəsinin həyata keçirmək, onun evinə basqın edən şəxslərə qarşı cinayət işinin başlanması üzrə hüquq mühafizə orqanlarında “Sifarişçi”ni təmsil etmək” öhdəliyini icra etmək səlahiyyətinə (imkanına) ümumiyyətlə sahib olmamışdır. Cavabdehin müqavilə üzrə yerinə yetirdiyi işlər faktiki olaraq onun, iddiaçının adından ərizə-şikayətlərin yazılması (tərtib edilməsi) olmuş, həmin ərizələr (şikayətlər) əsasında Xəzər rayon Polis İdarəsində, Xəzər rayon prokurorluğunda və məhkəmələrdə müvafiq icraatlar (araşdırmalar) həyata keçirilsə də, cavabdeh bu araşdırmalarda iddiaçını təmsil etməmişdir (buna səlahiyyəti olmamışdır). Göründüyü kimi iddiaçının “müqaviləyə xitam verilməsi” tələbi, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla belə kollegiya, iddiaçının “ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbini qismən əsaslı hesab edir: Belə ki, Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 783.1-ci maddəsinə görə, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Məcəllənin 779.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır; 779.2-ci maddəsinə görə isə, vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Kollegiya hesab edir ki, ağlabatan mühakimə əsasında, iddiaçının ödədiyi 3000 manatın 600 manatı müqabilində cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməsi qənaətinə gəlmək mümkündür; çünkü yuxarıda qeyd olunduğu kimi o, iddiaçının adından ərizə-şikayətlər yazmış (tərtib etmiş), həmin ərizələr (şikayətlər) əsasında Xəzər rayon Polis İdarəsində, Xəzər rayon prokurorluğunda və məhkəmələrdə müvafiq icraatlar (araşdırmalar) həyata keçirilmişdir. Qalan 2400 manat müqabilində isə o, görməli olduğu işi (üzərinə götürdüyü öhdəliyi) bilavasitə öz hərəkəti ilə bağlı olmayan, lakin ağlabatan ehtiyatlılıqla əvvəlcədən bilməli olduğu səbəbə - müvafiq səlahiyyətə sahib olmamasına görə - yerinə yetirməmiş, həmin məbləğin (muzdun) qarşılığında heç bir fəaliyyət göstərməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının ödədiyi 3000 manatın 600 manatının Arzu Alıyevanın gördüyü işin ağlabatan qarşılığı olması və ondan 2400 manatın iddiaçının xeyrinə tutulması nəticəsinə gəlinməsi ədalətli olmaqla, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərinə də uyğundur. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: X2 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2040/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı X3 qarşı “müqaviləyə xitam verilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələblərinə dair iddiası qismən təmin edilsin. xx xxxxx 2019-cu il tarixli müqaviləyə əsasən X3 ödənilmiş pulun 2400 (iki min dörd yüz) manat hissəsi, eləcə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi, yəni cəmi 2420 (iki min dörd yüz iyirmi) manat X1 alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Vahid Sadıqov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1231/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1231/2021
28.01.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver